Mehdi Məmmədovun
100 illiyi qeyd edilib
Noyabrın 20-də Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatrı Muzeyində görkəmli
teatr rejissoru, SSRİ Xalq artisti, Dövlət
mükafatı laureatı
Mehdi Məmmədovun anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir təşkil edilib.
Ölkə başçısının Mehdi Məmmədovun anadan olmasının 100 illiyinin keçirilməsi
haqqında imzaladığı
müvafiq Sərəncamına
əsasən təşkil
olunan tədbir Cəfər Cabbarlı adına Teatr Muzeyi və Salman Mümtaz adına Ədəbiyyat və İncəsənət
Arxivinin təşkilatçılığı
ilə gerçəkləşib.
Tədbirdə Mehdi Məmmədovun həyat və fəaliyyətini əks etdirən fotoşəkillərdən
ibarət videoçarx
nümayiş olunub.
Görkəmli teatr rejissorunun
yaradıcılığından söz açan muzeyin direktoru Sevinc Mikayılova zəngin elmi təfəkkürə malik
Mehdi Məmmədovun milli teatrşünaslıq
elmimizin inkişafındakı
rolundan, resenziya janrının formalaşmasında
səmərəli fəaliyyətindən,
quruluş verdiyi tamaşalardan ətraflı
danışıb.
Tədbirdə Əməkdar incəsənət
xadimləri Aydın Talıbzadə, Bəhram Osmanov, teatrşünas Əsəd Məmmədov
çıxış edərək
M.Məmmədovun həyat
və yaradıcılığının
bəzi məqamlarından
söz açıblar.
Bildirilib ki, 1918-ci ildə Şuşada anadan olan Mehdi
Məmmədov Azərbaycanda
XX əsr rejissor sənətinin ən parlaq simalarından biri olub.
Qeyd edilib
ki, görkəmli alimin yazdığı və dərslik kimi keçilən “Rejissor sənəti”, “Həyat və sənət yollarında” və digər kitablar bu gün
də elmi dəyərini saxlamaqdadır.
Bildirilib ki, görkəmli rejissor ümumilikdə 60 səhnə
əsərinə bir-birindən
mükəmməl quruluş
verib: “On ikinci gecə”, “Madrid”, “Od gəlini”,
“Oqtay Eloğlu”, “Şeyx Sənan”, “İblis”, “Hamlet”, “Xəyyam”, “Müfəttiş”,
“Canlı meyit”, “Romeo və Cülyetta”,
“Dəli yığıncağı”
və s. Bu tamaşaların hər biri Azərbaycan teatr sahəsində tarixi hadisəyə çevrilib.
Görkəmli rejissor, teatrşünas, pedaqoq, tənqidçi, tərcüməçi Mehdi
Məmmədov Milli Dram Teatrında baş rejissor olduğu 10 il ərzində 12 səhnə
əsərinə quruluş
verib. Onun Opera və Balet Teatrının səhnəsində quruluş
verdiyi “Toska”, “Lakme”, “Sevil”, “Koroğlu”, ilk dəfə romantik və modernist üslubun vəhdətində
ərsəyə gətirdiyi
“Leyli və Məcnun” musiqili dramı, Rus Dram Teatrında hazırladığı “Həyatın
dibində”, “Mənim Nadejdalarım” tamaşaları
rejissorun təxəyyülünün
genişliyindən, ən
əsası isə, bu genişliyi sərrast sərf etmək istedadından xəbər verir.
Vurğulanıb ki, Mehdi Məmmədovun
adı Azərbaycan mədəniyyətində yüksək
intellektli, universal dünyagörüşlü sənətkar
nümunəsi ilə
assosiasiya olunur. O, keçmiş SSRİ məkanında
yüksək peşəkarlıq
xüsusiyyətlərini kamilliklə
özündə birləşdirən
azsayda sənətkarlardan
idi. Belə bir fakt məlumdur
ki, 1974-cü ildə Moskva teatr ictimaiyyətinin
görkəmli nümayəndələri
Mehdi Məmmədov sənətkarlığına ehtiramlarını
təzimlə bildirmişlər.
Onun portreti indiyədək Moskva Teatr Akademiyasının divarını bəzəyən
korifeylərin portretləri
ilə bir sıradadır.
Diqqətə çatdırılıb ki,
Mehdi Məmmədov ömrünün sonuna qədər pedaqoji fəaliyyətlə məşğul
olub. Mədəniyyət
və İncəsənət
Universitetində çalışmaqla
yanaşı, Bakı
Dövlət Universitetində
etika və estetikadan dərs deyib.
Mehdi Məmmədovun
Hökümə Qurbanovaya
həsr etdiyi “Onun sənət ulduzu” araşdırma və müşahidələr
toplusu aktyorluq sənəti və aktyor şəxsiyyəti haqqında ən yaxşı kitablardan biridir. Rejissorun “Azərbaycan dramaturgiyasının
estetik problemləri” adlı doktorluq dissertasiyası sənətşünaslıq
elmində ən dəyərli tədqiqatlardandır.
Qeyd edilib
ki, böyük sənətkar quruluş verdiyi tamaşalarla, yazdığı əsərlərlə
adını sənət
dünyamıza əbədi
həkk edib.
Cümhuriyət.-
2018.- 22 noyabr.- S.14.