"Özgə
ağrısı"yla yazılmış
kitab
Azərbaycan və Dağıstan ədəbiyyatının tanınmış
nümayəndəsi Sədaqət
Kərimovanın da taleyinə şair, nasir, ssenarist, publisist, dramaturq həyatı yaşamaq düşüb. O, bu həyatı sevgi ilə, şövqlə, istək və ehtirasla yaradıcılığa
həsr edib. Bu yazıda çox maraqlı və mənalı həyatını jurnalistikaya,
mədəniyyətin və
elmin inkişafina həsr etmiş tanınmış jurnalist
Sədaqət Kərimovanın
yeni çapdan çıxmış “Özgə
ağrısı” kitabından
danışacam.
Bir az hissə qapılıb haşiyə çıxmağım
isə onun yaradıcılığına, insanlığına, humanizminə
olan hədsiz sevgimdən irəli gəlir, əziz oxucu. Sədaqət xanımın işıqlı
siması mənə
“Sovet kəndi” qəzetindən tanışdır.
Tələbə kimi təcrübəmi həmin
redaksiyada keçirdim.
Şöbə müdiri
Müzəffər Məlikməmmədov
məni Sədaqət
xanıma tapşırdı.
Deyəsən, mənim
utancaqlığım, sıxılmağım
da onu təsirləndirmişdi.
Xüsusi diqqət və qayğı ilə əhatə olunurdum. Etiraf edim ki, bu,
mənim çox xoşuma gəlirdi və mən onlara möhkəm bağlandım.Təyinatla getdiyim
Yardımlı rayonundan
doğmalarımın yanına
gələndə hər
dəfə onunla görüşürdüm. Mənim
mərkəzi mətbuata
gəlib çıxmağımın
səbəbkarı, yolumda
mayak oldu bu əvəzolunmaz xanım. Onun xeyirxahlığı sayəsində
ailəmizdə də
böyük sevinc yaşandı və onun şərəfinə
adını ailəmizə
gətirdik, canlı əbədiləşdirdik. Adı
da düşərlidir.
Qardaşımın ilk övladı
Sədaqət indi Almaniyada yaradıcılıqla
məşğuldurQısaca onu deyim ki,
peşəkar jurnalist
Sədaqət Kərimova
müxtəlif vaxtlarda
“Sovet kəndi”, “Həyat”, “Azərbaycan”, “Günay” qəzetlərində
və “Kirpi” jurnalında müxtəlif
vəzifələrdə işləyib.
1997-ci ildən ləzgi, Azərbaycan və rus dillərində
çıxan “Samur” qəzetinin baş redaktorudur. Üç dildə çap olunan 8 minə yaxın məqalə, oçerk, korrespondensiya, zarisovka, esse və felyetonun müəllifidir. Jurnalistika və
yaradıcılıq sahəsində
əldə etdiyi nailiyyətəri dövlət
tərəfindən yüksək
qiymətləndirilib. 1984-cü ildə “Qızıl qələm”, 1991-ci ildə
“Həsən bəy Zərdabi”, Kütləvi İnformasiya Vasitələri
Həmkarlar İttifaqının
“Məhsəti Gəncəvi” və “Xan qızı
Natəvan” mükafatları
ilə təltif olunub. 2006-cı ildə Sədaqət Kərimovaya
“Azərbaycan Respublikasının
Əməkdar mədəniyyət
işçisi” fəxri
adı verilmiş,
2009-cu ildə o, Dağıstan
Respublikasının “Şarvili”
mükafatına layiq görülüb.
“Özgə ağrısı” S. Kərimovanın
sayca 25-ci kitabıdır.
