Nizami yurdunun musiqi beşiyi -
Gəncə Filarmoniyası
Bu gün Ulu Şeyx Nizami yurdu olan qədim Gəncə
sürətlə müasirləşir, abadlaşır,
inkişaf edir və öz yeni simasına qovuşur.
Gəncə bu gün Azərbaycanın ən
gözəl ünvanlarından biri olmaqla, qloballaşan
dünyamıza inamla qovuşan şəhər görkəmi
alıb, mühüm sənaye mərkəzinə
çevrilib. Gəncədə fəaliyyət göstərən
mədəniyyət ocaqları sırasında öz möhtəşəmliyi
ilə hər zaman diqqəti cəlb edən əzəmətli
bir bina var. Bu möhtəşəm bina müasir Gəncənin
gözəlliyinə başqa bir rəng qatır. Söhbət
Fikrət Əmirov adına Gəncə Dövlət
Filarmoniyasının yeni tikilən binasından gedir.
Qeyd edim ki, qədim Nizami yurdu olan
Gəncədə Dövlət Filarmoniyası hələ
1935-1936-cı illərdə müasir Azərbaycan peşəkar
musiqi sənətinin və müsəlman şərqində
ilk milli operanın banisi kimi tanınan Üzeyir bəy
Hacıbəylinin təşəbbüsü ilə
yaradılıb. Bir müddətdən
sonra çox qısa zamanda Filarmoniya öz fəaliyyətini
dayandırmaq məcburiyyətində qalıb. 1941-ci ildə
orduya çağrılan və 1942-ci ildə ağır xəstəliyi
üzündən cəbhədən qayıdan Fikrət
Əmirov bir müddət Gəncədə qalır. Gəncə
Dövlət Dram Teatrında baş rejissor Mehdi Məmmədovla
birgə işləyərək, bir neçə tamaşaya
musiqi yazır. Sonra Bakıya qayıdır, konservatoriyada təhsilini
başa vurur. Onu işləmək üçün Gəncəyə
göndərirlər. Burada Fikrət Əmirov, xalq artisti Məhəmməd
Burcəliyev və bəstəkar Qəmbər Hüseynli yenidən
1946-cı ildə Dövlət Filarmoniyasını bərpa
etmək qərarına gəliblər. Bu zaman Fikrət
Əmirov bədii rəhbər, xalq artisti Məhəmməd
Burcəliyev isə Filarmoniyanın direktoru təyin olunublar. Gəncə
Dövlət Filarmoniyası 1949-cu ilə kimi fəaliyyət
göstərib. 1949-cu ildə Filarmoniyanın fəaliyyətinə
yenidən xitam verilib.
Sonradan Dövlət Filarmoniyasının Gəncədə
yaradılması respublikanın əməkdar mədəniyyət
işçisi Şirin Rzayevin üzərinə
düşüb. Azərbaycan SSR Mədəniyyət
Nazirliyinin 228-K saylı 27 avqust 1990-cı il tarixli qərarı
və Şirin Rzayevin rəhbərliyi ilə 1985-ci ildə
tikilən Gəncə çayının sol sahilində yerləşən
konsert binasında “Göy-göl” Dövlət Mahnı və
Rəqs Ansamblının bazası əsasında Gəncədə
Dövlət Filarmoniyası yenidən fəaliyyətə
başlayıb. O illəri xatırlayan Şirin Rzayev deyir:
“Konservatoriyanın rektoru Soltan Hacıbəyovun təşəbbüsü
və təklifi ilə Gəncə Musiqi Texnikumunun direktoru
kimi fəaliyyətə başladım. Gəncəyə gəldikdən
sonra şəhərin birinci katibi Ələsgər Əlizadə
mənim qarşımda bir tələb qoydu ki, Gəncədə
yeni musiqi kollektivlərinin yaradılması işini
başlamalıyam. Belə oldu ki, bundan sonra mən
Gəncədə ilk Sinfonik orkestr yaratdım. 1969-cu ilin oktyabr
ayının 6-da Gəncəyə gəlib artıq dekabr
ayının 16-da bu qeyd etdiyim Simfonik Orkestrlə Xor kollektivi
Bakıda Gəncə günlərində iştirak etdi.
Sonradan Gəncədə müəllimlərin köməyi və
Kamal Şirinovun rəhbərliyi ilə “Gəncə
qızları” adlı bir vokal kvarteti ərsəyə gətirdik.
