“Gecələr
dünya daha
yaxşı görünür”
Bizim Yol tanınmış yazıçı Fəxri Uğurlu ilə müsahibəni təqdim edir:
- Fəxri müəllim, “Leylinin Məcnunluğu”,
“İsgəndərin qanunu” və “Peyğəmbər” hekayələriniz
süjet etibarı ilə diqqət çəkir. Sizcə, burada dekonstruksiya motivləri varmı?
-
Dekonstruksiya demək olmaz, bu hekayələr silsilədir. Təbim gələndə yazmışdım bu 12
hekayəni. “Tanrı dağları” silsiləsi
adlanır. Bu hekayələr içdən
bir-birinə bağlıdır. Süjet
baxımından hərəsi müstəqil yazıdır.
Amma burada bir vahid konsepsiya və o konsepsiyaya
müxtəlif rakurslardan baxış var. Bunlardan əvvəl
isə mən “Əxlaq silsiləsi” adında 90-cı illərdə
bir esse yazmışdım. “Əxlaq” deyəndə
cəmiyyətdəki əxlaqdan söhbət getmir, metafizik əxlaq
nəzərdə tutulur. Əslində, o
silsilə də yarımçıq qaldı. Mən 7 nəzərdə
tutmuşdum, amma 5-ni yazdım: əxlaq, azadlıq, tarix,
müharibə, ədalət. Orada esse dilində,
fəlsəfi-esse janrında müəyyən şeyləri
deməyə çalışmışdım. Bu hekayələr də həmin mövzunun
davamıdır, sadəcə, bədii formada. Fərhad-Xosrov, Atilla mövzusunda yazmışam.
Bunlar mənim uşaqlığımdan
maraqlandığım və içində olduğum
mövzulardır. Biz artıq “Leyli və Məcnun”,
İsgəndər, “Fərhad və Şirin” kimi
mövzuları folklor materialı kimi əxz etmişik. Baxmayaraq ki, bizim yazılı ədəbiyyatımızda
onun çox möhtəşəm nümunələri var.
“Peyğəmbər” hekayəsində də ən müxtəlif
peyğəmbərlərlə bağlı süjetlərdən
istifadə olunub. Biri Yunus peyğəmbərin
başına gələnlər, biri Musanın, biri
İsanın, biri Məhəmmədin... Orada da
təkcə motivlərdən istifadə olunub, ancaq məqsəd
tamam başqadır. Bu mövzulara sərbəst
yanaşmışam.
- Süjetləri görmək istədiyiniz
formaya gətirmisiniz…
- Belə
demək olarsa, yazıçı məqsədlərimə
uyğunlaşdırmışam. Amma əlbəttə,
o motivlərdən istifadə edərək. Bu isə yenilik deyil. Məsələn,
Nizami haradan almışdı o mövzuları? “Şahnamə”dən götürmüşdü.
“Xosrov və Şirin”i, “İsgəndər”i, “Bəhram
şahın əhvalatı”nı Firdovsidən
götürüb, lakin o mövzulara kifayət qədər sərbəst
yanaşıb və daha geniş bir formada yazıb. “Şahnamə”ni yazmaqda Firdovsinin məqsədi bir
başqaydı, Nizami isə burda İnsan-Allah
konsepsiyasını qoyub. Yaxud “Şeyx Sənan”
mövzusunda da yazmışam. “Şeyx Sənan”ı
12-ci əsrdə böyük fars şairi
Əttar da yazıb. 20-ci əsrin əvvəllərində
isə Hüseyn Cavid “Şeyx Sənan” pyesini yazıb. Mən də eyni süjetlərdən istifadə edərək,
konseptual düşüncəmə
uyğunlaşdırmışam. Demək
istəyirəm ki, bunun ənənəsi qədimdir. Minillik ənənəsi var. Hətta Avropa
intibahından sonra klassizm dövründə Avropa, fransız
dramaturqları antik süjetləri götürür, o
süjetlərin üzərində yeni əsərlər
yaradırdılar. Servantes “Don Kixot”u yazanda
cəngavər romanlarına, bir növ, parodiya kimi
yazmışdı. Amma əslində,
Servantesin “Don Kixot”u da cəngavərdir, ruh, mənəviyyat cəngavəri.
