“Alimin övladı
olmaq elə-belə şey deyil”
Fərqanə Qasımova: “Mən
atama həm ata kimi, həm də bir dost kimi bağlıyam”
Ailem.az-ın müsahibi
tanınmış xanəndə, əməkdar artist Fərqanə
Qasımovadır.
Milli.Az müsahibəni təqdim
edir:
- Fərqanə xanım, sizi hicablı
bir müğənni kimi tanıdıq və dünyanın hər
yerində bu cür çıxış edirsiniz. Sizi necə qəbul edirlər?
-
Bilirsiniz, mənim baş bağlamağım sırf Allaha olan
sevgimdən irəli gəlib. Yəni deyirlər,
Allahla insan arasında bir gözə görünməyən
qüvvə var. Bu da məndə Allaha qarşı inam və
etibardır. Əslində, mənə
çox deyən oldu ki, başını bağlama, sən sənətçisən,
səhnələrdə olacaqsan. Yaxud da başqa problemlər
ola bilər. Amma Allaha olan
inam, etibar, etiqad bütün fikirlərdən öncədir.
Ona görə mən etibarımı bu yola
sövq etdim. 15 ildən artıqdır ki,
hicablıyam. Çox sevinirəm və
xoşbəxtəm ki, Azərbaycanın hicablı sənətçisiyəm.
Buna görə dövlətimə də
çox təşəkkür edirəm ki, mənim
üçün bu baxımdan bütün yollar
açıqdır. İslam ölkəsi
olaraq heç bir maneə, baryerlə üzləşmədim.
Xarici ölkələrdə də
başımın hicablı olmağı mənə xoş təsir
edir. Məsələn, indi müsəlmanlığı
terrorizm kimi təbliğ etməyə
çalışırlar. Bir növ deyərdim,
mən onlarda peşmançılıq hissi yaradıram ki,
bizim islamımız, örtüyümüz, mədəniyyətimiz
budur. Yəni biz insanlara pisliklər yox,
sevgi paylayırıq. İslam sevgi dinidir.
Bizim məqsədimiz kimisə öldürmək,
terror təşkil etmək deyil. Biz
dünyanın demək olar ki, bütün ölkələrində
olmuşuq və həmişə də bu mesajı
vermişik.
- Bəs seçimləri necə
edirsiniz? Hicabı da dəbə
uyğunlaşdırırsınız?
- Təbii ki, sənətçi olduğum
üçün məcburən də olsa müəyyən məqamlara
diqqət etməli oluram. Çünki səhnə
mədəniyyətinin də öz tələbləri var. Mən
də elə etməliyəm ki, həm islamın şərtlərindən
çıxmasın, həm də səhnə mədəniyyətinə
uyğun olsun. O cümlədən
tamaşaçıların görünüş
zövqünü oxşasın və onlarda ikrah hissi yox, sevgi
yaratsın. Məsələn, çox
qadınlar var, deyir, Fərqanə xanım, sizi hicabda
gördükdən sonra hicaba xeyli məhəbbətim
artıb və mən də hicab bağlamağa
başlamışam. Yaxud çox
soruşurlar ki, siz hicabı necə
bağlayırsınız? Bizə də
öyrədin.
- Bəs həmin libasları haradan
alırsınız?
- Bəzən görürsünüz ki, xarici ölkələrdən
xoşuma gələn hansısa libasları, aksessuarları
alıram. Amma örtükləri Azərbaycandan
əldə edirəm. Gündəlik geyimlərimdə
şux geyimlərə üstünlük vermirəm. Amma konsert geyimlərimdə yaşıl,
zoğalı, göy, firuzəyi rənglərdən çox
istifadə edirəm.
- Bəs bahalı daş-qaşlardan
istifadə edirsiniz?
