Korifeylər yetişdirmiş rayon
teatrları
Bir-birindən maraqlı, orijinal və
böyük yaradıcılıq yolu keçən Azərbaycan
teatrlarının tarixinə nəzər salarkən Qazax
Dövlət Dram Teatrının zəngin
yaradıcılıq irsi maraq doğurur. Belə
ki, ötən SSRİ məkanında kollektivləşmə
siyasəti başlayanda dövlət özünün ideologiyasını
gücləndirmək və eyni zamanda rayon mərkəzlərində,
kolxozlarda və sovxozlarda mədəni xidmətin səviyyəsini
artırmaq məqsədilə müəyyən tədbirlər
planı hazırladı.
Bunlardan biri də Xalq Komissarları Sovetinin
Dövlət Səyyar Kolxoz və Sovxoz Teatrı yaratmaq barədə
qərarı idi. 1934-cü ilin əvvəllərində məhz
belə bir teatr Bakıda yaradıldı və xüsusi
nizamnaməsi təsdiqləndi. Bu zaman isə
yaradılan teatrın öz iş prinsipinə uyğun olaraq
aprel və may aylarında truppa yığılar, əsasən,
bir pərdəli kollektivləşməni təbliğ edən
dramlardan, sosializm quruluşuna mane olan ünsürləri tənqid
edən komediyalardan ibarət repertuar təsdiqlənərdi.
Ələsgər Şərifov ilk dəfə
olaraq bu teatra rejissor olaraq təyin edilib. Adətən ənənəvi
olaraq bu teatr sentyabrın axırlarında və noyabrın əvvəllərində
xüsusi əmrlə ləğv edilir və növbəti
ilin yaz aylarında yenidən təşkil olunurdu. Hər dəfə də direktorun təyin olunması
barədə əmr verilir və sonra müqavilə əsasında
aktyor heyyətinin üzvlərinin işə qəbulu həyata
keçirilirdi. 5 avqust 1939-cu ildə Azərbaycan Xalq
Komissarları Sovetinin 3649 saylı qərarı ilə
Bakıdakı Səyyar Kolxoz və Sovxoz Teatrı Şəmkir
rayonuna köçürülüb. 1932-cü il dekabr ayının 15-dən Gəncədə
Türk İşçi Dövlət Dram Teatrı,
1935-1936-cı illərdən Şəkidə Dövlət Dram
Teatrı fəaliyyət göstərirdi. 1937-1938-ci illərdə
Qaryagində (indiki Fizuli rayonunda), Ağdamda, Şamaxıda,
Şuşada, Lənkəranda, Qazaxda, Qubada, Ağdaşda təxminən
eyni ştatda Dövlət Kolxoz və
Sovxoz teatrları yaradıldı. Bu teatrların truppaları
yerli həvəskarlardan, həmçinin Bakı Teatr Məktəbinin
(Texnikumunun) məzmunlarından və Bakıda fəaliyyət
göstərən aktyorların müəyyən qüvvələrinin
iştirakı ilə təşkil olunurdu.
1943-cü ilin payız
mövsümündə hökümətin qərarı ilə
bütün rayonlarda Kolxoz və Sovxoz Teatrları ləğv
olunaraq onların bazasında Dövlət Dram Teatrları
yaradıldı. Bir müddət sonra Şuşa Teatrı
“Dövlət Musiqili Dram Teatrı” adlandırıldı və
Üzeyir bəy Hacıbəylinin adı verildi. Daha sonra Qaryagin (Fizuli) Teatrı Hüseynqulu
Sarabskinin, Şəmkir Teatrı Mirzağa Əliyevin, Qazax
Teatrı Səməd Vurğunun, Ağdam Teatrı
Əbdürrəhim bəy Haqverdiyevin, Quba Teatrı Abbasqulu
ağa Bakıxanovun, Şamaxı Teatrı Seyid Əzim
Şirvaninin, Ağdaş Teatrı isə Nəcəf bəy
Vəzirovun adlarını daşıdı. Artıq dövlət
statuslu teatrlarda, əsasən, səriştəli baş
rejissorlardan sayılan Yusif Yulduz, Məcid Zeynalov, Ağəli
Dadaşov, Əsəd Cəfərov kimiləri baş rejissor
işləyir, ya da dəvətlə müxtəlif janrlı
tamaşalara quruluşlar verirdilər. Bu
dövrdə teatr məktəbi kurslarının hesabına
ilbəil peşəkar aktyorların sayı da
artırılırdı. Hətta 1942-ci ildə Bakıda iki
aylıq aktyorluq kursu açılaraq məvacib almaqla yerlərdən
gələn həvəskarlar burda müəyyən təcrübə
keçə bilirdilər. Bu illərdə Mədəniyyət
Nazirliyi olmadığından fəaliyyət göstərən
dövlət statuslu teatrlar Xalq Maarif Komissarlığı tərkibində
İncəsənət İşləri İdarəsinə
tabe idi. Bu illərdə İncəsənət İşləri
İdarəsi inzibati tabeçilikdən əlavə
bütün teatrların repertuar təşkilini də mərkəzləşdirmişdi.