Sözün hərfi mənasında yox. Burada parodiyadan daha yüksək şeylər var. Məzmun
olduqca dərindir, xristianlığa bağlanan mövzudur.
- “İndi daha quşlar da,
heyvanlar da bir-birini bir baxışdan tanıyırdı; aslan
ceyranı dibinəcən görürdü, çaqqal
dovşanın gözündən içəridəki mənzərənin
tamaşasına dururdu, qızılquş şikarının
içini çölünə çevirmirdi. Belə baxıb, belə görməyi Məcnun
onlara öyrətməmişdi – öyrətməklə bunu
öyrətmək olmazdı”, deyilir “Leylinin Məcnunluğu”
hekayəsində. Məcnunun hekayədəki
missiyası nədən ibarətdir?
- Bir əsəri
yazanda müəllifin konkret məqsədi olur. Bu
dediyiniz yazıda Məcnun tamamilə ilahi bir kamillik həddinə
çatıb. Onun nəzəri düşən
yerdə, haləsində təbiət qanunları susqun hala gəlir.
Yəni belə deyək, vəhşi vəhşiliyindən
xilas olur, ac aclığından. Məcnunun
da ruhani enerjisi onlara ötürülür və onlar Məcnunun
mənəvi hakimiyyəti altındadırlar. Ona görə də burada bir ilahi harmoniya var. Məcnunun
daşıdığı ruh Allah ruhudur. “Dərviş”
hekayəsində oğlandan soruşurlar ki, nə olmaq istəyirsən?
Deyir, Allah olmaq istəyirəm. Həmin
oğlanın istədiyi həddə çatmış adam Məcnundur bu hekayədə. Məcnun artıq bu harmoniyanı yarada bilib. Yəni mənəviyyatın qanunları təbiətin
qanunlarına qarşıdır. Təbiətin
qanunları çox zalımdır: yaşamaq uğrunda
mübarizə, yemək-yeyilmək, daimi çarpışma,
mübarizə. İsa Hüseynovun “Məhşər”
romanında da var: “Xırda həşərat iri həşəratdan
qorxur, qoyun qurddan, güclü gücsüzdən”. Biri var qorxu üzərində bərqərar olan
hakimiyyət. Yəni bu təbiətin,
materiyanın qanunları. Bu qorxu, nifrət
və aqressiya üzərində qurulan qanunlardır. Biri
də var mənəviyyatın qanunları: eşq, sevgi,
İlahi qanunlar. Məcnun isə bu İlahi
qanunların daşıyıcısı və
qarantıdır. İlahi hakimiyyəti Məcnun
təmsil edir burda. Belə deyək, o,
İlahi qüvvənin Yer üzərindəki təmsilçisidir.
Məcnun öz cisminə, təbiətinə
qalib gəlib. Artıq onun beyini dünyaya
ancaq mənəvi enerji buraxır. O mənəvi enerjinin
də təsirinə, Məcnunun haləsinə düşən
ən yırtıcı heyvan belə öz təbii, aqressiv
varlıqlarından azad olub, öz mənəvi varlıq
halına gəlir - ancaq Məcnunun mənəvi mexanizmi işə
düşdüyü yerdə. Nəhayət,
hekayənin sonunda dostu çıldaqçını gətirir.
Özündən xəbəri olmayan, maddi təbiətindən
xilas olmuş Məcnunun insani hisslərini oyadır. Mənəviyyat cəngavəri Məcnunun işi,
missiyası insanlara mənəviyyat qanunlarını, eşqi,
sevgini ötürmək, haqq-ədalətə
çağırmaq idi. Yer üzündə
dolaşan Allah idi. Deyir, Məcnun
onların gözü ilə özünə baxırdı.
