“Kəlbəcər nisgili ürəyimdə qalıb”
“Yeni Müsavat”ın budəfəki
müsahibi Azərbaycan Yazıçılar Birliyinin birinci
katibi, Xalq şairi Fikrət Qocadır. 84 yaşlı Xalq
şairi ilə çalışdığı AYB-də
görüşüb, söhbətləşdik:
- Fikrət müəllim, necəsiz?
Bundan əvvəl bir neçə dəfə sizinlə əlaqə
saxlayanda ABŞ-da səfərdə
olduğunuzu, orada müalicə
aldığınızı bildirirdiz? Hazırda vəziyyətiniz
nə yerdədir?
-
Babatam. Bu yaşda adam necə olar, ay qızım? Xəstəlik-zad,
bunların hamısı boş söhbətdir, bəhanədir.
Çünki artıq 84 yaşım var, 85-ə keçəcəm.
- Bəzən kimlərsə
Amerikanı insanların daha xoşbəxt yaşaya biləcəyi
ən münasib, ideal ölkə hesab edir, oradakı həyatı
arzulayır. Dəfələrlə Amerikada səfərdə
olan bir azərbaycanlı kimi, oradakı yaşayış tərzini,
ab-havanı necə tərənnüm edərdiz?
- Həyatım
boyu səfərlərdə olmuşam, gəzmişəm.
Əvvəlcə müqayisə üçün, daha sonra isə
mövzu dalınca gəzmişəm. Zamanında ölkəmiz
müstəmləkə altında olanda xarici ölkələrə
gedib qəhrəmanları axtarırdım - hansı ki, onlar
öz ölkələrini müstəmləkədən
qurtarmışdılar. Daha sonra isə dillərin
batmasını araşdırırdım. Məsələn,
iki dildən yaranmış tayfalar var idi. O zaman Portuqaliyada belə
bir qərar verilmişdi ki, keçmiş dustaqları
artıq “yemləməsinlər”. Bunun üçün də dustaqların
qarşısına belə bir şərt qoyurdular ki, “səni
Afrikaya göndəririk, get orda azad yaşa, işlə,
özünə həyat qur. Sən orada da cinayət törədəcəksənsə,
cəzan ölüm olacaq”. Əgər dustaq kişi idisə,
afrikalı qadınla, qadın idisə oradan olan kişi ilə
evlənirdi. Həmin izdivacdan olan uşaqları Portuqaliyaya gətirib
oxutdurur, təhsil verir, qayğısına qalırdılar.
Beləliklə, həmin uşaqlar Portuqaliya dilində tərbiyə
alır, öz ana dillərini bilmir və yaxud pis bilirdilər.
Onlar sonradan böyüyəndə hər iki ölkənin
uşağı olduğu üçün Portiqaliyaya xəyanət
etmirdi. Bununla belə ilk inqilab elə Qvineyada oldu. Portuqaliyada
böyüyüb təhsil alan uşaqlar öz ölkələrini
müstəmləkədən xilas etdilər. Lakin onların
arasında öz ölkəsinə qəddar yanaşanlar da
var idi. Yəni bu cür faktları yaxından öyrənməyə
çalışırdım. Çünki öyrənəcəyimiz
çox şey var idi.
İndi də bu çağımda, xəstə vaxtımda Amerikaya səfərlərə gedirəm. Əvvəla, orada qızım yaşayır, bəhanəylə gedib onu görürəm. Həm də oradakı dünyanı, insanları müşahidə edirəm. Bəzən burada Amerikadakı yaşayış haqqında elə tərifli sözlər danışırlar ki, deyirəm bəlkə mən yaxşı görməmişəm. Bir daha gedib görəndə daha yaxşı müşahidə etməyə çalışıram, yenə də qərara gəlirəm ki, yox əşi, mən Amerikada yaşaya bilmərəm. Çünki orada həyətindəki ot belə sənin ixtiyarında deyil. Əgər otu yaxşı biçməsən, sənə çox ağır cərimə cəzası verə bilərlər.
