Körpələrin ürəyinə yol tapmış sənətkar
Nahidə Namazova – 50
Sənəti sevmədən, onu dərindən duyub və qəlbən bağlı olmadan vurğunu olmaq mümkün deyil.
İllah da ki, bu sənəti körpə fidanlara həsr etdikdə. Çünki bu tamaşaçı auditoriyası daha tələbkar olur. Hər an səhnədə cərəyan edən hadisələri daha dərindən duymaq və görmək qabiliyyəti bütün duyğuları üstələyir. Kukla teatrının aktrisası olmaq daha cətindir. Hisslərini, duyğularını görüb və anlayıb onu pərdəarxası detallarla auditoriyaya catdırmaq xüsusi bir istedad tələb edir.
Respublikamızda beş Dövlət Kukla Teatrı fəaliyyət göstərir. Hər birinin öz dəsti-xətti və geniş yaradıcılıq diapazonu var. Bu teatrlardan biri də Gəncə Dövlət Kukla teatrıdır ki, Azərbaycan SSR Nazirlər Sovetinin 1 oktyabr 1986-cı il tarixli 299 saylı əmrinə əsasən yaradılıb. Qeyd etmək lazımdır ki, teatrın binası XIX əsr tarix-memarlıq abidəsidir. Bina 1885-ci ildə almanlar tərəfindən Lüteran kilsəsi kimi inşa edilib. Belə ki, 1826-1828-ci illər Rusiya-İran, 1828-1829-cu illər Rusiya-Türkiyə müharibələrindən sonra Gəncə vilayətinə almanlar köçürülüb. 1828-ci ildə Gəncəyə gətirilən almanların bir qrupuna Gəncəbasarda ən məhsuldar yer sayılan, vaxtı ilə Cavad xana məxsus, 1813-cü ildə müsadirə edilən 4498 desyatin torpaq sahəsi verilib. Gəncədə yaşayan almanlar 1941-ci ilin avqustuna kimi bu ərazidə yaşayıblar. 1897-ci ilin məlumatına görə Gəncə qəzasında 3086, şəhərdə isə 103 nəfər alman yaşayıb.
Təbii ki, uzun müddət Gəncədə yaşayan almanlar burada öz dini ibadət ocaqlarını da inşa etməli idilər. 1915-ci ildə almanlar Gəncə şəhərindən köçən zaman bina provoslavların istifadəsinə verilib. Bu gün Gəncədə fəaliyyət göstərən, Əhməd Cəmil küçəsində yerləşən, xristian dini abidələri sırasına daxil edilən Kukla teatrının binasının tikintisində əsasən tuf daşından istifadə olunub.
Kökləri hələ orta əsrlərdən çox-çox əvvəllərə gedib çıxan, milli mədəniyyətimizin qiymətli sərvətlərindən biri kimi sayılan Azərbaycan milli xalq oyun-tamaşalarının tədqiqata ehtiyac olan qollarından biri də məhz Kukla teatrıdır.
Gəncə Dövlət Kukla Teatrından danışarkən burada fəaliyyət göstərən yaradıcı kollektivdən söhbət düşərkən ömrünü və taleyini gənc yaşlarından teatra bağlayan bir aktrisa xüsusi olaraq diqqəti cəlb edir. O, qədim Gəncədə 1968-ci ildə dünyaya gəlib. Atası Davud kişi Gəncədə loğman-həkim kimi tanınıb. Orta təhsilini Gəncədə fəaliyyət göstərən 27 saylı tam orta məktəbdə alıb. Ailənin yükü, ağırlığı onun da çiyinlərinə düşüb. Orta məktəbi bitirdikdən sonra Gəncədə Toxuculuq Kombinatında Əyrici kimi əmək fəaliyyətinə başlayıb. Ancaq daxili hissləri və həvəsi onu yenidən səhnəyə gətirib. 1991-ci ildən isə Gəncə Dövlət Kukla Teatrında aktrisa kimi fəaliyyətə başlayıb. Bu həvəsin nəticəsində artıq 27 illik yaradıcılıq yolu keçən aktrisa bir-birindən maraqlı obrazlar yarada bilib. Körpə fidanlarımızın sevimlisinə çevrilib. Onun səsi teatra gələn hər bir kiçik tamaşaçıya daha doğma və əzizdir. Yaratdığı obrazlar hər zaman körpə fidanlarımızın sevincinə səbəb ola bilib
Aktrisa Nahidə Namazova Teatra gəlişini xatırlayan aktrisa söhbətlərində deyir: “Toxuculuq Kombinatında Əyrici işləyərkən gördüm ki, yox, bura heç də mənim yerim deyil. Ancaq ailə vəziyyətimlə əlaqədar olaraq işləmək məcburiyyətində idim. Həvəsim isə teatra idi. O illərdə Gəncə Dövlət Kukla Teatrının inzibatçısı vardı, Azad müəllim. Bu şəxs bizimlə qonşuluqda yaşayırdı. Azad müəllim anama yaxınlaşıb demişdi ki, icazə versəniz qızınız bizim teatrda işləyərdi. Teatrımızda gənc aktrisalara ehtiyac var. Mənim də istəyim elə bu idi. Bu həvəs məndə orta məktəb illərindən vardı. Çünki bütün ədəbi-bədii gecələrdə, konsert proqramlarında iştirak edirdim. Bax bu minvalla gəlib cıxdım Gəncə Dövlət Kukla Teatrına”.
