Tənhalığın həyat
əsəri – “Mən yoxam”
Hər bir yazıçının
yazdığı əsərinin, istər hekayə olsun, istər
roman, həmin əsərlərin bir həyat etalonu var. Bədii
əsərin yaranmasını şərtləndirən əsas
cəhət isə həyat hadisələrinə baxış
açısıdır. Kiçik əsərlərə
nisbətən roman janrı insan xarakterlərinin sosioloji
anatomiyasını tam-tamına açır, oxucunu hər
hansı bir həyatın daxilində baş verən hadisələrlə
tanış edir, həyat nüvəsindəki problemləri xəyal
süzgəcindən keçirərək cəmiyyətin
ixtiyarına verir.
Qurban Yaquboğlunun “Mən yoxam” adlı romanı
da böyük bir həyat tarixini milli-sosioloji, mədəni-psixoloji
testdən keçirərək dövrün ictimai-mədəni
fütuatını mənəviyyət müstəvisində
uğurla həll edir. Nasirin yazı manerası tamamilə fərqlidir.
Romanın bədii konstruksiyası xarakterlərin əksiklikləri
ilə oxucunu həyatın dərinliklərinə aparır.
Romandakı obrazların tipik xarakterləri hər
bir oxucu üçün bir siluetə dönür. Oxucu bu obrazların içərisində ancaq və
ancaq gördüyü və duyduğu kəndin
idilliyasını dərk etməyə
çalışır. Əsərin ilk səhifəsindən
son səhifəsinə qədər yazıçı
xalqın sadə həyatının milli-mədəni səviyyəsini
oxucu yaddaşına köçürür.
Əsərdəki hadisələr o qədər
sadə və səmimiyyətlə təsvir olunur ki, oxucu o
hadisələr zəncirindən ayrıla bilmir. Sanki, oxucu o
obrazlarla daxili bir ünsiyyətə girir.
Q.Yaquboğlunun “Mən yoxam” əsəri Azərbaycan
kəndinin mənəvi-psixoloji aləminin
dağılmasını, yeni post-modern həyatla
uyğunsuzluğunu xarakterizə etməyə
çalışır. Yazıçı böyük ürək
ağrısı ilə keçmiş milli-mədəni həyatın
dağılmasını oxucunun gözləri önündə
canlandırır.
Yazıçının həyat
monitorundakı Azərbaycan kəndi, onun insanı
sosioloji-psixoloji durumu ilə aydın görünür. Həyat
dəyərlərinin ibtidai-primitiv anemistik impulslarla oxucu qəlbini
həm də ağrıdır. Əsərin hər bir fəslində
yazıçının yaratdığı insan obrazları həyat
nostalgiyasından doğan bir həyat fəlsəfəsi ilə
üzər çıxır. Bu əsərdə məchul bir
bədii obraz var. Bütün həyat hadisələri o məchul
obrazın ətrafında cərəyan edir. Bu obraz əsərin
əvvəlində az görünsə də, əsərin
sonunda canlı bir əfsanəvi obraza çevrilir.
Yazıçının həyat fəlsəfəsi də o məchul
obrazla üzə çıxır. Həmin məchul obraz əsər
boyu filosofluq edir. Məchul obrazın bütün
düşündükləri həyat testoloji
sınaqlarından doğmuş müdrik fikirlərdir.
Məchul obraz söyləyir: “Həyatım
boyu dərk elədiyim, qəbullandığım həqiqətlərdən
biri də budur, – bir insan tək bir insandan ibarət deyil,
özünəoxşar, özünəziddi, bəzən
tamam fərqli, bəzən xeyli bənzər müxtəlif
adamların cəmidi, bir-birinə calağıdı, bir qaba,
bir dəriyə, bir cana, bir tənə
sığışmasıdır. Yan-yanaşı,
iç-içə ömür sürməsidi”. (s.30)
Yazıçının romandakı həyat həqiqətlərini
obrazların dilindən bu cür söyləməsi oxucunu həyata
bağlayır.
Müasir oxucu obrazların
içərisinə düşərkən idilli kənd həyatını
daha yaxından tanıyır. İdilli kənd həyatının
panoramasında isə hadisələrin kədərli və
qayğılı davamı oxucunu mənəvi cəhətdən
silkələyir.