Bir dəfə Anarla orada səfərdə idik. Yolun kənarında gedəndə gördük ki, bir nəfər tələsik evindən çıxıb, bağçasındakı qırmızı güllərin arasında bitən bir ağ gülü kəsib atdı. Bunu nədən etdiyini soruşanda dedi ki, “bütün güllər eyni olmalıdır, təsadüfən aralarında başqa rəngdə gül olarsa, cərimələnə bilərəm”. Yəni sən öz həyətindəki gülün, hətta araşdıranda məlum olur ki, evinin də sahibi deyilsən. Əgər səhəri gün işini itirsən, o evi də saxlaya bilməyəcəksən.
Deyirlər orada maaş yüksəkdir, bəli, bu doğrudur. Məsələn, kürəkənim orada aylıq olaraq 10 min dollar təqaüd alır. Lakin xərcləri elə burdakı kimi olur, yəni ayın sonuna bəzən görürsən ki, maaşın çatmır. Yəni bəzən kənardan görünən işıltını, pərdənin arxasını yaxşı görə bilmirik. Bunun üçün ehtiyatlı olmalıyıq. Uzaqdan yaşıl görünən dağlar bizi həmişə özünə cəlb edir, elə bilirsən ki, orada olsan yaşıllığın içərisində yumarlanıb, aşağı düşə bilərsən. Lakin yaxın gəldikdə görürsən ki, bu yaşıllıq heç də hamar deyil, onun arasında daş da, tikan da var, rahatca yumarlana, yumarlanıb aşağı düşə bilməzsən. Həyat tərzi də belədir. Bunun üçün də yüz kitab oxuyunca, get, gör.
Bəzən insanlar öz gözündəki tiri görmür, başqasının gözündə qıl, səhv axtarır, halbuki özü nə haldadır. Fransa bizə demokratiya öyrədir, amma 2-3 həftədir insanları küçələrdədir. Qadınlar da bu aksiyalar qoşulur, düşünür ki, onlara əl qaldırmazlar, lakin onları da döyür, saçından tutub sürüyürlər. Demokratiya budursa, mən bunu istəmirəm. İnsanlar öz hüquqlarını tələb edirlər. Əvvəlcə səs verib Makronu seçdilər, hətta cinsi azlıqlar da onun öz adamı olduğunu deyib, əl çalırdılar, sonra isə etiraz etdilər. Bir adamın ki, uşağı yoxdur, o necə rəhbər olub, uşaqları, gələcəyi düşünə bilər? Əgər düşünsəydi, uşaq sahibi olardı. Uşaq təkcə nəsil deyil, həm də evdə adamdır. İndi evdə it saxlayırlar, nəinki uşaq.
- Yəqin ki, şeir yazmaqdan
da geri
qalmırsız?
- İlham gəldikcə, olduqca yazıram.
- Bir
neçə ay öncə saytların
birində belə bir şeirinizlə
qarşılaşmışdım:
“Ey mənim göyçək yarım,
Ömrümüz sonbahardı
Mənim ağbirçək yarım.
Dəlisov gəncliyimi
Bu gün yada salmışam.
Sənin üçün bir dəstə
Qızılgüllər almışam”.
Şeirin sonu isə belədir:
“Sənə gül aldım ki,
mən Gül görüb üzün gülər...
Sən elə sözlər dedin,
Əlimdə soldu güllər”. Maraqlıdır, şeirdəkini özünüz yaşamısızmı, yoxsa?..
- (gülümsəyir). Yaşamışam, əlbəttə. Mən xoşlayıram yoldaşıma gül almağı. Bir dəfə ona gül aldım, əvəzində dedi ki, “bu qaça-qaçda gülü neynirsən, nəyə lazımdır?”. Düzü, bu mənə toxundu, gülü həvəslə almışdım ki, qarıma verəcəm. Əslində o da gülü xoşlayır, indi bəlkə də ikimiz də yaşlanmışıq... Həm də yoldaşım bəzən özünə pul xərcləməyi qıymır, xəsislik edir.
