Sərhəd Qoşunlarının könüllü şəhidi: "Rəvan yuxuda atasına deyib ki, narahat olma, cənnətdəyəm"  

 

Sentyabrın 27-dən başlanan Vətən müharibəsi 30 ilə yaxın davam edən Qarabağ yaramızı sağaltdı.

 

Bu yara öz canlarını bu torpağa fəda edən qəhrəman oğullarımız sayəsində sağaldı. Uğruna neçə-neçə qurban verilən bu torpağın hər qarışında bir şəhid ruhu gəzişir. İkinci Qarabağ Müharibəsinin qəhrəmanlarından biri də şəhid Əliyev Rəvan Yusif oğludur. Əliyev Rəvan 2001-ci ildə Sumqayıt şəhərində anadan olub. Ailəsi ilə birgə uşaqlıqdan Quba şəhərində yaşayıb. 2007-ci ildə Quba şəhər 3 saylı rus məktəbinə daxil olub. İkinci sinifdə oxuyanda musiqi məktəbinə qəbul oluborada tar sinfini bitirib.

 

 

 

Musiqi ilə bərabər futbolla da məşğul olub və fəxri fərmanlar alıb. Rəvan 2016-cı ildə Bakı İdarəetmə və Texnologiya Kollecinə qəbul olub. 5 iyul 2019-cu ildə həqiqi hərbi xidmətə yollanıb. O, Yevlax şəhərində yerləşən Dövlət Sərhəd Qoşunlarında xüsusi təyinatlı bölükdə əsgər kimi xidmət edib. İkinci Qarabağ müharibəsi başlayanda Sərhəd Qoşunlarının əsgərləri əvvəlcə döyüşlərdə iştirak etmirdi. Lakin könüllü olaraq əsgərlər döyüşlərə yollana bilərdi. Rəvan qulluq etdiyi hərbi hissədən bir zabit və altı əsgər müharibəyə könüllü gedib. Rəvan oktyabrın 23-ü şəhidlik zirvəsinə ucalıb və 29 oktyabr 2020-ci ildə Quba Şəhidlər Xiyabanında dəfn edilib.

 

Anası Mehriban Əliyeva Cebhe.info-nun əməkdaşı ilə söhbətində şəhidimiz barədə xatirələrindən, son zəngi, son görüşündən danışıb.

 

"Bizə verilən 11 min manat pulla Rəvanın adına bulaq tikdirəcəyəm"

 

"Oğlum mənim üçün ölməyib. Çünki şəhidlər ölməzdir. Rəvan şəhid olandan sonra onun üçün bir xatirə otağı yaratmışam. İnşallah bizə verilən 11 min manat pulla Rəvanın adına bulaq tikdirəcəyəm. Rəvan son dəfə bizə sebtyabrın 18-də bizə zəng vurmuşdu. Onda hələ müharibə başlamamışdı. Elə həmişəki söhbətlərimizdən biri olmuşdu. Sərhəd Qoşunlarında nəzarət çox güclü idi deyə, zənglər az və qısa olurdu. Mən oğlumu son dəfə keçən ilin noyabrında görmüşəm. Biz onun yanına getmişdik. Martda yenidən onu görməyə getməliydik. Karantin düşdü, biz də gedə bilmədik, o da məzuniyyətə gələ bilmədi. Şəhid olanda 1 il 6 ayın əsgəri idi. Bu müddət ərzində karantin səbəbilə bir dəfə də olsun evə gələ bilmədi. Mən onu həmişə Allaha əmanət eləmişəm. Son sözüm də elə bu oldu ki, Allaha əmanət ol. Allah da belə buyurdu, onu Şəhidlik zirvəsinə ucaltdı. Boyu hündür idi, ona boyum çatmırdı. Öpəndə boynundan öpürdüm. Son dəfə boynundan öpəndə ondan gül iyi gəlirdi. Dedim ki, balamdan gül iyi gəlir. Elə son vidamız da bu oldu".

 

 

 

"Ön cəbhədə xidmət etmək istəyirdi"

 

Mehriban xanım deyir ki, Rəvanın könüllü olaraq müharibəyə yollanmasından xəbərsiz olsa da, içində onun müharibədə olduğu ilə bağlı hiss yaranıb: "Oğlumun xidmət etdiyi hərbi hissə çox yaxşı idi. O qədər yaxşı idi ki, oğlum deyirdi ki, mən əsgərliyimi əsgər kimi çəkmək istəyirəm, burada bizə çox yaxşı baxırlar. Deyirdi ki, ön cəbhədə xidmət etmək istəyirəm. Mən də deyirdim ki, Rəvan, sənin boyun hündürdür deyə, Sərhəd Qoşunlarına götürülmüsən axı. Bir-iki dəfə də oradan getmək üçün onlara şans verilib. Soruşublar ki, kim istəyir getmək?

 

Rəvan irəli addımlayıb ki, mən istəyirəm. “Mən gedirdim, maşına minəndə soruşdular ki, evin tək oğlusan? Hə, dedim, onda mənə dedilər ki, burada qal. Ana, bilsəydim, deyərdim, qardaşım var. Kaş, məni də aparaydılar”-bizim son görüşümüzdə Rəvan belə dedi.