Çox maraqlı və oxunaqlı, şirin dili olan müəllifin obrazlar qalereyası zəngindir. O, cəmiyyətdə
gedən proseslərə
münasibət bildirərkən
elə qəhrəmanlar
seçir, onların dili ilə fikrini
geniş oxucu kütləsinə çatdırır
ki, nəticə çıxarmamaq mümkün
deyil. Uzun zaman əsərin təsirindən ayrıla bilmirsən. Oxuculara yeni təqdim olunan bu kitabda
ünlü jurnalistimizin
qəhrəmanları özgə
ağrıları ilə
yaşayanlardır. “Gecikmiş
bənövşə"də Camal yoxluğuna dözmədiyi mərhum həyat yoldaşı Bənövşənin həsrətini
çəkə-çəkə yaşayır. Bənövşə
öz gəlişi ilə onun həyatına
necə böyük səadət, bəxtiyarlıq
gətirmişdisə, gedişi
ilə də bir o qədər qəm-qüssə, kədər
qoymuşdu. Camal titrəyə-titrəyə can
verəndə, həyatla
vidalaşanda da bənövşə çiçəyini
qoxlaya-qoxlaya həyata
“əlvida” deyir.
Ax, ölən
məhəbbət, ax
ölən istək...
Nakam sevgidən
bəhs edən “Yeddi Pəri” hekayəsi cəmiyyəti
cənginə almış
yad təsirlərə
uyub sevdiyi qızı atan gənclərimiz üçün
çox tərbiyəvi
əhəmiyyətli süjet
xəttinə malikdir.
Doqquzuncu sinfi yenicə bitirmiş yeniyetmə-gənc Ayişə
böyürtkən yığmağa
gedəndə sevdiyi Abbasla görüşür
və ailə qurmayıb ata evində qarıyan Pəri onları görür. Abbasın zorla Ayişəni öpdüyünü görən
Pəri bu səhnəni soyuq nəzərlərlə süzür
və bu Ayişəyə utanc gətirir. Təhsil almaq dalınca Rusiyaya gedən Abbas rus qızı
ilə evlənir, sevdiyi gözəl Ayişəsi də onun yolunu gözləyə-gözləyə
qarıyır. Abbasın
bacısının toyunda
qarşılaşsalar da
artıq gec idi, zaman öz
sözünü demişdi.
İndi Ayişə də kəndin yeddi Pərisindən -qarımış qızından
biri idi.
“Yeddi pəri”
hekayəsində və
digər hekayələrində
Sədaqət xanım
ədəbiyyatımızın görkəmli yazıçılarına
xas bir tərzdə
Azərbaycanın milli
koloritini gözəl bədii priyomlarla əks etdirib. Kitabı mütaliə edənlər bunun canlı şahidi ola bilərlər. “Oğurluq” hekayəsində
Fatma xalanın yasəmənlərini sevdiyi
Mehriban üçün
oğurlayan İlhamın-Kişmişin
uşaq sevgisi sonra peşmançılığa
çevrilir ki, bu da oxucunu
həm riqqətləndirir,
həm də təəssüfləndirir.“Vəsiyyət”
hekayəsində kardioloq
Nazim anasını xəstəliyin pəncəsindən xilas edə
bilmir. Uşaq vaxtı qarğıdalı
dənəsi boğazında
qalanda onu qucağına alıb tələsik həkimə
aparan Xədicə xanım oğlunun elə bu səbəbdən
həkim olmasını
tövsiyə edir. Nazim həkim olur. Ana xəstələnir.
Ürəyi infarkt olan anasını sağalda bilmədiyi üçün Nazim peşiman olur. Ana dünyasını dəyişir və vəsiyyət yazıb həyat yoldaşı Ələddinə verir. Xədicə ananın arzusu ilə vəsiyyət yazılmış
məktubu Ələddin
bir müddət sonra ilk övladı
Nazimə verir. Nazim məktubu bacı və qardaşlarına həyəcanla oxuyur. Ölümündən sonra
övladlarının bir-biri
ilə mehriban olmasını və həyat yoldaşını
tənha qalmaması üçün evləndirmələrini
vəsiyyət edən
ananın ölümündən
sonra da ailəsini düşünməsi
Sədaqət xanımın qəhrəmanlarına
xas xüsusiyyətidir.S.Kərimovanı
yaradıcılığı boyu tərk etməyən mənəviyyat
mövzusu onun daxili ağrısıdır.
