Psixoloji pyeslərin mahir rejissoru
Vaqif Şərifovun 75 yaşı
tamam olur
Hər zaman onu görərkən bir
sual fikrimdə formalaşır. Görəsən
nə üçün bir rejissor olaraq çox zaman komediya
janrında olan pyeslər üzərində işləməyə
üstünlük verir? Hər dəfə
də eyni cavabı alıram. “Təbiətcə
zarafatcıl adam olduğum
üçün”. Bu bir həqiqətdir. Demək olar ki, onunla hər gün
görüşürəm. Hər gün
də üzündə çox maraqlı bir sevinc duyuram.
O, hər zaman zarafatları sevir. Duzlu- məzəli
söhbətlərilə teatrda hər kəsin diqqətini
özünə cəlb edə bilir. Ancaq
bununla belə onun yaradıcılığına nəzər
salarkən psixoloji pyesləri də daha dərindən
duyduğunun şahidi olursan. Onun
yaradıcılığında hər an
psixoloji pyeslərin də üzərində maraqlı rejissor
traktofkasını görmək mümkündür. Qərb dramaturgiyasına, Azərbaycan klassik
dramaturgiyasına müraciətləri müasirləri tərəfindən
maraqla izlənilir.
Vaqif Abdulla oğlu Şərifov
1960-cı ildən teatrda əmək fəaliyyətinə
başlayıb. 1967-ci ildə Azərbaycan Dövlət
İncəsənət İnstitutunun rejissorluq fakültəsini
bitirib. 1967-1974-cü illərdə Gəncə Dövlət
Dram teatrında rejissor, 1974-1977-ci illərdə Sumqayıt
Dövlət Dram teatrında baş rejissor, 1977-1981-ci illərdə
Ağdam Dövlət Dram Teatrında baş rejissor,
1981-1984-cü illərdə Gəncə Dövlət Dram
teatrında quruluşçu rejissor, 1984-1998-ci illərdə həmin
teatrda direktor və bədii rəhbər vəzifəsində
çalışıb. Müxtəlif illərdə Nazim Hikmətin
“Demoklın qılıncı”, Hüseyn Cavidin “Maral”, Cəfər
Cabbarlının “Almaz”, “Yaşar”, A. Baranqanın “İctimai rəy”,
Y. Saloviçin “Qəribə dilənçi”, Altay Məmmədovun
“Dəli Domrul”, Anarın “Şəhərin
yay günləri", Mirzə Fətəli Axundzadənin
“Qanun dəllalı”, H.Mirəlimovun “Vicdanın hökmü”,
Elçinin “Qatil”, Süleyman Sani Axundovun “Eşq və
intiqam”, İsmayıl Şıxlının “Dəli Kür”,
Orxan Kamalın “Yad qızı”, Nüşabə Məmmədlinin
“Unutmaq istəyirəm”, Fəridə Əlyarbəylinin “Xan
qızı”, Sahib İbrahimlinin “Sadığın toyu” və
s. pyeslərinə quruluşlar verərək, Azərbaycan
teatrlarında 120-dən artıq tamaşalara səhnə həyatı
bəxş edib. O, Azərbaycan Teatr Xadimləri İttifaqının
üzvüdür. “Qanun dəllalı”
tamaşasının quruluşuna görə Azərbaycan Teatr
Xadimləri İttifaqının təsis etdiyi “Qızıl Dərviş”
mükafatını alıb. 25 iyun 2013-cü ildə “Tərəqqi”
medalı ilə təltif edilib, 4 mart 1992-ci ildə
respublikanın əməkdar incəsənət xadimi və 13
fevral 2014-cü ildə isə xalq artisti fəxri adlarına
layiq görülüb.
Çox zaman soruşduqda teatra nə
vaxt belə bir maraq və həvəsin
yarandığını xatırlamır. Ancaq onu xatırlayır ki, bu heç də o qədər
uzaq bir vaxtın söhbəti deyil. Kim
bilir, bəlkə də, bu həvəs onda orta məktəb
illərindən başlayıb. Çünki
orta məktəb illərini üçüncü sinfə qədər
Ağstafada oxuyan Vaqif qalan məktəb həyatını isə
Gəncədə keçirib. Burada da o
zamanlar “Alimlər evi” deyilən məkanda bir çox dərnəklər
fəaliyyət göstərib. Dövrünün
sayılıb-seçilən ziyalıları, pedaqoqları bu
məkanda gənclərin yetişməsi, püxtələşməsi
üçün əllərindən gələni əsirgəməyiblər.
