“Mir Möhsün Nəvvabdan
sonra ikinci Nəvvab mənəm”
N. Sadıq:
“Deyilənə görə, ermənilər Şuşada Mir
Möhsün Nəvvabın qəbrini dağıtmayıblar”.
Nəvvab
Sadıq iki böyük nəslin nəticəsidir. Bir ulu
babası Qarabağın böyük səxsiyyətlərindən,
maarifçilərindən olan Mir Möhsün Nəvvabdır.
O biri ulu babası isə Azərbaycanda tarın atası
sayılan Sadıqcandır. Maraqlıdır ki, müsahibim hər
iki sənətkarı özündə – adında,
soyadında yaşadır. Amma nəvəsinə Nəvvab
adını verməkdən hələ ki çəkinir…
– Atam Şamil babasını – Mir Möhsün Nəvvabı görüb. O, dünyasını dəyişəndə atamın 12 yaşı varmış. Deyirdi ki, 8-9 yaşım olanda “Məclisi-Fəramuşan”ın qonaqlarına çay paylayardım. Bilirsiz də, o vaxt Şuşada iki ədəbi məslis olub. “Məclisi-üns”, bir də “Məclisi-fəramuşan”. “Məclisi-üns”ün rəhbəri Natəvan idi, “Məclisi-fəramuşan”a isə Mir Möhsün Nəvvab rəhbərlik edirdi. Atam deyirdi ki, babamın evinə şairlər, xanəndələr toplaşardı. Saatlarla şeir deyərdilər, muğam dəsgahları oxunardı. Onun uşaqlığı babasının evində keçib. Atam Nəvvabı çox nizamlı bir insan kimi xatırlayardı. Deyirdi ki, babam yeməyinə-içməyinə, istirahətinə fikir verərdi. Düyüdən hazırlanan xörəyi çox yeyərmiş ki, cana faydası var. Bir də üzümü sevərmiş. Atam onun ölümünü də xatırlayırdı. Mir Möhsün Nəvvab 1919-cu ilin qışında dünyasını dəyişib. Atam danışardı ki, həmin gün dizə kimi qar yağmışdı. Yollarda hərəkət çətinləşsə də, şuşalılar, ətraf rayonların camaatı axın-axın onunla vidalaşmağa gəlirdi. Bir də atamdan Nəvvabın ölümqabağı dediyi bu sözləri eşitmişəm: “86 il ömür sürdüm, həyatdan doymadım. Elə bil dünyaya bu gün gəlmişəm. Mehriban olun, yaşayıb-yaradın”.
Atam Nənəsi Mina xanımdan da danışardı. Deyirdi ki,
çox kubar bir qadın idi. Nəvvab
böyük bir ailədə doğulub – 10 uşaq olublar.
Amma onun özünün 1 oğlu, 2 qızı
varmış. Oğlu Mir İbrahim
Şuşada tanınmış şair idi. Miriş Ağa təxəllüsü ilə
şeirlər yazıb. Şuşada
böyük hörmət qazanıb. Amma
övladı olmayıb. 73 yaşına
kimi yaşayıb. Nəvvabın
qızının birinin adı Pərizaman, o birininki isə Rəxşəndə
olub.
– Qızları təhsilli idi?
– Rəxşəndənin
təhsili vardı. Ümumiyyətlə, Nəvvab
qadınların təhsil almağını istəyən adam olub. Rəxşəndəyə
deyirmiş ki, sən də oxu, Natəvan kimi şeirlər
yaz. Rəxşəndə xanım həmişə
mütaliyə eləyirdi. Nə vaxt onlara
gedirdik, görürdük ki, stolunun üstündə Nizaminin,
Füzulinin, Puşkinin, Lermantovun, Tolustoyun kitabları var,
onları oxuyurdu.
– Siz onu görmüşdüz?
– Əlbəttə! 1978-ci ildə rəhmətə
gedib. O da
86-87 yaşına kimi yaşayıb. Onun da iki qızı
vardı: Firəngiz, Simuzər. İkisi də
texniki elmlər doktoru idi.
– Qarabağda məşhur nəsillər
olub. Mir Möhsün Nəvvab hansı nəsildəniydi?
