"O OLMASAYDI, "NƏSİMİ"
ÇƏKİLMƏZDİ..."
Rasim Balayev: "Məhz
onun tapşırığı ilə kinoya ayrılan vəsaitdən əlavə
dövlət büdcəsindən pul
ayırdı ki, film
yaxşı çəkilsin"
"Qaldı əgər
yenidən «Nəsimi» çəkilərsə, bu
film əvvəlkindən daha
güclü çəkilsə, bunu alqışlamaq olar. Yox, əvvəlkindən zəif çəkilərsə,
bunu etməyə ehtiyac
yoxdu"
Prezident İlham Əliyevin Sərəncamı
ilə 2019-cu ilin görkəmli Azərbaycan
şairi və mütəfəkkiri, Azərbaycan
dilini ədəbi-bədii dil
səviyyəsinə yüksəldən böyük
ustad İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar
"Nəsimi ili” elan
edilməsi şairə verilən dəyərin, hörmət və ehtiramın ən
yüksək göstəricisidir. Eyni zamanda, bu Sərəncam Azərbaycan
mədəniyyətinin, zəngin tarixi-mədəni irsinin təbliğinə çox
böyük töhfədir.
Nəsimi kimi böyük, tarixi şəxsiyyətin obrazını yaratmaq isə həm məsuliyyətli, həm də aktyordan böyük potensial tələb edirdi. «Nəsimi» Azərbaycan kino tarixinə qızıl hərflərlə yazıldı. Filmin baş qəhrəmanını, Nəsimi obrazı isə Xalq artisti Rasim Balayevə həvalə olundu. Onun yaratdığı Nəsimi obrazı filmin uğur qazanmasında birmənalı şəkildə təsirini göstərib.
«Nəsimi ili»ndə Nəsimi obrazını yaradan Xalq artisti Rasim Balayevlə həmsöhbət olduq. «Şərq»ə Nəsimi irsinin dəyərindən danışan xalq artistinin maraqlı açıqlamaları oldu.
- Bu
il dövlət
başçımızın sərəncamı ilə "Nəsimi
ili" elan edildi. Dahi mütəffəkirin
irsinə baxış olacaq. Nəsimi kimi tarixi bir
obrazı filmdə canlandıran sənətkarsız. Sizcə,
İmadəddin Nəsimi irsinə yetərincə dəyər
verə bilmişikmi?
- Prezidentimiz tərəfindən bu ilin "Nəsimi ili" kimi elan edilməsi hesab edirəm ki, çox təqdirəlayiq bir haldır. Nəsimi irsi o qədər dərindir ki, onu nə özümüzə, nə də dünyaya hələ tam, yaxşı tanıtdıra bilməmişik. Gözəl bir fürsətdir ki, bu ilin "Nəsimi ili" kimi qeyd olunması dövlət səviyyəsində həyata keçirilir. Çox güman ki, il ərzində Nəsimi irsinin, yaradıcılığının tanıdılması, inkişafı istiqamətində böyük konfranslar, dövlət tədbirləri, beynəlxalq çərçivədə ölkəyə qonaqların dəvət olunması nəzərdə tutulur. Çünki Nəsimi yaradıcılığı, Nəsimi irsi o qədər dərin, o qədər ilahidir ki, onu öyrənmək üçün uzun illər bəs etməz.
- Çox
güman ki, o tədbirlərə siz də
qatılacaqsız. Təklifləriniz nə ola
bilər?
- Əgər il ərzində keçirilən tədbirlər sırasına məni də dəvət etsələr, məmnuniyyətlə qatılaram. Nəsimini dünya səviyyəsində yetərincə tanıda bilməmişik. Təəssüflə bunu qəbul etməliyik. Bu istiqamətdə ciddi addımlar atmaq lazımdır. İmadəddin Nəsiminin Azərbaycan ədəbiyyatına böyük töhfələri olan mütəfəkkirdi.
- Bu obrazı yaratmaq
aktyordan böyük məsuliyyət
tələb edirdi. O dönəmlərdə
"Nəsimi" filmi çəkilərkən
hansı çətinliklərlə
qarşılaşmısız?