O illərdə Vaqif də elə bu dərnəklərdən
birinə, dram dərnəyinə üzv yazılıb. “Alimlər evi”ndə fəaliyyət göstərən
dram dərnəyinə xalq artisti Məhəmməd Burcəliyev
rəhbərlik edib. Yəqin ki, elə bu sənətə
gəlməyinin də ilk qığılcımları məhz
bu dərnəkdən qaynaqlanıb. Sonralar
isə Gəncə Dövlət Dram teatrının baş
rejissoru və direktoru Hüseyn Sultanovun dəvəti ilə
1960-cı ildən başlayaraq taleyini Gəncə teatrına
bağlayan Vaqifə ilk vaxtlar kütləvi səhnələrdə
çıxışlar etmək
tapşırılırdı.
Bir müddət sonra istedad və
bacarığını görən rejissorlardan biri olan xalq
artisti Məhəmməd Burcəliyev 14 aprel 1962-ci il tarixində
quruluş verdiyi 5 pərdəli, 9 şəkildən ibarət
olan Yusif Əzimzadənin “Anacan” pyesində (tamaşanın rəssamı
Rza Məmmədov, bəstəkarı Şamil Yusifov) ona
Dövşan Rəhim rolunu həvalə edir. Məhz
bu ilk sınaq Vaqifin həyatında uğurlu olur.
Artıq Gəncə teatrında iki il ərzində
püxtələşən Vaqif 1962-ci ildə Azərbaycan
Dövlət İncəsənət İnstitutunun “Rejissorluq”
fakültəsinə göndərilir. Təhsil
illəri onun üçün çox maraqlı və həm
də uğurlu keçir. O, 1967-ci ildə təhsilini
bitirib doğma Gəncə teatrına qayıdır. Tələbəlik
illərini bu gündə söhbətlərində çox
böyük özünəməxsus bir şövqlə
xatırlayır: “Bilirsiz, doğrusu, mən ilk vaxtlarda aktyor
olmaq istəyirdim. Çünki özümü
teatrsız, səhnəsiz təsəvvür etmirdim. Vaxt bitdi, vədə yetişdi. Sənədlərimi
İncəsənət İnstitutuna hazırlayan zaman yenə
də xalq artisti Məhəmməd Burcəliyev köməyimə
çatdı. O, hər zaman mənim uğurlarım ilə
sevinib və hər an mənə qol-qanad verirdi. Biləndə ki, mən İncəsənət
İnstitutunun aktyorluq fakültəsinə getmək istəyirəm,
yenə də dəyərli məsləhəti ilə köməyimə
çatdı. Dedi ki, sən gözəl aktyor kimi
artıq, demək olar ki, püxtələşmisən. Gəl sənədlərini rejissorluq fakültəsinə
ver. Onda səhnəni daha yaxşı duyacaqsan. Mən o zaman yenə də böyük sözünə
qulaq asdım və belə də etdim.”
O, artıq 58 ildir teatrda işləyir. Bu 58 ildə uzun-uzadı bir sənət yolunda
böyük bir axtarışlarla səfərdədir. O,
özünü bu sənətdə tapdı. Hətta
təsdiqlədi də. Onun
düşüncələrində sənət
axtarışları böyük bir sonsuzluğa gedir,
tamamlanması isə mümkün deyil. Sənətdə
özünü tapmaq söhbətinə gəldikdə isə
deyir ki, bu çətin məsələdir: “Əgər sənət
yolundasansa, axtarışdasansa özünü tapa bilməzsən.