- Bəstəkarlar
yeni şeirlərinizə də müraciət
edir, maraqlanırlarmı?
- Keçən il yazıçılar qrupu ilə Cocuq Mərcanlıya getmişdik. Həmin gün 8 şeir yazdım, halbuki bəzən heç bir yazı da yazmıram. Həmin şeirlərin 4-nə bəstəkar Ruhəngiz Qasımova mahnı yazdı. Cocuq Mərcanlıda sanki mənim üçün yeni mənzərə açılmışdı. Çox fərəhlənirdim ki, bayrağımız Lələ təpədə dalğalanır, Şuşa məscidinin eynisi orada tikilib. Bütün bunlar insana təsir edir, tərpədir.
- Həm də ümid verir ki, işğal altındakı digər torpaqlarımız da geri qayıdacaq...
- Ümid yox, həyat verir. Mən yaşda adam yaşamaq
istəyir ki, torpaqlarımızın geri
qayıtmasını, Şuşanı
yenidən görüm.
Dünyanı gəzmişəm, amma vaxtında nəsə unutdum ki, Kəlbəcərə
də gedim. Onun nisgili ürəyimdə qalıb.
- Bir müddət əvvəl şadlıq evlərində
səslənən mahnılara
görə müəlliflərə
qonorar ödənilməsi
ilə bağlı qərar çıxarıldı.
Sizin də şeirlərinizə
yazılmış saysız-hesabsız
mahnılar mütəmadi
olaraq səsləndirilir.
Bəs bu qərardan sonra qonorar ala bilmisizmi?
- Sovet dövründə şeirlərimiz çıxan
qəzetlərdən, jurnallardan
hətta çıxışlarımıza
görə televiziya və radiodan da qonorar alıb,
dolanırdıq. Lakin müstəqillik
qazandıqdan sonra bu sistem pozuldu,
bilmədim bunlara nə azar dəydi.
İndi rusca danışanımız
artıb. Küçələrdə, ticarət və
xidmət obyektlərində
reklam lövhələrinin
əksəriyyəti xarici
dildə təqdim edilir. Halbuki dövlətin qərarı
var ki, elan,
reklamlar ilk növbədə
Azərbaycan dilində
olmalıdır. Bunu nə
qədər deyirsən,
yenə də fikir verən yoxdur. Axı nə qədər
olar, bu sənin öz ana dilindir. Belə çıxır ki, sən öz ana dilinə hörmət etmirsən.
Onda necə deyə bilərsən ki, mən anamı sevirəm? İndi yalançı patriotlar çıxıb ortalığa,
harada dik yer görür, ayağını qoyub çıxır tribunaya,
qışqırır “Vətən!”. Amma vətən
üçün iki iş görməyib.
- Elə bu məsələdən söz düşmüşkən,
son vaxtlar ekspertlər
də həyəcan siqnalı verib bildirirlər ki, uşaqlarını rus bölməsində təhsil
almasına çalışan
valideynlərin sayı
durmadan artmaqdadır, hansı ki, əksəriyyəti rus dilində heç bir cümlə qura bilmir. Əsasları da budur ki,
rus bölümündə
təhsil verən müəllimlər daha intellektual, mədəni, bilgilidirlər.
- Sovet dövründə elə düşünürdük
ki, yaxşı dərzi ancaq erməni ola və
yaxud evi yaxşı erməni ustası tikə, başı yaxşı erməni bərbəri qırxa bilər, yəni, başımızı
da erməniyə etibar edirdik. Beləliklə, pul ermənilərdə
olurdu. Həmin vaxt Azərbaycanda
ən varlı adamlar, ən yaxşı evlərdə
yaşayanlar ermənilər
idi. Onlar bizim pulumuzla
varlı olmuşdular.
Nazirlərimizin köməkçilərindən
biri mütləq erməni idi və ya heç
nə olmasa da, katibəsi erməni olurdu. Əgər müstəqillik dövründən
sonra torpaqlar özəlləşdirilib satılanda
ermənilər yenə
bizimlə birgə olsaydı, həmin torpaqların hamısını
alardılar və biz lüt qalardıq. Qarabağ məsələsində
onlar qudurdular, Allah onların iç üzünü göstərdi,
güclə torpaqlarımızı
işğal etdilər.