- Film kollektiv sənətdir. Mən bacardığım qədər filmdə obrazı yaratmağa çalışmışam. "Nəsimi" filminin ərsəyə gəlməsi ulu öndərin təşəbbüsü ilə gerçəkləşib. Heydər Əliyevin köməyi ilə film çəkildi. İlk dəfə "Nəsimi" filmi valyuta ilə alınan kino plyonkasına çəkildi ki, keyfiyyətli olsun. Heydər Əliyevin tapşırığı ilə kinoya ayrılan vəsaitdən əlavə dövlət büdcəsindən pul ayırdı ki, film yaxşı çəkilsin. Elə "Babək" filmi də ulu öndərin dəstəyi ilə çəkilib. Heydər Əliyev olmasaydı, "Nəsimi" çəkilməzdi. "Nəsimi" sovet dönəmində çəkilmişdi. Bəzilərində elə bir fikir formalaşmışdı ki, Nəsimi Allahı inkar edib. Xeyr, elə deyil. Nəsimi dindar şair olub. Filmdə «Məndə sığar iki cahan, mən bu cahana sığmazam» misrasından istifadə edilib. Bəziləri elə düşünür ki, bunu deyən şair Allahı inkar etdiyini vurğulayıb. Amma belə deyil. "Nəsimi" filmi çəkilərkən Əli Fəhmi rəhmətlik mənə məsləhətlər verirdi. Professor mənə izah edirdi ki, Nəsiminin şeirlərində olan fikirlər "Quran"dan götürülüb. O zaman "Quran" rus, ingilis dillərində tərcümə olunsa da, Azərbaycan dilində tərcüməsi yox idi. Əli Fəhmi Azərbaycan dilində "Quran"ı tərcümə etsə də, onun çapına icazə verməmişdilər. Demək istədiyim odur ki, filmin çəkilişindən əvvəl uzun müddət filmə hazırlıq prosesi oldu. Mən Nəsimi yaradıcılığı ilə tanış olmağa çalışdım. Əli Fəhmi onun şeirlərinin izahını mənə başa salırdı ki, mən obrazı yaradarkən bunların mənə təsiri olsun. Yəni Nəsimi Allahı danmayıb. Nəsimi dindar şair olub. O, sadəcə Allahın yaratdığı insanın özəlliyini, üstünlüyünü çatdırmağa çalışıb. Film tamaşaçı tərəfindən sevildi. Düzdür, o vaxt "Nəsimi" filmini bəzi dindar ölkələr almadılar ki, burda Allahın varlığı inkar edilir. Əslində elə deyildi. Amma hardasa 30-40 ölkəyə film satıldı. Nəsimi yaradıcılığında insanın dəyəri özünü göstərib. Diqqət verin, o, "həqq mənəm" deyəndə insanı dəyərləndirirdi, Allahı inkar etmirdi. Ona görə bu filmin çəkilməsi böyük əziyyətlə ərsəyə gəlib.
- O film yenidən çəkilsə münasibətiniz
necə olar?
- Nəsimi yaradıcılığı, onun şeirləri, qəzəllərini öyrənmək, irsini araşdırmaq üçün peşəkarlar, filoloqlar, tarixçilər bir araya gəlməlidir ki, Nəsimi dünyaya layiqi şəkildə tanıdılsın. Qaldı əgər yenidən «Nəsimi» çəkilərsə, bu film əvvəlkindən daha güclü çəkilsə, bunu alqışlamaq olar. Yox, əvvəlkindən zəif çəkilərsə, bunu etməyə ehtiyac yoxdu. «Nəsimi»ni yenidən çəkmək üçün peşəkarlıq, araşdırma, böyük vəsait, uzun müddət lazım olacaq. Əgər zəif film çəkilərsə, heç buna cəhd etməsinlər. Amma Nəsimi yaradıcılığı, irsinin araşdırılmasına ehtiyac var. Çünki Nəsimi həqiqətən böyük mütəfəkkir, şair olub. Bu ilin "Nəsimi ili" kimi qeyd edilməsini alqışlamaq, bu addıma dəstək vermək lazımdır. Bu kimi qərarların verilməsi ölkəmizdə yüksək ideallara, mənəvi həyata, mədəniyyətə, şeirə, sənətə, onların inkişafına nə qədər böyük diqqət yetirildiyinin təzahürüdür. Bütün bunlar ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycan mədəniyyətinə, tarixinə verdiyi diqqət və qayğının nümunəsidir.
Bizim Yol.- 2019.- 22 yanvar.- S.15.