– Nəvvabın
babası Mir Fəseh ağa, atası isə Mir Əhməd
ağa olub. Seyid nəslindəniydilər.
– Mir Mövsün Nəvvabın
mülkünün görünüşü,
böyüklüyü, şəxsi mətbəəsinin
olması, fotoşəkilləri, digər faktlar onu imkanlı
bir adam kimi tanıdır…
-Bəli,
şəxsi mətbəəsi olub, kitablarını orda
çap edirmiş. Daş karxanası da
varmış. Şuşada həm də
qiraətxana açıb, ona rəhbərlik edib. Sonra
oranı oğluna tapşırıb… Bu adam
şəkillər çəkirdi, xəttatlıq, nəqqaşlıq
edirdi. Şuşa məscidinin minarələrindəki
naxışları Nəvvab işləyib. Çap etdiyi kitabların kənarlarına rəsmlər
çəkirmiş. Evinin divarlarında da
onun rəsmləri vardı. Gül, bülbül,
ağaclar…
– Heyif, o ev indi
ermənilərin işğalındadır…
-Təəssüf
ki, elədir. 1989-cu ildə Nəvvabın evi Mərkəzi
Komitənin qərarı ilə təmir olundu, muzeyə
çevrilməkçün. Həyət-baca
yüksək səviyyədə təmir olundu, Moskvadan gələn
rəssamlar divardakı itib-batan rəsmləri bərpa etdilər.
Amma Şuşa işğal olunduğuna
görə muzey fəaliyyət göstərə bilmədi.
– Eksponatların hamısını
xilas etmək mümkün oldu?
–
Çoxu xilas olundu. İndi həmin eksponatlar
İncəsənət Muzeyindədir. Şuşa
məscidində də Nəvvaba aid guşə varıydı.
Əşyalarının çoxu ordaydı.
İndi həmin əşyalar da İncəsənət
Muzeyində qorunur. Çəkdiyi rəsmlər, əlyazmalar,
əşyalar…
– Ən dəyərli eksponat
hansı hesab olunur?
– ƏmrTeymurun portreti. Rəssamlar bu əsərə
yüksək qiymət veriblər. Tahir
Salahov kimi bir rəssam o əsərə baxıb, çox bəyənib.
Gül rəsmləri də var, çox zövqlə işlənib…
– İşğaldan sonra Nəvvabın
qəbrinin, evinin vəziyyətiylə bağlı bir bilginiz
varmı?
– Deyilənə
görə, qəbrüstü abidəsi
dağıdılmayıb. Yəqin, abidə
YUNESCO-nun siyahısında olduğuna görə, ermənilər
onu dağıtmağa ehtiyat ediblər. Bilirsiz
də, Nəvvabın qəbri Cıdır düzündədir.
Onun qəbrüstü abidəsi YUNESCO-nun xətti
ilə düzəldilib – 1960-cı ildə. O vaxt
ustaları Leninqraddan (Sankt-Peterburq) gətirmişdilər. Atam deyirdi ki, ustalar bir ay Şuşada –
Sadıqcanın evində qalıb işlədilər. Mərmərləri də Sankt-Peterburqdan gətirmişdilər.
Deyilənə görə, Nəvvabın evi də
tam dağıdılmayıb, ancaq bir tərəfi
uçurulub.
– Bir az da Nəvvabla
Sadıqcanın dostluğundan, qohumluğundan danışaq…
–
Çox yaxın dost olublar. Nəvvabın rəhbərlik
etdiyi musiqi məclisi Sadıqcansız ötüşməzmiş.
Bütün xanəndələri Sadıqcan
müşayət edirmiş. Sonra bu dostluq
qohumluğa keçib. Sadıqcanın
böyük oğlu Bahadur Nəvvabın böyük
qızı ilə evlənib. Yəni mənim
nənəm Pərizamanla. Sadıqcan
tarın atası sayılır. O, bu aləti dizdən
sinəyə qaldırıb, yeniliklər eləyib, bunu
hamı bilir. Üzeyir Hacıbəyov həm
Sadıqcanın, həm də Nəvvabın
yaradıcılığına böyük dəyər verib.
