Xalq Cümhuriyyəti-100: Rəsulzadəni Basqala aparan Tircanlı Molla

Onu Şirvanın Abbasqulu bəy Şadlinskisi də adlandırırdılar

XX əsrdə ermənilərin azərbaycanlılara, eləcə də türklərə qarşı soyqırımı zamanı yerlərdə birləşib  onlara güclü müqavimət göstərən bir çox igidlərimizin adları bu gün də xalqa məlum deyil. Yazılmayan tariximizin səhifələri bu gün də tam araşdırılmayıb. Bu haqda məlumatı olan insanlar isə zaman –zaman ya erməni terrorunun, ya 30 – cu illərin repressiyasının, ya da dünya müharibələrinin qurbanı olublar. Bəzi ziyalılarımız isə öz aqibətlərindən və gələcək karyeralarından ehtiyatlanaraq, susmağı üstün tutublar.Mən bir ziyalı, millətini, obasını sevən bir vətənpərvər və ömrünün 78 –ci ilini yaşayan yaşlı nəslə mənsub bir insan kimi, 60 -65 il öncə haqq dünyasına qovuşmuş el ağsaqqal və ağbirçəklərindən, barəsində danışacağım adamın oğlu və qızlarından eşitdiyim bir çox söhbətləri əziz oxucularla bölüşmək istəyirəm.Bu adam el arasında “birinci qaçqınlıq”, “ikinci qaçqınlıq” kimi yaddaşlarda qalan, 1915 və 1918 – ci illər hadisələrində erməni bolşevik quldurlarının törətdikləri basqınları zamanı böyük şücaətlər göstərmiş Tircanlı Molla Kamildir.Qeyd edim ki,  o, heç vaxt molla olmayıb və mollalıq  etməyib. Bu,  bir çox mübahisəli məsələlərdə tutduğu ədalətli mövqeyə, el təəssübkeşliyinə görə insanlar tərəfindən ona verilmiş fəxri addır.  Molla Pənah Vaqifə, Molla Vəli Vidadiyə verilən adlar kimi. Onu həm də  Şirvanın Abbasqulu bəy Şadliniskisi də adlandırıblar.Molla Kamil 1875 –ci ildə Bakı quberniyasının Şamaxı qəzasının Tircan kəndində (indi  İsmayıllı rayonunun tərkibindədir-müəll.) Hacı Əli Abdulla oğlunun ailəsində anadan olub. Kiçik yaşlarından xeyriyyəçiliyi ilə ad qazanmış, məzarları bu gün də mühafizə və  ziyarət edilən əmiləri Hacı Məmməd (1831), Hacı Əbdül Xalıq (1841), Hacı Səbzəli (1859) və atası Hacı Əli  (1852) kimi olmağa çalışıb. Böyük rus şairi M.Y.Lermontovun babası Abdullaya verdiyi tatarını (şallaq) əlinə alıb, birbaşa atın belinə sıçrayan bu gəncin necə bir dəliqanlı, cəsur bir adam olacağı bəlli idi. (Qeyd: M.Y.Lermontov 1837 –ci ildə İsmayıl bəy Qutqaşınlı ilə Tircana səyahət edəndə, Abdulla kişinin evində qalıb. Abdulla kişi şairə heybə, yun corab (şətəl) hədiyyə verib, şairsə ona bu  tatarı bağışlayıb).

