İstanbuldakı adsız məzar
Barəsində
xurafatın məlumatdan çox olduğu yeganə soyadın
təmsilçisi ilə müsahibə
Azərbaycan mətbuat
tarixinə ilk anadilli qəzet olan “Əkinçi”nin
davamçısı sayılan “Ziya”, “Ziyayi-Qafqaziyyə”ni bəxş
edən, üsuli-cədid tipli məktəblərin əsasını
qoyan Hacı Səid Ünsizadə 1905-ci ildə İstanbulda
vəfat edib.
Lakin 2017-ci ilədək
Hacı Səid Ünsizadənin məzarının harada
olduğu bilinməyib. Məzar 2017-ci ildə Hacı Səid
Ünsizadənin kötücəsi Zaur Ünsizadənin şəxsi
təşəbbüsü ilə tapılıb. Mətbuatımızın
inkişafı üçün xeyli əmək sərf edən,
ziyalı şəxslərimizdən biri olan Səid Ünsizadənin
məzarı bu günə qədər hələ də
“adsız məzar” deyə tanınır. Eyni zamanda, Hacı Səid
Ünsizadə və qardaşları Kamal Ünsizadə və
Cəlal Ünsizadə haqqında da kifayət qədər məlumat
yoxdur.
Türkiyə Atatürk
Universitetinin doktorantı Nurlan Ağa və Eskişehir Anadolu
Universitetinin doktorantı Maral Nəcəfli sözügedən
məsələni aktuallaşdıraraq Zaur Ünsizadənin də
məlumatı üzrə İstanbul bələdiyyəsinə
məktub göndəriblər. Məktubda məzarın son
görünüşündən şəkillər də əlavə
edilərək İstanbul bələdiyyəsindən məsələnin
diqqətdə saxlanılması və məzarın bərpa
edilərək kimə aid olduğunun bildirilməsi xahiş
olunub.
Hacı Səid Ünsizadənin
kötücəsi Zaur Ünsizadə ilə müsahibədə
bir sıra qaranlıq məqamlara aydınlıq gətirib.
-Ünsizadələrlə
bağlı maraqlı, önəmli məqamları nə
zaman və necə öyrənmisiz?
-Mən uşaq
yaşlarımdan bilirdim ki, bizim Ünsizadə
qardaşları ilə çox böyük əlaqəmiz
var. Bu haqda mən uşaq olanda atam danışırdı.
Deyirdi ki, bizim qohumlar çox məşhur adamlar olublar. Səid,
Cəlal, Kamal Ünsizadələrin həmişə
adlarını çəkirdi. Atam deyirdi ki, mənim nənəm
də onları çox axtarırdı. Sadəcə, o zaman
biz uşaq olmuşuq deyə bu məsələlər
çox fikir vermirdik. Daha
sonra mən universitetdə oxuyanda onlarla bir daha kitablarda tanış oldum. Sözsüz
ki, bu məsələ üzərində müxtəlif
müzakirələr aparıldı. Daha
sonra əsgərliyə getdim, qayıtdıqdan sonra
başladım araşdırmağa. Mənim əmimdə
bizim arxiv məlumatları, 19-20-ci əsrə aid olan şəkillər,
ulu babalarımızın şəkilləri var idi. Bunlar istər-istəməz
məndə maraq yaratdı. Düşündüm ki,
maraqlı, qədim şəkillərdir, bunlarda nəsə
var. Məsələ belə gətirdi ki, başladım bu
haqda informasiyalar toplamağa. Sözsüz ki, artıq
kompüter dövrüdür. İnformasiyaları internetə
yazanda orada nənəmin adını və soyadını
gördüm. Daha sonra Nazim Nəsrəddinov adlı
araşdırmaçının yazılarını oxudum. O demək olar ki, nəslimizdə olan bir çox
şəxslərin adların çəkirdi, onlarla
görüşdüyünü də, Ünsizadə
qardaşları haqqında da yazmışdı. Mən bunun
köməyi ilə daha çox informasiyalar topladım.
İnformasiyaları əldə etdikdən sonra onları atamla
bölüşdüm. Daha sonra atamın xatirələr
haqqında da məlumatları aldım. Bu xatirələri daha
çox mənim nənəm Elmira Ünsizadə deyirdi.
Ümumiyyətlə, bu soyad bizdə təkdir. Yəni bu, təkcə
bu nəsilə aid soyaddır. Biz qohumlarımızı da belə
tapa bilirik. Şamaxıdan təxminən 1915-ci ildə
köçmüşük. Mənim ulu babam Mustafa Ünsizadə
mənim ulu nənəm xanım İsrafilbəyli ilə evlənmişdi.
Xanım İsrafilbəyli də xan nəslinin nümayəndəsi
idi. Onlar ailə həyatı qurduqdan sonra Bakıda
yaşamağa başladılar. Daha sonra sovet
dönəmi başladı deyə heç kim o dövrü
araşdırmadı. Mənim nənəm də Ünsizadələri
çox axtarırdı. Kim Türkiyəyə gedirdi onlara “Mən
Kamalla Camalın qəbrini axtarıram” deyirdi. Əslində nənəm
Səid Ünsizadə haqqında heç bir məlumat verməzdi.
Demək olar ki, informasiyalar məhdud olduğuna görə istər-istəməz
hər şey qapalı qaldı. Mən faktiki olaraq bu hadisələrdən
sonra Ünsizadələr haqqında daha çox axtarmağa
başladım. Bu mövzu haqqında həm qeyri-müəyyənliklər
var idi, həm də çox
araşdırılmamışdı deyə mənə daha da
maraqlı gəldi.