Ulu öndər Heydər Əliyev də Nəvvabın
yaradıcılığını yüksək dəyərləndirirdi.
O, Zərifə xanımla birlikdə Şuşaya gələndə
Nəvvabın da qəbrini ziyarət edirdi…
Sadıqcan tez rəhmətə gedib – 1902-ci ildə, 56
yaşında.
Çox sağlam bir insanmış. Yay-qış çuxada gəzərmiş. Deyilənə görə, Şamaxıya toya gedib,
ermənilər onun çayına zəhər qatıblar.
Atamın atası Bahadur kişi deyərmiş
ki, toydan evə gəldi, 3 gün qan qusdu, sonra rəhmətə
getdi. Sadıqcan sağlığında sənətkar
kimi çox hörmət qazanıbmış. Çox yerləri gəzib, görüb. İranda Müzəfərəddin şahın
oğlunun toyunda olub. Şah ona
“Şiri-Xurşid” qızıl ordeni verib. Deyib,
qal burda, səninçün hər cür şərait
yaradım. Amma Sadıqcan deyib ki, Qarabağsız,
Şuşasız yaşaya bilmərəm…
– Hardasa oxumuşam ki, Mir
Möhsün Nəvvab 86 illik həyatında bir gün də
olsun Şuşanı tərk etməyib. Çox
qəribədi, doğulduğu şəhərdən
ayrılmadan necə bu qədər biliyə,
dünyagörüşünə sahib olmaq, 21 kitab yazmaq, 5
dildə danışmaq mümkündür?
– Yox,
düz yazmayıblar, Şuşadan kənara
çıxıb. Bakıda olub, Gəncədə
olub, Azərbaycanı gəzib. 1913-cü
ildə Nəvvabın 2 kitabı Bakıda “Orucov
qardaşları” mətbəəsində çap olunub.
Nəvvab Bakıda olmadan bunu necə edə bilərdi?
O vaxt ali təhsil almaq üçün
İrana, İraqa gedirdilər. Nəvvabsa
heç bir xarici ölkəyə getməyib. Yəqin, bunu nəzərdə tutub yazıblar.
Əvvəlcə mollaxanada oxuyub. Müəllimi molla Abbas Sarıcəlidən bir
çox elm öyrənib. Kimyanı, fizikanı… Mütaliəsi də çox güclü olub.
Özü savadını, biliyini artıra bilib.
Nəvvab inkişafa, yeniliyə açıq adam
olub. O vaxtlar “Pravda” qəzetinin Azərbaycanda, xüsusilə,
Şuşada yayılmasında Nəvvab böyük əmək
sərf eləyib. Qəzet qatarla gizli şəkildə
Yevlağa gəlirmiş. Nəvvabın
oğlu Mir İbrahim gedib Yevlaxdan qəzetləri Şuşaya
gətirirmiş. Hətta, atam deyirdi ki, o
vaxt Lenin Nəvvaba təşəkkür məktubu da
yazıb. Ermənilər o məktubu
Şuşadakı diyarşünaslıq muzeyində saxlamaq
adıyla götürüblər. Sonra məktub
itib-batıb. Nəvvabın rəhbərlik etdiyi “Məclisi-Fəramuşan”ın
yığıncaqlarında siyasi mövzular da müzakirə
olunurmuş…
– Azərbaycanda Demokratik
Cümhuriyyət yarananda Mir Möhsün Nəvvab hələ
sağıydı. Atanızdan
bununla bağlı nəsə bir xatirə eşitmisiz?
–
Düzdü, o vaxt Nəvvab sağ olub. Amma
atamın bu barədə nəsə
danışdığını xatırlamıram. Bəlkə də, Sovet dövrü olduğundan atam
bu barədə danışmaqdan çəkinib.
– Mir
Möhsün Nəvvab “1905-1906-cı illərdə erməni-müsəlman
davası” adlı bir əsər yazıb. Amma bu
əsər o zaman çap olunmayıb. Sovet
dövründə də üzə
çıxarılmayıb. Yalnız müstəqillik
dönəmində işıq üzü görüb…
– Bu əsərin
üzə çıxmasında mənim əməyim var.
