Atasının pəncərədən vidalaşdığı şəhid: “Cənazəni son dəfə görməsi üçün...”   

 

İkinci Qarabağ Müharibəsi bizə illərlə həsrətini çəkdiyimiz torpaqlarımızı qaytardı. O Qarabağı ki, uğruna minlərlə can qurban oldu...

 

Qarabağ uğrunda canını Vətən üçün qurban verən, ölümün gözünə dik baxan qəhrəmanlarımızdan biri də şəhid Kazımov Vüsal Kamran oğludur.

 

Kazımov Vüsal 17 dekabr 1990 - cı ildə Lənkəran rayonu Yuxarı Nüvədi kəndində anadan olub. 1996-cı ildə Lənkəran rayonu Mais Mirzəcanov adına Yuxarı Nüvədi kənd tam orta məktəbinin 1-ci sinfinə gedib. 2007-ci ildə həmin məktəbin 11-ci sinfini bitirən Vüsal 2007-ci ildə Lənkəran Dövlət Universitetinin Təbiyyat fakültəsinin əyani şöbəsinə daxil olub. 2011-ci ildə həmin universiteti "Fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı" ixtisası üzrə bitirib və 5 iyul 2011-ci il tarixində Lənkəran rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. 06.07 2011-ci il tarixdən 10.08.2011-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin N saylı hərbi hissəsində ştatdan kənar müddətli həqiqi hərbi xidmət, 10.08.2011-ci ildən 14.10.2011-ci il tarixədək Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində kursant, 14.10.2011-ci ildən 14.04.2013-cü ilədək Silahlı Qüvvələrin 171 saylı hərbi hissəsində tağım komandiri vəzifəsində həqiqi hərbi xidmət keçib.

 

14.04.2013-cü ildə xidmət müddəti başa çatdığına görə həqiqi hərbi xidmətdən ehtiyata təxris olunub. 03.09.2014-cü ildən 16.04.2016-cı ilədək Silahlı Qüvvələrin Hərbi Polis idarəsinin N saylı hərbi hissəsində bölük komandirinin şəxsi heyətlə üzrə müavini vəzifəsində həqiqi hərbi xidmət keçib. 16.04.2016-cı ildə xidmət müddəti başa çatdığına görə həqiqi hərbi xidmətdən ehtiyyata təxris olunub. 23.06.2016-cı ildən 16.08.2017-ci ilədək Lənkəran şəhər Uşaq Poliklinikasının psixi sağlamlıq bölməsində müalicə bədən tərbiyəsi üzrə təlimatçı vəzifəsində işləyıb. Şəhidimiz 2017-ci ildən Lənkəran Dövlət Universitetinin qiyabi şöbəsində İqtisadiyyat və idarəetmə fakültəsinin "Mühasibat uçotuaudit" ixtisası üzrə bakalavriat səviyyədə təhsil alırmış. O, həmin müddətdə Lənkəran şəhər gənclər və idman idarəsinin nəzdində UGİM-in direktoru olub. 2 qız övladı var.

 

Kazimov Vüsalın həyat yoldaşı Aysel xanım Cebhe.info əməkdaşı ilə söhbətində onun həyat yolundan bəhs edib.

 

"Onu görəndə öz-özümə dedim ki, xoşlamadığm oğlan tipidir"

 

"Mən Vüsalla 2014 ilin mart ayında tanış olmuşam. Hələ o zaman universitetin son kursunda idim. Müəllimələrimdən biri vasitəsilə bizim tanışlığımız başlamışdı. Müəlliməm gəlib dərsdən icazə alıb məni çölə çıxarmışdı ki, bəs, Vüsal gəlib, səni görmək istəyir. Mən onda özümü bu tanışlığa hazır hiss etmədiyimi bildirmişdim. Çox təkiddən sonra müəllimə məni görüşməyə razı sala bilmişdi. Onu görəndə öz-özümə "Xoşlamadığm oğlan tipidir",- deyə fikirləşirdim. Lakin onunla qısa da olsa, dialoq qurmuşdum. Sonra sosial şəbəkələrin birində danışdıq, söhbətləşdik. Beləcə ünsiyyətimiz dərinləşdi”.

 

Cütlkü 18 oktyabr 2014 - ildə ailə qurub. 2015-ci il ilk qızları, 2020-ci ildə isə ikinci qızları dünyaya gəlib.

