Xəyalə
"Ərimin sevgidən
başqa heç nəyi yox idi"
"Maşın
şou"nun 17-ci sürətinin qalibi, tanınmış
aparıcı, aktrisa və rejissor Xəyalə Quliyeva qələbə
sevincini bölüşüb. Publika.az-a
müsahibə verən məşhur televiziya məkanında
onu narahat edən problemlərdən, uğurlu ailə həyatı
formulundan danışıb. Habelə qeyd edib ki, debüt
filminin qalası bu yaxınlarda baş tutacaq.
- "Maşın
şou"dan sonra özünüzü necə hiss edirsiniz?
-
Yavaş-yavaş özümə gəlməyə
başlayıram, yorğunluq məni hələ tam tərk etməyib.
- Gərgin mübarizə, ab-hava
psixoloji durumunuza necə təsir etdi?
- Gərginlik
istər-istəməz təsirsiz ötüşmür. Məsələn, finala qalanda yatmaq olmazdı. İndi də məni yuxu tutanda qəfil diksinib
ayılıram.
- Ranar Musayev güclü rəqib
idi?
- Əlbəttə, ümumiyyətlə, orada iştirak
edən 18 nəfərin hamısı güclü idi.
- Necə
düşünürsünüz finalda xanım
iştirakçı ilə təkbətək
yarışsaydınız, yenə qalib ola
bilərdiniz?
- Qismətdir,
lakin hesab edirəm ki, cinsiyyətin burada fərqi yoxdur. Səmra bizimlə yarımfinala qalmışdı,
amma oyunu hamıdan birinci tərk etdi. Bu oyunda önəmli
deyil ki, sən qadınsan və ya kişi.
- Şounun əvvəlki
sürətlərində iştirak edən bir çox məşhurlar
bildirdi ki, bu “Maşın” maraqsızdır. Səbəb kimi göstərirdilər ki, oyunun
dinamikası zəifdir, şiddətli qalmaqallar yoxdur.
- Bəlkə
də yeganə “Maşın şou” kollektivi bizik ki,
veriliş bitsə də, vatsap qrupunda hər gün
yazışır və xatirələri yada salıb
zarafatlaşırıq.
- Bu amil verilişin baxımlı
olmasına hansı istiqamətdə təsir göstərdi?
-
Çoxları dedi ki, maraqsızdır. Digər
tərəfdən də qalmaqal olanda deyirlər ki, mədəniyyət
adamlarıdır, amma efirdə bir-birinin ünvanına
xoşagəlməz fikirlər səsləndirirlər. Sakit də dayananda bəyənmirlər.
- Tamaşaçılar verilişin
maraq səviyyəsini niyə qalmaqalla ölçür? Bunu necə qiymətləndirirsiniz?
- Burada
psixoloji məqam var. Məsələn, həyatda iki qonşu
oturub söhbət edirsə, bu, bizə maraqlı olmaz, eyvana
çıxıb onlara baxmarıq. Halbuki
qonşular arasında söz-söhbət olsa, yüksək səslə
mübahisə etməyə başlasalar, biz həmin dəqiqə
pəncərədən boylanıb baxarıq. Bu, onu göstərmir ki, biz qonşuların
dalaşmasının marağındayıq. Sadəcə diqqət çəkir.
- İstərdim ki,
“Maşın şou” xatirələrindən uzaqlaşıb
lap əvvələ qayıdaq və sənətə gəlişinizi
yada salaq.
- Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetində rejissorluq fakültəsində
təhsil alırdım, 3-cü kursda oxuyurdum, eşitdim ki,
ATV-də aparıcı kastinqi elan edilib. Odur ki,
özümü sınamağa qərar verdim və
seçildim. Öz ixtisasım üzrə
çalışmaq istəyirdim. Əslində
ədəbiyyata və incəsənətə
uşaqlıqdan marağım var idi.
Karyerama “Çəkirəm ha” verilişi ilə
başladım. “Çəkirəm ha” şəhərin
içində cəmiyyətin öz iştirakı ilə
çəkilən gülməli və əyləncəli bir
veriliş idi. İxtisasım da elə
kütləvi tədbirlər rejissorudur. Nəticə
etibarı ilə kütlə ilə işləmək
ixtisasımdır. Verilişin müəllifi
də, rejissoru da, aparıcısı da özüm idim.