Əsərin əlyazması atamın arxivindəydi. Atan rəhmətə gedəndən sonra əlyazmanı
“Şuşa” qəzetinin baş redaktoru Vasif Quliyevə verdim.
Sağ olsun, əsəri əski əlifbadan kirilə
çevirməkdə kömək elədi. 1993-cü
ildə kitab, nəhayət, çap olundu. Əsər
ermənilərin iç üzünü açır,
onların necə hiyləgər millət olduğunu göstərir.
Müəllif Şuşada ermənilərin
insanları necə vəhşiliklə öldürdüklərini,
yandırdıqlarını faktlarla yazıb.
Sovet dövründə Mir Möhsün Nəvvabın “Nəsihətnamə”
əsərindən başqa heç bir kitabı çap
olunmayıb. Sonradan çap olunan kitabların hamısını
atamın arxivindən mən tapıb üzə
çıxarmışam.
“Nəsihətnamə”
əsərində çox dəyərli, dərs
götürüləsi nəsihətlər var. Deyir,
hüşyarsansa, iki şeyi unutma: yaranışı və
ölümü. İki şeyi unut: kiməsə etdiyin
yaxşılığı və kiminsə sənə
pisliyini. Etdiyin yaxşılığı ona
görə unut ki, minnət qoymayasan, sənə edilən
pisliyi isə ona görə unut ki, kinli olmayasan.
Atamın bir xatirəsi də yadıma düşdü. Nəvvab “Nəsihətnamə”
kitabında insanlara siqaretdən uzaq olmağı məsləhət
görür. Amma özü
cavanlığında siqaret çəkən olub. Bir dəfə siqaret çəkə-çəkə
Cıdır düzünə qalxırmış.
Görür, arxasınca bir atlı gəlir.
Atın üstündəki adam yerə
sıçrayıb Nəvvaba yaxınlaşır. Ayaqlarına düşüb yalvarır ki, mənə
siqaret ver, çəkməsəm, dayana bilmirəm. Nəvvab siqareti qutusu ilə birlikdə ona verir.
O gündən də siqaretin daşını atır. Deyir ki, bir şey ki, insanı bu qədər
alçaldır, ondan uzaq durmaq lazımdır.
– 2019-cu ildə Mir Möhsün Nəvvabın
dünyasını dəyişdiyi tarixdən bir əsr ötəcək.
Sizcə, bu müddət ərzində biz Nəvvabı
yetərincə öyrənmişik?
– Yox, Nəvvab
tam öyrənilməyib hələ. Kimsə onun haqqında
elmi iş yazıb, alimlik dərəcəsi alıb. Amma Nəvvabın yaradıcılığı tam
araşdırılmayıb.
– Onun müxtəlif sahələrdə
yaradıcılığı olub: şair, rəssam,
tarixçi, müsiqişünas, astronom, kimyaçı,
pedaqoq kimi… Sizcə, hansı sahə daha
çox qaranlıqda qalıb?
– Məsələn,
astronomiya, musiqiylə bağlı əsərləri tam
açılmayıb. Onun rəqəmlərin
sirri ilə bağlı “Cəfri-cami” adlı əsəri var,
ondan çox şeylər öyrənmək olar. Sovet dövründə deyirdilər ki, bu kitab fala
baxmaq üçündür. Əslində,
astronomiya elminə aid bir əsərdir. Nəvvab
mütləq öyrənilməlidir. Bu il
Nəvvabın 185 illiyi oldu. Bununla bağlı Mədəniyyət
Nazirliyinə müraciət etmişik ki, dövlət səviyyəsində
bir tədbir keçirilsin. Nəvvab
sıradan şəxs deyil axı. Hələ
Sovet dövründə adı YUNESCO-nun siyahısına
düşüb. Yəni, dövlət səviyyəsində
diqqətə layiqdir. Hələ ki,
müraciətimizə konkret bir cavab yoxdu. Nəzərə
alsaq ki, 2019-ci ildə Nəvvabın ölümündən
100 il keçir, dəməli, tədbirin
keçirilməsi üçün hələ səbəb
var.
