Xalq Cümhuriyyəti-100:Şaumyanın verdiyi  təyyarəni tüfənglə yerə salan Qara Ələkbər

1918-ci ilin avqust ayında 5-ci Qafqaz İslam Ordusunun komandan Nuru paşanın rəhbərliyi ilə bir topçu taboru paytaxtından 12-15 km aralı yerləşən Güzdək kəndində qərargah qurmuşdu.

Qərargah Kərbəlayi Murad Bəndalı oğlunun (1855-1934) evində yerləşirdi. Təbii səngərlərdə, “Qırxqız yüksəkliyi”nin ətrafında mövqe tutmuş məşhur türk topları oradan üzünü düşmənə tərəf çevirmişdi. Həmin yer hazırda el arasında “Nişangah yüksəkliyi” adlanır. Xilaskar ordunun döyüş sursatı və cəbbəxanası da bu kənddə-Əbdülbağı Baxşəli oğlu Məmmədquliyevin (1894-1975) evində və həyətində saxlanılırdı.Günlərin birində düşmən kəşfiyyatının bilgisinə-bu cür məlumatlar daha çox kənd-kənd gəzən dilənçilərdən alınırdı-əsasən kəndin üzərində peyda olan hərbi təyyarə Əbdülbağı Baxşəli oğlunun həyətini topa tutur, xoşbəxtlikdən atəş hədəfdən yayınır, yalnız azyaşlı qız nəvələri - Həmidə Məşədi Qəni qızı (1914-1984) və bacısı Minəxanım (1916-1990) yaralanır. Qeyd edək ki, təyyarə Böyük Britaniya hökuməti tərəfindən Stepan Şaumyanın rəhbərlik etdiyi quldur hay-daşnak, rus-bolşevik dəstəsinə bağışlamışdı.

Yaralılardan birinin vəziyyəti ağır olduğundan kənddəki türk hərbi hospitalına yerləşdirilir. Bombardmançı təyyarə kəndin üzərində dövrə vurub geri qayıtdıqda kəndin qırağındakı qayanın üstündə, kənddən 500 metr aralıda yerləşən “Gəncalı kəhrizi”nin yanında Qara Ələkbərə  rişxəndlə acıq verir, əli ilə atəş yerini göstərir. O da həmişə üstündə gəzdirdiyi nimdaş təkatılan tüfəngi ilə qatili nişan alır... və bununla təyyarə kəndin kənarındakı İsa dərəsindəki “Zəfəranlıq yeri” adlanan əkin sahəsinin yaxınlığına  düşüb partlayır. Hadisə zamanı qonşusu Abdulkərim Orucəli oğlu (1884-1969) da Qara Ələkbərin yanındaymış. Osmanlı döyüşçüləri döyüş səngərlərindən bu olayı seyr edirmiş. Türk zabiti Qara Ələkbərdən soruşur ki, gavuru hansı silahla vurdun? Cavabında sadə silahını göstərdikdə ona təzə türk onatılanı və pul mükafatı verirlər. O silahı qəbul edir, amma pulu geri qaytarır...

Ümumiyyətlə, Bakı şəhəri və ətraf kəndlərində düşmənlə mübarizə aparan el qəhrəmanlarının, xalq müqaviməti dəstələrinin, milli özünümüdafiə qüvvələrinin polu böyük olmuşdu. Onların igidliyi, mübarizliyi və birliyi ucbatından dinc sakinlərin (xüsusilə, qocaların, uşaqların və qadınların) qırğınının və əhalinin maddı sərvətlərinin qarət edilməsinin  qarşısı xeyli dərəcədə alınırdı. Cəbhənin bu hissəsində- Qobu, Hökməli, Xırdalan və Güzdək kəndlərində bu cür el qəhrəmanlarından Manaf Ağa Murad oğlu Muradovun (1887-1934), Məşədi Hilal Hacı İsmayıl oğlunun (1890-1918), Kərbəlayi Məsi Hacı Molla Qafur oğlunun (1897-1940), Kərbəlayi Hüseynalı Vəli oğlunun (1885-1937), Sadıq Ağa oğlunun (1887-1937), Qubad Mədət oğlunun (1890-1918), Həsən Bəxşəli oğlunun (1880-1920) adları indi də xalq arasında ehtiramla xatırlanır və yad edilir...