Onlar da Məcnunda öz vətənlərinə
baxırdı. Çünki dünya onun
ruhundan yaranıb. Bütün maddi
varlıqlar bunun ruhunun təcəssümü, təcəllası,
görüntüsüdür. Məcnunun
işə getdiyi saatlarda bu heyvanlar öz mənəvi mahiyyətlərinə
qayıdırlar Məcnunun vasitəsilə. Onun bədən yaddaşını, sinirlərini
oyatdıqda isə qorxu və digər şeylərdən ucada
dayanmış Məcnunun maddi varlığını
qaytarırlar. O, qorxu hissini, maddi varlığını
hiss edəndə isə özü də dəhşətə
gəlir ki, haradadır? Və bu an vəhşilər
də öz mahiyyətlərini unudaraq Məcnunu yeyirlər. Çünki artıq bu, həmin o Məcnun deyil.
Orada alternativ xətt də var – Nofəl xətti.
Güclə ədaləti qurmaq istəyir.
Deyir, mən dünyada zalımı
susdurmağın gücdən başqa yolunu tanımıram.
- “İsgəndərin qanunu” hekayəsindən
danışaq.
İsgəndər dünyanı zor gücünə
idarə etdiyi müddətdə dünya üzərində
hakimiyyətini bərqərar etmiş, güclü bir
hökmdara çevrilmişdi. Amma heç
cür içindəki xoşbəxtliyini tapa bilmir,
darıxırdı. Olimp dağında
Əflatunla danışdıqdan sonra bir sıra islahatlar
aparır. Deyərdim ki, güc hissə
qalib gəlir. Çünki o, 17 ildir
unutduğu məhəbbətini xatırlayır və əzab
içində ölür. Yəni daha
darıxmasa da, başqa bir mənəvi əzab çəkir.
Hissdən doğan xatirələri İsgəndəri
məhv edir.
- Burada
söhbət belədir. İsgəndərin klassik İsgəndərə
çox az dəxli var. Bu obraz mənə sadəcə
bir fiqur kimi lazım olub. Materiyanın Allahı: İsgəndər
dünyanın, təbiətin, yerüstü, material
qanunların, cismani dünyanın Allahıdır. İsgəndərdən xəbərsiz
qarışqa belə yuvasından çıxmazmış.
Bütün dünya onun ovcundadır. Ancaq o yenə darıxır, çünki o dünya
ilə heç bir mənəvi bağı yoxdur. Hər şey ona zorla tabe olub. Materiyanın
qanunu nə deməkdir? Məsələn,
cazibə qanunu. Fərz et ki, İsgəndər
bu cazibə qanununun timsalıdır. Ona görə
darıxır ki, onun nə bir qarışqa ilə, nə bir
otla, nə insanla mənəvi bağlılığı var.
Aristotel, yəni Ərəstun isə İsgəndərin
burdakı hakimiyyətinin mürşididir. Olimp də mənəvi dünyanın simvoludur.
Platon Olimpdə, ruhlar dünyasındadır. İsgəndər
Olimpə çıxanda artıq dünyanı tamam başqa
cür görür. Oradan dünyanın
ruhunu, içini, qəlbini görür. Burada
dünya ilə öz bağlarını tapır.
Əflatunla qarşılaşanda deyir, bu nədir, burada məni
heç kim saymır. Olimpdə
bərabərlik idi. Burada da onların
arasında fəlsəfi bir polemika olur. Qayıdıb
gəlir, qanunlarını dəyişir, Ərəstun buna
çox acıqlanır. Çünki
Ərəstun dünya hakimiyyətinin zirvəsi idi. Platon (Əflatun) həm də idealistdir axı.
Aristotel isə yerə bağlı filosofdur.
Burada da mərtəbələr var. Platonun mərtəbəsi
çox yüksəkdir, o həm də bir peyğəmbər
sayılır. İdealizm nəzəriyyəsinin,
fəlsəfəsinin banisidir. Dəyişdikdən
sonra görürsənmi, bir çoban qızının məhəbbəti
bütün bu dünyanı almaqdan daha üstündür.