Hətta xatırlayıram ki, ilk dəfə
olaraq Gəncədə “Leyli və Məcnun” operasını
bizim Simfonik Orkestrın ifasında konsert formasında “Şərəfxanlı”
El nəğmələri Teatrında Gəncə Dövlət
Dram Teatrının mərhum rejissoru, respublikanın əməkdar
incəsənət xadimi Həsən Ağayevin və
aktyorların köməkliyi ilə ifa etdik. 1980-ci ildə Gəncəyə
rəhbərlik edən Həsən Həsənovun təşəbbüsü
ilə biz Folklor xorunu yarada bildik. Daha sonra Gəncədə
1959-cu ildə bəstəkar Xəlil Cəfərovun rəhbərliyi
ilə yenidən mahnı və rəqs ansambılı fəaliyyətə
başladı. Bu proses də bir neçə ildən sonra
özünü doğrultmadı. Daha sonra 1969-cu ildə xalq
artisti Fikrət Verdiyevin rəhbərliyi ilə “Göy-göl”
mahnı və rəqs ansambılı özfəaliyyət
olaraq fəaliyyətə başladı. 1977-ci ildə
“Göy-göl” mahnı və rəqs ansambılına ulu
öndər Heydər Əliyevin təşəbbüsü və
köməkliyi ilə dövlət statusu verildi. Həmçinin
bu dövrdə Gəncədə Kamera Orkestrı da fəaliyyət
göstərirdi. Daha sonra 1990-cı ildə Gəncədə
Dövlət Filarmoniyası mənim rəhbərliyim ilə
yenidən yaradıldı. Mən Filarmoniyaya direktor təyin
olunduqdan sonra Xalq Çalğı Alətləri Orkestrini
respublikanın əməkdar artisti Elçin Elçiyevin
köməkliyilə yaratmağa müvəffəq oldum.
Bundan sonra “Ulu Gəncə” ansamblını Namiq Verdiyevin
yaxından köməkliyi ilə yarada bildik”.
Gəncə Dövlət
Filarmoniyasının yeni binasının təməli Prezident
İlham Əliyev tərəfindən 21 yanvar 2012-ci ildə Gəncəyə
səfəri zamanı Nizami rayonu ərazisində, Cavad xan və
Heydər Əliyev prospektinin kəsişməsində, əvvəllər
“Bakı” kinoteatrının yerləşdiyi ərazidə
memar Ramiz Hüseynovun orijinal layihəsi əsasında
qoyulub. Tikinti işləri 2017-ci ilin noyabr ayınadək davam
etdirilib və 10 noyabr 2017-ci ildə prezident İlham
Əliyevin iştirakı ilə yeni binanın
açılış mərasimi olub. Bu gün
şəhərin memarlıq görünüşünə
xüsusi estetik gözəllik bəxş edən, klassisizm
üslubunda inşa edilmiş altımərtəbəli bu
mötəbər bina bir sıra mədəni tədbirlər,
festivallar, həmçinin ölkə və beynəlxalq əhəmiyyətli
müsabiqələrin keçirilməsi
üçün əvəzsiz məkana çevrilib. Filarmoniya binasının inşasında Qərb
Renesans arxitekturasının bir çox elementlərinin Şərq
memarlıq ənənələri ilə üzvi şəkildə
birləşməsi də xüsusi olaraq diqqəti cəlb
edir. 1200 nəfərlik tamaşaçı auditoriyası
üçün nəzərdə tutulan binada həm də
iki kinozal, açıq havada yay estrada meydanı, eləcə
də bir çox studiya və məşq otaqları var.
Burada, eyni zamanda 10 loja və 1 VİP loja vardır. Binanın üçüncü mərtəbəsinin
eyvanında Üzeyir Hacıbəyovun, Fikrət Əmirovun,
Qara Qarayevin, Niyazinin və Arif Məlikovun heykəlləri
ucaldılıb. Ərazidə açıq havada yay konsert
meydançası ilə yanaşı, həmçinin
baxış qülləsi və ümumi sahəsi 2 min
kvadratmetr olan iki korpusdan ibarət ikimərtəbəli
qalereya inşa edilib. Filarmoniyanın ətrafında geniş
abadlıq-quruculuq işləri aparılıb, dekorativ gül
kolları əkilib. Binanın qarşısında iki fəvvarə
quraşdırılıb və milli ornamentlərlə bəzədilib.
Bu gün Gəncə Dövlət
Filarmoniyanın nəzdində 58 nəfərdən ibarət
“Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblı,
44 nəfərdən ibarət Xalq Çalğı Alətləri
Orkestri, 25 nəfərdən ibarət Kamera Orkestri fəaliyyət
göstərir. Gəncə Dövlət
Filarmoniyasının direktor əvəzi, respublikanın əməkdar
artisti Elçin Elçiyev söhbət zamanı bu barədə
dedi: “Bu gün Xalq Çalğı Alətləri Orkestri 44 nəfərdən
ibarətdir. Ancaq əsas heyyət bu Orkestrdə 25 nəfərdir.
Səbəb də bundan ibarətdir ki, Xalq Çalğı
Alətləri Orkestrinin tərkibində, həmçinin “Xəmsə”
Estrada qrupu da ictimai əsaslarla fəliyyət göstərir.
