İşdən
çıxarılmış Əməkdar artistdən nazirə
məktub yazdı
Ötən ilin dekabrında Mingəçevir
Dövlət Dram Teaıtrının baş rejissoru vəzifəsindən
azad edilmiş, sənətşünaslıq üzrə fəlsəfə
doktoru, respublikanın Əməkdar artisti Xəzər Gəncəli
mədəniyyət naziri Əbülfəs Qarayevə
müraciət edib.
Məktubda deyilir: “Hörmətli, cənab
nazir! Mən Xəzər Novruz oğlu Gəncəli
Sizin 22 dekabr 2015-ci il tarixli sərəncamınızla Mingəçevir
Dövlət Dram Teatrına baş rejissor vəzifəsinə
təyin edilərək və bu vəzifədə 26 noyabr
2018-ci il tarixinədək çalışmışam.
Teatrda çalışdığım üç il müddətində
on bir tamaşaya quruluş vermişəm. Milli teatr sənətimizin
inkişafında uzunmüddətli xidmətlərim nəzərə
alınmaqla ölkə rəhbəri, cənab İlham
Əliyevin 16 oktyabr 2018-ci il tarixli sərəncamı ilə mənə
“Respublikanın Əməkdar artisti” fəxri adı təqdim
edilib.
Bu adı aldıqdan bir ay sonra
teatrın müdiriyyəti və Mədəniyyət
Nazirliyinin məsul vəzifəli şəxsləri tərəfindən
mənəvi terrora məruz qalaraq vəzifəmdən məcburi
şəkildə uzaqlaşdırılmışam.
İşin əcas mahiyyəti də ondan ibarətdir ki, məni
bu vəzifədən uzaqlaşdırmaq
üçün son imzanı Siz atmısınız. Baş verən insident haqqında doğru və
dürüst məlumat vermək, başıma gələn
hadisələrlə Sizi tanış etmək məqsədi ilə
02 və 15 fevral 2019-cu il tarixlərində teleqramlar vuraraq,
ayrıca bir dəfə yazılı müraciət edərək
məni qəbul etmənizi istəmişəm. Təəssüf
ki, tərəfinizdən qəbul olunmamışam. Ayrıca Sizin gərgin iş rejiminizi və bununla əlaqədar
məni qəbul edə bilmədiyinizi nəzərə alaraq
birinci müavininiz Vaqif Əliyev yoldaşa da müraciət
etmək məqsədi ilə üç dəfə qəbuluna
düşməyə çalışmış, nəticədə
heç nəyə nail ola bilməmişəm. İncəsənət
şöbəsinin müdiri İsmayıl Hüseynova olan
müraciətim də heç bir nəticə verməyib”.
Xəzər Gəncəli bildirib ki, onun işdən
çıxarılmasına səbəb bəzi adamların qərəzli
fəaliyyəti olub:
“Məni təəccübləndirən
yalnız odur ki, fəxri ad təqdim edildikdən cəmi bir ay
sonra dərhal öz xahişi ilə işdən “azad olmaq” istəyən
kadrın ərizəsinə imza atıb onu vəzifəsindən
uzaqlaşdırarkən bunun əsas səbəblərini araşdırmağa
çalışmamısınız. Halbuki mən öz vəzifəmdə
qalıb çalışmaq, teatrda yeni tamaşalar
hazırlamaq, təqdim olunan fəxri adın təsadüfi
olmadığını sübuta yetirmək, mənə
göstərilən bu etimadı bir daha doğrultmaq istəyirdim.
Nəticədə isə bir qrup təsadüfi adamların qərəzli
fəaliyyətləri ucbatından qapı arxasınqa
qalmalı olmuşam.
Yaradıcılıq nöqteyi-nəzərində
üç il ərzində demək olar ki, heç bir problem
yaşamamışam. Bu müddət ərzində hazırladığım
tamaşalara istər ədəbi tənqid, istərsə də
teatr tənqidi hər zaman obyektiv münasibət bəsləyib.
