Unutduğumuz sənət fədailəri:
Öz məktəbini yarada bilən daha biri…
Deyirlər,
elə insanlar var ki, dünyaya gəlişləri ilə birgə
istedadları da onlarla bərabər ana bətnindən
doğulur.
Bu kimi insanlar, elə öz istedadlarının
sayəsində zamanının və dövrünün
tanınmış simalarına çevrilə bilirlər. Elə
səhnə ustaları var ki, onların sənət yolu bir
teatrın yaradıcılıq yoludur, səhnəyə gətirdikləri
hər bir yenilik bir teatrın yeniliyidir. Yaratdıqları
hər bir obraz epizodik olsa belə, tamaşaçının
yaddaşına əbədi həkk olunur, öz
xalqının milli sərvətinə, milli teatr tarixinin bir səhifəsinə
çevrilir və mənəvi güc, idrak
aydınlığı ilə həyatın həqiqət səviyyəsinə
enməyi bacarırlar.
Əlbəttə, qətiyyən unutmaq olmaz ki,
hər bir tamaşaçı teatra hər şeydən əvvəl
aktyor yaradıcılığına, istedadına, aktyor oyununa
baxmağa gəlir. Hər zaman olduğu kimi
tamaşaçını ən çox maraqlandıran məhz
aktyor oyunudur. Sözsüz ki, aktyorun
tamaşaçının sevimlisi olması isə əsas
şərtlərdəndir. Gəncə Dövlət Dram
Teatrının istedadlı aktyorları sırasında bu
gündə adı hər zaman xatırlanan, mərhum
respublikanın əməkdar artisti Qurban Abbasov da sevilən sənətkarlarımızdan
biri idi. Sadə dramatik rollarda, tipik-xarakterik
personajların ifasında daha çox uğur qazanan,
maraqlı lirik-psixoloji və həmçinin səciyyəli qəhrəman
rollar ilə yaddaşlarda yaşayan Qurban Abbasov
yaratdığı hər bir obrazlarında qəlbinin hərarəti,
psixoloji istilik və duyumları ilə xatırlanır.
Qurban Məmiş oğlu Abbasov 2 yanvar 1944-cü ildə
Göyçə mahalının Qarabağlar kəndində
dünyaya gəlib. 1949-cu ildə ailəsi ilə birlikdə
Bakıya köçüb. Valideynlərini vaxtsız itirdiyindən
qardaşının himayəsində böyüyüb. 1951-ci
ildə Keşlə qəsəbəsi S. Vurğun adına
orta məktəbə daxil olub və 1958-ci ildə yeddiillik
orta təhsilini bitirib. Daha sonra Göycay Kənd Təsərrüfatı
Texnikumuna daxil olub. 1962-ci ildə həmin texnikumu bitirib.
1963-1968-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan
Dövlət İncəsənət İnstitutunun dram və
kino aktyorluğu fakültəsində təhsilini davam etdirib.
Təyinatla Gəncə Dövlət Dram Teatrına göndərilib
və 1968-1998-ci illərdə yaradıcılığı
ancaq bu teatrla bağlı olub.
Aktyorun yaradıcılığına nəzər
salarkən bir daha ən kəskin dramatik vəziyyətlərdə
çıxışlar edərkən belə, ifasında
daxili aktyor təmkinini böyük ustalıqla saxlaya bilməsinin
şahidi olursan. Onun səhnədə hər zaman obrazın
psixoloji duyumunda həssas aktyorluq qabiliyyətinin olması ilə
yanaşı ifa etdiyi personajın daha xarakterik cəhətləri
və cizgilərini qabarıq bir formada göstərdiyini də
görmək mümkün idi. Qurban Abbasov Gəncə
Dövlət Dram Teatrında milli klassik dramaturgiyamızın,
çağdaş Azərbaycan müəlliflərinin müxtəlif
janrlı, həmçinin tərcümə əsərlərinin
səhnəyə qoyulan tamaşalarında müxtəlif səpgili
obrazlar qalereyasını yaradıb. Profesor Bağır
Bağırov onun yaradıcılığı haqqında
yazırdı: “Yusif Əzimzadənin 1975-ci ildə
Gəncə Dövlət Dram Teatrının səhnəsində
hazırlanan “Unutmayın” (quruluşçu rejisor, əməkdar
incəsənət xadimi Həsən Ağayev, rəssamı
Oqtay Qoşqarov) pyesində Qurban Abbasovun yaratdığı
Əli Dadaşov surəti onun ifasında öz daxili
temperamenti, nitq mədəniyyəti, obrazın xarakterini
açmaq üçün tapdığı cizgilər,
aktyorluq məharəti ilə seçilirdi. Onun
ifasında Əli Dadaşov zəngin mənəviyyata malik, doğma
yurda, vətənə və xalqa qəlbən bağlı, əsgəri
andına sədaqətli, düşmənə qarşı
sonsuz nifrət bəsləyən bir gənc olaraq
qarşımızda canlanırdı”.