- Onları ala və istifadə edə bilmirəm. Bilirsiniz, büdcəm ancaq gündəlik lazım olan,
daha vacib şeylərə çatır. Bahalı
daş-qaşları, bəzək əşyalarını
hansısa bir dolabda saxlamaq istəməzdim. Buna israf kimi baxıram. Həm də
dinimizdə belə şərtlər var ki, evdə
saxlanılan qızılın hansısa bir hissəsinin məbləği
evdən çıxmalıdır. Bu, eyni
zamanda gümüş üçün də keçərlidir.
Bu baxımdan mən bu məsuliyyətdən
çox qorxuram, çəkinirəm deyə mənim belə əşyalarım
demək olar ki, yoxdur və qızıldan istifadə etmirəm.
- Gəlinliyiniz də hicab
formasında idi?
- Mən
evləndikdən 4 il sonra hicaba
keçmişəm. Hətta o zaman
övladlarım da dünyaya gəlmişdi. Bu üzdən mən adi gəlinlik geyinmişəm.
- Övladlarınızdan söz
düşmüşkən, üçəm
uşaqlarınız dünyaya gəlmişdi. Onları
böyüdüb boya başa-çatdırmağın
öhdəsindən necə gəldiniz?
- Hər
bir ana bilir ki, adi bir uşağı da saxlamaq nə qədər
çətindir. Amma bu çətinliyin
içində mənə kömək edən insanlar oldu.
Ən əsası Allahın mənə rəhmi
gəldi. Sonra valideynlərim mənə həm
maddi, həm mənəvi kömək etdi. Çünki üç uşağın bir arada
olması əziyyətin 3-4 dəfə artıq olması deməkdir.
Bu da insanın daşıya bilməyəcəyi
bir yükdür, həm fiziki, həm mənəvi, həm
maddi baxımdan. Ona görə kömək
nəticəsində bu işin öhdəsindən gəldik.
İndi çox şükür ki, həmin
uşaqlar mənə kömək edirlər.
- Əvvəlcədən bilirdiniz yəqin,
övladlarınız üçəm olacaq...
- Bəli,
bilirdim. Sanki bunu gözləyirəmmiş kimi
oldu. Mən hər zaman ürəyimdə
dua edəndə əkiz uşaq istəyirdim. Əkizlərə çox əlçatmaz, xoşbəxtlik
rəmzi kimi baxırdım. Buna görə
çox maraqlı idi mənə. Ola bilməzdi
ki, mən əkizlərin yanından reaksiyasız keçəm.
Hardasa əkiz görəndə həmişə
çevrilirdim arxalarınca, uzun müddət baxırdım.
Ürəyimdə dua edəndə Allahdan əkiz
uşaqlar istəyirdim. Elə oldu ki, Allah mənə iki
yox, üç övlad birdən verdi. Əvvəldən də bir Fatimə qızım var
idi. Sanki mən gözlədiyim bir xəbər
kimi qarşıladım və çox sevindim. İkisi qızdır, biri oğlan.
- Oxşayırlar bir-birlərinə?
- Xeyr, qətiyyən
oxşamırlar. Nə xasiyyətcə, nə rəngcə,
nə forma baxımından. Tamamilə fərqlidirlər.
- Evdə uşaqlara yeməkləri
özünüz bişirirsiniz?
-
Çalışıram özüm bişirim. Çünki
ananın bişirdiyi yeməkdə məhəbbət, enerji
daha çox olur. Onu başqa heç kim
əvəz edə bilməz. Amma çəkilişlərə,
məşqlərə gedirəmsə, məcburən yeməyi
kiməsə tapşırıram. Amma evdə
olduğum müddətdə yeməyi özüm
hazırlayıram. Yəni
bacardığım qədər nəzarətimi əskik etmirəm.
- Bəs ən gözəl
hazırladığınız yemək hansıdır?
-
Ümumiyyətlə, bizim yeməklərimiz vaxt aparan yeməklərdir.