Amma biz o
torpaqlarımızı geri
alacağıq. Əgər o torpaqları hiyləgərcəsinə
bizdən alsaydılar,
biz bir də ora qayıda bilməzdik.
Müstəqillikdən sonra bu gözəl binaları kim
tikdi? Əlbəttə ki, özümüzünkülər.
Hətta yaxşı tikməyə çalışırlar
ki, sabah
orada onun uşağı, qohumu yaşaya bilər, bina uçmasın. Və yaxud indi
çox gözəl dərzilərimiz, bərbərlərimiz
var, demək ki, özümüzdən
də yaxşı sənətkarlar ola
bilər. Beləliklə, indi də düşünürük ki,
bizdən heç də yaxşı müəllim çıxa
bilməz. Niyə olmasın?
Sən əgər yaxşı uşaq yetişdirsən, yaxşı müəllimin,
professorun, akademikin olacaq, yetişəcək.
- Bir az öncə
özünüz də
qeyd etdiz ki, sovet dövründə
şair və yazıçılar yazdıqlarından
dolana, kifayət qədər qazanc əldə edə bilirdi. İndi bunu demək
çətindir. Bəs nə
etməli?
- Müəllif hüquqlarına
görə ildə bir dəfə gətirib 200 manat pul verirlər. Bu axı heç
nədir. Hamı bilir
ki, hər zaman toylarda mənim şeirlərimə
yazılmış mahnılar
səsləndirilir. Bir cild kitabım ancaq mahnılar yazılmış
şeirlərdir. Hansı ki,
həmin kitab 400 səhifədən ibarətdir,
deməli 400-dən çox
nəğməli şeirim
var. Əgər mən
başqa ölkədə
yaşasaydım, əlbəttə
ki, milyoner olardım. Amma onu da qeyd edim ki,
dövlət həmişə
mənim qayğıma
qalıb, zəhmətimə
qiymət verib, xəstələnəndə iki
dəfə ölümdən
qurtarıb, əməliyyatlara
göndərib.
- İndi bəzi yazıçılarımız açıq-saçıq ədəbiyyata
daha çox üstünlük verməyə
çalışır. Buna görə tənqid olunanda isə müasirliyi əsas gətirirlər.
- Onlar başqalarını təqlid etməyə çalışırlar, buna
görə onlarda alınmır. Hər bir insanın
öz barmaq izi olur, başqasının
barmaq izi ilə getməyə çalışanda nəticə
olmur.
- Bəs son zamanlar sizi təəccübləndirə
bilən gənc yazıçı və ya şair olubmu?
- Onlar həmişə məni təəcübləndirir,
ta ki, təsir
altına düşüb,
kimisə yamsılayana
qədər.
- İndi
verəcəyim sual bilirəm ki, sizi narahat edəcək,
lakin bu sual ağlımda qaldığı üçün
vermək istərdim. Ötən il yeganə
oğlunuzu döyərək
öldürməkdə günahlandırılan
şəxslərdən biri
məhkəmənin qərarı
ilə 5 il, digər iki nəfər isə 2 il 6 ay, 2 il həbs cəzası aldı. Bu qərarla
razılaşa bildinizmi?
- Mən oğlumu itirmişəm, bir oğlum var idi, onu da
öldürdülər. İndi etiraz etməklə
nəyi dəyişə bilərəm, oğlumu geri qaytara biləcəm?
Prokurorluq oğlumu öldürən şəxsə 19 il həbs
cəzası istəsə də, hakim 5 il iş kəsdi. Belə
çıxır ki, ya prokuror çox savadsızdır, ya da
hakim. Amma 19 və 5 rəqəminin arasında çox
böyük fərq var və onu göstərir ki, məhkəmə
çox haqsız qərar verib, bu haqsızlıqdır...
Bizim Yol.- 2019.- 15 yanvar.- S.15.