Folklorda da İsgəndər-çoban əhvalatları
var. İsgəndər qayıdanda görür ki, cismi yoxdur,
qayıdan ruh İsgəndərdir. Cismi gəmi
kimi çiyinlərdə gedir, cisminə qayıtmağa
gecikib. Orada da bir az mənalandırmışam
ki, deyirlər, qızdırmadan ölüb, halbuki bunun
ölüm səbəbi başqadır. Hekayələrin
hamısında olduğu kimi, burada da mənəvi və
cismani – iki dünyanın qarşılaşması var.
- “Peyğəmbər” hekayəsində
özünüz də bildirdiyiniz kimi, müxtəlif peyğəmbərlərin
xüsusiyyətlərindən
formalaşdırdığınız obraz var. Bu obraz gecələr
Tanrı buyruğuna qulaq asır, gündüzlər isə
Allahın insanlara çatdırmaq istədiyini yanlış
istiqamətdə çatdırır. Məsələn, Tanrı deyir, özlərini
tapsınlar, peyğəmbər gəlib qorxunu təlqin edir və
s. Bununla da dünyanın düzəni pozulur. Dünyanın
düzənini pozan nədir?
-
Dünyanı düzənə salan da insandır, düzənini
pozan da. Burada da ikiləşmə var. Hekayədəki
peyğəmbər gecələr ruh kimi dolaşır, cismi ruhuna
tabedir. O, əslində dağda özü ilə
görüşür. Orada ruhu ilə bədəni
arasında bitməyən polemikası var. Gecələr bədən
tamamilə susur, ruha tabe olur, ona görə də gecələr
dünya daha yaxşı görünür. Gündüz isə dəyişib bir el
başçısı olur.
- Qanturalı sizin
yaradıcılığınızla bağlı
yazdığı məqaləsində “İsgəndərin
qanunu” hekayənizdə İsgəndərlə Əflatun
arasındakı fəlsəfi söhbətin tam
açılmış formada yazmağınızı tənqid
edib. Bildirir ki, sizin oxucuya çatdırmaq istədiyiniz fikri
tam çatdırmağınız düzgün mövqe deyil.
Deyir, oxucunu düşünməyə məcbur
etməlisiniz.
- Mənim hekayədə oxucuya demədiyim çoxlu mətləblər var. Dediklərim demək istədiklərimin zahirdən görüntüsüdür. Qanturalı elə bilir ki, nəyi demək istəmişəmsə, demişəm. Halbuki deyilməyən nə qədər mətləb var. Mən, sadəcə, ipucu vermişəm. Bu birinci məqam. İkincisi də baxmayaraq ki mən kifayət qədər açıq yazmışam, amma çox vaxt görürəm, anlaya bilmirlər. Yazılan məqalələri oxuyuram, görürəm ki, mənanı çaşdırırlar. Əslində, bu tip tənqidləri sakit qarşılayıram, narahat olmuram. Amma əlbəttə, yazıçı hər şeyi açıq deməli deyil. Bir məqam da var ki, mənim burada qoyduğum məsələlər konseptual məsələlərdir. Əgər mən açar verməsəm, oxucu tamam dağa-daşa düşər. Bunu isə bəzi başqa şeylərlə, klassik idealizmlə, sufizm fəlsəfəsi ilə qarışıq sala bilərlər, necə ki, salırlar. Əlbəttə, sufizm, idealizm mənim qəlbimə çox yaxındır. Mənim qoyduğum konsepsiyalar ilə o konsepsiyalar arasında isə çox ciddi fərqlər var. Bax, o fərqləri heç kim görmək istəmir, yaxud da görə bilmir. Bu qədər açıq demişəmsə, onda niyə görmürlər? Çoxlu tənqid də yazıblar, tərif də yazıblar, o məsələlərə isə heç kim toxunmayıb.
Bizim yol.- 2019.- 5 yanvar.- S.15.