- “Çəkirəm ha”nın belə səs-küy gətirəcəyini
gözləyirdiniz?
- Yox, əsas
məqsədim insanlara təbəssüm bəxş etmək
və televiziya işçisi kimi özümü təsdiq etmək
idi. Düşünmürdüm ki, “Çəkirəm
ha” çox sevilə bilər. Ağlıma da gəlməzdi
ki, bu layihə öz zamanının ən reytinqli və bir
nömrəli verilişi olacaq, habelə 6 il
davam edəcək.
- “Çəkirəm ha”
televiziya işçisi kimi sizə nə qazandırdı?
-
Tamaşaçı sevgisi! Görün üzərindən
nə qədər böyük zaman ötüb, amma məni
görəndə hələ də “Çəkirəm ha” Xəyalə
deyə səsləyirlər.
- Bəs Azərbaycan
tamaşaçısına nə verdi?
- O illərdə
televiziyalarda veriliş qıtlığı idi,
başlıcası internet bu səviyyədə inkişaf etməmişdi.
Televiziya layihələri indi-indi
çoxalmağa başlayıb. Seçim
azadlığı yaranıb, hazırda istənilən tərzdə
verilişlər çəkilir. Həmçinin
türk kanallarına baxa bilirik. Əvvəllər
yalnız peyk antenaları olanların xarici kanalları izləmək
imkanı var idi. Sözün qısası,
əyləncəli verilişlər çox deyildi. Biz isə tamaşaçını uzun müddət
əyləndirə bildik. Reytinq toplaya bilməyimizin
digər səbəbi o idi ki, tamaşaçılar ekranda
özlərini görürdü, televiziya qarşısında
hansısa müğənninin ifasına və ya aktrisanın
oyununa yox, özlərinin, qohumlarının, dostlarının
və ya tanışlarının başına gələn
gülməli hadisələrə baxırdılar. Bu amillər verilişin maraq dairəsini genişləndirirdi.
- Verilişin nə zamansa yenidən
ekranlarda görünməsi ehtimalı var?
- Təəssüf
ki, yox. Layihəni bərpa etməyi
düşünmürəm də. Birincisi,
indi veriliş seçimi çoxdur, odur ki, əvvəlki
effekt olmayacaq. İkincisi isə istəmirəm
ki, qazanılmış o sevgini itirim. O veriliş
vaxtında, duzunda və yerində dayanıb. Onu
yenidən çəkib hörmətdən salmayaq. Qoy elə xatirələrdə yaşamağa davam
etsin (gülümsəyir).
- Necə
düşünürsünüz aparıcının uğur
qazanmasında zahiri nə dərəcədə rol oyanır?
- Əlbəttə, zahiri görkəm cəlbedici
olmalıdır, ən azından olması aparıcıya əlavə
xal qazandırır. Onu da unutmaq olmaz ki, insanı geyiminə
görə qarşılayıb, ağlına görə yola
salırlar. Aparıcısansa, sənin
mütləq danışıq qabiliyyətin, səlis nitqin
olmalıdır, hər vəziyyətdən
çıxmağı bacarmalısan, ən önəmlisi zəngin
söz ehtiyatın olmalıdır. Bütün
bunları bacarmayan adama necə aparıcı demək olar... Başqasının kağıza yazdıqlarını
efirdə oxumaq aparıcılıq deyil.
- Aparıcılar söz
ehtiyatını necə zənginləşdirməlidir?
-
Mütaliə etməlidir. Birinci sinifdən
nağıl və dastan kitabları oxuyuram. Zəngin kitabxanam var. Gecə-gündüz mütaliə
edirdim, gözümə mirvari suyu gəldi, bu səbəbdən
anam kitab oxumağı bir müddət qadağan etmişdi.
- İmkanınız
olsaydı, televiziya məkanında nələri dəyişərdiniz?
- Ən
sevmədiyim şey danışığında və
diksiyasında böyük qüsuru alan
adamın veriliş aparmasıdır. Bunlara fikir
versələr, yaxşı olar. Çünki
adamı yorur, qulağı taqqıldadır. Tələbə ikən qulağı taqqıldatmaq
sözünü tam dərk etmirdim. Müəyyən
bir təcrübə topladıqdan sonra görürsən ki, həqiqətən
də öz danışığı ilə
qulağını taqqıldadan aparıcılar var. Sözləri
düzgün tələffüz etmədikdə hərflər
qulağında taqqıldayır.
