Milli Musiqimizin
Üzeyir bəy zirvəsi
18
sentyabr bir çoxları üçün sıradan gün
olsa da, bu gün milli dəyərlərimizi sevən və
qoruyan hər kəs üçün bayramdır.
Çünki bu gün dahi
bəstəkar Üzeyir
Hacıbəylinin doğum
günüdür. O Üzeyir
Hacıbəylinin ki, bizim bu gün
bəhs etdiyimiz milli musiqimizi yaradıb. Mədəniyyətimiz
məhz inkişafının
zirvəsini bu şəxsə borcludur.
18 sentyabr 1995-ci ildən
başlayaraq Milli Musiqi Günü kimi qeyd olunur.
Bununla bağlı qərar Ü.Hacıbəylinin
110 illik yubileyi ərəfəsində Heydər
Əliyev tərəfindən
verilib. Bildirək ki, Üzeyir bəyin doğum gününü bayram kimi qeyd edilməsinin
ənənəyə çevrilməsində
Maestro Niyazinin böyük rolu olub.
Görkəmli bəstəkar və
dirijor Niyazi Tağızadə Üzeyir
bəyin vəfatından
sonra hər il bu günü
qeyd edərmiş. Həmin gün ənənəvi olara Azərbaycan Dövlət Konservatoriyasının (indiki
- Bakı Musiqi Akademiyası) önündə
minlərlə insan toplaşarmış. Burada
Üzeyir Hacıbəylinin
adını daşıyan Azərbaycan
Dövlət Simfonik Orkestri Niyazi Tağızadənin rəhbərliyində
bəstəkarın əsərlərini
ifa edərək Üzeyir bəyi yad edərmiş. Ötən əsrin
90-cı illərinin əvvəllərində
Azərbaycanda, xüsusilə
də Bakıda yaşanan siyasi böhranla əlaqədar bu ənənə bir müddət
unuduldu. Üzeyir bəy Azərbaycanın mədəniyyəti tarixinə
böyük bəstəkar,
opera sənətinin banisi kimi daxil
olub. Onun əsərləri dünya musiqi incilərindən sayılır.
Üzeyir Hacıbəylinin
məşhur bəstəkar
olmasında 1899-1904-cü illərdə
Qori Müəllimlər
Seminariyasında aldığı
təhsil böyük
rol oynayıb . Hacıbəyli məhz seminariya illərində qabaqcıl dünya mədəniyyəti ilə
yaxından tanış olub.
O, burada Avropa
musiqi klasiklərinin əsərlərini mənimsəməklə
yanaşı, skripka və bariton da çalmağı öyrənib, xalq mahnı nümunələrini
nota köçürüb.
Məhz Qori Müəllimlər Seminariyasında
Müslüm Maqomayev ilə tanış olub. Bu tanışlıq dostluğa və illər sonra qohumluğa çevrilib. Üzeyir Hacıbəyovlinin
ilk operası 1908-ci ildə başa çatıb. 1908-ci il yanvarın 12-də (yeni təqvimlə 25-də) Bakıda
Hacı Zeynalabdin Tağıyevin teatrında
göstərilən "Leyli
və Məcnun" operası ilə təkcə Azərbaycanda
deyil, bütün
müsəlman Şərqində
opera sənətinin əsası qoyulub.
Operanın musiqisi,
əsasən, muğam
və təsniflər
üzərində qurulub.
"Leyli və Məcnun" ilə musiqi tarixində operanın yeni növü – muğam operası meydana gəlib. Səməd Vurğun çox
zaman Üzeyir bəyə "Ey Füzuli şerinin bir bəstəkar qardaşı!", -deyə
müraciət edərmiş.
O, "Leyli və Məcnun"dakı üslub
xüsusiyyətlərini və
estetik sənət prinsiplərini sonrakı operalarında da davam etdirib. Üzeyir bəy ömrünün nə az, nə çox,
düz 45 ilini incəsənətə
həsr edib. Dahi bəstəkar 7 ilini bezmədən, usanmadan operalarına həsr edib. Yeddi il ərzində
dayanmadan bir-birinin ardınca 5 opera və 3 operetta yaradıb. Bu gün də
öz dəyərini itirməyən, həmişə
tamaşaçını ekrana
bağlayan «Leyli və Məcnun», «Əsli və Kərəm», «O olmasın,
bu olsun», «Arşın mal alan» yarandıqları ilk gündən xalq arasında geniş şöhrət qazanıb. Üzeyir bəyin ən mükəmməl əsəri isə heç şübhəsiz “Koroğlu”
operasıdır. Üzeyir
Hacıbəyli milli musiqimizi, rus, Avropa və başqa xalqların musiqisini dərindən öyrəndikdən sonra
“Koroğlu”nu tamamlayıb.
O, bu operanı yaratdığı zaman artıq çox böyük bəstəkar
idi, hətta musiqi nəzəriyyəçisi
kimi dünya şöhrəti qazanıb.
Lakin Üzeyir
bəy bu qədər şöhrət
qazanmış olsa da, yazmaqdan, yaratmaqdan bezməyib. Bu məşhur əsərlərin ardınca
o , çoxlu mahnılar,
kantatalar, başqa musiqilər yazıb. Üzeyir bəy Azərbaycan musiqisində köklü dönüş
yaratmış dahi bəstəkardır. Ü.Hacıbəyli
böyük bəstəkar
olmaqla yanaşı, həm də publisist, pedaqoq və ictimai xadim olub. Onun
gözəl felyetonları,
satirik, publisistik əsərləri ədəbiyyatımızda
mühim yer tutur. Ü.Hacıbəyli
həmçinin Cəlil
Məmmədquluzadənin yaratdığı
«Molla Nəsrəddin»
məktəbinin qüdrətli
nümayəndələrindən olub. Qeyd edək
ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı
ilə Üzeyir Hacıbəyov Azərbaycan
Respublikasında əsərləri
dövlət varidatı
elan edilən müəlliflərin siyahısına
daxil edilib.
Səyad Həsənli
Cümhuriyət.-
2019.- 18 sentyabr.- S.14