Molla Kamil 33 -34 yaşlarında Şamaxı qəzasında məsul vəzifə sahibi olub. O, burada işləyərkən, dünyanın siyasi ab–havasının getdikcə necə də pisləşdiyini açıq- aydın görürdü. 1890 – cı ildə yaranmış Daşnaksütyun Partiyasının bədnam qərarlarından beyinləri zəhərlənən ermənilər fəallaşaraq, yerli əhaliyə qarşı qəddar mövqe tuturdular. Artıq 1905 –ci il hadisəsi baş vermişdi. Bu hal bütün Şamaxı qəzasında olduğu kimi Tircan kəndində də duyulmaqda idi. Əvvəllər dinc yaşayan qonşu ermənilər yaşayan kəndlər olan Zərgəran, Keyvəndi, Bəhliyan, Bilistan əhalisi tez- tez azərbaycanlılar yaşayan kəndlərə hücum edir, mal –qaralarını əllərindən alır, adamları döyürdülər. Vəziyyətin bu cür gərginləşdiyini görən Molla Kamil çıxış yolunu bilib – tanıdığı igidlərdən müqavimət dəstəsi yaratmaqda görür. Tez bir zamanda Sərdəharlı Doşudan (əsl adı Orucdur), Pirəqanlı Cümşüddən, Qaçaq Fərhaddan, həmkəndliləri Şeşim oğlu Salmandan, Dıqqı Məhəmməddən, Əkbər oğlu İbrahimdən və bir çoxlarından ibarət dəstə yaradır. Bu dəstənin hər bir üzvü ölümün gözlərinə dik baxan igidlər olub.

1915 –ci ildə ermənilərin Kalvaya, Dilmana, Tircana və bir çox kəndlərə hücumları zamanı Molla Kamilin dəstəsi onlara amansız, tutarlı cavablar verib. Bir çox arzu və istəklərini bələkdəcə boğublar. Molla Kamilin adı gələndə ermənilər  gizlənmək üçün siçan deşiyi axtarırmışlar.

 

Molla Kamil 1914 –cü ildə başlanmış Dünya Müharibəsində türk qardaşlarımızın xaricdən böyük imperialist dövlətləri tərəfindən təklənməsinə, daxildən isə erməni xəyanətinə uğramasına  biganə qala bilmir. Ölüm –dirim müharibəsi gedən Çanaqqalaya getmək istəyən könüllüləri toplamağa başlayır. Mərhum anam (1915 –2006) fəxrlə danışırdı ki, o dəstədə dayısı, Tağlabiyanlı Cəbiyev Cəbrayıl  Xələf oğlu da olub.

 

Ermənilər hər vəchlə getdikcə bütün Şirvanda tanınan Molla Kamili ləkələyib xalqın gözündən salmağa çalışır. Özləri etdikləri alçaq hərəkətləri onun adına çıxırlar. Hətta bir gün öz ata –anası ilə meşəyə gedən 4-5 yaşlı qızın azaraq yoxa çıxmasını da onla əlaqələndirib qəza pristavına ondan şikayət edirlər. Molla Kamil pristavlığa dəvət olunur. Onu görən pristav rəisi ayağa durur, hörmət əlaməti olaraq, ikiəlli görüşür. Rəis üzünü şikayətə gəlmiş ermənilərə tutub: “Molla Kamil belə hərəkətlər etməz” –deyir.

Molla Kamil həmin gün atla Zərgəran kəndi yaxınlığındakı Əmrəki meşəsindən evə geri dönəndə, inilti səsi eşidir. Səs gələn tərəfə gedib, bir qız uşağının halsız vəziyyətdə yatdığını görür. Onu evinə gətirir, həyat yoldaşı Soltan uşağa ilk  tibbi yardımı göstərir. Məsələni qonşusu Gülalı kişiyə və arvadı Sürməyə danışır. Onlar uşağı görən kimi tanıyırlar. Demə, qızcığaz onlarla kirvəlik edən bir ailənin uşağı imiş. Həmin gün qızcığazı Zərgərana aparıb, ata –anasına çatdırıblar. (Sonra bu qız  böyüyüb, Molla Kamillə və oğlanları Şamilə, Məhərrəmə qənim kəsilən, qatı daşnakçı Xaçaturun arvadı olur-müəll.).

