Səkinə İsmayılova:
Dünən birinci yerdə olanlar bu gün ortada yoxdur
-Səkinə xanım, Sizinlə ilk müsahibəmizdən nə az-nə çox, düz 21 il keçir. O vaxt Sizinlə müsahibəni solisti olduğunuz Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında almışdıq, indisə dərs dediyiniz Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində götürürük. Necə hesab edirsiniz, həmin vaxtdan Azərbaycan mədəniyyəti və incəsənətində çox şeylərmi dəyişib və bu dəyişikliklər irəliyə-müsbətə, yoxsa, geriyə-mənfiyə doğru olub?
- Əvvəla, Azərbaycanda hər zaman muğam ifaçıları, ümumiyyətlə, muğam sahəsi xalqın nəzər-diqqətində olub. Bu, danılmaz bir faktdır. Heç bir zaman bu janr xalqın nəzərindən yayınmayıb. Eyni zamanda, ən azından el şənliklərini, məclisləri götürsək, görərik ki, bütöv bir xanəndə nəsli, hətta, məndən öncəkilər də, deyir ki, Bakı kəndlərində yetişib.
Harada doğulub bəhrələndiklərindən asılı olmayaraq onlar Bakı kəndlərində keçirilən el, toy şənliklərində püxtələşib yetişiblər.
Son 10-15 ili götürsək, görərik ki, artıq xalqa birləşən bir qüvvə də var. O da bizim dövlətimizdir.
Yeri gəlmişkən, 21 il bundan qabaq Hollandiyadan qayıtmışdım. Bunu təsadüfdən xatırlamıram, Hollandiyada, elə Fransada, Amerikada, Yaponiyada olanda da deyirdim, ilahi, görəsən, bizdə də nə zamansa belə festivallar, belə müsabiqələr keçiriləcək?
O vaxtdan bunun arzusundaydım və çox sevindiricidir ki, bu gün artıq bu arzum reallaşıb. Təkcə son illərdə bizim ölkəmizdə onlarla beynəlxalq müğam festivalları, müsabiqələri keçirilib.
AzTV ilə canlı yayımlanan televiziya muğam müsabiqəsi çox böyük şöhrət tapıb. İnanın ki, o müsabiqədən sonra mən hansı ölkəyə gedirəmsə, orada yaşayan soydaşlarımız həmin müsabiqədən söz açır, onunla maraqlanır, bildirirlər ki, bu, nə gözəldir?!
Nə gözəl gənclər gəlib, nə gözəl səslər gəlib, nə gözəl sizdə muğam belə inkişaf etdirilir və sair. Doğrudan da, gənclərimizin muğama axını başlayıb…
- Bu axın nədən başladı?
- Ondan başladı ki, dövlət bunlara arxa, yiyə durdu və bu gün o qorxmur, yəni, çətinlik çəkmir ki, muğamın dalınca gedir.
Çünki dövlət ona dəstək
verir. Həmçinin, belə gözəl festivallarda
iştirak, çıxış hüququ, imkanı
qazanır, 3 ay ərzində televiziya ilə bütün
dünyaya reklam olunur, tanınır. Onu da deyim ki, muğam müsabiqəmizin
birincisi SMS-lə olmuşdu.
Amma sonra birinci xanımımız Mehriban Əliyeva belə
bir təşəbbüslə çıxış etdi ki,
SMS yığışdırılsın, qalibləri
münsiflər heyətində əyləşən sənətkarlar
müəyyənləşdirsin.
Bu barədə
çox danışa bilərəm ki, biz musiqimizlə,
xüsusilə də, muğam sənətimizlə istədiyimiz sərhədləri
aşa, istədiyimiz yerlərə çıxara bilirik. Muğamımız bu gün istər musiqi alətlərində
sintez olunur, istər ayrı-ayrı musiqiçilərlə
sintez olunur. Şəxsən öz
yaradıcılığımdan onu deyə bilərəm ki,
Azərbaycan muğamını başqa bir xalqın raqa
musiqisi, Hindistanın muğamı ilə birləşdirib,
gözəl bir “Muraqam” adlı layihə ortaya
çıxardıq.
Bu isə sözün yaxşı mənasında
böyük bir səs-küy oldu. Doğrudan da, bununla
muğamımızda yeni bir mərhələ oldu ki, bəli,
bizim muğamımız belə bir qüdrətə malikdir.
Muğamımız elə bir qüdrətə,
elə bir səviyyəyə malikdir ki, bir Hindistan xanəndəsi
gəlib müraciət edir ki, məsələn, mən Səkinə
xanımla bu muğamı ifa edəcəyəm.