Əsərin fəsilləri ayrı-ayrı
adlarla verilməsə də bədii sxematizm hadisələri
bir-birinə bağlayır. Beş fəsil və “beş
gün”dən ibarət olan roman feodal patriarxallığın
xeyli uzaqda qaldığımı təcəssüm etdirir.
“Mən yoxam” əsərindəki obrazlar birmənalı
şəkildə keçmiş həyatla müasir həyatın
arasında qalan qurbanlardır. Bu əsərin obrazlar
qalereyasında şeyx obrazı da, ağsaqqal obrazı da,
uşaq obrazı da, ana obrazı da və digər məsləki
obrazlar da – sürücü, çoban obrazları da bir-birinə
bağlı obrazlardır.
“Mən yoxam” əsəri tərəkəmə
xalq həyatının həyatı uğraşları ilə
oxucunu tanış edir, oxucu tərəkəmə kənd həyatının
idilliyasında ailə-məişət münasibətlərinin
rəngarəngliyini bütün boyutları ilə öz
içinə alır. Oxucu da bəzən əsərdə
öz taleyini axtarmağa çalışır. Tale nədir
sualına cavab axtaran oxucu obrazların hikkəli
davranışının nəticəsini, sonluğunu
görür. Cahillikdən, savadsızlıqdan doğan həyati
umu-küsü insanları sosial-toplum olaraq biri birindən
uzaqlaşdırır, mənəvi sivilizasiyanın
dağılmasına gətirib çıxarır.
Əsərdə oxuyuruq: “Heç nə dəyişmir,
heç nə keçib getmir, sən arxayın ol. Olan hadisə
qırağa çıxır, gendə durub qalır”.(s. 52)
Q.Yaquboğlunun “Mən yoxam” əsəri
xalqın unudulmayan milli-mənəvi əxlaqının
patalogiyasını oxuculara təlqin edir: “Tərəkəmə
qızı olan anamın mərhəm rəftarında
heç vaxt baş açmadığım gizli mətləb
var”, (s. 62) deyən fərd kimdir?! O, bir xalqın, toplumun
ayrılmaz fərdidir, üzvüdür. O, öz toplumunda xoşbəxtlik
görməyən birisidir. Çünki, insanları bir-birindən uzaq salan gizli bir
“nədən” var. O “nədən” həyatın özündən
gəlir, onun keçmişindən gəlir. Cahillikdən
və savadsızlıqdan doğulur.
Q.Yaquboğlunun “Mən yoxam” əsərini həyatın
“göz yaşı” romanı da adlandırmaq olar. Çünki müəllifin
bu əsərində dağılmış, xaraba bir kəndin
“maketi” var. İnsanların kədərli bir həyat macərası
var. Bu köhnə kənd “maketində” heç bir insan
xoşbəxt deyil. Bu kəndin
varlığından heç bir əyalət insanın xəbəri
yoxdur. Heç kəs bu kəndin nə
çiçəklənməsini düşünür, nə
də heç kəs bu kənddə baş verənlərdən
bir nəticə çıxarmır. Hər
kəs zamanın məchulunda axıb gedir, həyatın
axarında əriyir, itib-batmağa çalışır,
“yox olmağa” çalışır.
Nasirin “Mən yoxam” həyat fəlsəfəsində nə
dayanır?! Ədib “mən yoxam” ifadəsini xalq məntiqinə
uyğun olaraq açır. Xalqın həyat
məntiqində pis işlərdən bezikən insanlar, həyat
sıxıntısını nəzərə alaraq həyat
hadisəsindən uzaqda durmağa çalışır və
əxlaqi məsuliyyət hissi ilə həmin hadisələrə
nəzərən “mən yoxam” deyir. Müəllif
bu prizmadan həyat hadisələrinə yanaşaraq “mən
yoxam”ın sivil, müsbət və mədəni bir insan
obrazını kamilliklə yaradır. Əsərin
ortalarına doğru həyat obrazı Yad adam
obrazı kimi ortaya çıxır.