1918 –ci ilin martında Şaumyanın, Lalayanın, Amazaspın başçılıq etdiyi quldur dəstələri bütün Şamaxı qəzasını qılıncdan keçirir, əhalini qanına qəltan edir. O qanlı hadisələr zamanı Tircan da kənarda qalmır. Onlar Molla Kamilə görə, Tircana etdikləri hücuma xüsusi hazırlanıblar. Ağsaqqallar danışırdı ki, Keyvəndi kəndindən atılan topların mərmiləri kəndin lap yaxınlığında partlayırdı. Kəndə Çürməngalı adlanan təpədən və Qaranlıq dərədən edilən hücum zamanı, ermənilər, Molla Kamilin dəstəsinin üzvləri tərəfindən müxtəlif istiqamətlərdən açılan atəşlərlə qarşılanırlar. Çaş –baş qalan dığalar, bir-birini qırmağa başlayırl. Xeyli itki verən ermənilər kənddən, içərisində babam Nurəhməd də olmaqla, çoxlu sayda adamı qətlə yetirirlər.Qonaq evini, məktəbi yandırıb külə çevirirlər. Cümə məscidinə girib yandırmaq istəyəndə, qapılar qəflətən qalxan küləyin təsirindən çırpılıb bağlanır. Yaranmış qatı tüstüdən özlərini itirmiş neçə-neçə erməni boğulub ölürlər.Qardaş qırğınını eşidib özlərini köməyə çatdıran türk xilaskarlarımızın gəlməsi xəbəri Molla Kamil tərəfindən də sevinclə qarşılanır. Molla Kamil Osmanlı generalı Nuru Paşanın rəhbərliyi altında  Qafqaz İslam Ordusunun yaradılmasını alqışlayır, öz dəstəsilə ona hər cür dəstək göstərəcəyini bildirir.Lakin Nuru Paşanın gəlişi bəzilərinin ürəyincə deyildi. Molla Kamilin qulağına çatdırılır ki, hər il İstanbuldan gəlib yay istirahətini Mücü kəndində keçirən, neçə-neçə müəssisə sahibi olan, ermənilərə qucaq açan, onlara maliyyə yardımı göstərən zənginin biri Nuru Paşanın qardaş köməyinə gəlməsi xəbərini ironiya ilə qarşılayıb, lağa qoyub, el, camaat arasında aşağılayıb, belə deyib: “Xilaskar Nuru Paşaya bax, ha...ha...ha! Yox bir şalvar Paşaya bax, ha...ha...ha!”                  Molla Kamil Sərdahardan Doşunu çağırtdırır, məsələni ona danışır. Doşu vaxt itirmədən, gecəykən Mücüyə gedir... Səhər açılanda, Nuru Paşanı lağa qoyanın cəsədi başı kəsilmiş halda tövlədən tapılır. Çox keçmir ki, cibdən düşüb qana bulaşan tənbəki kisəsinin əlamətlərindən bilinir ki, qətli Doşu törədib.

Növbəti gecənin səhərə yaxın bir çağında, Doşunun Sərdaharda evi mühasirəyə alınır. Gələn polis işçiləri arasında qardaşı Mirzəmməd də olur. O, qardaşından xahiş edir ki, təslim olsun. Doşu razılıq verir. Evin qapılarını taybatay açıb, gələnlərin hamısını evə dəvət edir. Gələnlər içəri doluşanda, Doşu cəld geri dönür, özünü pəncərədən yemişan ağacının tikanlı budaqları üstünə atır,  oradan da yerə tullanaraq qaçır.Molla Kamil 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyətini, onun yaradıcılarından biri olan Məhəmməd Əmin Rəsulzadənin alovlu tərəfdarlarından olub. XI Qızıl Ordu Azərbaycanı işğal edəndə təqiblərdən yaxa qurtarmaq üçün M.Ə.Rəsulzadə Çuxuryurda gəlir. Molla Kamil xəbəri eşidən kimi oranın da Rəsulzadənin həyatı üçün təhlükəli olduğunu düşünüb, kənddə yüzbaşı işləyən İbrahim Əkbər oğlunun oğlu Misirlə Çuxuryurda gəlir.