 

 

 

Bakı şəhərinin Çəmbərəkənd məhəlləsində güzdəklilərin yaşadığı “Hüseynbala açıqlığı” adlanan yerdə (indiki N.Nərimanovun abidəsinin ətrafında-müəll.) 1894-cü ildə Ələkbər Əliverdi oğlunun (1875-1906) ailəsində doğulan Ələkbər erkən vaxtlarından valideynlərini itirdiyindən bir müddət yaxın qohumlarının himayəsində böyüyüb, sonra doğma Güzdək kəndinə köçüb. Atası kənddən Cəmbərəkənd bazarına araba ilə saman satmağa gedəndə Heybət stansiyası yaxınlığında silahlı hay quldurları tərəfindən öldürülmüşdü. Rəngi qarayanız olduğu üçün “Qara” ləqəbini daşıyırdı. Gənc ikən həmkəndlisi Gülşən Ələsgər qızı ilə (1901-1932) ailə quran Ələkbərin

Ələsgər (1920-1986) və Əliverdi (1925-1981) adlı iki oğlu dünyaya gəlir.

Həyat yoldaşı cavan rəhmətə getdiyindən o, ikinci dəfə Nərgiz İmanı qızı (1898-1968) ilə  evlənir.   El arasında “Qara Ələkbər” kimi çağırılan bu igid adam xeyirxah əməl sahibi, mərd və sözübütöv idi, halal zəhməti ilə ailəsini dolandırardı. Həmkəndliləri Xalıq Dadaş oğlu (1900-1943), Abdülkərim Orucəli oğlu ilə birlikdə kənddən 1-2 km aralıda yerləşən “Şumluq çalası”nda, “Baxça yeri”ndə bostan-tərəvəz məhsulları yetişdirər, aparıb bazarda satardı. Çəmbərəkənd bazarında həm də yüksək keyfiyyətli saman Güzdək kəndindən aparılardı. “Qızıl qaya”dan daş çapardı, “Böyük daş” qış otlağında mal-heyvan saxlayar, ətaf qışlaqlarda da, xüsusilə “Otman bozu”nda ovçuluq edərdi. Sərrast atıcılıq qabiliyyəti onu ölənəcən tərk etmədi.

1918-ci ildə silahlı hay-daşnak quldurlarının Bakı şəhəri və ətraf kəndlərində törətdikləri qətliam aktlarının qarşısının alınmasında Qara Ələkbər böyük rolu olub. O, həm təklikdə, həm də el qəhrəmanları ilə birlikdə müxtəlif səngərlərdə döyüşüb. Qonşu Hökməli kəndindən olan el qəhrəmanı qaçaq Qubad Mədət oğlu ilə Cəngi cəbhəsində, fatmayılı Qaçaq Aslanın dəstəsinin tərkibində Qobustan-Heybət cəbhəsində, eləcə də Qurd qapısı-Çəmbərəkənd döyüş meydanında səngər savaşlarında həmişə qalib çıxıb. Ağsaqqallardan Əbdülrəhim Məhərrəm oğlunun (1902-1968), Əbdülnəbi Məcid oğlunun (1906-1995), İsmayıl Bağır oğlunun (1888-1944) söhbətinə görə Cəngi-Qır qışlağı döyüşlərində tüfəngin tətiyini o qədər tez-tez basmışdı ki, barmaqları qançır olmuşdu. Həmin silah oğlu Əliverdinin Körgöz qəsəbəsindəki evinin damında keçən əsrin 70-ci illərinədək saxlanılırdı...

5-ci Qafqaz İslam Ordusunun Heybət dəmiryolu stansiyasının yaxınlığındakı hərbi düşərgəsində təlim və tapşırıqların icrasında yaxından iştirak edib. Heybət-Qurd qapısı cəbhəsi boyunca, paytaxtın cənub-qərb hissəsindən düşməni darmadağın edən döyüşçülər sırasında əlində onatılan Qara Ələkbər də olub. Döyüş yoldaşlarının qorunmasını və hücum əməliyyatlarını başa çatdırsa da silahdaşlarının şəhid olması səhnələri həmişə onu kövrəldirdi, onları xatırlamağı özünə borc bilirdi. Cəbhənin bu hissəsində ağır döyüşlər getdiyini bildirir, deyirdi ki, Qurd qapısı boyunca yerləşdirilmiş düşmənin top qurğuları və Xəzər dənizindən hərbi gəmilərdən açılan atəş çoxsaylı igid oğullarımızı və qardaşlarımızı şəhid edib.

 

1928-ci ildə elə bu yerdə, Qurd qapısında, həmkəndlisi Dəmirqaya Heydər oğlu (1888-1934) ilə Çəmbərəkənddən saman satıb qayıdırmış. Bu an onların qarşısına soyuğunçular çıxır. Qara Ələkbər əlinin palanın altından xurcuna salır, naqanı çıxararaq soyğunçuları bir-bir güllələyir. Bu hərəkət necə anidən olursa yol yoldaşını necə qorxudan huşunu itirir. Hadisədən sonra yazıq kişi yatağa düşür, ayağı bir müddət tutulur.