Axtarırsan, maneələrə, çətinliklərə
rast gəlirsən, daş-kəsəkli yollar keçirsən,
yaxşı işində olur, bərbat işində. Baxmayaraq ki, dövlət teatrlarında 120-dən
artıq tamaşaya quruluşlar vermişəm. Bu o demək deyil ki, haması yüksək səviyyədə
qurulan tamaşalar olub. Əlbəttə
yenə də bu tamaşaların hər birində
axtarışda olmuşam. Hələ də
mən özümü tapmamışam”.
Hətta “Mavi dənizi çox sevirəm”
- deyir qəhrəmanım. Mavi
dənizin bitməz bir sonsuzluğunda hər zaman
özünü tapır, itirdiklərinin xəyalları ilə
danışır. Mavi Xəzər ona bu
anlarda çox zaman sakitlik gətirir. Düzdür
xəfif ləpələr arabir üzünə
çırpılır. Üşüyür.
Amma bu üşüntü qəlbini isidir.
Çünki ləpələr onu xəyallarına
qovuşdurur. Ardınca qaçıb
uşaq kimi əlindən tutmaq istəyir. Ancaq,
bacarmır. Ləpələr onu xəyallarından,
düşüncələrindən ayıldır.
Teatrın səhnəsində
qızğın məşqlər gedir.
Saatın əqrəbləri 11-i göstərən zaman
teatrın daxili foyesində radio qovşağında rejissor
köməkçisinin səsi eşidilir: “Diqqət! Məşq başlanır!”
Rejissor Vaqif Şərifov yenə də
axtarışdadır. Çünki bu dəfə
müraciət etdiyi əsərin səhnə taleyi həmişəki
kimi onu daha çox düşündürür. O, Altay Məmmədovun
qələmə aldığı “Dəli Domrul” qəhrəmanlıq
komediyasını doğma teatrının səhnəsində
hazırlamalı idi. Məşq başlayır.
Aktyor heyəti öz yerini tutur. Rejissor ilk mizanlarını göstərir. Qeyd etmək istəyirəm ki, Altay Məmmədovun
“Dəli Domrul” pyesinin mövzusu uzaq tarixi keçmişimizin
qiymətli yazılı abidəsi olan “Dədə Qorqud”
dastanından alınıb. Dastanın Dəli
Domrul boyundan istifadə edərək orjinal səhnə əsəri
yaradan Altay Məmmədov eyniadlı pyesdə ciddi mətləblərə
toxunub. Pyesin ideya-bədii istiqaməti
çox böyük fəlsəfi fikirlər axınında
müəyyənləşir. Məşq
zamanı rejissor traktofkası ilə epizodlar dəyişir,
mizanlar dəqiqləşir, bəzən eyni səhnə
dönə-dönə bir neçə dəfə təkrar
olunur. Rejissor Vaqif Şərifov
obrazların mahiyyətini açmaq, onları
tamaşaçı gözü ilə cilalayaraq hadisələrin
bir-birini tamamlaması üçün təsirli ifadə vasitələri
axtarır, seçir.
Məhz Altay Məmmədovun “Dəli
Domrul” pyesinin yaradıcı heyəti, xüsusilə rejissor
Vaqif Şərifov cərəyan edən hadisələrin
mahiyyətini müasir dövrümüzlə bilavasitə səsləşən
xətlərini qabartmaqla xeyrin şər üzərində qələbəsini,
xalqımızın mübarizə əzminin nə qədər
böyük olduğunu bir daha göstərməyə
calışıb. Bu tamaşa uzun illər
teatrın reperuarında əsas yerlərdən birini tutmaqla
böyük tamaşaçı rəğbəti qazanmağa
müvəffəq olub. Sözsüz ki,
burada yaradıcı kollektivin böyük zəhmətini qeyd
etməmək mümkün deyil. Ancaq bunula
yanaşı tamaşanın uğurlu səhnə taleyi məhz
quruluşçu rejissor Vaqif Şərifovun adı ilə
bağlıdır.
