Özü gözəl, sözü gözəl 80 yaşlı Rəfiqə nənə

 

Yubilyarın portretindən ştrixlər

 

 Analarımızın, nənələrimizin 70, 80 yaşlarında belə təravətini saxlayan, cazibədarlığını itirməyən simalarını tərddüd etmədən dünyanın 8-ci möcüzəsi adlandırardım. Şəkkaklara sadəcə mili sərhədlərimzi aşan müşahidə və müqayisələr aparmağı məsləhət görərdim. Mənbəyi xeyirxahlıqdan, əhdə vəfadan, digər bəşəri keyfiyyətlərdən qidalanan bitib-tükənməyən əsrarəngiz gözəlliyin qaynaqları bizimkilərə həsəd aparanlara ibrət götürüləsi bir məktəbidir. Tanrı vergisindən daha çox qazanan isə nənə məhəbbətli nəvələrdir. İstərdim onlardan birinin - özü gözəl, sözü gözəl 80 yaşlı Rəfiqə nənənin portretindən ştirxlər cızam.

 

Yaraşıqlı çöhrə, üstəgəl nəvaziş, şirindil balaları istər-istəməz valideyin orbitindən qoparıb sehirli nənə dünyasına cəzb edir. Üstəlik nağıllar, hekayələr, bayatılar, şeirlər, nəğmələr, tapmacalar həmin mühitin müttəfiqinə çevriləndə istirahətə, dincəlməyə vaxtı qalmayan ağbirçəklərin halını təsəvvürə gətirin. Rəfiqə xanımın da paytaxtın Üzeyir Hacıbəyli küçəsindəki evində əksər vaxtlar qələbəlik olub. Dilindən giley-güzar eşidilməz. Deyir şirin-şəkər balalar həm də mənim personajlarım, oxucularımdır. Məgər bu 15 kitabdakıları kimlər üçün yazmışam?!

 

Məni yubilyarla görüşə aparmaq qardaşı nəvəsi, avtomobil ustası, 41 yaşlı Anara həvalə edilib. Poeziya vurğunu şəstlə deyir ki, nəslimizdə Rəfiqə xanımın şeirlərini əzbər bilən bir bölük böyüklü-kişikli oxucusu var: “Nə yaxşı Qarabağı, Cəbrayıldakı ata-baba yurdunu görmək qismətimə düşüb. Yoxsa elə bilərdim sözlə yaratdığı peyzajlar müəllif təxəyyülünün məhsuludur. Onun şeirləri həm də bizləri doğma yurda çağıran intizar nəğmələridir”. Sonra R. Məmmədovanın yaradıcılığından bir neçə nümunəni dilə gətirdi:

 

 

Qanadlanar, öyünər,

Quş öz nəğməsi ilə.

Qəlbdən qəmi silinər

Vətən nəğməsi ilə.

(“Yuvaşeiri)

 

***

 

Kölgəli barlı meşə,

Vurğunsan Al Günəşə!

Qoynun işıqla dolar,

 Quşlar şəfəqlə oynar!

(Bülbül nəğməli meşə” şeiri)

 

Bələdcimlə tanış binanın 3-cü mərtəbəsinə qalxırıq. Yenə üç il əvvəlki görüntü- 20-25 yaşlı əşyalar, mebellər, kitab dolu rəflər, cüzi əl gəzdirilən darısqal otaqlar. Mənzərəni elə-belə canlandırmıram. Kimlərləsə konkret müqayisə aparma niyyətindən uzaqam. Hər kəs əxlaqına, mənəvi kefiyyətinə uyğun yaşam tərzini seçir. Atları çapıb gedən yaxşı, təmənnasız kişilərdən söhbət düşəndə respublikaya vaxtilə vaqon-vaqon pul gətirən bir qurumun- Üzümçülük və Şərabçılıq Komitəsinin sədr müavini işləmiş Əmir Məmmədovun adını çəkməyə bilmirəm. İndiki dildə desək, nazir müavininə bərabər mövqe tutan şəxsə evi dövlət verib. Nə vaxtsa genişləndirmək, dəyişmək, başqa yerlərdə 5-6 ev almaqla, yaxud tikdirməklə kompensasiya etmək heç yadına belə düşməyib. Ona görə gileylənməyib ki, yanında 40 il bir yastığa baş qoyduğu özü kimi gözü, könlü tox saf ömür-gün yoldaşı olub.