 

Aysel xanım deyir ki, Vüsal həmişə qəlbində Vətən sevgisi, qisas hissi ilə yaşayıb:"Razı olmaram ki, bizim uşaqlar, Xocalıdakı uşaqların çəkdiyini çəksin",- deyirdi. O, bir dəfəsində "Aysel, mən şəhid olsam, edərsən?",- deyə soruşmuşdu. Mən isə bu barədə düşünmək belə istəmədiyimi söyləmişdim. Onda hələ bilmirdim ki, vaxt gələcək, dediyi olacaq, şəhidlik zirvəsinə ucalacaq. 21 sentyabrda hərbi təlim çağırşı ilə Lənkəran şəhər Hərbi Komissarlığına çağırıldı. Səhər işə getdi. Yəni bilirdik ki, həmin gün hərbi komissarlığa gedəcək. Amma həmin gün aparılacağını deməmişdilər. Günorta evə gələndə gördüm, əynini dəyişir. Soruşanda ki, hara gedirsən, dedi ki, gedirəm uşaqlarımın rahat nəfəs almağını təmin eləməyə. Razı olmaram ki, bizim uşaqlar, Xocalıdakı uşaqların çəkdiyini çəksin. Bunu onsuz da kimsə eləməlidir. Getdiyi üçün çox sevinirdi".

 

"Dedi ki, sağam, qəbrimin üstünə gəl"

 

Şəhidimizin həyat yoldaşı ondan 1 ay xəbər ala bilmədikləri bu müddətdəki axtarışlarından danışıb:"Müharibə başlayanda bizimlə hər gün əlaqə qurardı. Hər gün qızları ilə danışardı. Ən son 26 oktyabrda zəng vurdu ki, yerimizi dəyişirlər, zəng çatmasa, narahat olmayın. Lakin bu günlər daha da çoxaldı, ondan məlumat ala bilmədik. Biz daha onu axtarmağa, haqqında maraqlanmağa başladıq. Axtarmadığımız yer qalmamışdı. 29 noyabrda şəhidlik xəbəri gəldi. Bizə onun yaşadığını, onu görənlərin olduğunu deyən çox olmuşdu... Bir neçə gün öncə yuxuda məni çağırmışdı, dedi ki, sağam, qəbrimin üstünə gəl. Qəbrinin üstünə getdim, onunla dərdləşdim, ürəyimi boşaltdım, qayıtdım".

 

"Mən oğlumu deyil, dostumu şəhid verdim"

 

Aysel xanım şəhidimizin atası ilə olan münasibətindən söz açıb:

 

"Ailədə onun ən yaxını atası idi. Ata deməzdim, dostu idi. Yəni tək atasına qarşı o münasibətdə deyildi. Ata da ona dost gözü ilə baxırdı. Baxmaq deməyək, elə həqiqətən dostu idi. Problem olanda da bir-biri ilə həll edirdilər. Atası indi danışanda "Mən oğlumu deyil, dostumu şəhid verdim",- deyir. Cənazəsi gələn günü səhhəti ilə əlaqədar olaraq, atasını oksigen aparatına qoşmuşdular. Yəni həyətə düşüb, oğlu ilə vidalaşması mümkün deyildi. Ən azından onu uzaqdan da olsa, görə bilməsi üçün cənazəni pilləkənə kimi qaldırdılar. Pəncərədən baxıb sağollaşa bildi. 5 min insan bilirsiniz deməkdir? Barmaqların ucunda apardılar onu, çiyinlərdə yox. Torpağını ovuc-ovuc tökdülər. Ovuc- ovuc".

 

"Ürəkdəki o yanğı keçmir..."

 

Aysel xanımın sözlərinə görə, şəhidimiz gələcəyini düşünərək, planlarından o qədər də bəhs etmirmiş: "Gələcəyini fikirləşirdi. Amma axır günlərdə danışanda ancaq deyir ki, uşaqlara fikir ver. Mən bir dəfə zarafatla ona dedim ki, bəs mənə kim fikir versin? Yazdı ki, mən özüm gəlib sənə fikir verərəm, sənin qayğına özüm qalaram. Həmişə deyirdi ki, inşallah, gedim sağ-salamat qayıdım, yaxşı tapım. Əslində işi yaxşı idi, sadəcə maddi cəhətdən deyirdi. Düzdür, insan zaman keçdikdə özünə təsəlli verir. Amma ürəkdəki o yanğı keçmir..."

 

Naibə Məmmədova

 

Cümhuriyət.- 2020.- 15 dekabr.- S.10.