“Xalqımız elə
yazıçı tanıyır ki...”
Elxan Elatlı: “Detektiv deyilən
bir janrda heç vaxt yazmamışam”
Azərbaycanın məşhur detektiv
yazarı, Azərbaycan Yazıçılar Birliyinin
üzvü, “Qızıl qələm” mükafatı
laureatı Elxan Elatlının (Elxan Əbdürrəhman
oğlu Osmanov) “Report”a müsahibəsi:
- Sanki Elxan
Elatlı mətbuatla ünsiyyətdən qaçır. Sizi
tapmaq elə də asan iş deyil...
- Bir
neçə saytda dostlarım var. Onlara telefonum
açıqdır. Televiziya verilişlərinə
olan dəvətləri qəbul etmirəm. Səbəb odur ki, ilk olaraq
yaradıcılığımı düşünürəm.
Yazıçı peşəsinin
başqalarından fərqi ondan ibarətdir ki,
yazıçı xəyal adamıdır. Xəyal da
qırıq-qırıq ola bilməz. Beynimdə həmişə xəyal olub və onu
qırmaq yaradıcılığa mane olur. Söhbət bir, iki saatdan getmir. Televiziya
kanalı məni bir həftə sonra hansısa verilişə
dəvət edirsə, ən azı bir həftə ərzində
fikrimin 30 faizi ona ayrılır.
Mətbuatdan uzaq olmağımın ikinci bir səbəbi
də saytların, televiziyaların dəvət etdikləri
qonaqdan şou yaratmağa çalışmalarıdır. Danışılan
əsas məsələlər bir tərəfdə qalır,
hansısa bir cümlə daha çox qabardılır. Burada da vaxt məsələsini əsas
götürürəm. Çıxışda
sensasiya yaradan ifadəyə görə daha çox müsahibələrə
dəvət olunursan. Yenə də vaxt
gedir və yaradıcılıq ölür. Əsas səbəb budur.
- Bir yazıçı olaraq məşhur
olmaq, daha çox auditoriya toplamaq üçün mətbuat
lazımdırmı?
- İctimai mənada göz önündə, məşhur
olmaq istəmirəm. Bu yaradıcılığa mane olur.
Bir də ayılarsan ki, sən artıq əsil
mənada yazıçı deyilsən. Sadəcə
məşhursan. Hər sənətdə beləsi var.
Kimsə müğənnidir, artıq öz
yaradıcılığı ilə məşğul ola bilmir, sadəcə məşhurdur və hər
tədbirdə iştirak edir. Gündəlik həyatı
ön plana çəkilir. Əgər sənətkarın
sənəti ölürsə, özü də xəbəri
olmadan ölür. Xalqımız elə
yazıçı tanıyır ki, onun bir kitabını da
oxumayıb. Göz önündə
olduğu üçün onu tanıyırlar. Mən bunu istəmirəm. Düşünürəm,
nə qədər ömür var, mən yazım, qoy oxusunlar.
Həm də burada maddi məsələ var. Azərbaycanda
heç bir yerdən maddi dəstək almayan, əlavə gəliri
və işi olmayan yeganə yazıçı yəqin ki, mənəm.
Mənim heç bir başqa işim, biznesim,
dövlət işim və ya yardım alacağım yer
yoxdur. Yalnız yazdığım kitablarla
dolanıram.
- Dünya təcrübəsində məşhur
yazarların imkanlı oxucuları ona kitabını nəşrində
və ya digər mənada yardım edir.