 

M.Ə.Rəsulzadəni götürüb Basqala, bölgədə böyük nüfuz sahibi olan  qəssab Heydər Əmi gilə (onu belə çağırırmışlar) gətirir. Bir gecə qalıb Tircana, İbrahim kişinin evinə gəlirlər. İki gündən sonra Molla Kamil Doşunu, Pirəqanlı Cümşüdü yanına çağırır,  M.Ə.Rəsulzadəni dağ, meşə, dərə yolu ilə Lahıca aparmağı  tapşırır. Orada üç ay qaldıqdan sonra bir kənd sakini tərəfindən M.Ə.Rəsulzadə bolşeviklərə satılır.

Ömür payına həm əsirlik və həm də 10 illik sürgün həyatı düşmüş Fərzalılı Hasıl kişi, sürgündən döndükdən sonra danışardı ki, əsirlikdə olarkən, o, Məhəmməd Əmin Rəsulzadə ilə görüşmək şərəfinə nail olub. O, özü bu xüsusda belə danışardı:“Rəsulzadə legioner dəstələr yaratmaq barədə söhbət etmək üçün əsirlərlə görüşə gəlmişdi. Söhbətin axırında əsirlərlə vidalaşarkən, təsadüfdən baxışlarımız toqquşdu. Məndən haralı olduğumu soruşdu. Tircandan olduğumu biləndə, o, bir az duruxdu,  xəyala daldı. Sonra məndən Molla Kamili, İbrahim kişini soruşdu, onların sonrakı aqibəti ilə maraqlandı. Lap sonda isə üzünü əsirlərə tutub: “Siz hamınız vətənə qayıdacaqsınız, mən isə heç vaxt”,- dedi

Molla Kamil böyük xeyriyyəçi olub. Ramazan, Qurban bayramları ərəfəsində, hamının şirin yuxuda olduğu bir vaxtda, o, daşlı –kəsəkli, qaranlıq kənd yollarında ayaq açıb gəzər, yetimlərin, kimsəsizlərin, xəstələrin, imkansızların qapılarını döyər, özünü göstərmədən, gətirdiyi sovqatları qapı ağzına qoyub uzaqlaşarmış.Molla Kamil neçə -neçə toy etməyə imkanı olmayan gəncləri bir –birinə qovuşdurmuş, onları ev –eşik sahibi, oğul –qız ata anası etmişdi. Övladları ilə bir məktəbdə oxuduğum belə ailələrdən üçü yaddaşımda qalıb: Gülməmməd – Gülcə, Molla nəvəsi Mustafa –Hürü, Cəbi –Zərnişan cütlükləri.

Molla Kamil əqidəli müsəlman idi. Ağsaqqallarımız danışardılar ki, günlərin birində, el adəti ilə kimsəsiz, tənha bir qızı qonşu kəndlərdən birinə gəlin köçürürlər. Təmtəraqlı toyun zifaf gecəsi içib sərxoş olmuş bəy gəlinə bildirir ki, mən səni ailə qurmaq üçün yox, elə -belə xoşuma gəldiyin üçün bir neçə günlüyə almışam. Sonra da gəlini, İslam peyğəmbərini, səhabələrini təhqiramiz söyüşlərlə alçaldır. Gəlin bəyi dəfələrlə intizama dəvət etsə də, xeyri olmur. Bəy gəlinə əl –qol atmağa başlayır. Gəlin bəyi özündən kənarlaşdırmaq məqsədilə itələyir. Bəy divara dəyib yıxılır və o andaca dərin yuxuya gedir. Fürsətdən istifadə edən gəlin evin küçəyə açılan pəncərəsindən tullanıb, gecənin qaranlığında, qorxu –hürkü bilmədən, keçilməz kol –kosluqlarla birbaşa Molla Kamilin evinə pənah gətirir...