O qədər naz-nazı, saatlarla diqqət istəyir ki. Məsələn, qonaq gəlirsə, xüsusilə
diqqət edirəm, ya plovuna, ya qarasına, dolmasına,
dovğasına. Amma evdə
özümüz olanda çalışıram tez hazır
olan və sağlam qidalara daha çox üstünlük verəm.
Tərəvəzlərdən daha çox
istifadə edirəm. Qarabaşaq, bulqur,
düyü kimi dənli bitkilərin xörəklərini
hazırlayıram. Həm tez bişir, həm
də daha sağlıqlıdır.
- Son zamanlar hər kəs diyetoloqla
məsləhətləşmədən bir şey yemir, pəhriz
saxlayır...
- Yox,
bizim evdə elə şey yoxdur. Çünki
biz böyük bir ailə sayılırıq. Elə bir
qazan bişirəndə hərəyə bir az
düşür. O da olur bizim diyetamız (gülür). Çalışıram doğru qidalanaq. Həm də yemək artıq qalanda, onu səhəri
gün yeməyi sevmirəm. Çünki
artıq zərərli sayılır. Ən
yaxşısı odur ki, yeyə biləcəyin qədər
bişirəsən ki, artıq qalmasın. Bu zaman həm malımızı israf etmirik, həm də
canımıza zərər vermirik.
- Bəs idmana necə, zaman ayırırsınız?
- Hərdən
ancaq öz evimdə. Amma bir neçə il
əvvəl yoqa ilə məşğul olurdum. O isə
çox zamanımı alırdı, haradasa 2 saat, 2 saat
yarım məşğul olmalı idin. Ona
görə müəyyən qədər evdə
çalışıram. Nəfəs
idmanlarım var, press edirəm. Çalışıram
ki, özümü formada saxlayım.
- Yadımdadır, bir dəfə gəlin
köçdüyünüz zaman ata-ananıza
yazdığınız məktubdan söz
açmışdınız. Həmin məktubu
yazma istəyi nədən doğmuşdu?
-
Bilirsiniz, mən atama həm ata kimi, həm də bir dost kimi
bağlıyam. Bu dostluq hissi onunla bir səhnəni
paylaşmağımızda, olduğumuz səfərlərdə
bizə çox kömək olub. O baxımdan atamdan
ayrılmaq mənə çox çətin
görünürdü. Çətin bir vəziyyətdə
idim. Həm öz şəxsi ailəmi
qururdum, həm də doğma ailəmdən
ayrılırdım. Bu, məndə
haradasa qorxuya səbəb olmuşdu. O üzdən
ağlıma gəldi ki, ana-atama bir məktub yazım. İnanırsız, indi yadımda deyil, həmin məktubda
nə yazmışdım. Amma hisslər
yadımdadır ki, məndə qorxu var idi. Elə bilirdim ata-anamı heç vaxt görməyəcəm.
Onlar məni axtarmayacaq, yaxud mən onları tapa
bilməyəcəm. Yəni içimdə
bir fobiya var idi. Mən onlara öz hisslərimi
və sevgimi bildirmək üçün o məktubu qələmə
almışdım və anamın çantasına
qoymuşdum. Məni yola salandan sonra evə
gəlib görüblər ki, Fərqanə ora məktub qoyub.
Məktubu açıblar və bütün ailə
başlayıb ağlamağa. Anam oxumaq istəyib,
elə bir-iki sətirdən sonra başlayıb
ağlamağa. Verib başqasına ki, bəlkə
o oxuya bilə. Belə-belə məktub dövr edib və
heç kim axıra qədər məktubu
oxuyub bitirə bilməyib. Heç kəs
göz yaşlarını saxlaya bilməyib. Çünki məni ailədə, qohum-əqrəbada
çox seviblər. Mən onlar
üçün əziz bir insan olmuşam. Buna görə
də məni yola salmaq onlar üçün elə hiss idi ki,
sanki mən ər evinə yox, gor evinə gedirəm. Hətta həmin gecə atam evə gəlməyib
ki, mənim qızım gedib, mən o evə girə bilmərəm.