- Məni
sevən insanlar arasında imkanlılar çoxdur. Birincisi mən
heç kimdən yardım istəmərəm, ikincisi, hələ
ki, iş adamları müəyyən vacib işlərdə
yardım etmək istəmirlər. Bir neçə
dəfə belə məqamlar olub. Məsələn,
bizim fəxrimiz Milli Qəhrəman Mübariz İbrahimov
haqqında roman yazdım. Yazan zaman
düşünürdüm ki, bədii roman kimi digərlərindən
güclü olmayacaq. Amma xalqa
lazımlı romandır. Tanıdığım
bir neçə məktəb direktoru öz vəsaiti
hesabına həmin kitabı alıb, kitabxanaya verir və məktəblilərə
oxutdurur. Əsəri yazanda zənn edirdim nəşriyyat
bu əsəri 5 min tirajla çap edəcəksə, Biləsuvardan
elə bir şəxs çıxacaq ki, ən azı 3 min
kitab alıb məktəblərə paylayacaq. Hətta
bunu eşitdirən, deyən də oldu. Çox
sükutla qarşılandı. Əlbəttə,
bu olsa, ədəbiyyatımız da inkişaf edər. Bu
gün Azərbaycan milli ədəbiyyatının
yaxşı vəziyyətdə olduğunu heç kim deyə bilməz. Bəzən
biz elə bilirik ki, ədəbiyyatımız
dolub-daşır. Detektiv janrını tənqid
edirik. Sanki, çoxlu detektiv, tarixi roman
yazarımız var. Bu gün nəşriyyatlar və
ayrı–ayrı şəxslər xarici ədəbiyyatı
daha çox təbliğ edir. Bunun
qarşısında milli ədəbiyyatımız dayana bilməz.
Bir-iki nəfər nəsə yazır və ona
da istehza ilə baxırlar. Bunun səbəbi
də ədəbiyyatımızın yaranan gündən yad təsirlərə
məruz qalmasıdır. Mən hələ
son olaraq XX əsr Rusiya ədəbiyyatında hansı fəsil
yaranırdısa, bizim də həmin janrı təbliğ
etdiyimizi demirəm. Bunları müstəqil
olmamağımıza bağışlamaq olar. Bu gün isə biz müstəqilik və
özünəməxsus ədəbiyyat olmalıdır.
60-cı illərdə yeni nəsil meydana gəldi.
Yad təsir bol olan, sentimentallığın,
duyğusallığın əleyhinə yönələn bir
cərəyan idi. Bir qədər Avropa ruhu
vardı. Biz azərbaycanlıyıq, elə
deyilik axı. Bu gün məni ona görə
oxuyurlar ki, Azərbaycan xalqının ruhu nədirsə, ona
uyğun yazıram. Biz öz ruhumuzu dəyişə
bilmərik. İngilis başqadır,
soyuqqanlıdır, azərbaycanlı, türk
istiqanlıdır. Hər millətin öz
xüsusiyyəti var.
- Millilik əsərlərinizin əsas
xəttidir...
- Mən
məxsusi olaraq buna çalışmıram. Sadəcə
qəlbən milli bir insanam. Xarici ədəbiyyatı az oxumuşam. Bunu uğur kimi təqdim etmək
bir az gülməli olar. Balansı
gözləyirəm və bu bilərəkdən olmur. Sadəcə uşaq, yeniyetmə vaxtı Azərbaycan
dilinə tərcümə olunan dünya uşaq ədəbiyyatını
oxumuşam. Şərq ədəbiyyatından
da oxuduqlarım çox olub. Oxuduğum
kitablar mənim ruhumu düzgün saxlayıb. İnsan öz milliliyindən, kimliyindən kənara
çıxanda çox əcaib görünür. Bu gün mən ingilis həyatından hər
hansı əsər yazaram. Əlbəttə
ingilis kimi yaza bilmərəm, quru alınar. İstedadım lap çox olsa, bir çox ingilisdən
yaxşı yazaram. Amma yenə də onun
kökündə təbiilik olmayacaq.
- Bəlkə də uğurunuzun səbəbi
millilikdir. Rus, ingilis dilində əsərlər
oxumayan insanlar sizi oxuyur.
- Bəli,
məsələ bundadır. Yəni, insanlar
genindən, yaranışından gələn bir duyğusu ilə
nəyi sevirsə, onu da edir. Biz bəzən
öz-özümüzü sevmirik. Bunu Sabir, Mirzə Cəlil
də hələ o vaxt deyib.