Bu məqsədlə Bakı teatrlarında oynanılan orijinal
və tərcümə əsərlərinin nüsxələri
çoxaldılır, siyahısı tərtib olunur və ildə
iki dəfə rayon teatrlarına göndərilirdi. Bəzən əsərləri Bakıda
oynanılmayan və yaradıcılıqlarının ideoloji
yönümü aydın olan Rza Şahvələdin “Qız
qalası”, Həsən Qasımovun “Kür sahilində”,
Ağasəlim Manaflının “Yasəmən”, Əzizağa
Məmmədovun “İki cəbhə”, Səttar Axundovun “Bayram
günü”, “Çətin dərə”, Rza Təhmasibin
təbdil etdiyi “Fəlsəfə Kərim”, Qurban Musayevin
“Hücum” və digər bu səpkili pyesləri də
teatrlarda oynanılırdı. Demək olar ki, bu dövrdə
hazırlanan tamaşalarda müəyyən il fərqləri
olsa da, teatrların hamısında repertuarda olan əsərlər
eynilik təşkil edirdi. Bu dövrdə repertuar planı
üç prinsip üzrə qurulurdu: milli klassik və
çağdaş dramaturqların əsərləri, tərcümə
pyesləri, opera və operettalar. Müəyyən istisnalarla
bütün teatrların repertuarlarında M. F. Axundzadəninin
“Hacı Qara”, “Müsyo Jordan və Dərviş Məstəli
şah”, N. B. Vəzirovun “Hacı Qəmbər”, “Müsibəti-Fəxrəddin”,
“Ağakərimxan Ərdəbili”, Ə. B. Haqverdiyevin “Pəri-Cadu”,
“Bəxtsiz cavan”, “Dağılan tifaq”, S. S. Axundovun “Tamahkar”,
“Eşq və intiqam”, C. Cabbarlının “Sevil”, “Almaz”,
“Aydın”, “Oktay Eloğlu”, “Od gəlini”, “1905-ci ildə”, C. Məmmədquluzadənin
“Ölülər”, S.
Rəhmanın “Toy”, “Xoşbəxtlər”, S.
Vurğunun “Vaqif”, “Fərhad və Şirin”, Z. Xəlilin
“Qatır Məmməd”, M. İbrahimovun “Həyat”, “Məhəbbət”,
M. Təhmasibin “Bahar”, “Aslan yatağı”, G. Mdivaninin “Vətən
namusu”, J. B. Molyerin “Cancur Səməd”, U. Şekspirin “Otello”,
C. Qou və Arno D Nyussonun “Dərin köklər”
dramlarının tamaşaları maraqla baxılan səhnə
quruluşlarındandır. Bu illər ərzində
teatrlarda xalq artistləri Muxtar Avşarov, Barat Şəkinskaya,
Gurcustan Respublikasının xalq artisti İbrahim
İsfahanlı, əməkdar artistlər Rüxsarə
Ağayeva, Əliheydər Həsənzadə, Vahid Əliyev,
rəssamlardan Əbdülağa Kazımov, Alyoş Məmmədov
və başqaları fəaliyyət göstəriblər.
