Əlvida doğma insan, əziz
müəllimim!- Aqşin Babayevin əziz
xatirəsinə
Gəncənin al şəfəqli səhərini
çox üzücü bir xəbərlə açdım. Mənim
üçün hər zaman əziz və doğma olan
insanı, həm də müəllimim olan bir şəxsiyyəti
itirdim. Bu itginin acısı ilə
barışmaq çox çətindir. İnsan
həyatında müstəsna yeri olan şəxslərin
itirilməsi hər zaman ağırdır. Illah da ki,
müəllimin ola və onunla bağlı
xatirələrin demək olar ki, hər gün təzələnə.
Məhz Azərbaycanın tanınmış
yazıçı-dramaturqu, şair, tərcüməçisi,
pedaqoq, ictimai xadimi, Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetinin “Ədəbi
yaradıcılıq və ekran dramaturgiyası”
kafedrasının müdiri, filologiya elmləri doktoru, professor,
II dərəcəli Dövlət müşaviri, Azərbaycanın
əməkdar jurnalisti və böyük hərflərlə
yazılacaq bir insan, şəxsiyyət Aqşin Əlisəttar
oğlu Babayev tək.
Aqşin Babayevlə tanışlıq ailəvi səcərəmizlə
bağlıdır. Belə ki, mərhum atam xalq artisti Məhəmməd
Burcəliyevlə uzun illər çox yaxın dostluq telləri
sonradan bu münasibətləri ailəvi dostluğa çevirə
bilib. Onunla sonradakı görüşlərimiz
daha tez-tez olurdu. Belə ki, mən Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetində təhsil aldığım illərdə
onunla hər gün görüşür, şirin, orjinal xatirələrlə
dolu söz-söhbətlərindən doymazdım. Hətta çox maraqlı səs tonu bir anlıq
olsun belə fikirlərinin dağılmaması şərtilə
diqqəti cəlb etməklə ona qulaq asmağa imkan verirdi.
Bu gün belə bir doğma insanımı,
müəllimimi itirdim.
Aqşin Əlisəttar oğlu Babayev. Bu ad
çoxlarına tanışdır. O, 23 noyabr 1936-cı
ildə Bakıda anadan olub. 1959-cu ildə Azərbaycan
Dövlət Universitetinin Filologiya fakültəsini bitirib.
Əmək fəaliyyətinə tələbəykən
respublika radiosunda başlayıb. Türkiyə,
ərəb ölkələrinə, İrana və Cənubi
Azərbaycana verilişlər hazırlayan redaksiyaların
baş redaktoru təyin edilib. Əsas işindən
ayrılmadan 10 il (1969-1979) ingilis, fransız, alman və ispan
dillərində çap olunan “Moskou News” qəzetinin Azərbaycan
üzrə xüsusi müxbiri olub. Azərbaycanın
ictimai həyatı, mədəniyyəti, incəsənəti
haqqında həmin qəzetin səhifələrində
yazılar dərc etdirib. Ü. Hacıbəyli, F.
Əmirov, Q. Qarayev, Niyazi, T. Salahov kimi sənətkarları
xarici ölkə oxucularına tanıtdırıb. 1959-cu ildən
1991-ci ilə qədər Azərbaycan Dövlət Televiziya və
Radio Verilişləri Komitəsində
çalışıb, 15 il (1976-cı ildən)
Azərbaycan radiosu və xarici verilişlər üzrə sədr
müavini kimi fəaliyyət göstərib. 1972-1975-ci
illərdə Türkiyədə işləyib. Sədr müavini işləyərkən onun təməl
daşını qoyduğu verilişlərdən biri bu
gün də Cənubi Azərbaycana yayımlanan proqramlarda səslənən
“Körpü”dür. O, radioya rəhbərlik etdiyi vaxtlar
“Araz” radiostansiyasının verilişləri səhər erkən
efirə çıxaraq, “Səhər” proqramı fəaliyyətə
başlayıb. Televiziya və Radio Verilişlərinin
Bədii Şurasına rəhbərlik etməklə mahnı
və diktor müsabiqələrində münsiflər heyətinin
sədri olub. Milli Məclisdə mətbuat xidməti
1991-cı il mart ayının 1-də
yaradılıb. Onun ilk rəhbəri də məhz
Aqşin Babayev olub. O, bu vəzifədə 15 il çalışıb. Kütləvi
informasiya vasitələri ilə sıx əlaqə yaradaraq
Milli Məclisin nəşri olan “Qurtuluş”, “Tariximizin faciəli
səhifələri: soyqırımı”, “Heydər Əliyev
və Azərbaycan parlamenti”, “Azərbaycan parlamenti və beynəlxalq
təşkilatlar”, “Müstəqil dövlətimiz və
parlamentimiz” yazıları ilə tanına bilib. Parlament nümayəndə heyətlərinin tərkibində
Fransaya və Səudiyyə Ərəbistanına səfərlərindən
hazırladığı reportajlar, Türkiyə və
İsveçrədən yazdığı publisistik qeydləri
maraqla qarşılanıb. 1991-2006-cı
illərdə Azərbaycan Respublikası Milli Məclisinin Mətbuat
katibi vəzifəsində çalışıb. Aqşin Babayevin ilk hekayəsi 1958-ci ildə “Oktyabr
işıqları” almanaxında, 1964-cü ildə isə
“Cazibəli üfüqlər” adlı ilk hekayələr
kitabı çapdan çıxıb. “Həmişəbahar”,
“Bir parça həyat”, “Ağ ulduzlar”, “Bir ürəyin hərarəti”,
“Səhnə, Ekran, Efir” adlı kitabların müəllifidir.