Bilirsiniz bu nə deməkdir? Biz həmin
layihəni Dehlidə, Kəlküttədə reallaşdırdıq,
inanın ki, hər kəs heyranlıqla baxırdı ki, bu nə
musiqidir?! Özü də qeyri-təvazökarlıq
olmasın, bu, hər adamın işi deyil. Bu, bizim tariximizdə ilkdir.
- Bəzən
yaşlı, qocaman sənətkarlar tərəfindən
muğamın sintezi etirazla qarşılanır. Məsələn,
tanınmış ifaçımız, böyük xanəndəmiz
Alim Qasımovla bağlı həmin sənətkarlar tərəfindən
tez-tez tənqidlər səsləndirilir, eşidilir...
-Bilirsiniz,
hər bir xanəndənin, hər bir ifaçının bir
dünyası var. Əgər o öz dünyasında istədiyini
göstərə bilməsə, mənim fikrimcə, əsl sənətkar
ola bilməz.
Ona belə rahatdır. O, öz sərbəstliyini, öz
rahatlığını yaradıb. Yəni,
bunun heç kimə aidiyyəti yoxdur.
Qaldı ki muğama, ona heç bir şey etmirlər. Sadəcə,
həmin motivin, həmin mövzunun, həmin ritmin üzərində
hərə özünün öz sənətini
nümayiş etdirir, özü də heç nəyə dəymədən.
Əslində biz bununla bütün dünyaya
sübut edirik ki, görün, bizim muğamımız necə
zəngindir.
Məsələn, ərəblər deyir ki, mənim də
muğamım var, qardaş türklər deyir mənim də
muğamım var, farslar da bunu deyir. Onlarda muğam olmasa, gəlib burada bizimlə birgə
festivalda iştirak etməzlər ki?!
İndi görün ki, bütün o muğamlara biz
öz dəstgahlarımızı yerləşdirə bilirik və
necə deyərlər, dilimiz də uzundur, bunu fəxrlə
deməyə də ərkimiz çatır ki, bəli, bizim
muğamımız çox zəngindir.
Qaldı ki adını çəkdiyiniz xanəndəyə,
o da muğama heç bir şey etmir. O klassik yolu da çox gözəl
bilir.
Alim
Qasımov istəsə
“Çahargah” muğamını cəmi 15 dəqiqənin
içində “Bərdaş”ından başlayıb gəlib
“Mənsuriyyə”sinə qədər təqdim, ifa edər...
- Səhv
etmiriksə, müsabiqələrdən birinin yekunları ilə
bağlı tanınmış sənətkarlar arasında
qarşılıqlı ittihamlar yaşanmışdı ki,
kimlərsə tərəfkeşlik edir...
- Burada
hansısa tərəfkeşlikolmayıb və ola
da bilməz. Hər şey göz
qabağındadır. Müsabiqə keçirilən
zal təxminən 400 nəfər adam tutur.
Orada nəsə
ola bilər, başqa bir şey? Məgər kimsə pis oxusa, bərbad ifa etsə, o
zal ona əl çalar, alqışlayar?
Bundan da əlavə neçə milyon
tamaşaçı oturub bizə ekranların
qarşısında baxır. Özünüz fikirləşin,
onların gözü qarşısında nəsə ola bilər?
Bu, mümkün deyil. Münsiflər heyətində də
əsl sənətkarlar əyləşib, onlar bilirlər ki, bir il sonra bu
uşağın səsi qalacaq-qalmayacaq, batacaq-batmayacaq.
Bilirsiniz, bizim elə gözəl
ifaçılarımız olub ki, yetkinlik dövrünü, səsin
dəyişkən dövrünü keçdikdən sonra səsləri
batıb, oxuya bilməyiblər.
-
Heç olubmu ki, kiməsə aşağı və ya
yuxarı bal verdiyiniz üçün
sonradan peşmançılıq hissi keçirəsiniz?
- Bizi izləyənlər
hər şeyi yaxşı görürlər. Orada
da hərənin öz fikri var.
Şəxsən
mən çox zaman ifaçılara yüksək bal vermişəm. İndi onu kim necə qəbul
edir, özü bilər, amma mən niyə belə etdiyimi də
açıqlamışam, demişəm ki, nəyə görə filankəsə
belə yüksək bal vermişəm.
Ola bilər onun səsi var, amma bizdə tək səs
deyil ki, danışıq var, sözün deyiliş qaydası
var, qrammatikanı bilmək var. Ən azından əruza bir
balaca bələd olmaq var.
Sözlərin vurğularının düz vurulması
var, qəzəllərin, şeirlərin düzgün
oxunması var. Ritm var, onları bir-birinə cilalamaq var. Bunlar
hamısı olmasa xanəndə yetişmir, sevilən xanəndə
olmur. Bir az keçir sənin adın deyilmir, çoxdan
unudulubsan. Sən yadda qalmırsan. Bu keyfiyyətləri
olan xanəndəyə yalnız əsl xanəndə və
yaradıcı xanəndə deyilir. Xanəndə var ki, bir
muğamı oxuyub, amma yüz il də elə
o cür oxuyur.