- Əsərlərinizdə əsas
qəhrəman Qanbay Qasımlıdır. Bu obraz necə yarandı və milli obraz
deyə bilərikmi?
- 2000-ci
ildə qarşıma məqsəd qoydum ki, artıq milli obraz
yaradım. Bir qədər fərqli ad
axtarırdım. Bu gün bəlkə də
o adı qoymazdım. Çalışırdım
türk əsilli ad olsun. Bu adın başqa mənada olanı
da var. “Qan” və “bay” əsil türk sözləridir. Bəzən, “n” hərfini “m” hərfi ilə əvəz
edənlərdən inciyirəm. Daha sonra
bu obrazın xarakterini yaratmaq barədə
düşündüm. Qəhrəmanı
Moskvadan Azərbaycana ona görə gətirdim ki, bir qədər
təbii olsun. Azərbaycanda oturub azərbaycanlılar
üçün roman yazmaq çox çətindir. Tərcümə olunan xarici ədəbiyyatı istər-istəməz
oxuyub, qəbul edirik. Çünki o millətin
ruhunu tam bilmirik. Kitabda nə
yazılırsa, bizə məqbuldur. Amma
öz yazıçımızın romanında səhv
axtarırıq, çox gözəl də tapırıq.
O bizdən, məndən yazıb axı. Məsələn,
mən oxucu kimi oxuyanda görürəm ki, belə deyil.
Sən azərbaycanlı obrazı
yaratmısansa, mən belə deyiləm. Deməli,
yazıçı səhv edib. Başqa çətinlik
də az deyil. Obraza ad qoyanda
nə qədər düşünürəm. Hansısa obrazın adını Məmməd qoymaq
istəyirsən. Düşünürsən
ki, filankəsin də adı Məmməddir və bu
obrazdakı mənfi olan nədənsə inciyə bilər.
Qadın obrazlarına ad qoyanda da eyni çətinlik
yaranır. Gözəl qadın
adıdır, amma əsərdə bir qədər
yaxşı qadın kimi təqdim olunmayacaq. Nə
yaxşı ki, məni sevən oxucular var. Çox vaxt incitmədən
yaxınlaşıb deyirlər ki, Elxan müəllim, o ad mənim
adımdır: “Mənfi obrazda yazmısınız. Kaş olmayaydı”. Heç kim
düşünməsin ki, kimsə Azərbaycanda oturub azərbaycanlılar
üçün milli ədəbiyyat, obraz yaradırsa, asan bir
işlə məşğul olur.
- Bir çox əsərdə Qanbay
Qasımlı yalnız insandır. Onun heç
bir qadınla eşq macərası verilmir. Mentalitetin burada təsiri nə dərəcədədir?
- Fikrimcə,
qadınlar daha çox onlara qarşı laqeyd olan kişiləri
sevirlər. Qanbay Qasımlı sağlam, ciddi
adamdır. Amma eyni zamanda güclü
olduğuna görə özünü laqeyd apara bilir. Qasımlını sevməyimin bir səbəbi
budur. Daha sonra onun mərd, ədalətli,
etibarlı insan olmasını hər kəs bəyənir.
O azərbaycanlıdır, amma bütün ruhu ilə milli
obraz deyil. Ona görə bir müddət sonra vətənpərvər
Ələmdar Məlikov obrazını yaratdım. Əsil Azərbaycan türküdür.
- Qəhrəmanların taleyini
öncədən təyin edirsiniz, yoxsa əsəri yazarkən
hadisələrin gedişindən asılı olur?
- Mən
başqa yazıçıların müsahibələrini
oxuyuram və mənə bir qədər qəribə gəlir.