 

img

 

Zarafat deyil, uzun saçlı, oğlanların bir-birinə savaş açdığı, gözəlliyi dillər əzbəri tələbə qızdan 3 il Şuşa Pedaqoji Texnikumunda, 4 il Bakı İqtisad Universitetində “Hə” cavabını alanadək arxasınca düşüb. İllər, yaşantılar yanılmadığını sübut edib. Nəticədə ömrünün sonuna qədər özünə təmtərağı, zərzibanı, meşşan yaşantını yaxına buraxmayan sevgilisinin timsalında etibarlı müttəfiq, silahdaş qazanıb.

 

Ailəcanlı kişi Ə. Məmmədov Rəfiqə xanımın klassik qadınlarımıza, analarımıza xas ali kefiyyətlərinə sayğılı yanaşıb. Azərbaycanın, xüsusilə doğulduğu Ağdamın, Qarabağın əsrarəngiz guşələrinə övladları ilə birgə istirahətə, gəzintilərə aparıb. Ağac əkmək, yaşılığa qulluq göstərmək hobbisi olduğundan maşının yük yerində daim bel saxlayıb. Rəfiqə xanımın kişik həcmli əsərlərinə çevrilən səfər təəssüratları oxucular tərəfindən səmimi qarşılanıb...

 

Üç il əvvəl gördüyüm sima, dəyişməyən cizgilərdir. Yumru sifət, al yanaqlar, yaşıla çalan gözlər, yaylım oxa bənzər qaşlar. Nitqi yenə səlisdir, şirin söhbətləri ilə həmahəngdir. Ecazkar səs sahibi efirdə diksiyası ilə düz 20 il balacaları ovsunlayıb. Yadıma düşür ki, R. Məmmədovanı həmin illərdə (1984-2004) radioda görkəmli jurnalist Mailə Muradxanlının baş redaktoru olduğu uşaq verlişləri redaksiyasında görmüşdüm. Vaxtilə tələbə jurnalist kimi təcrübə keçdiyim redaksiya ilə əlaqələrim uzun illər davam etdiyindən əməkdaşların və kənar müəlliflərin əksəriyyətini tanıyırdım. Mailə xanım bir dəfə onu göstərərək xətrini doğmaları qədər istədiyini dedi: “Bizimlə sadəcə əməkdaşlıq edir. Qısa vaxtda dinləyicilərin rəğbətini qazanıb. Rəssam həyatından bəs edən “Könül” romanından səslənən parçalar geniş rəy doğurub. Hətta Arazın o tayından onlarca məktub almışıq. Təkrar səslənməsini istəyirlər. Ondan yaxşı aparıcı, diktor yetişər. Bir qədər məktəb keçməlidir. Razılığını gözləyirik”.

 

Tanınmış publisist, uşaq şairi, redaktor Qacay Köçərli isə onun aparıcılıq manerasında dövrün tanınmış diktorlarına xas cəhətlərin olduğunu vurğulayır, istedad sahibinin bu kefiyyətlərlə məhz həmin verlişlər üçün yarandığını söyləyirdi.

 

Qarşıda maneə, qadağa yoxluğuna baxmayaraq gənc ana körpələrini, onu dünyalar qədər sevən həyat yoldaşını seçdi. Bakı Yeyinti Sənaye Texnikumundakı 12 illik pedaqoji fəaliyyətinə də son qoydu. Yaradıcılıqdan ayrı düşməsinə evdə razı olmadılar. Təkidlə yeni nümunələr tələb etdilər. Bir ayağı mətbəxdə, digəri yazı masasında günləri sürətlə ötdü. Tələbkar dinləyici olan həyat yoldaşı bəyəndiklərinin redaksiyalara təqdimatına, nəşrinə köməyini əsirgəmədi.

