Tarixin unutmadıqları

 

Gözlənilən bir qəsbin tarixçəsi: dini liderin siyasi cəlladlara verdiyi tarixi dərslər

Bu yazını millətimizin çox böyük faciələrindən birinin daha bir ildönümü günündə oxuyursunuz. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda və eləcə də, Azərbaycanın bir sıra bölgələrində baş verənlər hər kəsə bəllidir. Xalqımız 20 yanvar gününü faciəmizin daha bir günü kimi qəbul edib. Hətta həmin ayı bütövlükdə “Qara Yanvar” adlandırıb.

 

Bu ifadə təsadüfi deyil; dünyanın o zaman iki supergücündən biri olan Sovet İttifaqı öz Prezidentinin göstərişi ilə öz əliyalın, dinc vətəndaşının üstünə tanklar, təpədən dırnağa silahlanmış ordu göndərdi. Və təkcə Azərbaycanda deyil, Gürcüstanda da, Litvada da eyni ssenari oynanıldı. Ancaq qırğınların miqyası bizdəki qədər böyük deyildi. Sonrası hər kəsə bəllidir; üstümüzə silahla gələn o supergücün özü sonra tarixin arxivinə göndərildi. Bu, bir daha sübut etdi ki, bir dövlət başqa bir dövlətin üzərinə qoşun yeridib məğlub edə bilər, başqa bir xalqı müəyyən bir müddət əsarət altına sala da bilər. Ancaq öz xalqına qarşı silah qaldırmış heç bir dövlətin qalib olduğunu hələ görən olmayıb. Öz azadlığını istəyən, öz əzəli torpaqlarını qorumağa çalışan dinc Azərbaycan xalqının üzərinə qoşun yeridən, gülləbaran edən Sovet İttifaqı da bu hadisədən sonra heç bir il yaşamadı; dağılıb tarix səhnəsindən çıxdı.

Tarixin belə mühüm məqamlarında, ağır, faciəli günlərdə böyük şəxsiyyətlərin, mütəfəkkirlərin, siyasət, elm, din, mədəniyyət xadimlərinin – ölkə cəmiyyətində, dünya cəmiyyətində sözü eşidilən insanların hadisələrə verdiyi qiymət daha təsirli, daha tutarlı olur. Məlumdur ki, 29 il qabaq – həmin o faciəli günlərdə görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin Moskvada Azərabaycanın nümayəndəliyinə gəlməsi, brifinq keçirməsi, xüsusi bəyanatla çıxış edərək İttifaq rəhbərliyinin, şəxsən SSRİ Prezidenti Mixail Qorbaçovun hərəkətlərini qınaması faciə yaşayan xalqın dərdini az da olsa yüngülləşdirməklə bərabər işğalçı orduya, qaniçən Moskva rejiminə qarşı nifrətini daha da artırdı, insanlarda belə bir ölkənin vətəndaşı olmağın mümkünsüzlüyü fikrini və istiqlala canatımı daha da gücləndirdi.

Əlbəttə, o ağır, məşəqqətli günlərdə bu qırğına təkcə siyasətimizin adından deyil, həm də dinimizi təmsil edənlərin adından çox sərt qiymət verilmişdi. Təəssüf ki, Qorbaçovun da məxsus olduğu elə həmin rus xalqının mütəfəkkir yazıçılarından biri Lev Tolstoy deyib: “Hər cür inamın mahiyyətində həyata onu ölümdən daha yüksəyə qaldıracaq məna verməsi durur”. Yəni insan yalnız ölüm günü Allahına qovuşacağını, Allahın rəhmətinə yetişəcəyini düşünməsin, bunu elə yaşamı ilə təmin etsin. İnsanların dediyi sözlər deyil, dediyi sözün ardınca etdiyi əməl onları həm xalqının, həm Allahının gözündə ucaldır. Bu baxımdan həmin o ağır günlərdə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin atdığı addımlar da təqdirə şayandı. O günlərdə həm bu hadisələrə öz gerçək qiymətini verərək səsini ucaltması, həm də şəhidlərimizin dəfninin təşkilini öz üzərinə götürərək qəhrəmanların adına layiq şəkildə haqq dünyasına uğurlanması, Sovet rəhbərliyinin təxribatçı həmlələrinə cavab verməsi çox önəmli, təqdir olunan addımlar idi.