Aktyorun Ə. B. Haqverdiyevin “Bəxtsiz cavan”da Fərhad,
İ. İbrahimovun “Anaların divanı”nda Yusif İdris, C.
Cabbarlının “1905-ci ildə”də Eyvaz, “Aydın”ında
Surxay, “Yaşar”ında Toğrul, “Oktay Eloğlu”sunda Aslan bəy,
S. Rəhmanın “Xoşbəxtlər”ində Sadıq,
“Əliqulu evlənir”ində Azad, “Küləklər”ində
Əlibala, S. Vurğunun “Fərhad və Şirin”ində
Şiruyə obrazları milli klassik dramaturgiyamızın
nümunələrində yaratdığı maraqlı
obrazlar silsiləsinə daxildir.
Respublikanın əməkdar
artisti Qurban Abbasov hər zaman səhnədə roldan-rola
inkişaf edən, bir qədər də narahatlıqla hər
bir mizanı və obrazın daxili aləmini dərindən
öyrənməyə ciddi səy göstərən bir
yaradıcı şəxs olaraq yaddaşlarda yaşayır.
Onun ifasında 11 oktyabr 1968-ci ildə xalq artisti Vaqif Şərifovun
quruluşunda 4 pərdəli, 9 şəkildən ibarət məşhur
tənqidçi-estetik İslam İbrahimovun “Anaların
divanı” faciəsində yaratdığı Yusif İdris
obrazı maraqla baxılan surətlərindəndir. Qeyd etmək
lazımdır ki, “Anaların divanı” siyasi publisistika
janrında yazılıb. Rəmzi ad daşıyan obrazlar
müasir dövrün ictimai-siyasi mürəkkəbliklərini
insana məhəbbət və sayğı prizmasından təcəssüm
etdirirdi. Həmçinin quruluşçu rejisor, xalq artisti
Vaqif Şərifovun maraqlı traktofkası müasir dinc həyatın
qorunması, sülhün bərqərar olunması kimi
ideyanı öz tamaşaçılarına təlqin edirdi.
Pyesdə ərəb oğlu Yusif İdris - Qurban Abbasov
böyük ideallarla yaşayaraq təhsil almaq istəyir.
Aktyor gənc vətənpərvərin surətini məharətlə
yaratmaqla obrazı tamaşaçıya sevdirmək
üçün yeni boyalar axtarmaqla hərəkət və
davranışını ətrafdakılara münasibəti ilə
fəal mövqeyini təqdim edə bilirdi. Profesor Bağır
Bağırov yazırdı: “Teatrın gələcəyi
naminə layiqli aktyor nəsli yetişdirmək yaradıcı
kolektivin qarşısında bir problem kimi durur və
hazırda da durmaqdadır. Fərəhli haldır ki, teatr
özünü sənətə bağlayan istedadlı gənclərin
bir qrupunu ətrafında toplamağa nail ola bilib. Bu istedadlardan
biri də Qurban Abbasovdur. Böyük ümid verən
yaradıcı gəncliyin nümayəndəsi kimi Qurban
Abbasov öz yaşlı sənət müəllimlərindən
səhnə sənətinin sirlərini dərindən öyrənir,
öz üzərində müstəqil
çalışır və bir aktyor kimi püxtələşir”.
Gəncə Dövlət Dram
Teatrında 22 aprel 1980-ci ildə tamaşaya qoyulan M.
Şatrovun “İnqilabi etüd” (Tərcümə edən
İshaq İbrahimov, quruluşçu rejisor, əməkdar incəsənət
xadimi Yusif Bağırov, rəssamı Nodar Qabrindaşvili) iki
hisəli pyesində Qurban Abbasovun yaratdığı Lenin
obrazı aktyorun yaradıcılıq nailiyyəti olaraq
teatr ictimaiyyətinin diqqətini cəlb edə bilirdi. Təsadüfi deyil ki, post-sovet məkanı
zamanı Azərbaycan SSR Mədəniyyət Nazirliyinin
kolegiyası və Respublika Teatr Cəmiyyətinin Rəyasət
Heyəti Leninin anadan olmasının 100 illiyi, Böyük Vətən
müharibəsində qələbənin 35 illiyi, Azərbaycan
SSR-nin və Azərbaycan KP-nın yaranmasının 60
illiyi münasibətilə dram teatrlarının respublika
müsabiqəsinə yekun vurarkən ən yaxşı
yaradıcılıq debütü üzrə birinci
mükafatı məhz M. Şatrovun “İnqilabi etüd”
pyesinin tamaşasında Lenin rolunun ifaçısı Qurban
Abbasova təqdim edib. Ə. Məmmədxanlının “Şərqin
səhəri”ndə Cavanşir bəy, İ.Qasımov və
H. Seyidbəylinin “Böyük ürək”ində Rüstəm,
N.Məmmədlini “Unutmaq istəyirəm”də Əhməd, N.
