"Mikayıl
Müşfiqin heykəlini 5 il
emalatxanada saxlamalı
oldum"
Teymur Qəribov: "Öncələr
insanlar eyiblərini örtərdilər, amma indi insan eybini
açmaq, onu göstərmək maraqlı olub"
Çətinliyi və əziyyəti
ilə seçilən sənətlərdən biri də heykəltəraşlıqdır.
Sputnik Azərbaycan-ın əməkdaşı bu çətin
sənətin ustası, heykəltəraş Teymur Qəribovla
həmsöhbət olub. Əvvəlcədən qeyd edək
ki, T.Qəribov 18 nömrəli tam orta məktəbin
qarşısında ucaldılmış Mikayıl
Müşfiq abidəsinin müəllifidir.
Heykəltəraş Teymur Qəribovun
emalatxanası
- Necə oldu ki, bu sənəti
seçdiniz?
- Elə adamlar var ki, onlar
peşəni seçir.
Amma məndə belə olmayıb, sənət məni seçib. Erkən yaşlardan plastilindən müəyyən fiqurlar yaradaraq bu yerə
gəlib çıxdım.
İncəsənət Gimnaziyasında, İncəsənət
Universitetinin heykəltəraşlıq
fakültəsində təhsil
almışam. Magistraturanı bitirdikdən sonra isə artıq sərbəst fəaliyyətə
başlamışam.
- Artıq Teymur Qəribov dedikdə, ilk olaraq 18 nömrəli məktəbin qarşısında
ucaldılmış möhtəşəm
bir heykəlin müəllifi yada düşür. Mikayıl Müşfiqin
heykəli hansı əziyyətlər hesabına
başa gəldi?
- Bu heykəllə bağlı
müxtəlif çətinliklər
oldu. Heykəli böyük ölçüdə
işləyib hazırladıqdan
sonra sifarişçinin
- Azərbaycan Konstitusiya
Məhkəməsinin hakimi
İsa Nəcəfovun
müəyyən maddi
sıxıntıları yarandı.
Daha sonra heykəlin yerinin təyin edilməsi ilə bağlı problemlər oldu. Bu səbəblərə
görə Mikayıl
Müşfiqin heykəlini
5 il emalatxanada
saxlamalı oldum.
- Bu heykəli niyə iki dəfə
işləyib hazırlamalı
oldunuz?
- Qış ayları idi, emalatxanaya gələndə heykəlin
yerə aşdığını
gördüm. Don vurduğu üçün
heykəl yıxılmışdı.
- Sonrakı aqibət necə oldu?
- Əsər məndən
təhvil alındıqdan
sonra isə sifarişçi İsa Nəcəfov tərəfindən
Cabir Novruz fonduna hədiyyə edildi.
- Dediniz ki, bu sənəti plastilinlə işləyərək
sevmisiniz. Bəs indi necə, plastilindən istifadə edirsiniz?
- Əlbəttə, bu
gün də plastilindən müxtəlif
fiqurlar yaradıram. Plastilin bizim
əsas materialımızdır,
hər zaman yanımızda olur. Çünki kiçik ölçülü
heykəllər plastilinlə
hazırlanır. Böyük ölçülü
heykəllərdə isə
gildən istifadə edirik. Çünki böyük ölçülü
işlər üçün
həm plastilin tapmaq, həm də istənilən effekti almaq çətindir.
- Plastilinlə
hazırladığınız işləri necə qoruyursunuz?
- Balaca bir işi
saxlamaq istədikdə
mütləq həmin
plastilin işinin qəlibini çıxardıram.
Çünki plastilini uzun
müddət saxlamaq mümkün olmur. Xüsusən də yayda,
isti havalarda plastilin tez xarab
olur.
- Skeletin düzgün qurulması, işin qüsursuzluğu üçün heykəltəraş
nələri bilməlidir?
- Hər bir heykəltəraşın
anatomiya biliklərinə
sahib olması mütləqdir.
Çünki insan fiqurunu
yaratmaq üçün
ilk növbədə anatomiyanı,
skeletin strukturunu bilmək lazımdır.
"Karkaz" da insanın skeleti, sümüklərinə
yaxın bir formada qurulur. "Karkaz"ı qurduqdan sonra ona plastilinlə forma verilir. Kiçik bir günəş
fiqurunun yaradılması
üçün də
"karkaz" qurulur.
Qavalın üzərində əks etdirdiyim günəşin yaradılmasında
məftillərdən istifadə
etmişəm.
- Sifarişlər
haqda danışardınız,
mümkünsə.
- Müxtəlif cür sifarişlər qəbul edirəm. Olub ki, hansısa
bir üzüyün formasını yaratmaq üçün sifariş
qəbul etmişəm.
- Sifarişlər
sizi qane edirmi?
