“Hər bir film
auditoriya üçün çəkilməlidir”
Rejissor Şamil Əliyev: “Dahi
kinematoqrafçılardan təsirlənmişəm”
Rejissor Şamil Əliyevin
“Cult critic film magazine” jurnalına müsahibəsini təqdim
edir.
- Şamil, öncə sizi
“Çölçü” filminə görə Kəlküttə
Beynəlxalq Cult Film Festivalının Qızıl
Tülkü Mükafatını qazanmağınız
münasibəti ilə təbrik edirəm. Çölçü az qala dünyanın hər
yerində nümayiş olunmuş və bir çox
mükafatlar almışdır. Bu filmi çəkməyə
sizi vadar edən məhz nə idi?
- Təbrikə görə minnətdarlığımı bildirirəm. Mən hər hansı bir film çəkməyə hazırlaşanda özümün qarşımda niyyətimi dəqiq yozumda formalaşdırıram, daha sonra ssenari üzərində işlər davam edir. “Çölçü” filmində vəziyyət bir qədər başqa cür idi. Mənə Vidadi Həsənovun artıq 3-cü variantı olan “Çölçü” ssenarisi təklif olunmuşdu. Buna baxmayaraq mən ssenarini müəyyən bir niyyət ətrafında cəmləşdirərək bir sıra dəyişikliklər apardım, son olaraq gördüyünüz film meydana gəldi. Konflikt arxaik dünya və qloballaşmaya məruz qalmış müasir dünya. Arxaik dünya çöl idi...
- Auditoriya filmi izləyərkən bəzi məqamlarda rejissorun şəhər həyatının süniliyindən bezdiyini və insanlığın təməl dəyərlərini Rusiya ilə Şimali İran arasındakı çöllərdə kəşf etməyə çalışdığını hiss edir. Bu belədir?
- Bəli. Azərbaycanlıların qan yaddaşında İrandakı soydaşlarım olan azərbaycanlıların mədəniyyətinin çox mühüm yükü var. Bizim ortaq sakral, metafizik dəyərlərlə yanaşı ümumi dil birliyimiz də var. Rusiya ilə isə bizi tarixin müəyyən kəsimində yaşamaq və digər sivilizasiyanın təsirini hiss etmək məcburiyyəti var. Çöl sakral bir zona olaraq mənim üçün “kökünə qayıtmaq”, əcdadlarımızın ruhunu duymaq kimi bir arzu idi.
- XXI əsrdə,
sivil dünyanın texnologiya və media istehlakından ibarət
olduğu bir vaxtda niyə düşünürsünüz ki,
çölçünün hekayəsini danışmaq
üçün doğru zamandır?
- Texnologiyanın inkişafı və sürəti, qlobalizasiyanın da sürətini şərtləndirir. Müasir insanın şüurü onun mənəvi dünyasının faciəsinə çevrilməyə başlayır. İnsan sanki bir biomassaya çevrilməkdədir. Min illərlə formalaşmış ümumbəşəri dəyərlər aşınmağa, deqradasiyaya uğramağa başlayır. Antropoloji katastofa. “Çölçü” filmində bu sualları ortaya qoymağa çalışmışam. Hər bir mükəmməl sənət əsərinin gücü, mənim fikrimcə sualları ortaya qoymağındadır. Tamaşaçıya və özümə də bu sualları vermək istəmişəm.
- Mən deyərdim
ki, “Çölçü” filmdən daha çox vizual
poeziyadır. Burada kompozisiyanın, rejissorluğun, kamera hərəkətinin
və montajın inanılmaz sinxronizasiyası var. Belə bir
vizual poeziyanı yaratmaq üçün hansı səhnə
mizanı elementləri ən vacibləridir?
- Biz (əsas müəlliflər) çalışmışıq janr və stilin bütövlüyünü, temporitmin ahəngini, “Çölçü”də gördüyünüz filmin obrazına tabe edək. Mən, dünya kinosunun bir sıra dahi kinematoqrafçılarından təsirlənmişəm. Antonioni, Berqman, Kurosava, Midzoquçi, Rober Bresson, Satyacit Rey, Mrinal Sen kimi rejissorların filmlərinə indi də sevə-sevə baxıram. Mənim zövqümü bu dahilər formalaşdırıb.
- Azərbaycan kinosundakı son trend nədir?
Hansı tip filmlər kino bazarında liderlik edir və
müasir Azərbaycan kinosunun gələcəyi necədir?
- Azərbaycan tamaşaçısının zövqü bu gün dünyanın böyük şəhərlərində formalaşmış zövqlərlə eynidir. Gənclərin böyük əksəriyyəti əyləncə xarakterli filmlərə üstünlük verirlər. Müasir Azərbaycan kinosu perspektivdə öz kino sənayesini qurmaq üçün çalışmalıdır. Azərbaycan kinosunun öz simasını yaratmaq əsas məqsəd olmalıdır.
-“Çölçü” bir
çox festivallarda nümayiş olunub. Necə düşünürsünüz, müstəqil
kino gərək festivallar üçün çəkilsin,
yoxsa auditoriya üçün? Müstəqil film
festivallarının şöhrəti filmlərin kommersiya
uğuru üçün nə dərəcədə
effektivdir?
- Son məqamda hər
bir film auditoriya üçün çəkilməlidir. Müstəqil film festivalları bu mənada kino sənətinin
yenidən attraksiona çevrilməsinin
qarşısını almaq, kinonu incəsənətin bir
növü kimi qorumaq üçün çox vacib bir
meydandır. Kinematoqraf təkcə
texnologiyanın təntənəsi yox, fikrin, düşüncənin
üstün gəldiyi bir sənət növü
olmalıdır. Müstəqil Film
Festivalları bu məqamları daim rəhbər
tutmalıdır.
- Azərbaycanda film çəkərkən
üzləşdiyiniz çətinliklər nələrdir?
- Azərbaycan müstəqil olandan
sonra kino istehsalı prosesində müəyyən çətinliklər
yarandı. Əvvəllər Sovet kino sənayesinin
tərkib hissəsi olan Azərbaycanda kino sənayesi
dağılandan sonra, yenidən öz kino sənayesini
formalaşdırmaq zərurəti yarandı. Buna da müəyyən illər lazımdır.
- Rejissorun
öz işində çatmalı olduğu ən vacib keyfiyyət
nədir?
-
Danışmaq istədiyin hekayəni “Məhz sən nə necə
danışmalısan” sualına cavab vermək qabiliyyəti.
- Növbəti layihəniz nədir?
- “XALI” tammetrajlı bədii filminin ssenarisinin 3-cü
variantı artıq hazırdır. Onu çəkməyə
çalışacam.
- Müsahibəni
yekunlaşdırmadan öncə son sualımız: Gənc
rejissorlara hansı mesajı vermək istəyirsiniz?
-
Antropologiya elmini və Aristotelin “Poetika” əsərini dərindən
öyrənməyə çalışsınlar.
Bizim yol.- 2017.- 12
yanvar.- S.15.