“Kişilər az yaşadı” kitabı isə
Moskvanın “Sovetski pisatel” nəşriyyatı tərəfindən
30 min nüsxə tirajla nəşr edilib. Artıq 10
cilddən ibarət “Seçilmiş əsərləri”nin birinci cildi işıq üzü
görüb. Onun dövri mətbuatda
işıq üzü görən və kitablarında toplanan
oçerkləri, reportajları, məqalələri yüzlərlədir.
Niyaziyə, Q. Qarayevə, M. İbrahimova, N. Hikmətə,
Ə. Məmmədxanlıya digər yazıçı və
mədəniyyət xadimlərinə həsr etdiyi portret
yazıları oxucular tərəfindən hər zaman maraqla
qarşılanıb. Aqşin Babayev həm də
maraqlı şair idi. Yeddinci sinifdə
oxuyanda “Bahar” adlı ilk şeirini yazıb. Sözlərinə mahnılar bəstələnib.
Aqşin Babayevin dramaturq kimi ilk əsəri tələbəlik
dövründə 1955-ci ildə tamaşaya qoyulub. Sonra pyesləri Musiqili Komediya, Rus Dram, Gənc
Tamaşaçılar, Bələdiyyə, Sumqayıt Musiqili
Dövlət Dram teatrlarında oynanılıb. Onun ssenarisi əsasında
telefilmlər çəkilib. Elmi əsərləri
Moskvada, Ankarada, Tbilisidə çap olunub. “Nazim
Hikmətin yaşamı” adlı kitabı 1989-cu ildə
Almaniyada işıq üzü görüb. Nazim Hikmətdən söz düşmüşkən
qeyd etmək istərdim ki, Aqşin müəllimlə
görüşüb bir dəfə bu haqda geniş müsahibə
almışdım. O zaman Nazim Hikmətlə
bağlı xatirələrində deyirdi: “Təbii olaraq o illərə
nəzər salanda Türkiyə kəlməsi, Türkiyə
sözünü eşidəndə, xüsusi olaraq, Moskvada
oturanlar buna çox böyük qısqanclıqla
yanaşırdılar. Ançaq o zamanlar
Türkiyədə hekayələrim çap olunanda təəccüb
edirdim ki, məni heç yerə çağırıb
sorğu-sual etmirdilər. Sovet
dövründən başlayaraq bizim Akademiyada Şərqşünaslıq
İnstitutunda Türk Filologiyası şöbəsi, Moskvada
Asiya Xalqları İnstitutunda Türk bölməsi fəaliyyət
göstərirdi. Deyim ki, 1961-ci ildə Nazim Hikməti
mövzu olaraq götürüb aspiranturaya daxil olanda heç kim mənim qarşıma səd qoymadı. Nazim Hikmət dramaturgiyasının tədqiqinə
başladım. Ancaq Türkiyəyə işləməyə
gedəndə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi
Komitəsində qaydalara uyğun olaraq partiya biletimi təhvil
verəndə bir məmur dedi ki, bilirsiz, Nazim Hikmət kommunist
olub. Türkiyəyə işləməyə
gedirsiz. Orda olarkən Nazim Hikmətin
adını cəkmiyəsiz. Hətta bu
mövzuda dissertasiya müdafiə etmənizi belə deməyəsiniz.
Çünki türklər Nazim Hikməti sevmirlər.
Ona “vətən xaini” deyirlər. Amma Türkiyəyə gələndə
gördüm ki, heç də belə deyil. Əksinə,
türklər
Nazim Hikməti sevir və şeirlərini əzbər
də bilirlər. Nazim Hikmət onlar
üçün əziz bir insandır. Ancaq
elə kitab mağazaları da vardı ki, şairin
kitablarını soruşanda “Bizdə vətən xayinin
kitabı satılamaz!” cavabını da alırdım.
