"Günəşin başqa
adı" - Gənc şairin ilk kitabı nəşr edilib
Gənclərin bədii ədəbiyyata marağı günbəgün artmaqda davam edir.
Belə olan halda, düşünürsən ki, bədii ədəbiyyatımızın sabahı var və olacaq...
Gənc yazarlar maraqlı sənət əsərləri ərsəyə gətirmək üçün daim çalışır və yaradıcılıqlarında özünəməxsus yeni bir xətt düzənləməyə özlərini sövq edirlər, nəhayətdə yeni-yeni kitablar işıq üzü görür.
Belə gənc şairlərimizdən biri də Azərbaycan Dillər Universitetinin 3-cü kurs tələbəsi Məsim Rəfilidir. Məsim ADU-nun fəal tələbələrindəndir. O, dərslərini yaxşı oxumaqla bərabər, həm də 1-ci kursda oxuduğu illərdən ictimai fəaliyyətlə məşğul olur.
2018-ci ildə ADU-nun Tələbə Gənclər Təşkilatı nəzdində "Tanıdım səni" layihəsini yaradıb və həmin layihə "İlin ən uğurlu layihəsi" seçilib. O, sözügedən təşkilatda müxtəlif vəzifələrdə çalışaraq təşkilatın sədri vəzifəsinə qədər yüksəlib. Ötən il isə "İlin ən aktiv tələbəsi" adına layiq görülüb. Eyni zamanda "Rafilio Shop" adlı sosial platformanın yaradıcısıdır. O, həm də bir sıra şeir və esselər yazaraq öz istedadını nümayiş etdirir.
Məsim bu günlərdə "Günəşin başqa adı" adlı ilk kitabını çap etdirib. "Mücrü" nəşriyyatı tərəfindən 100 ədəd tirajla çap edilən bu kitabda gənc şairin 59 şeiri və 30 essesi yer alıb. Gənc şair kitablarının satışını onlayn təşkil edir. Məhdud sayda "Günəşin başqa adı" oxucularının yolunu gözləyir.
Həmin kitabdan iki şeiri sizə təqdim edirik:
Son məktub
Məktub yazıram sənə, bəlkə də son məktubu..
Ey ömrümün günəşi, ey gəcəmin ulduzu,
Mən səni unutmuşam, gəl sən də unut bunu.
Mən səndən savayı unutmuşam nələri
Unutmuşam özümü, unutmuşam deyəsən,
Gözümdən oxuya bilmədiyin kədəri
Bəlkə bu məktubu oxuyanda biləsən
Sən gedəndən ayrılıq həsrətinə qarışıb.
Bəlkə də bu məktubu buna görə yazmışam.
Gecələrə sığınıb, bəlkələrdən yapışıb,
Məktubdakı adamı bəlkələrdən asmışam...
Mən gedirəm əzizim, çıxmayacam yoluna
Sən məni unutmusan,mən səni unutmuşam.
Yada salmaq istəsən bax məktubun sonuna
Məktubun ən sonuncu nöqtəsində qalmışam...
Sevinc Tapdıqqızı
Cümhuriyyət.- 2020.- 16 iyul.- S.14.