Kəndə gedib öz ata-anasıgildə
qalmışdı. O zaman elə bil işığın
içində bir qaranlıq vardı. Həm
övladım ailə qurub bir sevinc, həm də bizdən
gedir deyə bir hüzün olmuşdu onlarda.
- Alim Qasımov adı ilə
Fərqanə Qasımova adı həmişə qoşa
çəkilir. Məşhur
şəxsin adı altında olmaq və orada öz şəxsi
xüsusiyyətini büruzə vermək çox çətin
olur. Siz necə, bu baxımdan hansısa çətinlik
çəkirsinizmi?
- Bəli,
Alim Qasımovun qızı olmaq o deməkdir ki, sən hər
zaman məsuliyyətli olmalısan. Hər zaman
düşünməlisən ki, adın bu adın
altındadır. Bəzən mənə
sual verirlər ki, bu ad sizə mane olurmu? Amma
mən düşünürəm ki, bunlar hamısı
şükür olunası bir haldır. Nə
yaxşı ki, mən Alim müəllimin qızıyam, o, mənim
atamdır. Nə yaxşı ki, mən
onun musiqisi ilə böyümüşəm. Nə yaxşı ki, bu cür gözəl insan mənim
həyatımda var. Alim Qasımov Azərbaycanın elə bir
nöqtəsidir ki, o olmasa çox şey itəcək, mən
bilirəm. O, Azərbaycan üçün böyük
bir işıqdır. Mən də onunla bir bahəmlik
təşkil edirəm. Axı Azərbaycanda
başqa bu cür bahəmlik yoxdur, ata və qızı bir
yerdə ümumi bir ahəng içində
çıxış etsin. Bizim sənətimizə
dövlətimiz də çox önəm verir. Mən əməkdar artistəm, prezident təqaüdçüsüyəm
və daha yüksək adlar da gözləyirəm. Bütün bunları ona görə deyirəm ki,
Alim müəllimin övladı olmaq elə-belə şey deyil.
Bunu doğrultmaq, bu cür sənətkar
adının altında parıldamaq özü çox çətin
bir işdir.
- Övladlarınızın
arasında sənətinizi davam etdirən varmı?
- Var.
Oxuyurlar, zümzümə edirlər. Oğlum tara
gedir, içi enerji dolu bir uşaqdır. Amma
onun hansı yola getməyi hələ də qaranlıqdır.
Ya elm arxasınca gedəcək, ya da musiqi.
- Bir müddət əvvəl
haqqınızda bəzi məlumatlar yayıldı ki, ailənizdən
ayrılmısınız. Bu nə dərəcədə
həqiqətə uyğundur?
- Bir
müddət əvvəl ailəmdə müəyyən
problemlər oldu. Bu cür problemlər hər kəsin ailəsində
olur və ola bilər. Deyim
ki, ailə problemi sənətlə bağlı bir şey
deyil. Tam ailənin içi ilə
bağlı bir məsələdir. Amma
yayılan məlumatlar, hətta bu problemlər
olmamışdan qabaq çıxmışdı. Çünki nədənsə bəzi adamlar olandan
çox olmayan şeylərdən danışmağı daha
çox sevirlər. Mən onda çox gənc
idim, çünki gənc ailə qurmuşdum. Bu sözlər mənim qulağıma çatanda
çox pis oldum ki, nəyə görə mənim haqqımda
olmayan şeylər danışırlar? Sonradan
ailəmdə müəyyən problemlər oldu. Yəni hər kəsin ailəsində olduğu qədər.
Amma şükür Allaha ki, aşdıq o
problemləri. Hazırda ailəmlə bir
yerdəyəm. İndi özümə ailə xoşbəxtliyi
və həyat yoldaşımla birgə uzun ömür arzu
edirəm...
Bizim Yol.- 2018.- 5
yanvar.- S. 15.