Eyni gündə döyüş,
eyni gündə şəhidlik: “Statusunda məzar şəkli
paylaşmışdı, 5 dəqiqə sonra...”
Torpaqlarımıza qanı və canı ilə azadlıq gətirənlərin sırasında onun da imzası var.
25 yaşlı şəhid gizir Tərlan Amanəliyevin... 44 günlük
Vətən savaşında
qəhrəmanlığı, şücaəti və qorxmazlığı ilə
düşmənə sinəsini
sipər edən Tərlan Ağdərə
döyüşlərində tarix yazaraq şəhidlik
zirvəsinə ucalıb.
Cebhe.info şəhid Tərlan
Amanəliyevin yaşadığı
doğma ocağında,
Şamaxı rayonunun Şəhriyar qəsəbəsində
olub. 52 gündür şəhid olan qəhrəmanımızın ocağına
yaxınlaşanda izdihamla
qarşılaşdıq. Yaxınları, doğmaları və
qonşuları şəhidini
xatırlamağa toplaşmışdı.
Yaş dolu gözlər hələ də Tərlanın otaq böyüklüyündəki
fotosuna zillənmişdi...
“Boynu bükük gəzməyəcəyinə söz
ver...”
Həyat
yoldaşı Ülviyyə
Amanəliyeva Cebhe.info-ya
igidinin qəhrəmanlıq
dolu xatirələrini
bölüşüb və
Tərlana verdiyi sözü tutaraq qürurla ondan bəhs edib:
“Tərlan yetimliklə
böyüyüb. Tərlan
min bir əziyyətlə
ev qurdu
və içinə girdik. Özünün çox çətin
həyatı olub.
Anasını 6-7 yaşlarından
itirib... Atası isə ona
sahib çıxmayıb, heç
bir məsələdə
yanında olmayıb.
Dayısının köməkliyi və
dəstəyi ilə ayaqda qalıb. Uşaq yaşlarından işləyib
və özünü
dolandırıb. İndi
məni yandıran da bax bunlardır...
Min bir əziyyətlə
ayaqda duran Tərlanımın gedişi...
Amma fəxr edirəm... Öyünürəm
onunla... O, sağlığında
da şərəfli idi, heç kimə əyilmirdi. Ölümü də şərəfli oldu və ən ali zirvəyə
ucaldı...”
“Polad Həşimovun qisasını almağa tələsirdi...”
Tərlan
və Ülviyyə Amanəliyevanın evliliyndən
2 il keçir.
Övladları yoxdur. Ağızdolusu
Tərlanın qayğıkeşliyindən
söz açan 23 yaşlı Ülviyyə
təklikdən gileylənmir:
“Döyüşə gedən gündən danışırdıq. Bilirdi ki,
onsuz yemək yemirdim. Telefonda anamdan yemək
yediyimi soruşurdu, narahatlığını gizlətmirdi.
Günlərim ağlamaqla keçirdi.
Sanki özümü onsuz
qalacağıma hazırlayırdım...
General Polad Həşimov
şəhid olandan sonra evdə qərar tutmurdu. Onun ölümünə
çox üzülmüşdü
və qisasını almağa tələsirdi.
Hər gün evdə bu barədə danışırdı. Döyüşlər başlayan gün könüllü olaraq adını yazdıqmağa
gedibmiş. Amma evdə
deməmişdi, xəbərsiz
idim. Sadəcə, getdiyi gün
xəbərim oldu.
Sevincinin
həddi-hüdudu yox idi. Mənimlə son dəfə görüşəndə
və ondan sonrakı telefon danışıqlarımızda da yeganə sözü “Boynu bükük gəzməyəcəyinə
və ayaqda duracağına söz ver” oldu. Sentyabrın
27-si Şamaxıya şəhid
gəlmişdi. İşdən yorğun və ac gəlmişdi. Xəbəri eşidən kimi dostu Zahirlə şəhidi qarşılamağa
getdilər. Dedim
ki, yeməyini ye, gedərsən. Dedi, nə danışırsan,
şəhid gəlib,
yemək yeyə bilərəm? Elə həmin günün
səhəri hərbi
komissarlığa gedib,
döyüşlərdə iştirak etmək üçün adını
yazdırıbmış. Getdiyi gün mənimlə görüşməyə evə
gəldi. Sadəcə, 5 dəqiqə danışa
bildik, uzaqlaşana kimi gözlərimə baxmadı. Döyüşlərdə olduğu günlərdə
hər şeyin yaxşı olduğunu və salamat qayıdacağını deyirdi.
Döyüş yoldaşları ilə
birlikdə düşmənin
xeyli tankını məhv etmişdi. Ağızdolusu uğurlarından danışırdı və
hələ “Bundan da irəli gedəcəyik”
deyə sevincini bölüşürdü. 10 gün sonra,
oktyabrın 9-da şəhid
xəbərini aldıq.