Ancaq bununla belə Türkiyədə işlədiyim 3 il ərzində çox az yerdə
müşahidə etdim ki, Nazim Hikməti istəmirlər. Nazım Hikməti sevənlər sevməyənlərdən
çox-çoxdur. Sonra da doktorluq işimi
yekunlaşdırdım. Doktorluq dissertasiyam
Cümhuriyyətin 1923-cü ildən 1990-cı illərə qədərki
dövrü, əbədiyyat mərhələsini əhatə
edirdi. O zaman müdafiə işləri ilə
bağlı bir çox şəxslərə müraciət
edirdim ki, mənə Nazim Hikmət haqqında bilmədiklərimi
desinlər. Bax o zaman sizin mərhum atanız, Azərbaycan
səhnəsinin unudulmaz sənətkarı, xalq artisti Məhəmməd
Burcəliyevə də müraciət etmişdim. Çünki 30-cu illərdə Türk
dramaturqlarının əsərləri Azərbaycan səhnəsində
oynanılmışdı. Amma Sovet dönəmində
Türk dramaturgiyasına az müraciət
olunurdu. Əsasən Nazim Hikmətin pyesləri
oynanılırdı. 50-ci illərdə
Türk dramaturgiyasının Azərbaycan səhnəsinə
yenidən gətirilməsi atanız Məhəmməd Burcəliyevin
adı ilə bağlıdır. Gəncə
Dövlət Dram Teatrında onun rəhbərliyi
dövründə Nazim Hikmətin “Kəllə” pyesi səhnəyə
qoyulub. Bununla da yenidən Azərbaycan
teatrlarında Türk dramaturgiyasının yeni bir
dövrü başlanılıb. 1957-ci ildə
Nazim Hikmət Gəncəyə gələrək “Kəllə”
pyesinin tamaşasına baxıb və yaradıcı kollektivlə
xatirə şəkili də çəkdirib. Bax bu günə qədər atanız Məhəmməd
Burcəliyevin onunla bağlı olan xatirələrindən
ibarət cavab məktubu mənim şəxsi arxivimdə
saxlanılır. Mən o gözəl diqqətçil
insanı, böyük sənətkarı həmişə
şükranlıqla yad edirəm”.
Onun
“Türk ədəbiyyatı müntəxəbatı”,
“Türk dramaturgiyası”, “Cümhuriyyət dövrü
türk ədəbiyyatında sosial motivlər”, “Azərbaycan
və türk dünyası” kitabları bu gün də dəyərli
dərs vəsaitidir. O, həmçinin Türkiyədə Nazim Hikmət
vəqfinin Məsləhət Şurasının fəxri
üzvü idi. Aqşin Babayev 1967-ci ildən etibarən pedaqoji fəaliyyətlə məşğul olmaqla
yanaşı, yetirmələri “Azərbaycan”, “Zerkalo”, “Ayna” qəzetlərində,
müxtəlif teleradio kanallarında
çalışırdılar. O, 30-dan artıq xarici ölkə
filmini doğma dilimizə tərcümə edərək “Azərbaycan
kino sənətində ədəbi əsərlərin təcəssümü”
(A. Kazımzadə ilə birlikdə), “Kino…kino”, “Kino sənətinin
təməl daşı” kitablarını sənətsevərlərə
maraqla təqdim edib. İtalyan dramaturqu Terensinin
“Qardaşlar”, türk dramaturqu Haldun Tanerin “Kemanlı Əli
dastanı” pyeslərini, Əziz Nesinin hekayələrini dilimizə
çevirib. Onun çoxşaxəli
yaradıcılığı haqqında Mirzə İbrahimov,
Qulu Xəlilov, İrfan Ünver Nəsrəddinoğlu, Həmid
Araslı, Əli Tudə və başqa ədəbiyyat, incəsənət
xadimləri dəfələrlə dövrü mətbuatlarda
məqalələrlə çıxışlar edib, Aqşin
Babayev yaradıcılığının məziyyətlərindən
söz açıblar.
Xatırlatmaq yerinə düşər ki, o, həmçinin
Attestasiya Komissiyası Ekspert şurasının eləcə də
Yazıçılar Birliyi (1978) və Jurnalistlər Birliyinin
(1961) üzvü olub. 35 bədii və elmi kitabın müəllifi
kimi böyük elmi yaradıcılıq irisini bizlərə
yadigar qoyub. Aqşin Babayev 1970-ci ildə “Əmək rəşadətinə
görə” medalı ilə təltif edilib, 1987-ci ildə
“Əməkdar jurnalist” fəxri adına,
2004-cü ildə isə II dərəcəli Dövlət
müşaviri rütbəsinə layiq görülüb.