Bolşevik hökuməti daim zalıma qarşı çıxmış, məzlumun yanında olmuş  Qara Ələkbəri bağışlamır. Qara Ələkbər 1911-1912-ci illərdə bir müddət Bayıl həbsxanasında yatmalı olur. Ancaq orada da dinc durmur. Məhbəsdə  inqilabçı Dadaş Xoca oğlu Bünyadzadə (1888-1943) ilə tanış olur. Həbsxana yoldaşlarının ərzaq paylarını əllərindən alanları yerində otuzduran Qara Ələkbər elə həbsdən də onlara qoşulub qaçıb. Sonralar Güzdək daş karxanalarında D.Bünyadzadə ilə birgə işləyir. Bu tanışlıq sonralar, 1923-cü ildən onun yeni işə cəlb edilməsi ilə nəticələnib. Belə ki, D.Bünyadzadə 1923-1930-cu illərdə Azərbaycan Xalq Komissarları Sovetində Ərzaq komissarı olanda  İran ərazisindən dəniz və quru yolu vasitəsilə ölkəmizə Lənkəran və Salyan qəzalarından keçərək gətirilən məhsulların basqınçılardan, qaçaq-quldurlardan dövlət xətti ilə qorunmasında, onların salamat mənzil başına çatdırılmasında  Qara Ələkbərin qoçaqlığından istifadə edib. Bu işində də o, comərdliyi və haqqsevərliyi ilə fərqlənmişdi.

Həmin illərdə Kür çayı sahillərində 3 qadın, 1 kişi olmaqla bir rus ailəsini yerli soyğunçu quldurlardan xilas edən Qara Ələkbəri 1947-ci ildə həmin şəxs Şamaxı bazarında tanımış və ona minnətdarlığını bildirmişdi.

1947-1950-ci illərdə o, ailəsini “Qızıl qaya” daş yatağından əli ilə daş çapıb sataraq dolandırıb.

Kəndin ağbirçəyi Məsmə Məlik qızı (1924-2003) danışırdı ki, 1947-ci ildə kəndimizə bir pəhləvan gəlmişdi, meydan sulayırdı, ağır qaya daşlarını atıb-tutur qolunun gücünü göstərirdi. Qara Ələkbər həmin pəhləvanı əlləri ilə başı üstünə qaldırdı və dedi ki, indi də daşları at-tut. Həmin adam o gedən oldu kənddən.. Bir də görünmədi.

1950-ci illərinin əvvəllərində Qaradağ rayonunda Milis idarəsinin heyət üzvləri nişangaha atəş açır, məşq edirmişlər. Ancaq tapançadan atdıqları güllələr hey hədəfdən yan keçirmiş. Aralıdan bu durumu seyr edən Qara Ələkbər dözmür, gəlib bir-bir şüşə qabları, konserv qutularını “göyə uçurdur”. Rəis işçilərini söyməklə ürəyini boşaldır, axırda da “gülləni belə atarlar, ağsaqqaldan ibrət götürün, güllələri havayı atmayın”-deyir.  Qara Ələkbər el içində sözü keçən, sayılıb-çeçilən kişilərdən olub, mübahisəli məsələlərin həllində daim haqlının tərəfini tutur. Övladlarına nəsihəti və vəsiyyəti olub ki, elin-obanın işinə yarayın, haqqı nahaqqın ayağına verməyin, imkansızlara bacardığınız qədər kömək edin. Bu səbəbdən də 1947-1974-cü illərdə Korgöz qəsəbəsinin sovet sədri işləmiş oğlu Ələsgər atasının bu sözlərini heç zaman unutmur. Onun tərbiyə verdiyi Kamal, Bəylər və Adışirin söyləyir ki, bu gün onlara  edilən hörmətin mayasında baba və atasının qazandığları savab işlər durur. El qəhrəmanı Qara Ələkbər 1956-cı ildə vəfat edir, Güzdək kənd qəbristanlığında dəfn olunur. Onun məzarının sinə daşı üzərində belə bir yazı var: “Ey dost, cahanda öyünmə sağsan. Mən evimdəyəm, sən ki qonaqsan.”

Qeyd: məqalənin yazılmasında Qara Ələkbərin nəvələri, Əliverdi Ələkbər oğlunun övladları - Hacı Bəylərin, Kamalın və Adışirinin, eləcə də Güzdək kənd sakini Hacı Novruz Qasım oğlu Novruzovun (1933) məlumatlarından istifadə edilib.

 

Qismət Yunusoğlu

Bakı Dövlət Universitetinin müəllimi

Cumhüriyət.- 2018.-  13 sentyabr.- S 12