- Elə sifariş edilir ki, ürəyimcə
olur, yaradacağım
həmin işə böyük marağım
yaranır. Bəzən
isə məndən peşəkarlıqdan kənar
bir iş tələb edilir. Peşəkarcasına bir iş ərsəyə gətirmək üçün
çalışıram ki,
sifarişçini maarifləndirim,
öz baxış tərzimizi ona qəbul etdirim. Tutaq ki, sifarişçi atın bir tərzdə
duruşunu əks etdirən heykəl istəyir. Halbuki anatomiyaya görə,
at o bu cür dayana bilməz. Çünki hərəkət də müəyyən mənanı ifadə edir. Heyvanlar kimi insanların da özünəməxsus
duruş tərzi var. Necə ola
bilər ki, şair idmançı kimi dayansın?!
- Qiymətlər
necədir və daha çox hansı amillərdən asılı olaraq dəyişilir?
- Bizim sənətdə
qiymətlər fərqlidir
və müxtəlif amillərdən asılıdır.
Elə məşhur heykəltəraş ola bilər ki, xırda bir iş üçün
fantastik qiymət oxusun. Məsələn, Pikassonun bir
cızma-qarası sərgilərdə
milyon dollara satılır. Elə
şəxslər var ki, sırf heykəltəraşın
adına görə ona müraciət edir.
- Materialın da qiymətə təsiri var?
- Qiymətlərin aşağı
və yuxarı olması materialdan asılıdır. Əgər material bürüncdəndirsə, o zaman
həmin heykəli daha baha satırıq.
Çünki bu işi hazırladıqdan sonra bürüncün tökülməsi
üçün onu xüsusi sexlərə veririk. Bu sexlər işini bitirib həmin əsəri bizə qaytarır, sonra bir az da rəndələyib
sifarişçiyə təhvil
veririk. Bürüncdən olan elə heykəl var ki, qiyməti 2 min manat olub. Lakin onu da deyim
ki, bu gün
Azərbaycanda heykəltaraşlığa
verilən qiymət bəzi ölkələrlə
müqayisədə aşağıdır.
- Eskizlərin qiymətləri
necədir?
- Sifarişçi yüksək
məbləğ verdikdə
və fikri qəti olduqda, eskizə görə əlavə pul istəmirəm. Belə olmadıqda isə,
eskizi ayrılıqda
500-1000 manat arasında
satıram.
- Müxtəlif heykəllərin yaradılmasında
rəssamlığın necə,
sizə nəsə bir köməyi olurmu?
- Rəssamlığın heykəltəraşlığa
təsiri böyükdür.
Düşünürəm ki, rəssamın
az-çox bütün
elmlərdən məlumatı
olmalıdır. Müəllimim Fuad Salayev deyirdi
ki, "sən əgər anatomiyanı mükəmməl öyrənsən,
çox şeyin sirrini, açarını
biləcəksən". O zaman cavan idim,
sözün məğzini
anlamırdım. Lakin illər
keçdi, anladım ki, təbiətdə, bütün sahələrdə
konstruksiyalar skelet əsasında qurulub.
Hər bir işdə insan anatomiyasına gərək var. Elə proporsiya anlayışı
da insanın ölçülərindən əmələ
gəlir. Ola bilməz ki, insan 1.85 boy ilə 32 ölçü ayaqqabı
geyinsin.
- Sizcə, öncəki illərin heykəltəraşlığı ilə indiki heykəltəraşlıq, rəssamlıq
arasında dəyişən
nədir?
- Müasir incəsənətdə
bütün pərdələr
yırtılıb. Hər şeyi
göstərmək düzgün
deyil. O zaman da qadının çılpaq rəsmi çəkilirdi. Amma rəssam
bununla qadın gözəlliyini, ecazkarlığını
göstərməyə çalışırdı,
çirkin tərəfləri
yox. Öncələr insanlar eyiblərini
örtərdilər. Amma indi
insan eybini açmaq, onu göstərmək maraqlı
olub.
- Bir əsər üzərində
işləyərkən özünüz
üçün necə
bir ab-hava yaradırsınız?
- İşləyərkən hərdən musiqi dinləyirəm, bundan zövq alıram. Akustik gitara
ifalarını daha çox sevirəm. Xatırlayıram, illər öncə
belə bir musiqi sədasının altında ispan gitaristini işləmişdim.
Hər bir iş üçün nəsə mənə toxunur, cuşa gətirir. Daha sonra qollarımı
çırmayıb işə
başlayıram. Amma onu da deyim, olur
ki, günlərlə
bu emalatxanaya ayaq basmıram. İnsan gərək işə acısın, acıyanda o iş çox gözəl alınır. Bəzən elə olur ki, bir gecədə
10 günlük işimi
görürəm.
- Qadın dəyişkənliyini
əks etdirən əsəriniz də maraqlıdır. Bu haqda danışardınız.
- Burada, sanki qadınların
eyni anda yaşadığı müxtəlif
hisslər əksini tapır.
Bizim Yol.- 2019.- 23 yanvar.- S.15.