Bu estrada qrupu ötən il xalq artisti Samir Cəfərov
Filarmoniyaya rəhbərlik etdiyi dövrdə onun təşəbbüsü
ilə yaradılıb. Bu ildən isə, həmçinin Gəncə
Dövlət Filarmoniyasının tərkibində Xor kollektivi
mənim təşəbbüsümlə ictimai əsaslarla
yaradılıb. Hətta bu yaxınlarda cənab Mədəniyyət
naziri Əbülfəs Qarayev Gəncədə olarkən yeni
yaranan Xor kollektivinin Orkerstrlə birgə Aqşin Əlizadənin
“Ana torpaq” əsərini dinlədi. Bildirim ki, bu gün Gəncə
Dövlət Filarmoniyası üçüncü kateqoriyada
olaraq fəaliyyət göstərir. İkinci kateqoriyada fəaliyyət
göstərməmiz üçün bir neçə şərtlər
var ki, bunlardan biri də burada beş kollektivin fəaliyyət
göstərməsinin vacibliyidir. Bununla bağlı cənab Mədəniyyət
naziri Əbülfəs Qarayevə müraciətimiz olub. O, da
öz növbəsində məsələyə müsbət
fikrini bildirərək bu təklifə yaxın vaxtlarda
baxılacağını bildirib. Həmçinin ictimai əsaslarla
“Gülşən” Uşaq Rəqs Ansamblı da Salam Cavadovun rəhbərliyi
ilə fəaliyyət göstərir. Məlumat
üçün bildirim ki,
sentyabr ayında hər il dahi Üzeyir bəy Hacıbəylinin
anadan olduğu gün müsiqi günü kimi qeyd edilir. Bu münasibətlə Dövlət Filarmoniyası
“Arşın mal alan” üzərində işləyir. İlk
dəfə bu əsərə 1991-92-ci illərdə mənim
tərəfimdən Dövlət Filarmoniyasının səhnəsində
müraciət olunmasına baxmayaraq aktyor heyətinin lazımi
səviyyədə olmaması üzündən hazırlanması
yarımçıq qaldı. Hətta 1990-cı ildə müəllimim
olan, görkəmli bəstəkarımız Süleyman Ələsgərov
öz imzası ilə həmin əsərin
partiturasını mənə göndərib. Qeyd edim ki, bu
partituranı 1936-cı ildə Moskva dekadasında böyük
sənətkarımız Səid Rüstəmov Xalq
Çalğı Alətləri Orkestri üçün
işləyib. İndi də məşqlər elə bu
partitura əsasında aparılır. Artıq bu barədə
Mədəniyyət Nazirliyinə də məlumat verilib”.
“Göy-göl” Dövlət
Mahnı və Rəqs Ansamblı dəfələrlə
Türkiyə Respublikasında, müxtəlif Beynəlxalq
Festivallarda, eləcə də “Dədə Qorqud”
Festivalında, Azərbaycan Xalq Rəqsləri Festivalında,
“Giresun-Aksu Beynəlxalq Festivalında”, “Türksoy Novruz şənlikləri”ndə
Azərbaycanı böyük uğurla təmsil edib.
Burada, həmçinin Xalq Çalğı Alətləri
Orkestri tarixi bayramlar və əlamətdar günlərdə,
yubileylərdə, şəhər günlərində hər
zaman müvəffəqiyyətlə çıxışlar
edir. Gəncə Dövlət Kamera Orkestrinin repertuarında Azərbaycan
bəstəkarları ilə yanaşı, xarici bəstəkarların
əsərləri əsas yer tutur.
Qeyd etmək lazımdır ki,
1990-1996-cı illərdə Gəncə Dövlət
Filarmoniyasının direktoru vəzifəsində
respublikanın əməkdar mədəniyyət
işçisi Şirin Rzayev daha sonra 1996-2016-cı illərdə
Gəncə Dövlət Filarmoniyasının direktoru,
“Göy-Göl” Dövlət Mahnı və Rəqs Ansamblı
və Xalq Çalğı Alətləri
Orkestrinin bədii rəhbər vəzifəsində Azərbaycan
Respublikasının xalq artisti Şahnaz Haşımova fəaliyyət
göstərib. 23 iyun 2017-ci ildən 05 iyul 2018-ci ilədək
Azərbaycan Respublikasının xalq artisti Samir Cəfərov
Gəncə Dövlət Filarmoniyasına rəhbərlik
edib. 09 iyul 2019-cu ildən isə respublikanın əməkdar
artisti Elçin Elçiyev Gəncə Dövlət
Filarmoniyasına direktor müavini təyin olunmaqla direktor səlahiyyətlərini
icra edir.
Bu gün Gəncə Dövlət
Filarmoniyasının yeni binasında mədəni tədbirlərin
yüksək səviyyədə keçirilməsi, əməkdaşların
və yaradıcı kollektivlərin səmərəli fəaliyyəti
üçün hərtərəfli şərait
yaradılıb. Gəncə Dövlət
Filarmoniyasının yeni binasının istifadəyə verilməsi
bir daha Azərbaycanda mədəniyyət sahəsinə
göstərilən dövlət qayğısının əyani
təsdiqinin təzahürü kimi dəyərləndirilməlidir.
Anar Bürcəliyev,
teatrşünas
Cümhuriyət.-
2019.- 13-15 aprel.- S.14