 

Hərbi xidmətini sərhəddə çəkmək istəyirdi, ona görə də bilirdim ki, əgər müharibə başlasa, onlardan soruşulsa ki, kim getmək istəyir? Rəvan özünü əvvəl qabağa atacaqdı. Elə belə də olub. Onlara deyiblər ki, kim müharibəyə könüllü yollanmaq istəyir? İrəli çıxan 7 nəfərdən biri də Rəvan olub. Onların hamısı şəhid zirvəsinə yüksəlib. Sərhəd Qoşunlarının ilk 7 şəhidi onlar olub. Biz onun müharibədə olduğunu bilmirdik. Ya zəng eləmədi, ya mesaj yazmadı, heç nə... Mən inanmıram ki, onlara gedəndə axırıncı dəfə zəng etməyə şans verməyiblər. Biz narahat olmayaq deyə, oğlum zəng vurmayıb. Hətta hamı deyirdi ki, Sərhəd Qoşunları müharibədə iştirak etmir. Amma mən hiss edirdim ki, o, müharibəyə yollanıb".

 

"Rəvan bu dəfə doğum günümü başqa cür təbrik elədi"

 

Mehriban xanım deyir ki, Rəvanın onun doğum günündə zəng etməsini gözləyirmiş, lakin şəhid xəbəri gəlib: "Rəvan şəhid olandan sonra bir neçə gün döyüş bölgəsində qalıb. Oktyabrın 28-i gecə bizə xəbər gəldi ki, oğlunuz şəhid olub. 29-u biz onu dəfn etdik. Mən istəyirdim ki, 30-u dəfn olunsun, dedim, bir gecə icazə verin, qalsın. Çünki 30-u mənim ad günüm idi... Mən hamıya deyirdim ki, oğlum bu qədər zəng etmirsə, 30-u, doğum günümdə mütləq mənə yığacaq. Çünki o, heç vaxt mənim ad günlərimi buraxmazdı. Ötən ilad günüm bazar gününə düşməmişdi. O, haradansa telefon tapıb, necəsə icazə alıb mənə zəng edib təbrik etmişdi. Mən əmin idim ki, o məni bu dəfə də təbrik edəcək. Amma bu dəfə başqa cür təbrik elədi. Bir gün əvvəl özü gəldi. Belə gəldi. Onunla döyüşdə bir olanların dediyinə görə, Rəvangil Ağdam, Zəngilan, Füzuli, Cəbrayıl uğrunda gedən döyüşlərdə iştirak edib. Daha sonra onlar iki hissəyə ayrılıb. Rəvangil irəli gediblər. Digər hissə isə Zəngilanda qalıb. Rəvangil isə orada da şəhid olub".

 

"Narahat olma, mən cənnətdəyəm"

 

Mehriban ana Rəvanın şəhid olmasını hələ müharibə başlamazdan öncə yuxuda gördüyünü söyləyib: "Həyat yoldaşım Rəvanın şəhid olmasından sonra hər gün onu yuxuda görür. Mən isə cəmi üç dəfə görmüşəm. Axırıncı yuxularından birində Rəvan ona deyib ki, məndən narahat olma, mən cənnətdəyəm. O yuxusundan sonra yoldaşım bir az özünü ələ alıb, bir az sakitləşib. Yoxsa çox pis keçirirdi. Çünki Rəvanın cənazəsini gətirməyə də o getmişdi. Rəvandan öncə ona 32 Şəhidi göstəriblər. Yuxu demişkəm, mən müharibə başlayandan bir neçə gün sonra yuxuda görmüşdüm ki, həyətimizə tabut gətiriblər. Mən də uzaqdan evə gəlirəm. Görürəm, qapımızın ağzında çoxlu adamlar yığışıb. Başa düşürəm ki, nəsə olub. Tez qaçıb həyətə daxil oluram. Görürəm, həyətin düz ortasında tabut var. Mən də diz çöküb "Rəvan" deyə qışqırıram. Bu yuxunu yoldaşıma, anama danışdım. Anam da dedi ki, yuxudu, bala, fikir eləmə. Yəni, mənə əyan olmuşdu. Sonra elə yuxudakı kimioldu..."