Fikrimcə, aktrisanın bu 27 illik səhnə fəaliyyəti dövründə kukla teatrında peşəkar səviyyəsinin artırılmasında eləcə də səhnə fəaliyyətinin inkişaf etdirilməsində böyük zəhməti var. Kukla teatrı eyni zamanda bütün dünyada teatr sənətinin mühüm sahələrindən biri hesab edilir. İnkişaf etmiş ölkələrdə bu sahəyə böyük diqqət yetirilir. Qeyd etmək lazımdır ki, aktrisa fəaliyyətində həmçinin peşəkar təcrübə mübadiləsinə də geniş imkanlar yaratmaqla yanaşı, sənətin məziyyətlərini öz yaradıcılıq kontekstdə inkişaf etdirilməsinə nail ola bilib. Aktrisa Nahidə Namazova Gəncə Dövlət Kukla Teatrının kollektivi ilə birgə bir çox teatr festivallarında iştirak edib. Maraqlı obrazları ilə diqqət mərkəzində olub.
O, bu gün də yaradıcı kollektivlə birgə festivallardakı iştirakını böyük məmnuniyyətlə xatırlayır və festivalların teatr sahəsində peşəkarların yetişməsində mühüm rol oynadığını deyir: “Yaradıcı kollektivizlə birgə bir çox teatr festivallarında maraqlı səhnə əsərləri ilə iştiraklarımız olub. Bu festivallarda bir çox ölkələrdən teatr tənqidçiləri, rejissorlar, teatr kollektivləri, bir neçə beynəlxalq teatr qurumlarının təmsilçiləri də hər zaman iştirak edirlər. Bu baxımdan festivallar peşəkar müzakirələr, diskussiyalar, fikir mübadiləsi üçün mühüm fürsətdir”.
Sözsüz ki, hər zaman Kukla Teatrı bu sənətin çox mühüm bir seqmenti hesab edilir. Səbəb isə məhz Kukla teatrının tarixinnin dram teatrından çox-çox qədim olmasıdır. Eyni zamanda burada tamaşaya qoyulan əsərlərin təsir gücü də böyükdür. Bunun isə başlıca səbəbi odur ki, kukla teatrı tamaşalarına cəmiyyətin bütün təbəqələri baxır. Bu baxımdan aktrisa Nahidə Namazova səhnədə yaratdığı hər bir obrazın mahiyyət etibarı ilə tamaşaçılara təqdim olunması üçün öz istedad və bacarığını göstərə bilir. Əslində Kukla Teatrı sehrli bir dünyadır. Elə bir dünya ki, bu dünyada eyni zamanda, insanlara zövq bəxş edən, yeri gələndə ibrətamiz hekayələri ilə əyrini, düzü canlı şəkildə onlara göstərən bir sənət ocağıdır. Hələ bu ocaq körpə fidanlarımızın könlünü oxşayanda, onları nağıl qəhrəmanları ilə tanış edəndə, həmin qəhrəmanları sevdirəndə bir məkan olaraq dəyəri daha da artır.