Bir çoxu deyir ki, mən obrazları
başdı-başına buraxıram. Məndə
elə deyil. Riyaziyyatçı təfəkkürü
özünü göstərir. Dəqiqliyə
çox riayət edirəm. Romanın
sonuncu cümləsini bilmədən birinci cümləyə
başlamıram. Bütün süjeti
qurub, romanın necə qurtaracağını bilib, birinci
cümləni yazıram. Yazı prosesində
müəyyən dəyişiklik olur. Amma
əsərin süjetin son açarını bilmirəmsə,
deməli əlimdə süjet yoxdur. Kimsə
məndən soruşanda nə yazırsan, deyirəm bir
süjet var və gələn ay yazmağa başlayacam. Deməli, sonuncu cümləni bilirəm.
- Orta hesabla ilə neçə kitab
yazırsınız?
- Orta
hesabla bir ilə iki kitab yazıram. Burada maddi məsələ
əsas rol oynayır. Əlavə gəlir
olsa, ya bir kitaba ayrılan vəsait məni dolandırsa, ikinci
kitabı bəlkə də yazmaram. Amma
maddi çətinliyə görə ildə iki kitab
yazıram. Daha çox yaza bilərəm.
Amma mütləq keyfiyyətə təsir
göstərəcək.
- Ölkədə keçirilən
sorğularda əsərləriniz ən çox satılan
kitabların sırasında ilk yerlərdə qərarlaşır.
Daha öncə yazdığınız əsərlər yenidən
nəşr olunaraq sizə maddi dəstək olur, yoxsa sırf
yeni əsərlərinizdən gəlir
götürürsünüz?
- Ötən
ilə kimi başqa nəşriyyatda idim. Orada
müqavilə belə idi ki, kitab satıldıqca mənə
ödəniş olunacaq. İlk qələm təcrübəm
olan iki romanım da ötən il yenidən
çap olundu. Bu vaxta qədər 23 kitabım nəşr
olunub. Bu yaxınlarda ən yaxşı 10
romanımı müəyyənləşdirdim. Digər 13 əsərimi kənara qoydum. On
romanıma əminəm ki, yüz il sonra
da yenidən çap olunacaq. O biri 13 romanıma söz vermirəm.
Son bir ildə bütün romanlarımın
çap hüququnu TEAS PRESS nəşriyyatına vermişəm.
Onlar artıq əvvəllərdə çap
olunan romanlarımı yeni dizaynla nəşr edirlər. Əslində ehtiyacım olduğuna görə
satdım. Əsərlərimə film
çəkmək, tərcümə hüquqları da
artıq nəşriyyata məxsusdur. “Cəhənnəmdən
gələn səs” rus, “Seçilmiş cəza” ingilis dilinə
tərcümə olunub.
- “Cəhənnəmdən
gələn səs” romanınız Xocalı hadisələrindən
bəhs edir.
- “Cəhənnəmdən gələn səs” romanı
deyilənə görə ən yaxşı romanımdır. Əsəri Xocalı hadisələrindən
17 il sonra yazdım. Həmin
vaxta qədər Xocalı hadisələrindən bəhs edən
çoxlu film çəkilib, məqalə və sənədli
əsər yazılıb. Amma insanlar
oxumurdu. Elə bir əsər yazmaq istəyirdim
ki, onun içində həm məhəbbət, detektiv, həm
də Xocalı faciəsi yer alsın. Orada
o qədər kəskin süjet xətti var ki, roman çap
olunandan bir qədər sonra narahatlıq duyurdum. Əsəri
yazanadək heç bir Xocalı sakini ilə ünsiyyətdə
olmamışdım, tanıdığım heç kim yox idi. Romanın dərc edilməsindən
6 ay sonra məktəblərin birində təşkil olunan
görüşə 3-4 Xocalı sakini gəldi. Onların hər biri mənə təşəkkür
etdi və hadisələri sanki canlı şahid kimi
yazdığımı bildirdi. Xocalıya
hücum olunan gecəni ayrıca bir fəsil kimi vermişdim.