“Dəli Domrul”un gərgin
məşqlərini xatırlayarkən rejissor ani olaraq fikrə
daldı və uzaq bir xəyallar aləmində nəyisə
xatırlayan kimi bir az da çöhrəsində təbəssüm
dolu bir narahat baxışlarla dedi: “Bir həqiqəti də
etiraf edim ki, rejissorluq adamdan əhatəli
dünyagörüşü, bilik və seçdiyi sənətə
məhəbbət tələb edir. Tamaşaya
hazırladığım bu əsərdə də yalnız
teatr divarları arasında yox, gəzintidə də, evdə
də hər zaman onunla bir yerdə olub, ondan heç zaman
ayrılmadım. Hətta məşq
zamanı tapa bilmədiyim detallar, həll edə bilmədiyim
mizanlar belə işdən sonra da fikrimdə həmişə
məni məşğul edib, rahat buraxmayıb. Hər zaman səhnə həllini verməyə
çalışdığım Dəli Domrulu
düşündüyüm tərzdə aktyorlara elə
çatdırmağa çalışırdım ki, səhnədə
də deyilənlərə şübhə ilə
yanaşmasınlar. Məhz tamaşanın
uğurlu səhnə taleyi üçün bunlar mənə
hava-su kimi lazım idi. Bax tamaşadan sonra
azca da olsa sevinirəmsə bu mənim bəsimdir. Demək zəhmətim hədər getməyib”.
Gəncə Dövlət Dram
Teatrı hər zaman öz repertuar siyasətini qoruyub
saxlayıb, bununla da dövrü ilə ayaqlaşmağı
bacaran teatrlarımız sırasındadır. Müraciət etdikləri hər bir yeni əsər
tamaşaçıların böyük rəğbətini
qazanmaqla uzunömürlü olaraq eləcə də bu
repertuar siyasəti yeni gənc aktyor potensialının
yaranmasında, onların inkişafında hər zaman əsas
meyara çevrilə bilir. Elə bu gün
də bu prinsip əsas götürülür. Rejissor Vaqif Şərifovun bu tendensiyanı əsas
götürməsi yenə də teatrda neçə-neçə
gənc aktyor heyətinin buraya cəlb olunmasında öz
müsbət nəticəsini verməkdədir. Belə olmasa idi onsuzda kadr
çatışmamazlığından əziyyət çəkən
teatrlarımızın bir çoxu kimi Gəncə Dövlət
Dram teatrı da bu problemlə üz-üzə qala bilər,
Şekspirin təbirincə desək “Olum ya ölüm” məngənəsində
sıxılardı.
Gənc aktyor heyətinə baxdıqda
rejissor ani olaraq öz hisslərini cilovlaya bilmir və gözləri
yaşarır: “Mən də teatra bax beləcə gənc
olanda böyük həvəslə gəldim. O zaman bizim
xeyirxahlarımız var idi. Sənətin çətin,
əzablı yollarında bizimlə birgə addımlayanlar
vardı. Ancaq indi... İndi belə təsadüflər
çox az olur. Sevinirəm
ki, bu gün mənə qocaman sənətkarlarımızdan
miras qalan bu işi heç olmasa qoruyub saxlaya bilirəm. Bu gün müasir teatr gənclərin olmalı və
onların üzərində repertuar siyasəti
qurulmalıdır. Əks halda heç nə
ilə sənətimizi qoruyub saxlaya bilmərik”. Lirik, psixoloji pyeslərdən söhbət
düşdükdə Vaqif Şərifovun
yaradıcılıq üslubuna daha çox yaxın olan amillər
göz qabağına gəlir. Belə ki,
rejissor özünün də dediyi kimi bir çox janrlarda
işləməyə üstünlük versə də
lirik-psixoloji pyeslərə də müraciət etməyi sevir
və daha dərindən duyur, görür. Gəncə Dövlət Dram teatrının səhnəsində
uğurlu səhnə taleyi yaşayan Nüşabə Əsəd
Məmmədlinin “Unutmaq istəyirəm” lirik-psixoloji pyesi də
Vaqif Şərifov duyumunun bəhrəsidir.