Bu dəyəri isə daha çox sevdirən isə sözsüz ki, yaradıcı kollektiv, aktyor və aktrisalardır. Məhz bu baxımdan Nahidə Namazova da bu qəbildən olan xoşbəxt taleli bir aktrisadır. Çünki onun yaratdığı hər bir obraz bu qənaətə gəlməyə imkan verir. Onun yaradıcılığında bayağı səs tempinə, oyun tərzinə rast gəlmək mümkün deyil. Aktrisa yaradıcılığında hər zaman yeniliklər etməyin tərəfdarıdır. Belə ki, körpələrin diqqətini çəkmək və onların asudə zamanlarını faydalı keçirmələri üçün teatrın səhnəsində tətbiq edilməsi mümkün olan bütün üsullardan, mizanlardan və tapıntılardan istifadə edir. O, bununla da hər bir obrazında sənətini sevdirə bilir. Bir aktrisa olaraq öz istedadının gücünə inanır.
Aktrisa bu gün də sənət müəllimlərini böyük hörmətlə xatırlayır. Onların bu sənətin sirlərinin öyrənilməsi baxımından zəhmətinin çox böyük olduğunu vurğulayır. Deyir ki, hər bir addımının püxtələşməsi üçün onlara minnətdardır. Hətta öz xarakterindən irəli gələrək həddən ziyadə küsəyən və kövrək qəlbli olması çox zaman yaradıcılığında olan tələbkarlığı üstələyib. Küsdüyü, incidiyi vaxtlarda az olmayıb. Ancaq yenə də sənət müəllimləri onun bu kövrəkliyini adi bir hal olaraq qəbul edib, püxtələşməsi üçün var qüvvələrini əsirgəməyiblər.
Ötən günləri xatırlayan aktrisa söhbət edərkən kövrəlir, gözləri yaşla dolur, hətta səsində bir titrəyiş yaranır. Bir anlıq söhbətlərinə ara verir, köksünü ötürür və deyir:
“İnanın ki, mən bunu tam səmimiyyətimlə deyirəm. Bu illər ərzində səhnədə respublikanın əməkdar artisti Xudayət Əsgərovdan bu sənətin daha dərinliklərini, məziyyətlərini öyrənə bilmişəm. Hər zaman səhnədə bütün incəlikləri ilə davranmaq mənə o qədər təsir edirdi ki, əlimdən tutub bunları mənə diqtə edirdi. Kukla ilə işləmək üçün ilk növbədə səhnədə aktyor onun dilini bilməlidir. Aktyor və ya aktrisa kuklaya bələd olmasa, onunla işləyə bilməz. Hər kuklanın özünün xarakteristikası və xüsusiyyətləri var. Bir kukla ilə səhnədə davranmaq qaydalarını ərsəyə gətirmək üçün ilk olaraq bu qaydaları bilmək mütləqdir. Kuklanın çətinliklərindən biri odur ki, hər hansı bir personajın yalnız xarakteri olur. Səhnədə canlı aktyor ifasında isə belə deyil. İnsan gülə, ağlaya, mimikalarını istədiyi andaca mizanlarına və söz ifadələrinə görə dəyişdirə bilər. Kukla ilə oynayarkən isə bu funksiyaların hamısını birdən-birə etmək mümkünsüzdür”.