 

Rəfiqə bilirdi ki, naşı təsir bağışlamağa, səthi yazmağa haqqı yoxdur. Çünki söz sənətimizə poeziyamızın zirvələrindən hesab edilən Bəxtiyar Vahabzadənin xeyir-duası ilə gəlib. Uşaq ədəbiyyatımızda əbədi izi qalan nəğməkar şairimiz Teymur Elçin, xalq yazıçısı Sabir Əhmədov, dövrün digər ünlü imza sahibləri ürək-dirək verərək “ Sən yazmağı davam etdirməlisən” - demişdilər. Dərin inama əsaslanan etimadı yanlız və yalnız yaxşı, məzmunlu yazmaqla dorultmaq mümkün idi.

 

Müəllifin ötən əsrin 70-ci ilərindən oxucu mühakiməsinə verdiyi irili-xırdalı əsərlərinin sayı kifayət qədərdir. Xalq qəzeti” (“Kommunist”), “Azərbaycan gəncləri”, “525-ci qəzet”, “İki sahil”, “Kaspi”, “Ulduz”, “Günəş” (“Pioner”), “Savalan”, “Göyərçin”... digər qəzet və jurnallar yazıılarına tərəddüdsüz yer ayırırdılar. Əksəiyyətini oxumuşam, hələ nəvələrim də feyziyab olublar. Şeirlərinin çoxu nəğməyə bənzədiyindən asan əzbərləyiblər.

 

 

 

Çəməndə gül büküm-büküm,

 

Nə qəşəngdir şəkər yüküm,

 

Sarı qanadlı arıyam

 

Xortumu ləl tək ballıyam.

 

(“Nə qəşəngdir” şeiri)

 

***

 

Bulaq sevməz süstlüyü,

 

Üstün tutar sərbəstliyi.

 

Gümüş güzgütək parıldar

 

Günün şüasından üzü.

 

(“Bulaqşeiri)

 

Nəvələri Ayana, Selinə həsr etdiyi bənzətmələr, “Könül”, “Qışla söhbət”, “Heyrət” və başqa şeirləri Rəfiqə xanımın nəzmdə, “Ağacların məhəbbəti”, “Dolu”, “Cüyür it yuxusu görməz”, “Qatar gedər”, “İnam”... nəsrdə uğurlu yolda olduğunu təsdiqlədi.

 

Burada bir haşiyə çıxım. Çoxları bir-iki kitabı nəşr olunanda özünü verir Azərbaycan Yazıçılar Birliyinə üzv olmağa. Rəfiqə xanımın rəfdəki biletiUğurlu ov”, “Şəfəq müğənnisi”, “Bizim bağ”, “Mənim şahinim”, “Zər çiçəklər”, “Nəciblik duyğusu” - ümumilikdə 15 kitab müəllifinin yalnız 7 il əvvəl AYB-yə üzv olduğunu təsdiqləyir. Təşəbbüs yazıçılar birliyinin rəhbərliyinə məxsusdur. Özləri zamin dayanıb qəfil AYB-yə çağırıblar, biletini şəxsən təqdim ediblər. Məntiqi alicənablıqdır.

 

AMEA-nın Ədəbiyyat İnstitutunun gördüyü işlərdən biri də ildə hesabatlar hazırlayıb müzakirələrə çıxarmaqdır. Uşaq ədəbiyyatının durumuna dair bölmədə Rəfiqə Məmmədovanın adının müntəzəm olaraq məhsuldar, məzmunlu nümunələr müəllifləri sırasında çəkilməsi məmnunluq doğurur.Buna baxmayaraq o, haqqında az yazılan sənətkarlarımızdandır. Təvazökarlıq burada da özünü göstərir.