Belə ki, “Mədəniyyət”, “Cümhuriyət”,
“Kaspi”, “Hürriyyət”, “Ədalət” və s. respublika mətbuatını
əks etdirən digər qəzetlərdə hazırlanan
tamaşalar haqqında ayrı-ayrı xoşməramlı tənqidi
məqalələr yazılıb. Şübhəsiz ki, bu
nailiyyətlərdə təkcə mənim deyil, eləcə
də çalışdığım, əsasən, gənclərdən
ibarət Mingəçevir teatrının sağlam
yaradıcı kollektivinin də xüsusi rolu və zəhməti
var. Teatr həmin müddət ərzində Qoqolun “Müfəttiş”,
M.F.Axundovun “Lənkəran xanının vəziri”, A.Şaiqin
“Bir saat xəlifəlik”, S.S.Axundovun “Bir eşqin nəticəsi”
kimi maraq doğuran tamaşalara imza atıb”.
Sabiq baş rejissor nazirə teatrın
aparıcı aktrisası Ella Yaqubovadan şikayət edib:
“Lakin bu uğurlara baxmayaraq, teatrda olduğum
üç il heç də asan keçməyib, daim gərginlik
atmosferində çalışmaqla teatrda baş verən
xoşagəlməz, ürəkaçmayan hadisələrlə
hər addımbaşı qarşı-qarşıya
qalmışam. Bu hadisələrin əsas törədicisi isə
keçən il “Xalq artisti” fəxri adına layiq görülən
və teatrın aparıcı aktrisalarından biri olan Ella
Yaqubova olub. Hazırladığım hər
hansı bir tamaşaya həsəd hissi ilə baxan, mənim
rejissorluğumu heç cür həzm etməyən,
çalışmalarımı xoş qarşılamayan bu
xanım qorxunc bir kabus kimi hər bir yaradıcı işimdə
mənə əngəl olub, müxtəlif üsullarla məni
gözdən salmaq, kollektiv arasında
nüfuzumu alçaltmaq üçün əlindən gələn
hər cür vasitəyə əl atmaqdan çəkinməyib.
İş o yerə çatıb ki, bu “xanım” mənə
böhtan, şər, iftira ataraq dəfələrlə Mədəniyyət
Nazirliyinə gəlib, mənim əxlaqi cəhətdən
düşkün olduğum, əyyaşlığa meyil
etdiyim, məişət pozğunu olduğuma dair əsassız
məlumatlar verərək nüfuzdan salmağa cəhd edib.
Xanımın əsas iddiası o idi ki, mən bütün
tamaşalarımda digər aktrisaların haqqını
tapdalayıb xarakterin yaşından asılı olmayaraq
bütün baş rolları ona verməyə borclu idim.
Kollektivi içəridən dağıdan şöhrətpərəstlik
meyilləri, izzəti-nəfs üzərində mübarizə,
paxıllıq, dedi-qodu, böhtan, iftira, şər və
xırda mənafelər kimi xoşagəlməz hallar Ella
Yaqubovanın ən xarakterik xüsusiyyətlərindəndir”.
X.Gəncəli qeyd edib ki, mərkəzdən
göndərilən rejissorlara qarşı amansızlıq,
paxıllıq, gözü götürməməzlik və
qısqanclıq bu xanımın ucbatından Mingəçevir
teatrında ictimai bir bəlaya, rejissorlara qarşı az qala “Səlib
yürüşünə” çevrilib:
“Nəticədə bütün
bunlar belə bir “yaradıcılıq atmosferində”
çalışan və bütün fəaliyyətini
yaradıcılıq prosesinə həsr edən baş
rejissorun başında çatladı. Mən bütün
bunlar haqqında teatrın direktoru Səxavət Məmmədova
vaxtaşırı məlumat verib məsələnin həlli
üçün dəfələrlə yardım istədim.
Lakin teatrın yaradıcılıq prinsiplərini Ella
Yaqubovanın şıltaqlıqları üzərində
kökləyən, bütün tamaşalarda ona rol verilməsini
qətiyyətlə tələb edən S. Məmmədov
nədənsə özünü hər dəfə kənara
çəkib, xanım tərəfindən hər cür təhdid
və təqibdən qorunmaq məqsədi ilə diqqəti
özündən yayındırmaq, “sudan quru çıxmaq”
naminə manevrlər edərək E. Yaqubova kimi qüvvələrin
başqa bir istiqamətdə hərəkətə keçməsinə
rəvac verərək, onu mənimlə daima qarşı-qarşıya
qoyub süni münaqişələrə cəlb edib. Bununla
da direktor öz ətrafında mümkün qədər
sakitlik yaradıb gündəmdən çıxaraq bir növ
unudulub. Hər dəfə də “Xəzər müəllim, mən
bu qadından qorxuram! Bütün Nazirlik bu qadından qorxur! Mən
bu qadınla bacara bilmirəm, ikimizdən birimiz tutduğumuz vəzifədən
getməliyik”-deyib. Teatrın direktorunun E. Yaqubovanın
və onun mənə qarşı
qızışdırdığı bəzi aktyorların
çuğulluq və təhqirlərinə laqeyd qalmasına
tab gətirə bilmədim. Üç il çiyin-çiyinə
çalışdığım, səbr edib heç bir
polemikaya girmədiyim direktora bu münasibətinə və “dəvəquşu
siyasəti”nə görə ilk dəfə olaraq sərt
reaksiya göstərib qapını çırpmaqla kifayətləndim.