Deyim ki, Kukla Teatrının hər zaman tamaşaçısı olub və olacaq. Bu gün müasir texnologiya nə qədər inkişaf etsə belə, teatra, canlı ünsiyyətə hər zaman ehtiyac var. Müasir texnologiyaların heç birində canlı ünsiyyət mövcud deyil. Teatr isə məhz canlı ünsiyyət üzərində qurulduğu üçün bu sehrli dünya heç zaman ölmür. Əlbəttə körpə fidanlarımızın tərbiyəsində teatr böyük rol oynayır. Bu baxımdan Kukla Teatrının müstəsna rolu var. Deyim ki, həm də bu günün uşaqlarını köhnə nağıllarla daha aldatmaq olmur. Bu da başlıca şərt, amildir. Bu gün Gəncə Dövlət Kukla Teatrının zəngin repertuarı var. Hər zaman repertuar zənginliyinin əsasını qoruyan yaradıcı kollektiv nəinki yerli nağıllarımıza, xarici nağıllara, gənc yazarların nağıllarına da müraciət edir və bu istiqamətdə daima axtarışlarını davam etdirir. Xalq nağılları əsasında hazırlanan “Qız qalası”, “Məlikməmməd”, “Göyçək Fatma”, “Şəngülüm, Şüngülüm, Məngülüm”, Nizami Gəncəvinin “Gül və zəhər”, “Xeyir və Şər”, Əli Səmədlinin “Artıq tamah baş yarar”, “Meşə çaqqalsız olmaz”, “Əhmədin vəfalı xoruzu”, Cəlil Məmmədquluzadənin “Poçt qutusu”, R. Həsənlinin “Ağca və sarıca”, M. Seyidzadənin “Büllur qəsr”, Rafik Səməndərin “Çətin məsələ”, Rəhman Əlizadənin “Keçəlin toyu”, Məhəmməd Alimin “Noxudu keçəlin nağılı”, Üzeyir bəy Hacıbəylinin “Məşədi İbad”, Sahib İbrahimlinin “Səlim və sehirbaz”, Aləmzər Əlizadənin “Toya gecikən tülkü”, Əhməd Orucun “Zınqırovlu Pişik” dünya ədəbiyyatı nümunələrindən olan N. Kassionun “İki dəcəl şirciyəz”, A. S. Puşkinin “Qızıl balıq” və digər əsərlərinin uğurlu səhnə taleyi məhz yaradıcı kollektivin gərgin zəhmətinin bəhrəsi kimi bu gün də xüsusi əhəmiyyətə malikdir. Aktrisa Nahidə Namazova bu sadalanan tamaşalarda maraqlı obrazları ilə hər zaman diqqət mərkəzindədir.
Obrazları haqqında danışan aktrisa heç zaman səhnədə kiməsə bənzəməyi xoşlamadığını deyir: “Bir tamaşamız vardı Körpələrin gözü ilə, böyüklərin sözü ilə adlanırdı. Bu tamaşada mənə balaca bir uşaq obrazı tapşırılıb. Tərəfmüqabilim isə Xudayət Əsgərov idi. Kiçik bir səhnəmiz vardı. Uşaqlar o səhnəni görəndə mənimlə birgə o qədər zalda ağlayırdılar ki. Həmişə mənə deyirdilər ki, elə bil uşaq ağlayır. Bizim teatrda Rəfael Ziyadov vardı. Hətta o, həmişə deyirdi ki, Nahidə xanım Dovşanı oynayanda elə bilirdim ki, Rumyanovadır”.
Aktrisa Nahidə Namazova həm də körpə fidanlarımızın daha səmimi olduqları qədər də tələbkar olduqlarını da deyir. Onları səhnədə hər hansı bir bayağı hərəkətlərlə, söz və ifadələrlə aldatmağın belə mümkünsüzlüyünü söyləyir. Kiçik tamaşaçıların daha da tələbkar olması onların da yaradıcılıq axtarışlarına siraət etdiyini bildirir.
“Körpələr bilirəm ki, valideynlərinə hər gün çoxlu sayda suallar verirlər. Cavabları onları qane etmədikdə sualları daha çox verirlər. Valideynlər isə onları qane edəcək dərəcədə cavab verdikdə onlar sakitləşirlər. Tamaşalarımzıda da belədir. Körpə fidanlarımız öz istədiklərini bizdən almayınca ardı-ardınca teatra gəlirlər. Baxırlar, baxırlar”.
Ömrünün 50-ci baharına qədəm qoyan aktrisa Nahidə Namazova bu gün də körpə fidanlarımızın qarşısında böyük şövqlə yaradıcılıq axtarışlarındadır. Sənətkar ömrü yaşanan illərlə deyil, görülən əməllərlə ölçülür. Sənətkar var ki, ömrünü yüksək titullar qazanmağa sərf edir, qısa bir zamanda sənətinin zirvələrini fəth edir. Sənətkarda var ki, qəlbini piltə-piltə əridir, öz insani və vətəndaşlıq borcunu təmkinlə, hay-küysüz yerinə yetirir, məqsədi, amalı uğurdunda daima hərəkətdə, inkişafda olur. Aktrisa Nahidə Namazova tək.
Anar Bürcəliyev,
Teatrşünas
Cümhuriyət 2018.- 18-20 avqust.- S.14.