– Mir
Möhsün Nəvvab muğamları, onların yaranma tarixini
araşdırıb. Hər muğamı öz
xarakterinə görə təbiət hadisələrinə,
insan duyğularına bənzədib. Məsələn,
“Rast”ı bahar mehinə, “Çahargah”ı ildırım
çaxmasına oxşadıb…
– Musiqini
çox gözəl duyub, bilib. Sizə
atamın bir xatirəsini danışacam. Nəvvab
bir dəfə patefonda musiqiyə qulaq asırmış.
Bu vaxt bir molla onun evinin qarşısından
keçir. Gedib bunu Şuşanın
axunduna xəbər verir. Axund Nəvvabı
çağırır ki, bəs sən dindar adamsan, namaz
qılırsan, musiqiyə niyə qulaq asırsan? Nəvvab da canını axunddan qurtarmaq
üçün cavab verir ki, elə şey olmayıb,
mollanın qulağına səs gəlib. Yəni Nəvvab
din adamı olsa da, müsiqini çox sevirmiş.
Bəli, musiqiyə aid əsəri var – “Vüzuhül-ərqan”. Orda həm də
musiqinin insana şəfalı təsirindən
danışır. Deyir ki, insan soyuqdan xəstələnibsə,
oynaq musiqiyə qulaq asmalıdır. Əksinə,
istinin çoxluğundan xəstələnibsə, lirik musiqiyə
qulaq asıb sağala bilər. Amma
çox qəribədir ki, musiqini bu qədər dərindən
bilsə də, heç bir alətdə çalmağı
bacarmayıb.
– Gəlin bir az da
sizdən danışaq, kimsiz, nəylə məşğulsuz?
– İki böyük nəslin nəticəsiyəm. Həkiməm,
ailədə 8 uşaq olmuşuq, onlardan 6-sı həkimdir.
Həm də musiqi ilə maraqlanıram,
mahnılar bəstələyirəm. Əliağa
Kürçaylının, Rəfiq Zəkanın, Qəmbər
Şəmşiroğlunun, Cavid Qəmbəroğlu və
başqa şairlərin sözlərinə mahnı
yazmışam. Mahnılarımı
tanınmış müğənnilər oxuyub. Radionun “Qızıl fond”unda da mahnılarım var.
– Neçənci Nəvvabsız?
– İkinci. Atam deyirdi ki, 6 qızdan sonra doğulmusan
deyə, sənə babamın adını qoydum. Məndən sonra Nəvvab olmayıb. Bu adı daşımaq məsuliyyətdir. Həmişə
çalışmışam ki, Nəvvab adına
layiq olum. Özüm də istədim, nəvəmin
adını Nəvvab qoyum. Sonra fikirləşdim
ki, birdən adı doğrultmaz. Adını
Ziya qoyduq. Demişəm ki, 17 yaşına
çatanda özünü yaxşı aparsan, adını Nəvvab
Ziya yazdıracam.
– Çevrədə sizi Nəvvabın
nəticəsi kimi tanıyırlar?
-Musiqi aləmi
tanıyır. Tibb aləmi də azdan-çoxdan…
…Nəvvab
müəllim müsahibəyə gələndə ulu
babasının əlyazmalarını gətirmişdi.
Qarabağ şairlərinin həyatı,
yaradıcılığı toplanan “Təzkireyi-Nəvvab”,
“Divan”, “Nəsihətnamə” əsərlərinin əlyazması…
Bir əsrdən də əvvəl əski əlifbayla
yazılmış sətirlər, saralmış vərəqlər,
səhifələrdəki rəsmlər… Onlara
toxunduqca qəribə hisslər keçirirdim. O
böyük insanın əli dəyən, energetikasını
daşıyan bu əlyazmalar nənimlə müəllif
arasındakı zamanı yoxa çıxarmışdı elə
bil. Özümü Mir Möhsün Nəvvabla eyni
çağda hiss eləyirdim…
Bir də
onu hiss eləyirdim ki, yüz il sonra – mənim
yaşadığım çağda – eqoların hər
şeydən öndə durduğu bir zamanda Nəvvab kimi
maarifçilərə nə qədər ehtiyacımız
var…
Səfurə Çərkəzqızı
Bizim Yol.- 2019.- 4 yanvar.- S.12-13.