- Azərbaycanda hər il
onlarla komediya filmi çəkilir. Nədənsə
sizi heç birində görə bilmirik.
- Yayda ilk
dəfə filmdə rol aldım. Ekran işinin
qala gecəsi yaxın vaxtlarda baş tutmalıdır. Tərəf müqabilim Fərda Xudaverdiyevdir.
Bütövlükdə 15 ildir ki, fasiləsiz olaraq efirdəyəm. Fəaliyyətim
ərzində boş dayandığım vaxt olmayıb, 8
veriliş aparmışam, 3 serialda çəkilmişəm.
- Tamaşaçıları necə
film gözləyir? Xəyalə Quliyeva hansı
obrazda qarşımıza çıxacaq?
- Bu barədə
əlavə bir kəlmə də danışa bilmərəm,
rejissor icazə vermir. Hətta çəkiliş
prosesindən foto paylaşmağı da qadağan edib. Buna görə təəssüratlarım və
rolum barədə qala gecəsində danışa biləcəm.
- Belə anladım ki, layihə
gurultulu bir iş olacaq.
- İnşallah, qala gecəsinə gəlib görərsiniz. Hər kəs
istəyir ki, filmi baxımlı olsun, amma bu, birbaşa
tamaşaçıların qərarından
asılıdır. Onu gördüm ki,
çəkiliş prosesində rejissordan tutmuş sıravi
işçiyə qədər hər kəs bu işə
maksimum gücünü qoymağa
çalışırdı.
- Rol seçimində sizin
üçün nə əsasdır? Pul naminə
bəyənmədiyiniz rolu oynamaq məcburiyyətində
qalmısınız?
- Təklif
ediləndə, ilk növbədən rejissordan maraqlanıram
ki, obraz mənə uyğundur, ya yox.
- Sizə uyğun rol necə
olmalıdır?
-
Qonorarım nə qədər çox olsa da,
açıq-saçıq səhnələrdə çəkilə
bilmərəm. İntim və ya sevgi səhnələri
canlandırmaq üçün qısa müddətli də
olsa, o hissləri yaşamalısan. Belə
bir obraz yaratmaq çətindir, tamaşaçını
süni şəkildə canlandırılmış hisslərə
baxmağa məcbur etmək olmaz. Ümumiyyətlə,
belə səhnələr mənlik deyil.
- Həmişə canlandırmaq
arzusunda olduğunuz obraz hansıdır?
- İfa etmək niyyətində olduğum rollar
çoxdur, lakin dini filmlər, hicablı obrazlar məni daha
çox cəlb edir. Türkiyənin “Sırlar dünyası”
kimi ibrətamiz layihəsində rol alsam, məmnunluq
duyardım.
- Bu, Allah sevgisi və dini
bağlılıqdan irəli gəlir?
- Allah
sevgisi, Allah xofu və Allah qorxusu imanı olan hər kəsin qəlbində
var. Tez-tez dua edirəm. “Maşın” şouda səhər
açılandan axşama qədər dua oxuyurdum. Qızlar soruşurdu ki, sən orada nə oxuyursan?
Dualar mənə rahatlıq və yüngüllük gətirir...
Əslində bütün bunların təsiri
deyil. Sadəcə, obraz olaraq dini xarakter mənim
üçün fərqlidir. Bildiyim qədəri
ilə bizdə dini film olmayıb.
- O zaman sizə tezliklə bu istəyin
reallaşmasını arzulayıram.
- Minnətdaram.
- Oynadığınız
rolları övladlarınız və ya özünüz
hansı təəssüratlarla izləyirsiniz?
-
Oğlumla qızım serialın başlamasına bir neçə
dəqiqə qalmış artıq saniyələri güdməyə
başlayır. Adətən birlikdə izləyirik.
Özümdən razı qaldığım və
razı qalmadığım anlar olur. Ən
sərt tənqidçim anamdır. İstər
veriliş, istərsə də serial efirə gedən kimi anam
zəng edib iradlarını bir-bir saymağa başlayır,
xoşuna gəlibsə də, bəyəndiyini deyəcək.
- Oxşar rollara dəvət almaq
sizin bacarığınızdır, yoxsa rejissor işinin zəifliyi?
-
“Bacanaqlar”dan sonra “Qız atası”na dəvət
edəndə gördüm ki, obrazlar bir-birinə bənzəyir.