Oxucuların bəzisi əsəri oxuyarkən məhz
o fəsli ötürmüşdülər. Bu əsəri sırf Xocalıya həsr etsəydim,
oxunmayacaqdı. Romanda 47 fəslin biri məhz
o gecəyə aiddir. Oxucuya məhəbbət
və detektivdən istifadə edərək Xocalı hadisəsini
çatdırdım. Bu əsəri Azərbaycanla
heç bir qarışığı olmayan rus oxumuşdu və
mənə zəng edərək bildirdi ki, bütün
romanı oxuduğum müddətdə dəsmalım əlimdə
olub, göz yaşlarımı silmişəm. Bu, mənə çox təsir elədi. Çox istərdim ki, bizim imkanlı şəxslərimiz
bu əsəri tərcümə edib dünyaya yaysınlar.
- Azərbaycanda kitabdan gəlir əldə
edib yaşamaq çətindir. Piratçılıq
da baş alıb gedir. Bununla mübarizə
apara bilirsinizmi?
- 2008-ci
ildə ilk dəfə televiziya kanalları məni
tanımadan, obyektiv olaraq kitab mağazalarında yoxlama
apardıqdan sonra Elxan Elatlını ən çox satılan
kitab müəllifi kimi təqdim etdilər. Artıq
10 ildir müxtəlif tipli qurumların sorğularında
kitabı ən çox satılan müəllif kimi
tanınmışam. Bu on ildə
piratçılıqla mübarizədə müxtəlif
yollar keçmişik. Təsəvvür
edin, ilk vaxtlar nəşriyyat 2000 kitabımı
satdığını deyirdi. Mənə
məlumat verirdilər ki, “piratlar” artıq 3000 kitab satıb.
Bir neçə bölgələr üzrə
“pirat şəbəkələr”i də var idi. Bəzən, onlara da sağ ol deyirdim ki,
kitablarımı yayırlar. Nəşriyyat
Bakıda kitabı üzə çıxarana qədər
eşidirdim ki, “piratlar” artıq Naxçıvanda
kitabımı tamamilə yayıblar. Bu
acı da olsa, dünya yaranandan sənətkar bir qədər
kasıb, ələ baxan olub.
- Yazıçılar adətən
əsərlərinin bir neçəsini elektron formatda internetdə
yerləşdirir. Sizin əsərlərinizin
elektron formatına rast gəlmədik.
- Əvvəldən belə idi ki, nəşriyyatlar satıb
pul qazanmaq istəyirdilər. Daha öncə
yazdığım əsərlərdən “Xəyanət”
internetdə artıq var. Olsa, təbii yaxşı olardı.
Xarici ölkədə yaşayan azərbaycanlılar
kitab məsələsində çətinlik çəkirlər.
Maraqlı bir fakt deyim ki, dünyanın elə
bir ölkəsi olmaz ki, orada yaşayan azərbaycanlı mənim
əsərimi oxumasın. Gözümün
qarşısında Çindən gələn iş adamı
tədbirlərin birində mənimlə
görüşdü və mağazadan 20-dən çox kitab
alıb Çinə aparacağını dedi. Bəzən
deyirlər ki, bizim xalqımız kitab oxuyan deyil. Biz kitab oxumağa meyilliyik, amma kitaba pul vermək istəmirik.
Mən özüm də daxil olmaqla. Rayonlardan durmadan kitabxanalara kitab göndərməyimi
istəyirlər. Mən də deyə bilmirəm ki, belə
çox istəyirsən, get kitab dükanından al. Tələbəyə
heç demək olmur. O qədər məzəli və məntiqli
yolla kitab əldə edirlər. Məsələn,
kirayə kitab verirlər, dəyişmə üsulu, gərəksiz
bildiyin kitabı verib əvəzində hansısa kitabı
götürə bilərsən kimi. Rayon
kitabxanalarının bəzilərində
kitabxanaçılar öz puluna kitabımı alıb qoyurlar
ki, kitabxanaya gələn olsun. Başqa bir
variant da var, rayonda fəaliyyət göstərən mərkəzi
kitabxana müdiri qərar verib ki, hansısa kitab itsə, əvəzində
Elxan Elatlının kitabını gətirin. Nəticədə yazıçıya pul gəlmir.