 

Yazı masasının üzərində “Sözün Rəfiqəsi” kitabını görəndə vərəqləməyə başladım. “Qarabağa aparan yol” qəzetinin redaktor müavini Fariz Çobanoğlu hamımızı qabaqlayaraq ona bir ay əvvəldən yubiley hədiyyəsi təqdim edib. “Təknur” MMC -də çıxan kitabın redaktoru professor Minaxanım Təkləlidir. Biblioqrafik əsərdə əsl vətəndaş və həssas qələm sahibinin obrazı canlandırılıb, orjinal müqayisələr, təhlillər aparılıb. Təbrik növbəsi bizimdir.

 

Rəfiqə xanım bizi oğlu ilə tanış edərək biuldirir ki, Azəri Belçikada təhsil alan qızlarının yanına gedəndən  Şakir  gecə-gündüz qayğısına qalır. Ali təhsilli mühəndis geofizik Xəzər Dəniz Neft Geofizika İdarəsində uzun illər işləsə də kino sənəti sahəsində çalışanların əksəriyyəti onu yaxından tanıyır. Respublika Kinemotoqrafiya Fondunun sabiq baş direktoru qarşıya məqsəd qoyub ki, Qarabağ azad olunan zaman Cəbrayıldakı baba, Fizulinin Qacar kəndindəki nənə, atasının Ağdamdakı yurdları barədə film çəkdirəcək.

 

Şakir Naxçıvanda Qıvraq motoatıcı polkunda hərbi xidmətdə olub. Anası ilə bir qədər əvvəlki söhbətində ordumuzun həmin istiqamətdə 11 min hektarı və bir kəndi düşməndən təmizlədiyindən danışırdı. Şakir: “ Döyüşçülərimiz daha 7-8 kilometr irəliləyəndən sonra o yol Qubadlı ilə birləşəcək. Ordan isə doğma ellərinin əl içində göründüyü Lələtəpəyə qısa, kəsə yol var. Anam elə tez-tez vurğulayır ki, qəlbi yenidən o yerləri tezliklə görəcəyini hiss edir”, - söyləyir.

 

Rəfiqə xanım müharibəni, onu törədənləri, üzüntüləri daim lənətləyir. Nəslinin itkilərinin, ağrı-acılarının izləri 77 il əvvələ gedib çıxır. Anası Ağcanın 6 uşaq atası, həyat yoldaşı Allahverən kişini özü at belində cəbhəyə yola salmasını ömrünün sonunadək o cığırlara baş şəkməsini xatırlayır: “Eh bu hələ harasıdır, - deyir. - xalası oğlu Qubad nişanlısı Əminə ilə könüllü cəbhəyə getdi. Harada, necə həlak olduqlarını öyrənmək, axtarışlar aparmaq öhdəmə düşdü. Moskvada oldum, “Sovetski patriot” qəzeti və rəsmi qurumlar köməyimə çatdı. Hər ikisinin qəhrəmanlıqla həlak olduqlarını öyrənəndə nəsillikcə rahat nəfəs aldıq. Qürurlandıq. Beləcə onların prototipləri olan “Mənim şahinimpovesti yarandı”.

 

Ümumiyyətlə Rəfiqə xanımın yaradıclığında müharibə mövzusunun özünü qabarıq göstərməsi başadüşüləndir. 1985-ci ildə qələmə aldığı və “Xalq qəzeti”ndə gedən “Əsgər andı” hekayəsini, 19 iyun 1992-ci ildə Naxçıvanikdə ermənilərlə döyüşdə həlak olan Gültəkin həkimin xatirəsinə yazdığı şeiri, əsgər oğluna həsr etdiyi misraları və digər misraları həyacansız oxumaq olmur.

 

Bir neçə yeni şeirinə nəzər saldım: “Mənim balam, bunlar qələbə müjdəli sətirlərdir. Zəfərimiz yaxındadır. Qarabağa qələbə bayrağını sancanların sıralarında əminəm ki, mənim də oxucularım olacaq”- sözlərindən sonra nikbinlik çay süfrəmizə yanə hakim oldu.

 

 Rəhim Hüseynzadə,

 

Azərbaycanın əməkdar

 

Jurnalisti

 

Cümhuriyyət  2018.- 21 avqust.- S.13