Tamaşa boyu gənc qız Ülviyyənin
(xalq atristi Pərvanə Qurbanova) gənc bir oğlana (əməkdar
artist Qurban Abbasov) vurulması, anası Zümrüd
xanımın (xalq artisti Sədayə Mustafayeva) xəstəliyi,
şikəstliyi, daima ata (xalq artisti Ələddin Abbasov) həsrəti
ilə yaşayan və atasının həyatda ikili həyat
(ikinci dəfə ailə həyatı qurması) tərzi
sürməsi onun uşaqlıq illərinin ən acı xatirələrində
cəmlənməsi, bununla da, həyatın
ağrılı-acılı anları ilə istər-istəməz
barışması insan taleyindən xəbər verir. Həyatın təlatümlü və ehtiyaclarla
dolu anlarını yaşayan Ülviyyənin uşaqlıq
çağlarını nə vaxt başa vurduğunu, hətta
bu illər ərzində oyuncaqlarının belə olmamasını
anası Zümrüd xanımın dilindən eşidirik.
Personajlar elə bir zaman kəsiyində səhnə həlli
tapmış olurlar ki, cərəyan edən hadisələr
bir an belə səni rahat buraxmır, əksinə,
həyatın insan psixologiyasına gətirdiyi anlarıyla
qarşı-qarşıya qoyur.
Xalq artisti Vaqif Şərifovun Gəncə
Dövlət Dram teatrının səhnəsində son
quruluş verdiyi pyeslərdən biri də Elçinin “Qatil”
psixoloji dramıdır. Pyesdə cərəyan
edən hadisələr günümüzün
reallıqlarını özündə əks etdirməklə
yanaşı, insan taleyindən, həyat məngənəsində
sıxılan acı talelərin gətirdiyi bədbəxtliklərdən
və sonda həyatın özünün belə insanı
amansızcasına qatilə çevrilməsindən bəhs
edir. Hadisələr rejissor tərəfindən o qədər
böyük maraq və dəqiq detallar vasitəsilə işlənib
ki, hadisələrin gedişi səhnədə bir an belə insanı rahat buraxmır, mizanlar hər
an dəyişir və ani olaraq səni xəyallarda
yaşadır. Bu xəyyallar çox zaman
insanı vadar edir ki, düşünəsən. Öz həyatında baş verənlər
haqqında düşünürsən və bu
düşüncələr elə sənin özünü də
bir növ tamaşanın maraqlı bir
iştirakçısına çevirə bilir. Pyesdə orta məktəbdə dərs deyən kimya
müəlliməsi xəyallarının gerçəkləşməsini
mavi səmada olan ulduzlar arasında axtarır və baş verənlərin
məhz onların vasitəsilə
axtarıb-tapılmasını taleyinin bir hissəsi, qisməti
bilir. O, ailə həyatı qurmayıb və hər
zaman da tələbələrinin yazı dəftərini
yoxlaya-yoxlaya onların xəyalları ilə
danışır və bununla da özündə mənəvi
bir dinclik, rahatlıq tapır. Ancaq çox zaman
da təhlükədən qorxur. Elə bu
qorxu hissləri də onu sonda qatilə çevirir.
Rejissor, xalq artisti Vaqif Şərifov bu gün də
axtarışdadır, beyni düşünür, qəlbi
yeni-yeni yaradıcılıq
nigarançılığındadır. Bu dəfə
də həmişəki kimi daha da məsuliyyətlə yeni
bir pyes üzərində çalışır. Əlbəttə ki, hər bir yaranan yeni səhnə
əsəri onun yuxusuz gecələrinin,
narahatçılığının ən
başlıcası isə qəlbinin, ürəyinin alovu ilə
yanan sənət eşqinin yadigarıdır. Özünün də dediyi kimi səhnəyə hər
gün yeni bir məsuliyyətlə gəlir və
düşünərək düşündürür. Onun hər gəlişi bir varlıqdır. Bitməz, tükənməz bir varlıq. Bu varlıq daima bir qüvvəyə malikdir ki, o
qüvvəni sənət müəllimlərindən alıb
və bu gün də qoruyub saxlamaqla gələcək nəsillərə
ötürmək istəyir. Arzusu,
amalı uğrunda mübarizəsində mətin və
dönməzliklə. Sənət yollarının
aşırımlarına tab gətirən bir arzu. Sənət arzusu, sənət alovu.
Anar Bürcəliyev
Teatrşünas
Cümhüriyət.-
2018.- 15-20 iyun.- S.14.