Ağdərə uğrunda
gedən döyüşlər
zamanı boynundan snayper gülləsi almışdı...
Eyni gündə döyüşə
getdilər və eyni gündə də şəhid oldular...
Ülviyyə Amanəliyeva ilə
söhbətimiz zamanı
məlum oldu ki, həyat yoldaşı uşaqlıq
dostu Zahir Manafovla eyni gündə döyüşə
gedib və eyni gündə də şəhid olublar:
“Hər ikisinin şəhid xəbərini
eyni gündə aldıq. Zahirin həyat yoldaşı
Şahnazla sinif yoldaşı olmuşuq.
Zahir isə Tərlana qardaşdan da artıq olub. Şəhidlik zirvəsinə də
birgə ucaldılar.
Ölümündən bir gün əvvəl
anam və mən Tərlanla danışdıq. O qədər əhval-ruhiyyəsi yüksək,
şən idi ki... Anasını uşaqkən itirdiyi
üçün anama
bağlı idi, həddindən artıq çox istəyirdi, üstündə əsirdi.
Bir dəfə anam bərk xəstələnmişdi.
Həkimə apardı
və qurban boyun oldu ki,
anama nəsə olmasın, yoxsa ikinci dəfə yetim qalar... Son
dəfə anamla danışanda da döyüşlərdə irəliləmələri
üçün ondan
xeyir-dua istədi.
Sonra mənimlə danışdı və məni belə uğurladı: “Heç vaxt boynubükük gəzmə, ayaqda dur, güclü ol. Səni çox istəyirəm”.
Səsində təsvir olunmayacaq
qədər sevinc var idi. Hər səhər danışırdıq.
Hər gün olduğu kimi o səhər də zəngini gözlədim. Saat
7, 8 , yaxud 9-da, 3 saat ərzində zəng edirdi. Gözlədim, gördüm zəng
gəlmir. Yenə
gözlədim... Saat 12:00 idi.
Nömrəsindən zəng gəldi.
Sevinə-sevinə telefona qaçdım.
Əlaqəni kəsib özüm
zəng etdim ki, konturu bitməsin.
Amma tanımadığım
bir səs cavab verdi...
Zahirin də səsinə bənzəmirdi...Tanımadığım səs
soruşdu :
- Bacı, Tərlan Amanəliyev adlı yaxınınız var?
- Həyat yoldaşımdır...
-Bəs Zahir Manafov nəyinizdir?
-Yoldaşımın dostudur,
qardaşımdır.
Dedi, siz Zahirin ailəsinə
deyə bilərsiz ki, şəhid olub? Ayaqlarım, əllərim əsdi,
dilim söz tutmurdu. Zahir mənə qardaş
kimi idi. Qışqırıq səsimə bacımla
qardaşım gəldi.
Danışa bilmirdim,
boğulurdum... Soruşdum ki,
bəs Tərlan necədir? Dedi yaxşıdır, narahat olmayın. Söruşdum bəs özü
niyə danışmır?
Dedi ki, bu telefon Zahirin
cibindən çıxıb,
Tərlan qulluqdadı...
Xahiş etdim ki, telefonu Tərlana
versin... “Yox, yox, başqa yerdəyəm” deyib, telefonu söndürdü...
Sən demə, məndən əvvəl Tərlanın dayısına
şəhid olduğu
barədə xəbər
gəlmişdi...”
Hərbi
geyimi hər gün əynimdə olur...
“İndi Tərlandan mənə ən qiymətli hədiyyəsi
olan hərbi geyimi qaldı... Formanı əynimə geyəndə Tərlanımı
hiss edirəm... Başını
uca tut, əyilmə, mən cənnətdəyəm”
sözlərini dediyini
sanki eşidirəm”,-deyir
Ülviyyə...
Söhbətimizi Tərlanın sosial
şəbəkədəki son statusu ilə bitirir:
“Ölümündən bir həftə əvvəl statusunda məzar şəkli paylaşaraq, altında bu sözləri yazıbmış: “Ana, səni bir dəfə görmək üçün bütün dünyanı verərdim... Mən statusu görməmişdim. Anam zəng etdi ki, Ülviyyə nəsə olub? Dedim, yox, niyə ki? Dedi, Tərlanın statusundan narahat qaldım...Sən demə, Tərlan statusu 5 dəqiqə saxlayıb.... Anamın narahatlığını hiss edib, silmişdi. Amma arzusuna yetdi və anasını görməyi seçdi...”
Alçina Amilqızı
Cümhuriyət.- 2020.- 3 dekabr.- S.12.