1948-ci ilin sonlarında SSRİ-nin qərarı
ilə bütün dövlət teatrları hökümətin
dotasiyasından (maliyyə yardımından) azad olunaraq
özünümaliyyələşdirmə sisteminə
keçirildi. Bu məqsədlə mövcud
maddi-texniki təchizatla bağlı olaraq İncəsənət
İşləri İdarəsi yeni ildən etibarən Ordubad
Teatrının Naxçıvanla, Ağdaş və
Şamaxı teatrlarının Göyçayla, Şuşa
Teatrının Ağdamla, Zaqatala Teatrının Şəki
ilə, Səlyan Teatrının Sabirabadla, Şəmkir
Teatrının isə Qazaxla birləşdirilməsi
haqqında əmr verdi. Məqsəd bu teatrları birləşdirməklə
maddi-texniki bazaları və aktyor heyətinin gücləndirilməsi
ilə daha güclü teatrların yaradaılmasından ibarət
idi. Ancaq bu addım heç də
özünü doğrultmadı, əksinə bir sıra
teatrların tamamilə ləğvinə gətirib
çıxardı. Bir-birinin ardınca 1948-1949-cu illərdə
Şuşa, Şamaxı, Ağdam, Qazax, Zaqatala,
Göyçay, Ağdaş, Lənkəran, Bərdə,
Ordubad, Salyan, Sabirabad teatrları bağlanıldı. Qaryagin
(Fizuli) Teatrı öz fəaliyyətini 1951-1952-ci il
teatr mövsümündə, Quba Teatrı isə qısa fasilələrlə
1963-cü ildə ləğv edildi.
Uzun fasilədən sonra 1967-ci ildə
İrəvan, 1968-ci ildə Ağdam, 1974-cü ildə Şəki,
1973-cü ildə Lənkaran, 1988-ci ildə Qazax, 1989-cu ildə
Fizuli, daha sonra isə Şuşa teatrları yenidən
Dövlət statusu ilə bərpa olunub fəaliyyətə
başladılar. 40 illik fasilədən sonra, nahayət 1988-ci
ilin iyul ayında Azərbaycan SSR Nazirlər Sovetinin sərəncamı
ilə Qazaxda yenidən Dövlət Dram Teatrı
yaradıldı. Daha doğrusu, bərpa edildi. Teatr
1989-cu il mövsümündə baş rejissor, xalq artisti
Zülfüqar Abbasovun quruluşunda xalq şairi Bəxtiyar
Vahabzadənin “Dar ağacı” tarixi faciəsi ilə
tamaşaçıların yenidən görüşünə
gəldi. İlk səhnə quruluşu respublikanın mədəni
həyatında çox böyük rezonans doğurdu.
Qazax Dövlət Dram Teatrı öz yaradıcılıq ənənələrinə
hər zaman sadiq qalaraq klassik Azərbaycan, dünya və rus
dramaturgiyası nümunələrinə müraciət etməklə
maraqlı səhnə əsərlərini təqdim edə
bilib. Bu illər ərzində xalq artisti
Zülfüqar Abbasov (1988 sentyabr - 1993 iyun), Əhməd
Əhmədov - (1950-2000 və 2000-2014), əməkdar artist
Musa Eyyubov (2014 noyabr ayından- hal- hazıradək) kimi
istedadlı rejissorlar çalışmaqla maraqlı və
bitgin səhnə traktofkaları ilə diqqəti cəlb edə
biliblər. Həmçinin Fərman Rzayev
(1988 sentyabr -1989 mart), Heydər Qasımlı (1989 mart -1992
iyul), Ayət Həsənov (1992 iyul -1993 iyul), Firudun Aşurov
(1993 iyul - 1997 fevral), Tariyel Qasımov (1997 fevral -1998 fevral), Pəri
Məmmədova (1998 may - 2001 may) kimi şəxslər bu teatra
direktor, bədii-rəhbər və direktor olaraq rəhbərlik
ediblər. 2001-ci il may ayından isə Saqif İskəndərov
Qazax Dövlət Dram Teatrına rəhbərlik edir.
Qeyd etmək lazımdır ki, Saqif Sarı
oğlu İskəndərov Bakı Mədəni-Maarif
Texnikumunun “Kütləvi tədbirlər rejissoru” fakültəsini
fərqlənmə diplomu ilə və Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət
Universitetinin “Özfəaliyyət teatr kollektivlərinin
rəhbəri” fakültəsini bitirib. 1988-ci ildən Qazax
Dövlət Dram Teatrına dəvət olunub və 2001-ci ilədək
aktyor kimi burada fəaliyyət göstərib. B. Vahabzadənin
“Dar ağacı”da İbn Tahir, M. Hüseynin “Alov”da Fərhad
Kamalov, Ş. Əliyevin “Molla Nəsrəddin və
Əzrayıl”da Molla Nəsrəddin, Ş. Qurbanovun “Sənsiz”də
Tərlan, İ. Qasımov və H. Seyidbəylinin
“Sən nə üçün yaşayırsan”da Rüstəm,
İ. Əfəndiyevin “Məhv olmuş gündəliklər”də
Ədalət, Elçinin “Dəlxanadan dəli
qaçıb”da Baş redaktor, “Qatil”də Gənc kişi,
Ə. Əmirlinin “Onun iki qabırğası”da Səyyad, M.