Əlaqədar təşkilatlar istəsələr,
bunu çox yaxşı həll edərlər. Milli ədəbiyyatımızı 6 ayın
içində iki dəfədən artıq dirçəldə
bilərlər. Kitabxanalara paylaşsa,
yazıçı da rahat yaradıcılıqla məşğul
olar.
- Əsərlərinizdəki
qadın obrazları haqqında danışmaq istərdik. Mənfi qadın personajları, xəyanətin geniş
yer alması həyatın tələbidir, yoxsa kitabı daha
maraqlı etmək üçün bu üsuldan istifadə
edirsiniz?
- Mən
istəyirəm kitab maraqlı olsun, amma maraqlı etmək
üçün hansısa hiyləyə əl atmıram. Duyduqlarımı həmişə ürəkdən
yazmışam. Şəxsiyyətinə
hörmət etdiyim səmimi qadın oxucular etiraf ediblər
ki, qadınların özlərinin özlərinə demədiklərini
yazırsınız.
- Bu sirləri haradan bilirsiniz?
- Yəqin
ki, duyuram. Bəlkə də qadınlar bu
etirafları başqalarına da ediblər. Amma onlar buna əhəmiyyət verməyiblər.
Mənim isə yaddaşıma həkk olub.
Təbii ki, nəyisə etiraf edənlər
olur. Bir neçə romanım var ki, orada
qadınların etirafı öz əksini tapıb.
- Yazıçı süjetini
haradan götürür? Həyatdan ya hansısa mənbədən,
arxivdən məlumat alırsınız?
- İndiyə qədər heç bir polisdən kömək
istəməmişəm. Arxivə gedib
araşdırma aparmamışam. Son vaxtlar
istərdim ki, məlumat alacağım bir yer olsun. Mən daxilən birinci cinayəti kəşf edib
sonra o cinayəti necə açacağımı axtarıram.
Tapanda çox sevinirəm ki, artıq roman
hazırdır. Ondan sonra süjet xəttinə
yüklədiyim hər şey həyatdan gəlir. Gördüklərim, duyduqlarım, eşitdiklərimi
qələmə alıram. Mən detektiv
süjeti tapandan sonra əsər o qədər yüklənir
ki, detektiv artıq 2-3-cü dərəcəyə keçir.
Detektiv deyilən bir janrda heç vaxt
yazmamışam. Bu gün bu janrı
“sarı ədəbiyyat” və ya qeyri-ciddi ədəbiyyat
adlandıran şəxslərlə müəyyən mənada
razıyam. Konkret olaraq bir cinayət hadisəsi
və onun açılmasından yazılır. Oxuyub, bir kənara qoyursan. Mən
də düşünürəm ki, buna ədəbiyyat demək
olmaz. Amma mənim yazdıqlarım elə
deyil. Detektiv məndə həmişə
2-3-cü dərəcəli olur. Məsələn,
“Cəhənnəmdən gələn səs” romanı tamamilə
başqa janrdır. Gözəgörünməz
bir hissədə detektiv var. “Adsız tablo” əsərində
isə detektiv hissə öndədir.
- Əsərləriniz sevilsə də,
film çəkilməyib...
- Bu
günə qədər rejissorlardan, prodüserlərdən
saysız-hesabsız təklif almışam. Onların
arasında gənclərdən tutmuş Azərbaycanın ən
yaxşı rejissoru da olub. Hələ
heç biri alınmayıb. Bəzilərində
maliyyə problemi olub, bəzilərində səbəb
başqa olub. Bir rejissorda heç bir problem
yox idi. Amma bildirdi ki, romanlarım
tanınıb. Nə vaxtsa yeni bir iş yaradarıq.
- Əsərlərinizi
ekranlaşdırmaq istəyəndə ssenarini
özünüz yazardınız yoxsa kiməsə
tapşırardınız?
- Nədənsə,
mən də köhnə yazdığım kitablara
qarşı laqeydlik yaranıb. Ona görə də
məmnuniyyətlə ssenari yazmağı onlara həvalə
edərdim. Amma hər halda özüm daha
rahat, sadə yazardım.