İkisində də dələduzluqla məşğul
olan kişinin fağır və sakit həyat
yoldaşını canlandırmışam. Həmişə ssenaristlərə deyirəm ki, məni
güclü, təsirli və xarakterli rollara dəvət edin
ki, özümü göstərə bilim. Sakiti nə qədər oynamaq olar. Hiss edirəm
ki, dramı daha yaxşı oynayaram, nəinki komediya. Təəssüf ki, hələ daxili
potensialımı bütünlüklə göstərə biləcəyim
layihə olmayıb.
- Aktrisa kimi milli serialların səviyyəsindən
razısınız?
- Pis
deyil, Moskva birdən-birə tikilməyib. 5 il
əvvəlki seriallarla bu gün çəkilən televiziya
layihələri müqayisə etsək, çox böyük
fərq görərik. Türk serialları bu
gün dünyada çox populyar olsa da, serial sənayesinin
yarandığı ilk illərdə vəziyyət belə
deyildi. İnanıram ki, serial sənayesi
bizdə yüksələn xətt üzrə inkişaf edəcək.
Yetər ki, qınamayaq. Hamı
qınayır ki, seriallarımız yaxşı deyil, öz
kanallarımıza baxa bilmirəm və s. Fikirləşmirlər
ki, təzə başlamışıq.
- Rasim Balayev 2018-ci ilin son
aylarında verdiyi müsahibədə televiziya
kanallarını, aparıcı və komediya filmlərini kəskin
tənqid etmişdi. Onunla
razılaşırsınız?
- Tənqid
olunası filmlər və verilişlər, əlbəttə
ki, var. Demirəm ki, bütün işlər idealdır,
çəkmək xətrinə çəkilən filmlər
görürük. Onlar müvəqqətidir,
tarixdə qalmayacaq. Elə filmlərin
ömrü bir-iki günlükdür, baxılıb unudulacaq.
- Qadın kimi güclü olduğunuzu
ilk dəfə nə zaman hiss etdiniz?
- Onsuz da
özümü güclü qadın hesab edirdim, daxilən
güclüyəm. Və “Maşın şou”da
bir daha özümə sübut etdim ki, həqiqətən də
gücüm sarsılmazdır.
- Həyatınızın hansı mərhələsindəsiniz?
- (Fikrə dalır...) Yüksək mərhələyə
çatmamışam, hələ xəyallar qururam.
- Bəs xəyallarınızda
haradasınız?
- Xəyallarımda
yüksək zirvələrdəyəm. Düşünürəm
ki, heç nə qazanmamışam. Verilişdə
qalib olmağımı və seriallarda rol almağı nəhəng
bir nailiyyət adlandırmazdım. Özüm
üçün özümün olan nəyisə
qazanmamışam. Hələ qazanmağa
çalışmaq mərhələsindəyəm.
- Biz hamımız hər gün bilərəkdən
və ya bilməyərəkdən kiminsə xətrinə dəyirik.
Siz tez-tez kimi incidirsiniz?
-
Gücüm özümünkülərə çatır, kənardakıları
incitmirəm. Yoldaşımı, anamı,
qardaşımı incidirəm. Kənar
insanlarla münasibətdə çox sakitəm. Anam deyir ki, evdə xoruz, çöldə fərəsən.
- Hər qadın qayğıya, sevgiyə,
nəvazişə möhtacdır. Siz onun həsrətindəsiniz,
ya bolluğunda?
-
Yadıma gəlmir ki, nə zamansa sevgi və diqqət
aclığı çəkim. İmkan verilməyib
ki, diqqət və qayğı kasadlığını hiss
edim. Yoldaşım çox diqqətlidir,
18 gün maşın ətrafında oldum. Bu günlər ərzində yoldaşım da mənimlə
eyni əziyyətə qatlaşdı. Evlə
çəkiliş studiyasının arasında
qalmışdı. Əslində
qadının özündən asılıdır. İnsan gərək özünü sevdirə
bilsin, sevgiyə layiq olan hər kəs onun
qarşılığını görür.
- Bu sevgini övladlarınıza da
ötürə bilmisiniz?
- Boş
vaxtımı demək olar ki, bütünlüklə
uşaqlarıma ayırıram. Tanıyanlar
bilir ki, çəkilişim olmayanda məni evdən
çıxartmaq mümkün deyil. Bəzən
bir həftə çəkilişim olmur və bir həftə
qapıdan çölə çıxmıram.