Gəncəlinin “Məhəbbət körpüsü”ndə
Azər, “Səadət yağış deyildi”də Tərlan,
Q. Mehdinin “Oxşarlar”ında Rəhman Kərimzadə, A. Məmmədovun
“Bəraət”ində İslam, F. Əlyarbəylinin “Xan
qızı”nda Haşım bəy və başqa
çağdaş Azərbaycan müəlliflərinin müxtəlif
janrlı əsərlərinin tamaşalarında həmçinin
Q. Zapolskayanın “Xanımın əxlaq dərsi”ndə
Zbışko, M. Kərimin “Aygül diyarı”nda Kənar adam,
O. İoselianinin “Araba hələ aşmayıb”da Buxuti, M.
Qorkinin “Qoca”sında Pavel, U. Şekspirin “III Riçard”da IV
Eduard, E. Radzinskinin “Sokratla söhbətlər”ində Sokrat, D.
Valeyevin “Vicdan məhkəməsi”ndə Qarif kimi tərcümə
əsərlərinin tamaşalarında Qurban Abbasovun
çıxış etdiyi səhnə personajları hər
zaman tamaşaçılar tərəfindən maraqla
qarşılanırdı.
Görkəmli teatr və kino aktyoru, xalq artisti
Məmmədrza Şeyxzamanov aktyor haqqında yazırdı: “Gəncə Dövlət Dram Teatrının
yaşlı nəslə mənsub aktyorları ilə gənc
qüvvələr arasında möhkəm
yaradıcılıq ünsiyyəti vardı. Belə gənc
aktyorlar sırasında Qurban Abbasov xüsusi olaraq diqqəti cəlb
etməklə, böyük sənət məktəbindən
hər zaman bəhrələndiyini və inkişaf etdiyini
göstərə bilir. Bu cür inkişaf və
yaxınlıq yaradıcılıq baxımından
etibarlı zəmindir”.
1980-ci illərdə Gəncənin Alimlər
evində təşkil edilən xalq teatrı ciddi planda
tamaşaların hazırlanmasında böyük səylər
göstərirdi. Məhz bu teatrın uğurlu fəaliyyətində
bədii rəhbər olaraq Qurban Abbasov fəaliyyəti ilə
diqqət mərkəzində olmağı bacarırdı.
Onun fəaliyyəti nəticəsində Rövşən
Musayev, Mehriban Atayeva, Rövşən Əliyev, Namiq Tahirov,
Rauf Həsənov, Arif Qulami, Elnur Məmmədov, Murad
Əliyev, Rəşid Nağıyev, Rüstəm Abdullayev
kimi gənc istedadların peşəkar səhnəyə bir
aktyor olaraq yetişdirilməsində xidmətləri
böyükdür.
Aktyorun səhnə fəaliyyəti yüksək
dəyərləndirilərək 24 dekabr 1981-ci ildə “Azərbaycan
Respublikasının əməkdar artisti” fəxri adına
layiq görülüb. Qurban Abbasov 5 dekabr 1998-ci ildə Gəncə
şəhərində vəfat edib və buradakı yeni Səbiskar
qəbiristanlığındakı Fəxri xiyabanda dəfn
olunub. Bu gün təəssüf hissi ilə
qeyd etmək istəyirəm ki, Qurban Abbasovun vəfatından
21 il ötməsinə baxmayaraq, onunla bağlı heç bir
dövrü mətbuatda geniş formada yazılar dərc
edilmir və ya xatirə verilişləri belə
hazırlanmır. Hətta xatirəsinin əbədiləşdirilməsi
üçün yaşadığı binanın önündə
belə xatirə-barelyef lövhəsi yoxdur. Görəsən,
böyük bir sənət məktəbi keçən və
sözün əsl mənasında özünün möhtəşəm
sənət məktəbini yarada bilən bu kimi sənət fəadilərinin
unudulmasının və ya unudulmağa məhkum
olunmasının əsas səbəbi nədir?
Bəlkə də elə biz,
özümüzük!
Anar Bürcəliyev,teatrşünas
Cümhüriyət.-
2019.- 4 sentyabr.- S.14