- Qanbay Qasımlını
sizə, Şerlok Holmsa və Dronqoya bənzədənlər
çoxdur. Sizcə,
Qasımlı daha çox kimə bənzəyir?
- Heç
vaxt Şerlok Holmsa bənzətməmişəm. Həmişə özümə bənzətmişəm.
Qanbay Qasımlını özümdən
götürmüşəm. 70 faiz mənə
bənzəyir. Ona görə də onu
rahat yazıram. 30 faiz məndə olmayan
xüsusiyyətləri var. Arzu edərdim ki, o xüsusiyyətlər
məndə də olsun.
Məncə, Dronqo ilə Qanbay Qasımlı fərqli
obrazlardır.
Heç vaxt kiməsə oxşatmaqla
razılaşmıram. İstər-istəməz xəfiyyə
obrazlarının oxşar cəhətləri var. Xəfiyyəsənsə,
sirr saxlayan, az danışan olmalısan. Həyatda ən qorxduğum şey kimdənsə nəsə
götürmək, oğurlamaqdır. Nə
yaradırsan, nə edirsənsə
özününkünü et. Müqayisədə əsərinin hansısa əsərdən
zəif olduğu deyilsin. Özünündürsə,
o bir müddət də olsa yaşayacaq.
- Yaradıcılığa şeir,
hekayə ilə başladınız. Detektiv
janrı ilə tanındınız. Gələcəkdə
yaradıcı istiqamətinizi dəyişməyi
düşünürsünüzmü?
- İki dəfə detektivdən başqa janra
keçmişəm. “Mərtəbələr” romanı qətiyyən
detektiv deyil. Çox istərdim ki, bu
romandan film çəkilsin. Rejissor yaxşı olarsa,
xarici ölkələrə çıxarılmalı film ola bilər. Bir də “Eksperiment”
adlı roman nəşrə hazırlanır. 10 ildir o romanı düşünürdüm. Bəzən yazmağa cəsarət etməmişəm,
bəzən yazmışam, yarımçıq
qalırdı. Yaxın aylarda çap
olunacaq. Qəti detektiv deyil. “Mərtəbələr” və “Eksperiment”i şah əsərlərim
sayıram.
- Tənqidçilərlə
oxucuların fikirləri bir-birlərinə qarşıdır.
Sizcə, haqlı tərəf kimdir?
- Tənqidçi
də oxucudur. Tanınmış tənqidçilər
və sıravi oxucular var. Hələ ilk illərdə “Qan ləkəsi”
yeni nəşr olunmuşdu, bir xanım oxucu mənimlə
görüş tələb etdi. Ərəb
ölkələrindən hansındasa səfirliyin adi bir
işçisi idi. Biz kafedə 4 saat
kitabı müzakirə etdik. Xanım hər
səhifədə bir hissəyə işarə qoyub, həvəslə
hər birini izah edir, müqayisə aparırdı. Sıravi oxucular arasında ədəbiyyatı bu qədər
dərindən bilən və sevənlər var. Tənqidçiyə
artıq bir ştat kimi baxmışam.
- Əsərlərinizi əllə,
yoxsa kompüterlə yazırsınız?
- 23
romanın 17-18-ni əllə yazmışam. İndi
artıq kompüterlə yazıram. Əvvəllər
qalın dəftərə yazırdım. Sonra
onu yenidən başqa dəftərə
köçürürdüm. Arada nəsə
artırılmalı olanda əlavə vərəqdə
yazıb, həmin hissəyə bərkidirdim. Beləliklə də dəftər daha da
qalınlaşırdı. Redaktə
baxımından kompüterin imkanları çox genişdir.
Düşünürəm ki, əl
yazılarımı Əlyazmalar İnstitutuna verim. Müasir dövrdə Azərbaycanda əllə
yazılan son roman nümunələri kimi maraqla
qarşılanardı.
Bizim Yol.- 2018.- 15
sentyabr.- S.13.