F. Axundzadənin “Müsyo Jordan və Dərviş
Məstəli şah”da Dərviş, S.S.Axundovun “Tamahkar”da
Hacı Murad, H.Mirələmovun “Xəcalət”də Murad,
Ə.Əmirlinin “Kişi və qadın”da Əvəz,
O.Kamalın “Yad qızı”da Məzhər bəy, B.
Vahabzadənin “Kimdir haqlı”da Rəşad obrazları maraqla
qarşılanan surətlərindəndir.
Saqif İskəndərov eləcə də
rejissor kimi Elçinin “Qatil” (2006) və Ə. Orucoğlunun
“Sonuncu seriya” (2017) pyeslərinə quruluşlar verib. Həmçinin
1989-cu ildə C. Cabbarlı adına Azərbaycanfilm
Kinostudiyasında xalq yazıçısı Y. Səmədoğlunun
ssenarisi əsasında quruluşçu rejissor Gülbəniz
Əzimzadənin çəkmiş olduğu iki hissəli “Qətl
günü” bədii filmində çəkilib.
Qazax Dövlət Dram Teatrının baş
rejissoru, respublikanın əməkdar artisti Musa Eyyubovun da fəaliyyəti
xüsusi olaraq qeyd edilməlidir. O,
1977-1984-cü illərdə Azərbaycan Dövlət İncəsənət
İnstitutunda ali təhsil alıb. 1976-cı ildən Gənc
Tamaşaçılar Teatrında rejissor köməkçisi
olaraq əmək fəaliyyətinə başlayıb və
1986-cı ilədək rejissor assistenti və truppa müdiri
kimi fəaliyyət göstərib.
1986-1988-ci illərdə Qazax rayon Xalq Teatrında rejissor,
1988-ci ildən isə Qazax Dövlət Dram teatrında
müxtəlif vaxtlarda aktyor, musiqi hissə müdiri, sərəncamı
direktor, quruluşçu rejissor və 2014-cü ildən isə
baş rejissor vəzifəsində çalışır. 30
dekabr 2015-ci ildə Azərbaycan Respublikasının əməkdar
artisti fəxri adı ilə təltif olunub. O, teatrın səhnəsində
İ. Əfəndiyevin “Sən həmişə mənimləsən”,
Elçinin “Qatil”, “Cəhənnəm sakinləri”, M.
Baycıyevin “Duel”, “Ər və arvad”, İ. Fəhminin “Son
reportaj” pyeslərinə quruluşçu rejissor olaraq
maraqlı səhnə həyatı bəxş edə bilib. Bu gün Qazax Dövlət Dram Teatrında repertuar
siyasətinin təşkili və həyata keçirilməsində
bədii şura üzvlərinin fikirləri əsas
götürülürməklə repertuara daxil olan əsərlər
daha aktual və müasir dövrümüzlə səsləşən
pyeslər olaraq təqdim edilir.
Yaradıcı kollektiv həmçinin Beynəlxalq
miqyaslı və Respublika daxili Teatr Festivallarında da
uğurla iştirak edib. Bu gün təəssüflə qeyd
etmək istərdim ki, nədənsə 2013-cü ildən bu
teatra dövlət sifarişi ilə hər hansı bir pyesin
hazırlanması tapşırılmır. Azərbaycan
Respublikasının Prezidenti, cənab İlham Əliyev Azərbaycan
teatr ənənələrinin qorunub saxlanılması və
dövrün tələblərinə uyğun inkişafı
ilə bağlı tədbirlərin davam etdirilməsi
haqqında məlum sərəncamı ilə Azərbaycan
Respublikasının 2019-cu il dövlət büdcəsində
nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin
ehtiyat fondundan Qazax Dövlət Dram Teatrına 100 (yüz) min
manat vəsaitin ayrılması haqqında sərəncam
imzalayıb. Bu tarixi sərəncamdan sonra teatrın yerləşdiyi
inzibatı binanın iş və qrim otaqları əsaslı
şəkildə təmir olunaraq yeni mebel avadanlıqları
ilə təchiz edilib. O cümlədən rekvizit, kostyum və
işıq sexləri tamamilə yenidən qurularaq səhnə
işıqları və səs sistemləri ən müasir
avadanlıqlarla təchiz olunub.
Anar Bürcəliyev,teatrşünas
Cümhuriyət.-
2019.- 14-16 dekabr.- S.14