Aqşin Babayev həddən ziyadə vətəninə,
doğma Azərbaycanımıza bağlı bir insan idi. Hətta bu
amal və bağlılıq bütün həyatı boyu
özünü göstərirdi. Mənfur
qonşularımız olan ermənilərin hər zaman xain xislətindən
danışar və bununla barışmağını
söyləyərdi. Yaxşı xatırlayıram 80-ci
illərdə post sovet məkanının erməni
ideologiyasının tüğyan etdiyi bir zamanında Mərkəzi
Komitənin sanksiyası olmadan radioda erməni verilişlərinin
tamamailə bağlanması haqqında qərar qəbul etdiyi
üçün Mərkəzi Komitənin bürosundan partiya
töhmətini də elə Aqşin Babayev alıb.
Aqşin müəllimlə 24 oktyabr 2018-ci ildə olan görüşümü xatırlayıram. Fəvvarələr meydanında görüşdük. Ömür-gün yoldaşı Müzəyyən xanım da onunla birlikdə idi. Çox xoşbəxt idi, üzündə qəribə bir təbəssüm vardı. Ani olaraq söhbətə belə başaldı: “İki hiss keçirirəm. Bir fərəh, bir də məyyusluq hissi. Fərəh hissi ona görə keçirirəm ki, tərif olmasın, yaxşı, təmiz ömür yaşamışam, çox gözəl ailəm var. Sədaqətli, vəfalı ömür dostum var. Həyat yoldaşım Müzəyyən xanım ən çətin anlarımın dayağı olub. Mənim həyat yoldaşım və övladlarım arxa cəbhəmdir. Hansı kişinin ki, arxa cəbhəsi möhkəmdir ona zaval yoxdur – dedi. Sonra yeni nəşr olunan “Səhnə, Ekran, Efir” kitabına bu sözləri yazdı: “Qələm və ürək dostum Anar müəllimə, Aqşindən minnətdarlıqla. 24.10.2018” ”.
2019-cu ildə “Onun dünyası” adlı bir kiatbım nəşrə hazırlanırdı. Bu zaman yenə də Aqşin müəllimə üz tutdum. Kitaba ön söz yazmasını xahiş etdim. Məmnunluqda məni dinlədi, qısa zamanda bu kitaba ön sözü yazaraq şairə, dramaturq Fəridə Əliyarbəyli haqıında xatirələrini və kitab haqqında fikirlərini bölüşdü. Aqşin müəllim bu ön sözdə yazırdı: “Sonralar tale belə gətirdi ki, mən, indi müəllimi olduğum Mədəniyyət və İncəsənət Universitetində Məhəmməd müəllimin oğlu Anarla tanış oldum. Müəllim-tələbə münasibətləri yaş fərqimizə baxmayaraq sonralar dostluğa çevrildi”.
Hələ də bu acı xəbərinizə heç cürə inana bilmirəm. Ölüm adlı bir xəbəri heç cürə Sizə yaraşdıra bilmirəm. Siz mənim həyatımda və ailəmiz üçün doğma insan olmaqla çox müstəsna bir şəxsiyyət idiniz. Sizin haqqınızda artıq bu cür danışmaq və yazmaq çox cətindir. Deyirlər hər kəsin bir qisməti var. Ancaq bu qisməti, bu acını hələ yaşamalı deyildik. Siz Azərbaycan elmi və xüsusilə mədəniyyəti tarixi üçün hələ çox gərəkli idiniz. Əziz müəllimim. Haqqın dərgahına üz tutmağa nə yaman tələsdiniz ki? Siz mənim üçün o qədər doğma idiniz ki… Sözlə ifadə edə bilmirəm. Çox üzgünəm və heç cürə belə qəfil ayrılığa inana bilmirəm. Çətin, lakin şərəfli səfəriniz mübarək olsun. Son mənziliniz daima işıqlı və nurlu olsun. Son vida gününüzə gələ bilmədiyim üçün məni bağışlayın. Əziz müəllimim, bir də ki, haqqınızı halal edin. Çünki Sizin zehni düşünçənizin nurundan mənə də pay düşüb. Bu ayrılıq hələ uzun illər məni göynədəcək və çox zaman hər ötənlərdən Sizi soruşacam. Ruhunuz şad, məkanınız cənnət olsun. Amin.
Əlvida
doğma insan və əziz müəllimim!
Anar Burcəliyev
Teatrşünas
Cümhuriyət.- 2020.- 13-16 iyun.-
S.14.