“Təxribatçı həmlələr” deyərkən nəyi nəzərdə tuturuq? Bilirsiniz ki, həmin günlərdə respublika rəhbərliyinin siyasi və insani iradəsi, fəaliyyəti tamamilə iflic olmuşdu. Respublikaya rəhbərlik edən şəxslər ya qaçmışdı, ya da hadisələrə, proseslərə təsir imkanlarını bu və ya başqa səbəblərdən itirmişdilər. Belə bir məqamda SSRİ rəhbərliyi Hacı Allahşükür Paşazadəyə təklif etmişdi ki, respublikaya rəhbərliyi öz üzərinə götürsün. Bu, Sovet təhlükəsizlik orqanlarının çox hiyləgər bir planı idi; bir yandan, bu, faciə yaşamış, itkilər vermiş, qəzəbli xalqın öz dininə, dinini təmsil edənlərə inamını sarsıdacaq, onu mənən tamam darmadağın edəcəkdi (işğalçı rejimlə əməkdaşlığa gedən din təmsilçiləri xalqın gözündən tamam düşəcək və ona sarsıdıcı zərbə vurmuş olacaqdı), o biri yandan isə Sovet rejimi bundan istifadə edərək: “Azərbaycanda dini rejim qurulur, islam dövləti yaradılır” deyə Azərbaycana qarşı zorakılığı davam etdirmək üçün öz əl-qolunu açmış, eləcə də, düşmən Ermənistanın bu ağır vəziyyətdən yararlanaraq ölkəmizə, millətimizə qarşı işğalçılıq, parçalama siyasətini davam etdirməsinə şərait yaradacaqdı. Bütün bunlarla yanaşı din xadiminin rəhbərliyə gətirilməsi sivil dünyanın da baş verənlərə mənfi münasibətini neytrallaşdırmasına da hesablanmışdı; Azərbaycan xalqını dəstəkləyən, dəstəkləməyə hazır olan dövlətləri çəkindirəcək, bizim müstəqillik çabalarımıza daha ehtiyatlı, bəlkə də mənfi yanaşmağa sövq edəcəkdi. Moskva bununla həm də dünyanın onun tökdüyü qanlara seyirçi qalmasına nail olmaq istəyirdi. Göründüyü kimi, göründüyündən də böyük oyun qurulmuşdu. Ancaq işğalçı Sovet rejminin bütün hesablamaları, məkrli planları, gözləntiləri, necə deyərlər, suya düşdü; Şeyxülislam bu təklifi rədd etdi. Təklifi rədd etməklə də qalmadı; Sovet İttifaqının Prezidenti Mixail Qorbaçovun özünə, BMT-nin baş katibinə, dünya birliyinə səslənərək Bakıda, Azərabaycanın bölgələrində baş vermiş bu qanlı, qəddar qırğını bütün qətiyyəti ilə qınadı, pislədi. Hadisələrə öz gerçək qiymətini verdi. Bu baxımdan, Şeyxin Mixail Qorbaçova yazdığı məktub çox anlamlı idi. Həmin məktubda yazılırdı: “Nə qədər olsa da, mənim sözlərim Azərbaycan xalqının sonsuz kədərini, milyonlarla insanın ürəyinə hakim kəsilən müsibəti heç cür çatdırmaq iqtidarında deyil. Mən bunları ona görə demirəm ki, Siz bizim dərdimizə şərik olasınız, kədərimizi bölüşəsiniz. Bu, mənim bütün xalqım üçün təhqir olardı. Yanvarın 19-dan 20-ə keçən gecə və sonrakı günlər Bakıda törədilən vəhşiliklər heç bir ölçüyə sığmır. Şəhərin küçələri yüzlərlə günahsız qurbanların qanına boyanıb. Bunların arasında uşaqlar, qadınlar və qocalar var. Onların tankların tərtılları altında qalmış, pulemyot və avtomatlarla parça-parça edilmiş cəsədləri insanı dəhşətə gətirir. Bir dövlət başçısı kimi sizin imzanızla törənən bu qırğına, bu dəhşətli cinayətə heç bir bəraət oa bilməz. Qoşunların yeridilməsi üçün uydurulmuş bütün səbəbləri Azərbaycan xalqı nifrət və qətiyyətlə rədd edir. Həmin səbəblərdən biri də guya Sovet dövləti üçün təhlükə sayılan “islam faktoru” ortaya atılmışdı. …İman əhli olmaq, o cümlədən, islama mənsubiyyət, əslində, günah hesab edilən şovinizmdən, milli lovğalıqdan uzaq olmaq deməkdir…”