S. Məmmədov aramızda baş verən bu insidenti dərhal
İncəsənət şöbəsinin müdiri
İsmayıl Hüseynova xəbər verdi. 14 noyabr 2018-ci il
tarixində İ. Hüseynovun iştirakı ilə
keçirilən iclasda S. Məmmədov “Bu rejissor mənə
ağıl öyrədərək, qapını üzümə
çırpıb getdi. Mən bu rejisorla bir daha işləyə
bilmərəm”-dedi. İ.Hüseynov isə öz növbəsində
üzünü dərhal mənə tutaraq “Eşitdinmi, bu
adam daha səninlə işləmək istəmir. Odur ki, ərizəni
yaz, səssiz-səmirsiz işdən çıx. Elə etmə
ki, səni maddə ilə çıxaraq. Sənin iki il
öncə bir töhmətin də var. Bizim sənin
haqqında aldığımız bəzi məlumatlar
(xanımın iftiraları) bizə əsas verir ki, səni
işdən azad edək”-dedi. Oraya-buraya yazıb zəhlətökən
işlərlə məşğul olma. Sonra da əlavə
etdi. “Sənin aldığın fəxri ad direktora verilməli
idi”.
X.Gəncəli bildirib ki, İsmayıl
Hüseynovun onu işdən maddə ilə çıxarmaqla
təhdid etməsi heç bir məntiqə sığmır:
“Doğrudur, mənim 2016-cı ildə
aldığım bir töhmətim vardı. Həddini-hüdudunu
bilməyən, teatrda yaranan boşluqdan istifadə edərək
“ağalıq edən” baş mühəndislə
münaqişəyə görə töhmət
almışam. Eyni töhmət teatrdakı münasibətləri
tənzimləməkdə çətinlik çəkən
direktor S. Məmmədova da verilib. Amma bu töhmət mənim
işdən xaric olunmağıma heç də əsas vermir.
Bəs “fəxri adın direktora verilməsi, onun alicənablıq
göstərərək bu adı sənə təqdim etməsi”-ifadəsi
nə deməkdir? Görünür, incəsənət
şöbəsinin müdiri bu ifadəni işlətməklə
necə bir məsuliyyətin altına girdiyini dərk etmir.
Əvvəla bu adı mənə teatrla heç bir əlaqəsi
olmayan, teatr sferasına təsadüfən gələn S.
Məmmədov deyil, Sizin təqdimatınızla Möhtərəm
cənab Prezidentimizin sərəncamı ilə verilib. Mən bu ada təqdim olunarkən milli teatr sənətinin
inkişafı sahəsində uzunmüddətli (40 il) xidmətim,
Türkiyə Cümhuriyyətinin İstanbul şəhərindəki
Mərmərə Universitetində on iki illik pedaqoji fəaliyyətim,
həmin ölkənin bir sıra teatr səhnələrində
rejissor çalışmalarım, İstanbulda
nəşr olunan “Yönetmen və oyun” (Rejissor və pyes)
kitabım, “sənətşünaslıq üzrə fəlsəfə
doktoru” elmi dərəcəm və üç ildə Mingəçevir
Teatrında hazırladığım on bir tamaşa və
milli mətbuatda bu tamaşalara yazılan məqalələr nəzərə
alınıb. Məgər bu azdır? Nəhayət
İ.Hüseynovdan soruşmaq istəyirəm: “Hörmətli
İsmayıl müəllim, siz məni hansı maddə ilə
çıxarırsınız? Mingəçevir
Dövlət Dram Teatrında çalışdığım
müddət ərzində hər hansı bir cinayətəmi
yol verdim, ölkəyə xəyanətmi etdim, teatrın
yaradıcılıq prosesində siyasi problemlərmi
yaşatdım, maliyyə pozuntularmı etdim, bəlkə
merkantil maraqlara ortaq oldum? Bir də mənə
söylədiyiniz “rekordsmen” sözü nə deməkdir?