Bir neçə müddətdən sonra, “təzə bəy” hələ ayaq açıb yeriməyən bu biabırçılıqdan sonra yoxa çıxır. Onu xeyli axtarır, nəhayət yaxınlıqdakı meşədə, öz təkbəndi ilə bir ağac budağından asılı vəziyyətdə tapırlar.

1907 –ci ildə torpaq sürüşməsi nəticəsində batmış köhnə Tircanın 1908 –ci ildə indiki əraziyə köçürülməsi Qəza rəhbərliyi tərəfindən Molla Kamilə həvalə edilir. Atası Hacı Əli oğluna əl tutaraq, 5- 6 kilometr məsafədən, uzaq Soltanlı meşəsindən, öz hesabına daş –kürə ilə kəndə su çəkdirir. Bu bulaq 2012-ci ilə kimi qalırdı.

Molla Kamilin rəhbərliyi, abadlıq və quruculuq işlərinə təhkim edilmiş  rus mühəndislərinin iştirakı ilə o zamana uyğun olan, müasir, abad kənd salınır. Ətrafdakı 7 kəndin əhalisinin istəyi nəzərə alınmaqla Şamaxı qəzasında ən böyük Cümə məscidi, Qonaq evi və ən müasir məktəb binası inşa edilir.

Yerli əhalinin yaxından köməyi və yardımı ilə bu binaların inşasına sərf edilən hər bir daşın kəsilib –tikilməsinə 20 qəpik qızıl pul ödənilib.

Yuxarıda qeyd etdiyim kimi, Qonaq evi, məktəb binası 1918 –ci ildə yandırılır. Onların xarabalıqlarından qalmış daşlarla 1939 -40 –cı illərdə son vaxtlara kimi İsmayıllı rayonunda ən böyük, ən abad məktəb sayılan 12 -13 sinifi otağı, böyük zalı olan təhsil ocağı tikilir.

 

Böyük təəssüf hissi ilə bildirirəm ki, 110 yaşlı Cümə məscidi nədənsə bu günə kimi tarixi abidə olaraq dövlət tərəfindən qeydiyyata alınmayıb. Əksinə, milli mentalitetimizə zidd olaraq Allah evi 18 nəfər arasında əmlak bölgüsü kimi tamah məqsədilə bölüşdürülüb. Daşına, yerinə və digər materiallarına göz tikənlər tapılıb.

Hələ neçə əsr uçmaq təhlükəsi olmayan, kosmetik təmirə ehtiyacı olan 80 yaşlı məktəb binası kənd bələdiyyəsi, icra nümayəndəsinin gözü önündə zorla sökülərək, daşları, yararlı materialları Lahıc qəsəbəsinə daşınıb, orada kimlərinsə imarətlərinin ucaldılmasına sərf edilib. Bu qədər özbaşınalıq,  əliuzunluq  məsuliyyətsizlik olarmı?! Bu binada nələr etmək olmazdı: xalça sexi, tikiş sexi, xeyir –şər evi, idman zalı və s.

Qayıdaq yenə tarixə... “Qırmızılar”ın hakimiyyətə gəlməsindən əl –qolu açılan ermənilər kütləvi təqiblərə başlayırlar. Xüsusən qatı daşnak, qız –gəlinlərin üzüklü barmaqlarını kəsən, qətlə yetirən, sonralar İsmayıllı rayon Zəhmətkeş Deputatlar Sovetinin İcraiyyə Komitəsinin sədri işləmiş zərgəranlı Xaçatur Molla Kamili həzm edə bilmirdi. Molla Kamilin tapıb həyatını xilas etdiyi qızla ailə quran, nankor Xaçatur 1924 –cü ilin payızında Molla Kamili həbs etdirməyə nail olur. O, bununla da kifayətlənməyib, 16 noyabr 1937 –ci ildə Molla Kamilin böyük oğlu Şamili, 11 fevral 1938 –ci ildə digər oğlu Məhərrəmi tutdurur. 6 günlük 2məhkəmə araşdırması”ndan sonra 30 yaşlı Şamilə 10 il, üç ay, 21 gündən sonra isə 26 yaşlı Məhərrəmə isə 8 il iş verilir. Hər ikisi Sibirə sürgün edilirlər. Məhərrəm geri qayıtmır.