 

"Atam ölən gününə qədər saqqalını qırxmayıb, Şuşa üçün yas saxlayırdı"

 

Mehriban xanımın sözlərinə görə, Rəvanın bu qədər Vətənpərvər ruhda böyüməsinin səbəbkarı Birinci Qarabağ Müharibəsi iştirakçısı babasından qalan xatirələr olub:

 

 

 

"Atam və 3 əmim Birinci Qarabağ müharibəsində iştirak edib. Atamın ayağında qəlpə yaraları vardı, hər gecə onun ağrısı ilə yata bilmirdi. Müharibə illərindən sonra həyatlarını çox çətin keçirdilər və hamısı erkən dünyalarını dəyişdi. Atam çox istəyirdi ki, şəhid olsun. Bu onun arzusu idi. Hər dəfə gedəndə də deyirdi ki, şəhid olmaq üçün gedirəm. Amma bu ona qismət olmadı. Atam kapitan idi, dənizdə də batdı. Rəvan dünyaya gələn il atam dünyasını dəyişdi. Qarabağ müharibəsi onların üzərində böyük iz qoymuşdu. Atam ölən gününə qədər saqqal qırxmayıb, Şuşa üçün yas saxlayırdı. Lap çox uzanmasın deyə, qayçı ilə bir az üstündən götürürdü. Deyirdi, Şuşa alınsın, orada qırxacağam. Elə saqqalı olaraq da dünyasını dəyişdi. Əfsuslar olsun ki, nə Şuşanın qayıdışını, nə də nəvəsinin şəhid olduğunu bilmədi. Atam sağ olsaydı, mən əminəm ki, fəxr edərdi ki, onun nəvəsi şəhid olub. Hətta sevinərdi ki, mənim nəvəm şəhid oldu, torpaq uğrunda canını qurban verdi. Çünki atam üçün Vətən, torpaq, Vətən üçün şəhid olmaq böyük önəm daşıyırdı. 20 Yanvarda onun qohumu şəhid olmuşdu, çox pis olurdu ki, niyə mən şəhid olmadım? Qarabağda da dostları şəhid olanda deyirdi, niyə mən olmadım? Atamın “Qaz-24" markalı “Volqaavtomobili var idi. Onu satıb pullarını da cəbhəyə vermişdi. Rəvan bax, belə bir kişinin nəvəsi olub. Rəvan bütün bunları eşidərək böyüyüb. Onu belə böyütmüşəm. Bu Vətənpərvərlik ona qanla keçib. Çarpayısının üstündə həmişə Azərbaycan bayrağı olub".

 

"Yoldaşım danışır ki, 32 şəhidə baxdım, hamısının üzü gülürdü…”

 

Rəvan əsgərliyə getməmişdən qabaq onun üçün keçən ilin iyunun 30-da öz aramızda yığıncaq etmişdik. Orada atası demişdi ki, birdən çaşıb Qarabağı alarsan ha. Biz onda gülmüşdük, amma doğrudan da elə oldu... Yoldaşım danışır ki, 32 şəhidə baxdım, hamısının üzü gülürdü, hamısının üzündə təbəssüm vardı. Rəvanın da üzü gülürdü. Deyir, üzündə eyni gülüşü vardı. Bu çox maraqlıdır. Elə şəhid var idi ki, üzünün yarısı yox idi, amma təbəssümü itməmişdi".

 

Şəhid anası deyir ki, Rəvan hərtərəfli uşaq olub, şeir yazıb, musiqi bəstələyib, futbol oynayıb: "Rəvan şeir yazırdı, səsləndirirdi. Rep üçün də sözlər yazırdı. Deyirdi, gələndə disk buraxacam. İndi biz onların axtarışındayıq ki, həmin yazdıqlarını necə edib, haradadır. Uşaq olanda gəlib mənim yanımda namaz qılmağı öyrənmişdi. Əsgərlikdə onlara icazə vermirdilər. Amma deyirdim, oturan yerdə özün üçün sözlərini denən. Bəlkə də, səngərlərdə olsaydı, orada mümkün deyildi. Amma kitab istəyirdi. Yanına gedəndə də kitab aparmışdıq, bağlama şəkilində də göndərmişdik. Ən son "Sən 17 yaşımsan" kitabını göndərmişdik. Yəni, hərtərəfli uşaq idi. Allah belələrini seçir. Azərbaycan komandaları içində "Qarabağ"a azarkeşlik edirdi. Hər getdiyi oyunun biletlərini saxlayırdı. Deyirdi, pul yığıb mütləq "Barselona"nın oyununa gedəcəyəm".

 

"Biz bilməzdik ki, görmədiyi evinə tabutu gələcək"

 

Mehriban xanım deyir ki, "haqqını halal et" cümləsi Rəvanın hər zaman dil əzbəri olub: "Tez-tez idarələrdən gəlirlər ki, nə istəyirsiniz. Yalnız küçəmizin adı yoxdur, Rəvanın xatirəsinə küçənin adını versinlər. Nə yalan deyim, İcra Hakimiyyətindən gəlməyiblər. Rəvan kirayələrdə böyüyüb. İndi təzə köçdüyümüz evi Rəvan tam şəkildə görməyib. Biz ona deyəndə ki, köçmüşük, inanmırdı. Dediyim odur ki, tez-tələsik tikdik ki, Rəvan gəlincə hər şey hazır olsun. Biz bilməzdik ki, görmədiyi evinə tabutu gələcək. Şəhidlər kirayə evlərdə böyüyürlər. Kirayə evdən əsgərliyə gedəndə pilləkənlərdən düşəndə də dedi ki, haqqını halal elə, ana. Bu sözü tez-tez işlədirdi".

 

Naibə Məmmədova

 

Cümhuriyət.- 2020.- 22 dekabr.- S.12.