Özü də bu sözü siz mənə Mingəçevir
teatrının 50 illik yubileyinə həsr olunan təntənəli
gecə keçirilən gün 17 oktyabr 2018-ci il tarixində
dediniz. Əgər səhv etmirəmsə, siz tarix elmi üzrə
mütəxəssizsiz. Belə olan surətdə teatr sənətinə
dair tarixi salnamələri araşdırsanız heç bir
zaman rejisora “rekordsmen” sözünün deyilmədiyini
aşkar edəcəksiniz”.
Xəzər Gəncəli “öz xahişi ilə
işdən çıxmaq haqqında ərizə
yazmasına” da aydınlıq gətirib:
“Mədəniyyət Nazirliyinin dəhlizində
baş verən bu söhbəti mübahisə səviyyəsinə
gətirmək və ictimaiyyətləşdirmək istəməyərək,
sonda İ. Hüseynovun məni yeni işlə təmin edəcəyi
vədinin səmimiliyinə inanaraq ərizə yazıb
“öz xahişimlə” işdən azad olundum.
İşdən azad olarkən Mədəniyyət Nazirliyi nəzdində
Maliyyə müdirliyinin bölgə teatr rejissorları
üçün ayırdığı ezamiyyət xərci
belə mənə ödənilmədi. Bu əhvalatdan düz
bir il keçir. Bu müddət ərzində dəfələrlə
İncəsənət şöbəsinin rəhbərliyinə
və əməkdaşların işlə təmin edilməm
üçün rəsmi müraciətlərim olub. Rəsmi
müraciətlərdən biri də 18 dekabr 2018-ci il tarixində
İ.Hüseynovun ünvanına göndərdiyim
yazılı müraciətdir. Təəssüf ki, indiyə
qədər heç bir müsbət cavab almamışam. Azərbaycan
Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Azər
Paşa Nemətov cənablarına bu məqsədlə iki dəfə
yardım üçün müraciət etməyimə
baxmayaraq, vədlər heç bir nəticə verməyib.
Aldığım dəqiq məlumatlara görə bu saat
respublikada bir rejissor iki dövlət teatrında baş
rejisorluq edir. Vaxtı ilə aktyorluq fakültəsindən məzun
olan, rejissorluq sənətinin sirrlərinə dərindən bələd
olmayan və birdən-birə həm Dərbənd, həm də
İrəvan Teatrlarında paralel olaraq baş rejissorluq edən
şəxslər vardır. Bu sözlər Ağdam və Gəncə
teatrında da eyni şəxsin həm rejissor həmçinin
aktyor kimi işləməsinə də, aiddir. Bu nə deməkdir?
Bu rejisorlar məşq proseslərini keçirmək
üçün Dərbənd-Bakı, Ağdam- Gəncə
istiqamətində məsafəni gün ərzində görəsən,
neçə dəfə və necə qət edirlər? Hər
iki teatrda üzərilərinə düşən məsuliyyətin
öhdəsindən hansı üsullarla gəlirlər?”
Sabiq baş rejissor hazırda işsiz
olduğunu və maddi sıxıntı çəkdiyini
nazirin diqqətinə çatdırıb: “İnanın,
ziyalının çörəklə imtahana çəkilməsi
ağırdır. Az öncə adlarını
sadaladığım adamların bədxahlığı
ucbatından maddi və mənəvi cəhətdən
sıxıntı çəkirəm. Belə bir vəziyyətdə
necə yaşamaq və ailəmi necə dolandırmaq
haqqında düşünürəm. Mənəvi və
fiziki hazırlığım hələ imkan verdiyi
üçün çalışmaq və fəaliyyətimi
davam etmək istəyirəm. Sizin səmimiyyət və
xeyirxahlığınıza inanıram. Əminəm ki,
rejissor olaraq yeni bir işlə təmin olunmama yardım edəcək
və ədalətin bərpası üçün əlinizdən
gələni əsirgəməyəcəksiniz!”
Cümhuriyət.-
2019.- 19-21 oktyabr.- S.14