Yad adam obrazı vasitəsilə müəllif
öz həyat fəlsəfəsini həyat həqiqətinə
uyğun olaraq, oxucusu ilə bölüşür. Həyatın
nostalgiyasına bürünən hadisələr “Yad adam” obrazı ilə birər-birər
açılır. Oxucu “Yad adam” obrazı
ilə hadisələrin mahiyətini anlayır.
Öz doğma obasından, elindən uzaq məmləkətə
didərgin düşən insan sosial-topluma yadlaşır. O, sosial-topluma yadlaşsa da
öz keçmişini unutmur. “İyirmi beş
illik ayrılıq”dan sonra öz yurduna qayıdan yad adam öz
keçmişinin – tərəkəmə həyatının
gözəlliyini dərk etməyə çalışır.
“Yad adam”ın başına gələn həyatın
“tale oyunu” onu elindən-obasından qopartsa da, o, mənəvi cəhətdən
sınmır. Mənəvi cəhətdən “Yad adam” tamamilə sağlamdır.
“Yad adam”ın həyatı həyat sehrinə
bürünsə də o, öz keçmişini yenidən
yaşamağa çalışır. “Yad adam”
keçmişin ağuşuna sığınır.
“Mən yoxam” fəlsəfəsi nədir?! “Mən yoxam”
fəlsəfəsi cahilliyə nifrətdən yaranır.
İnsanlığın ölməsinə səbəb
olan cahillik insanı dərin həyat köşəsinə
sıxışdırsa da, insan məğlub olmamağa
çalışır. Həyati sarsıntılar “Yad adam”ı həyat məntiqi ilə üz-üzə
qoyur. “Yad adam”ın həyat manifesti əsərdə
açıq-aşkar üzə çıxır:
“Tərk eləməyi öyrən”.
“Tərk olunmağa vərdiş elə”. (s. 64)
Q.Yaquboğlu
bu əsərdə “dağ insanı”nın
həm milli-eqoizmini, həm milli-saflığını, həm
də əyilməzliyini göstərə bilmişdir.
Əsərdə
“dağ insanı”nın bircə amalı
var – azad yaşamaq! Bu azadlıq isə onlara
çətin başa gəlir.
Böyük ailə tərəkəmə həyatının
bir parçasıdır. Müasir həyat isə
bu böyük ailənin içərisindən qara xətt
kimi keçir. Tərəkəmə həyatının
iç strukturları müasir həyat strukturları ilə əks
qütblərdədir. Elə buna görə də,
müəllif əsərdəki həyat obrazlarını həyat
profilaktikası ilə ap-aydın öz oxucusuna göstərir.
Q.Yaquboğlunun yaratdığı “Mən yoxam” əsəri
mükəmməl bədii xüsusiyyətləri ilə
seçilir. Yazıçı öz oxucusu ilə xalq dili ilə
danışır. Əsərdəki
irili-xırdalı obrazlar oxucu xəyalına əbədi həkk
olunur. “Yad adam”ın “xoşbəxt əclaflar”
və “bədbəxt əclaflar” məntiqi həyatın bir
sıra gizli məqamlarını insan ömrünün bir
parçasına çevirir.
Q.Yaquboğlunun “Mən yoxam” romanının qəhrəmanı
həyatdakı çarəsizliyə nə qədər
aydın gözlə baxsa da, vicdan işığında o
öz keçmişini dərk edir. Vaxtilə Rusiyaya mühacirət edən
“Yad adam” qısa bir müddətdə
öz yurdunda dinclik tapır.
Nasir əsərdə müasir oxucuya mühacir həyatından
doğan faciənin ismarıcını verir. Vətən həsrəti,
vətən sevgisi “Yad adam”ı vətənə
qaytarır. “Yad adam” səyyah kimi
dağları yenidən gəzir. O öz keçmişini
bütün aydınlığı ilə dərk edir:
“Dünyada heç bir təzə söz, köhnə
sözü bir kərəmlik məhv eləmir. Hansı
çeşiddə, növdə-löyündə olur olsun,
hardan gəlir gəlsin, hirslə, qəzəblə,
bıçaqla, süngüylə, top-tüfənglə
yürüşə çıxsın, dədəmin
oğlu, heç bir gələcək keçmişi
büs-bütün itirə, batıra, basdıra bilmir”.