- Uğurlu ailə həyatının
formulunu bəlkə bizə də
açıqlayasınız?
-
Bir-birinizi başa düşmək, evdə
mehribançılıq, axşam süfrə arxasında əyləşib
şam etmək, uşaqların gözünün içindəki
gülüş və sevinc ifadəsi ailənin xoşbəxtliyi
deməkdir. Uşaqlarıma baxıb həmişə
deyirəm ki, Allah gözünüzdəki bu sevinci heç
vaxt əsirgəməsin.
- Evlilikdə pul, yoxsa sevgi birinci yerdə
dayanır?
- Sevgini
seçsəm, deyəcəklər çox şablon
çıxış edir. Yoldaşım
çox kasıb ailədən idi, ailə quranda heç nəyimiz
yox idi, evlənəndən sonra bir müddət kirayədə
qaldıq. Tam səmimiyyətlə etiraf edə
bilərəm ki, sevgi. Çünki həyat
yoldaşımın sevgisindən, böyük ürəyindən
və qayğısından savayı var-dövləti yox idi.
Bizim ailəmiz saf hisslər və sevgi üzərində
qurulub. Şükür ki, Allah təmiz
sevgimizi qiymətləndirdi və bizə hər şeyi
yetirdi.
- Birlikdə yaşayan iki insan
zamanla bir-birindən öyrənir, birlikdə
böyüyür və birlikdə müdrikləşir.
Maraqlıdır ki, həyat yoldaşınızın hansı
üstün keyfiyyəti sizə böyük təsir göstərib?
- Evliliyin
ilk 3 illik mərhələsi bir-birimizi daha yaxından
tanımaq və xasiyyətinə bələd olmaqla
keçir. Dəqiq deyə bilməyəcəm,
hər halda zamanla uyğunlaşmışıq. Sami
Yusifin gözəl bir sözü var: “Azadlığım həyat
yoldaşımın qısqanclığının
başladığı yerə qədərdir”. Bu
qayda bizim ailədə də rəhbərdir.
- Yoldaşınız qısqanc
insandır?
-
Kişinin həyat yoldaşını qazandığı
uğurlara, yaxud da serial və kinodakı rollara
qısqanması onu göstərir ki, o insan qəlbiqaradır.
Qadını qadağalara bürüyüb evdə saxlamaq
başqa bir mövzudur... Qısqanmaq
üçün səbəb olmalıdır. Əgər o səbəbi və şəraiti
yaratsan, əlbəttə ki, qısqanclıq üstündə
mübahisələr baş verəcək. Yoldaşım mənə güvənir, bilir ki, nə
işlə məşğulam. Qısqanması
üçün səbəb vermirəm. Bəzən
sosial şəbəkələrdə ünvanıma
yazılan xoş sözlərin bir neçəsinə
yüngülcə qısqana bilər, onda da anlayır ki, efir
adamısansa, pərəstişkarın da olacaq.
- Azərbaycanda həm uğurlu
karyera qurmaq, həm gözəl ailə sahibi olmaq, həm də
cəlbedici xanım olmaq çətindir?
-
Atdığın hər addım və qazandığın hər
nailiyyət özündən asılıdır. Asan karyera qurmağın yolları da var, çox
şükür ki, o yola addım atmamışam. Karyeramı dişimlə, dırnağımla,
alın və öz ağlımla qurmuşam. Asan yola qaçmadım.
- Qazandıqlarınıza görə
özünüzü kimə borclu bilirsiniz?
- Heç kim əlimdən tutub məni qabağa çəkməyib.
Bu gün də arxamda dayanıb mənim
üçün veriliş açan yoxdur. Əldə etdikərim öz gücümün məhsuludur.
- Bildiyim qədərilə hazırda
verilişiniz yoxdur.
- Hər
hansı layihəni reallaşdırmaq üçün sponsoru
da mən tapmalıyam, dekorasiyanı da və digər işləri
də mən həll etməliyəm. Bütün
yükün altına girə bilmərəm. Büdcəm yoxdur ki, veriliş açım. Büdcəm yoxdursa, kimsə eləməlidir.
O kimsə yoxdursa, deməli, veriliş də yoxdur.
Bizim Yol.- 2019.-12 yanvar.- S.15.