Molla Kamilin bütün əmlakı müsadirə edilir. Mülkünün bir hissəsi kolxoz idarəsi, digər hissəsi kənd sovetinin  idarəsi, qalan hissələri klub, kitabxana, dükana çevrilir. Tövləsində ciblərində MAİ (Mübariz Allahsızlar İttifaqı) təşkilatının vəsiqələrini gəzdirən kənd rəhbərlərinin atları bəslənir. Evini isə ermənilərlə müştərək dəmirçixanaya çevirirlər. Həyətində bolşeviklərin lideri Vladimir Leninin heykəli qoyulur. (Mən həmyaşıdlarımla o heykəl qarşısında pionerə keçmişəm-müəll.) Ailəsi pərən –pərən olur. Qızları Zeynəb, Ümrə “Xalq düşmənin  qızları” kimi uzun müddət ailə həyatı qurmaqdan məhrum olur.

Molla Kamilin böyük oğlu Şamil 10 il Sibir sürgünündən geri dönsə də, uzun müddət mülkünə sahib çıxa, evlənə, atasının, qardaşının taleyindən xəbər tuta bilmədi.

Uzun illərdən sonra Leninin heykəlinin həyətindən başqa yerə köçürülməsinə nail oldu.

Şamil kişi danışırdı ki, ulu Tanrı hər bir şeydə iz qoyduğu kimi, uğurlu bir xəbər atasının taleyi haqda gəzən müxtəlif şayiələrə də son qoydu. Şayiə gəzirmiş ki, guya ermənilər Molla Kamilin  boynuna qızdırılmış sacayaq keçirib, onu işgəncə ilə öldürüblər. Hətta öz keçmişini yaxşı bilməyən bir məzhəkəçi cızmaqarasında da bu haqda yazmışdı.

Şamil kişi danışırdı ki, 1960 –cı illərdə onlara Dağıstandan Sağur adlı yaşlı bir kişi gəlmişdi. O, həyətimizə girəndə, əyilib torpaqdan öpdü. Dedi ki,  mən Molla Kamil sağlığında dəfələrlə bu həyətdə olmuşam, onunla duz çörək kəsmişəm. Sonra Sağur kişi bildirib ki, Molla Kamillə Bayıl türməsində eyni kamerada olub. Deyib ki, Molla Kamil onun dizləri üstündə prostat xəstəliyindən can verib. Onu kameramızda olan bəy nəslindən olan dustaqların köməyilə, yüksək məbləğ hesabına, müsəlman adət -ənənəsinə uyğun olaraq Çəmbərəkənd qəbiristanlığında (indiki Şəhidlər xiyabanı) əvvəli 100 rəqəmi ilə başlayan, sonrasını isə unutduğum bir məzarda dəfn etdik.

Şamil kişi son nəfəsində: “İndi rahat ölə bilərəm”- deyib.

 

Şamil kişi 81 il ömür sürdü. Əlli il ömür sürmüş atası Molla Kamilin, qardaşı Məhərrəmin və özünün Azərbaycan SSR prokurorunun 8 dekabr 1989 tarixli qərarı ilə bəraaət alması xəbəri gələndə o, həyatda yox idi. Şamil kişi vəfat edəndən 3 il sonra Sovet hakimiyyəti yıxıldı,  bolşeviklərin əli qanlı lideri Leninin heykəli götürüldü.

 

Vaqif Məmmədov

Cümhüriyət.- 2018.- 18-20 avqyust.- S.12