(s.106)
Romanda hadisələr bir sıra gərgin situasiyalar ilə
davam edir. “Yad
adam” cahillik üzündən sahib ola bilmədiyi
sevgisinin astar üzünü də oxucusuna göstərir.
Əsərin kulminasiya nöqtəsində yazıçı
“Yad adam”ı öz adıyla oxucusuna təqdim
edir. “Yad adam” öz vətəndaş
pasportundakı adı ilə üzə çıxır. Həmid obrazı oxucuların sevimlisinə
çevrilir. oxucunu kövrəldir. Yazıçı feodal tərəkəmə həyatının
dərinliklərində həm acısını axtarır, həm
də insanlığa mane olan əngəlləri üzə
çıxarır. Sevgi məntiqinə
sığınan nasir öz həyat fəlsəfəsindən
çıxış edərək göstərir ki, “bir
könül o biri könülə ilişdi, həlqə həlqəyə
keçdisə bu sevginin bağını, nə
bıçaq, nə balta, nə mişar kəsər”.
(s. 139)
Yazıçının həyat fəlsəfəsi
obrazların məntiqi düşüncələri ilə səsləşir. Bu isə oxucunun həyatı
ideallaşmasına səbəb olur: “Yeriyəndə
ayağının altına bax, dayananda ayın tarixinə”.
(s. 146)
Romanda Həmidin külək, Yasəmənin yarpaq
obrazını təmsil etməsi, həyatda xeyirlə şərin
mübarizəsinin davamlı olduğunu göstərir. Ədib yaratdığı
obrazla oxucunu həyata inandırır: “Yer üzündə bir
qadının bir kişiyə olan həsrəti bitməyibsə
susmağa mətləb, danışmağa söz olacaq”. (s.
149)
Q.Yaquboğlu “Mən yoxam” əsəri ilə həyatımızda
yeni sivilizasiyanın keçmiş sivilizasiya ilə
qarşılaşdırır. Dərin psixoloji həyat
motivləri ilə oxucunun xəyal dünyasında
böyük iz buraxır.
Hər bir insanın bir ömrü var. O insan öz
ömrünü doğru-düzgün yaşamağa
çalışmalıdır. İnsanlığın
ölmədiyi bir dünyada cahillikdən doğan həyat
insanı məhvə aparmamalıdır.
“Yad adam” – Həmid nə qədər üzə
çıxsa da, yenə, o özünü tənhalığa,
yoxluğa aparır. Yazıçı öz qəhrəmanını
əsərin sonuna qədər oxucu təqibinə buraxır.
Bir sözlə romandakı “Yad adam” – Həmidin
faciəsi həm də cəmiyyətin faciəsidir.
İşsizlikdən
doğan sosial problemlər cəmiyyətdəki mənəvi-əxlaqi
atmosferanı tamamilə dağıdır və cəmiyyəti
tənhalaşdırır: “Rusiyaya, Türkiyəyə,
başqa ölkələrə köçən, qaçan,
iş dalınca yollanan, müharibədə həlak olan,
insani və erkəklik qabiliyyətini itirən kişilərin
hesabına cinsi balans pozuldu. Bütün bunlara
bir çarə kimi qeyri-rəsmi şəkildə bir
kişinin bir neçə qadınla yaşamasına,
qadınların təmin olunmasına icazə bəlkə də,
göstəriş verildi. Sonra gözlənilmədən
spontan şəkildə bu idarəetmə formasına,
çoxluğun özünün, onların arasından
seçilmişlərin ram edilməsi üsuluna çevrildi.
Bir növ qadın cəmiyyətə, cəmiyyət
qadına oxşadıldı”.
“Mən yoxam” əsəri müasir həyatımızın
bədii həyat fəlsəfəsidir. Vətənin
ucqar bir bölgəsinin idilliyasını bir romanla psixo-analiz
etmək bir qələm sahibinin böyük uğurudur.
Nəsib
Abid
Cümhuriyət.-
2019.- 9-11 fevral.- S.14.