Tamaşaçı bezib, söndürür ekranı,
onu dinləmir.
Amma
tamaşaçı var ki, hər hansı yaşda olmasına
baxmayaraq, fərqli, özünəməxsus ifa edən
muğam ifaçılarını dinləyir, onları əsl
xanəndə kimi qəbul edir…
- Bəzən
qəzəl yerinə şeir oxuyan xanəndələr,
muğam ifaçıları da var...
-
Muğamda əsasən qəzəllərdir. Sən
təsnif oxuyursansa, muğam oxuyursansa, orada ancaq qəzəl
olmalıdır.
Mənim
aləmimdə də
xanəndəliyə başlayanda Füzuli ilə
başlamalısan.
Füzuli
ilə başlamalısan ki, sonrakı şairlərin qəzəllərini
oxuyanda sənin üçün bir qədər asan, sadə, rahat gəlsin. Yəni,
mürəkkəbdən başlamalısan...
-
Bugünkü gənc muğam ifaçıları arasında
gələcəyin əsl və yaradıcı xanəndələri
varmı, onlar çoxdurmu?
-Təsəvvür
edin ki, biz müsabiqədə 500-400 uşağın
içindən 20-ni seçirik. O 20 nəfərdən də 3-4-ü gəlib
çıxır birinci yerə.
O, 3-4-5-dən
də zaman göstərəcək ki, kim sənətdə
qalacaq. Nə olsun birinci yeri tutub? Məsələn, bizim zamanımızda bilirsiniz, mənimlə
nə qədər tələbə var idi qurtaran?
Hamı gəlib “Xalq artisti” adı alıb, professor
olmadı ki? Yaxud sənətdə tanınmalıdı ki?
Bu gün müsabiqədə iştirak edib, birinci yeri tutmaq o demək deyil
ki, hər zaman birinci olacaqsan?
O, elə
unudular ki?! Heç ona baxmayacaqlar ki, sən
haçansa birinci yerdə oturmusan. Ona
görə dayanmaq olmaz. İşləməlisən.
- Səkinə
xanım, uzun illərdir ki, sənətdəsiniz, səhnədəsiniz,
Azərbaycanın azman sənətkarlarındansınız. Sənətlə məşğul olmaq istəyənlərə,
özünü səhnədə görmək istəyənlərə
arzunuz nədir bir sənətkar kimi?
- Mən Asəf Zenallı adına Misiqi Məktəbini
(Kollecini) qurtaran kimi birbaşa opera səhnəsinə gəldim.
O zaman da opera səhnəsində 3 xanım-3 nəhəng orera ifaçısı, 3 gözəl sənətkar vardı: rəhmətlik Rübabə xanım, Zenəb xanım və rəhmətlik Nəzakət xanım Məmmədova.
Eyni zamanda, 3 əsas kişi ifaçı vardı: Arif Babayev, Canəli Əkbərov və rəhmətlik Baba Mahmudoğlu. Mən belə böyük sənətkarların əhatəsində, necə deyərlər, böyüdüm, opera ifaçısı, solisti oldum.
Opera səhnəsində də ilk dəfə Leyli obrazını oynayanda cəmi 23 yaşım vardı. Mən həmin obrazı ifa edərkən çox arıq idim. Mən opera səhnəsində rol aldığıma görə, o zaman puldan, ümumiyyətlə, çox şeylərdən imtina etdim.
Çünki Leyli obrazını ifa etdiyin, ümumən opera səhnəsi, sənət üçün gərək çox şeylərdən imtina edəsən, imtina etməyi bacarasan. Başqalarını deyə bilmərəm, amma mənim fikrim belədir ki, opera səhnəsində rol alan ifaçı daim səsini qorumalı, səsinin qeydinə qalmalıdır. Eyni zamanda, formada olmalıdır.
Opera elə bir sənətdir, elə bir səhnədir
ki, orada mikrafon yoxdur, hər şey canlı ifa üzərində
qurulur. Sən orkestrə də deyə bilməzsən ki, belə
etmə, belə elə, mənim səsim yerində deyil, ona
görə tembri aşağı sal və ya yox…Odur ki, mən
o zaman çox şeylərdən imtina etməli oldum. Bu, o,
demək deyildi ki, mənim nəyəsə, maddiyyata
ehtiyacım yox idi, təbii ki, vardı, amma mən sənətimi,
səhnəni hər şeydən üstün tutdum.
Cümhuriyət.- 2018.- 12 iyul.- S.14