Bu iqtibasdan da bəlli olduğu kimi, Şeyxülislam bütün təxribatları vaxtında görmüş, əslində millətimizi daha böyük faciələrdən qorumuşdu. İtaliyanın “Reppublika” qəzetinə müsahibəsində Şeyxin dedikləri də bunu təsdiq edir: “Hakimiyyət orqanlarını ağıla-kamala çağırmağı özümə mənəvi borc bildim. Onları məcbur etmək istədim ki, …Mixail Qorbaçovun çox böyük səhvə yol verdiyini etiraf etsinlər. Bu gün Azərbaycan xalqını dəhşətli faciədən xilas etmək, daha böyük zərərdən yaxa qurtarmaq üçün yalnız bir yol var. Bu, qoşunları şəhərdən dərhal çıxarmaq yoludur. Bilirəm ki, xalq başqa bir qərarla razılaşmayacaqdır”.

Şeyxülislam həmin ağır günlərdə dünyanın aparıcı media quruluşlarına verdiyi müsahibələrdə, açıqlamalarda Sovet qoşunlarının Bakıya yeridilməsini yanlış qərar saymaqla qalmırdı, bunu cinayət kimi qiymətləndirir, bir sözlə, hər şeyi öz adı ilə çağırırdı, dövlət rəhbərliyindən, eləcə də, sivil dünyadan Azərbaycan xalqının azadlıq ideallarına və baş vermiş hadisələrə ədalətlə yanaşmağı və günahkarların cəzalandırılmasını tələb edirdi.

…Rusiyada məşhur, məşum oktyabr çevrilişindən sonra xaricə getməyə məcbur qalmış tanınmış rus sosioloqu Pitirim Sorokin özünün “Böhranın fəlsəfəsi” əsərində yazır: “İnsanların bütün gerçək məğzi böhranlı durumlarda üzə çıxır. Əgər insanda müsbət başlanğıclar çoxdursa, daha çox pozitivlər, mənfi başlanğıclar çoxdursa, daha çox neqativlər ortaya çıxacaqdır”. İyirmi doqquz il bundan qabaq millətimizin varlığına, ölkəmizin bütövlüyünə, azadlıq xəyallarımızın gerçəkləşməsinə qarşı yaranmış böyük təhlükələrin, siyasi, iqtisadi, sosial-mənəvi böhranların tüğyan etdiyi bir dönəmdə Şeyxülislam Hacı Allahşükür Paşazadənin də bir insan, din xadimi, ziyalı və vətəndaş olaraq gerçək pozitivləri bir daha ortadaydı. Özü üçün də təhlükəni gözə alaraq Sovet rəhbərliyinin törətdiyi qəddarlıqlara zamanında – anındaca gerçək, tarixi qiymətini vermiş və dünyaya səslənərək xalqın dərd, ağrı və düşüncələrini yaymış, mürgülü vicdanları tərpətmişdi. Əlbəttə, hər kəsin etdiyi xeyir əməllər sonunda Allah dərgahında öz qiymətini alır. Eləcə də, tarix heç nəyi unutmur; zaman hər şeyi öz yerinə qoyur. Zira tarix həm də (və bəlkə də daha çox) böyük şəxsiyyətlərin tarixidir. Bununla belə, tarix tarixdə qalır; çağdaş zamanda da – həmin şəxs yaşadığı müddətdə də onun xeyir əməllərini yeni nəsillərimizin bilməsi və dəyərləndirməsi də çox önəmlidir. Bu sətirlər də belə bir ehtiyacdan doğan yazıdır.

 

Bahəddin Həziyev,

Azərbaycan Respublikasının əməkdar jurnalisti, “Bizim Yol”

qəzetinin və “Bizimyol.info” portalının baş redaktoru,publisist-esseist

 

Bizim Yol.- 2019.- 19 yanvar.- S.9.