Gənc nəsli, möhkəm təməl üzərində qurulmayan
ailələri, sevib-sevilənləri,
etibara, sədaqətə,
bir-birini anlamağa, yad təsirlərə uymamağa, milli təəssübkeşliyə, diqqətli və həssas olmağa səsləyir. Tanınmış
yazıçı, şair,
publisist və dramaturq cəmiyyəti mənəviyyatsızlıqdan xilas
etmək istəyir.
“Səssiz haray”
adlı ilk kitabı 1989-cu ildə çapdan çıxanda
mən Yardımlı
qəzetində işləyirdim.
Az müddət sonra “Bir yaz
gecəsi” oxuculara təqdim olundu. Qusarın uca dağ zirvələrindən,
sıldırım qayalarından,
gur çaylarından,
yaşıl ormanlarından
güc, qüvvət,
mənəvi ruh alan xanım jurnalistin qələminin sədası səssiz haraylar qopartdı. Yaz gecələrinin həzinliyi, həlimliyi, sevib-sevilənlərin qəlb
çırpıntıları onun qəlb çırpıntılarına qovuşub qələmindən
süzüldü, sətirlərə,
misralara çevrildi, ağ vərəqlərə
köçürüldü.
Daha sonra
“Hal” da və Sərvinazın acı taleyi məni qəhərləndirmişdi.
Bunlar mənim sevə-sevə oxuduğum
kitablardır. Onun uşaqlar
üçün yazdığı
şeirlər toplusu, ləzgi dilində çap olunmuş povest və hekayələri, uşaq şeirləri sevilərək
mütaliə olunur.“Özgə ağrısı”
kitabına daxil edilən “Xəzan” povesti qısqanclıq zəminində yaranan ailə münaqişəsinə
həsr olunub. Ziyalı, ali təhsilli institut müəlliməsi Səhranı
sevib onunla ailə həyatı quran Asim həyat
yoldaşına xəyanət
edir. Allah Səhranın qismətinə
tez-tez məhəbbət
romanları yaşayan
bir adam çıxarmışdı. Qəhrəmanının
dili ilə Asimə ünvanlanan: “Sədaqət hissi
təkcə qadına
yox, kişiyə də xas olmalıdır.
Əgər bu günə qədər bu sadə həqiqəti
başa düşməmisənsə,
sən içi boş və puç adamsan”-sözləri əslində
müəllifin sevdiyi
xanımına xəyanət
edən kişilərə nəsihətidir.
Bu, Sədaqət xanımı bütün yaradıcılığı boyu
narahat edən məsələdir, əsərlərinin
əsas motivi və qayəsidir.
Səhraya doğma
olduğu qədər
yad, yad olduğu qədər doğma olan Asimi o itirmək istəmir. Özündən
13 yaş balaca olan ərsiz qadın Gülzara vurulmasının günahını
özündə axtarır.
-Qocalmışam, heç
kəsə lazım deyiləm, -düşünür.
Mən indi saralıb-solmuş xəzan
yarpağına bənzəyirəm.
Ümidsizliyə qapılıb
əli hər şeydən üzülən
Səhra Tanrıya əl açır. Yeganə ümidi Allaha qalan Səhranın ümidləri sonda göyərir və ayrılıq küləkləri
səmtini dəyişir.“Özgə ağrısı”
kitabına daxil edilən digər hekayələr və “Soyuq Günəş” pyesi mənəvi tərbiyə mövzusunda
müxtəlif süjet
xəttinə malik
əsərlərdir. Sədaqət
Kərimova qələmindən
bəhrələnmək, onun
şirin dilinin məhvərinə düşərək
dincəlmək istəyənlərə
bu kitabı alıb oxumağı məsləhət görürük.
Rəhilə Misirxanlı,
Azərbaycan Jurnalistlər
Birliyinin üzvü
Cumhüriyət.-
2018.- 21 avqust.- S.- 12.