Bayaq da qeyd etdiyim kimi, bu
soyad təkcə bizdə var və biz beləliklə
qohumlarımızı tapırıq. Mən öz ulu
babalarımın adlarını bilirəm. Lakin çox təəssüf
ki, Ünsizadələrlə olan bağımız, belə
demək olarsa, aradakı şəxsin adını bilmirik. Yəni
öz ulu babamın adını bilirəm-Mustafa, Mustafadan sonra
Hacı Rəşid Ünsizadə, Məmməd Ünsizadə.
Lakin bunlardan sonra məndə məlumat yoxdur ki, o, Səidin
oğludurmu? Nənəm həmişə deyərdi ki, biz Səiddən
gəlirik. Amma bu haqda tam olaraq əlimdə olanların daha
çox Səidəmi, Kamalamı, Cəlalamı aidliyini
bilmirəm. Bu haqda hələ də araşdırıram.
Başqa qohumlarımız da var. Mənə bu yaxınlarda məlumat
gəldi ki, İsraildə də məlumatlar gedib. Bilmirəm
mən o məlumatları tapa biləcəyəm, yoxsa yox...
Hazırda Türkiyədə
Ünsizadələr var. Qeyd edim ki, onların hazırda
soyadı Arkundur. Onlar Hacı Səid Əfəndinin səhv
etmirəmsə, 3-cü yoldaşından qohumlarıdır.
Türkiyədə Hacı Səid əfəndinin nəvəsi
yaşayırdı. O da rəhmətə getdi. Hazırda
Türkiyədə Hacı Səidin kötücəsi yaşayır.
Bu sual mənə
ünvanlananda həmişə deyirəm ki, mən Ünsizadənin
varislərindən biriyəm. Çünki burada bir çox məqamlar,
adların dəyişməsi məqamları var. Məsələn,
bizim nəsildə Məmməd deyilən şəxs
olmayıb, baxmayaraq ki, bizdə o adlı sənəd var. Yəni
ki, burada araşdırma tələb edən bir çox məqamlar
var.
-Müsahibələrinizin
birində qeyd etmisiniz ki, Ünsizadələrin arxivi sovet
dövründən silinib. Bir az bu haqda danışaq...
-Əmim bizə demişdi
ki, onlar da bir vaxtlar Ünsizadələri araşdırmaq istəyiblər.
O vaxtlar Ünsizadələrdən, çox güman ki, Cəlal
əfəndigilin qohumlarından məktub gəlmişdi. Bu məlumat
nənəmin bibisinə verilmişdi. Çox təəssüf
ki, o məktubu vermədiklərinə görə bizim
Türkiyədəki Ünsizadələrlə əlaqələrimiz
kəsildi. Bu mövzunu əmim də bir az araşdırıb.
Lakin onda arxivdə olan məlumatlar yox idi. Həm də ona
arxivə girməyə icazə yox idi. Mən araşdırma
etdim. Baxmayaraq ki, Ünsizadələrin göstərdiyi
Şapırlı məhləsində elə adam
yaşamırdı. Mən başa düşdüyümə
görə onlar Ünsizadəni rəsmi soyad olaraq
götürməmişdilər. Onların rəsmi qeydiyyatda
olduqları ünvanlarda bu soyad istifadə edilməyib.
- Ünsizadə
qardaşları haqqında araşdırmaya başlamazdan əvvəl
onlar haqqında hansı məlumatlar var idi?
-Ümumi olaraq Ünsizadələr
haqqında bir çox alimlər yazıblar. Mən daha
çox Nazim Nəsrəddinovun yazılarını
oxumuşam. Ondan bir çox məlumatı öyrənmişəm.
Çox şeyi onun yazılarından bilmişəm. Ona görə də düşünürəm ki, ən
yaxşı araşdırmaçılardan biridir. İndiyədək
onlar haqqında bilinən dövr 1890-cı il, yəni onlar
Türkiyəyə getməmişdən öncəki
dövrdür. Ümumiyyətlə, onlar hansı işlə
məşğul olublar, harada olublar. O zamanlar onlar
haqqında xürafatlar da yayırdılar. Ən çox da Səid
Ünsizadə haqqında xürafatlar olurdu. Çünki o,
bir az dini təhsil alıb. Zaqafqaziya Ruhani İdarəsinin sədri
seçildiyinə görə, hamı tərəfindən
yaxşı qəbul edilmirdi. O dövrdə hamı Avropa təhsilinə
keçirdi. Bundan da əlavə Səid Ünsizadənin fikri
dinlə elmi birləşdirmək idi. Lakin onun qardaşı Cəlal
əfəndi kifayət qədər qərb tipli insan idi. Ona
görə də ona qarşı münasibət yaxşı
olub. Onların Türkiyədə hara getdiyinə, necə
yaşadığına, məzarlarına dair məlumat yox
idi. Ümumiyyətlə, onlara aid şəkillər belə
yox idi. Təsəvvür edin, onlara aid heç nə yox idi. Mən
daha sonra onların qohumlarını, şəkillərini
tapdım. Səid Ünsizadənin 2 şəklini və məzarını,
Cəlal Ünsizadənin şəklini tapdım. Onlar
haqqında daha çox məlumat “Ziyayi-Qafqaziyyə” və “Kəşkül”də
var idi. Tarix Səid əfəndinin Sultan
Sarayında işləməsi, Cəlal əfəndinin Xarici
İşlər Nazirliyində tərcüməçi işləməsi
haqqında məlumat yox idi. Ümumiyyətlə, onların
şəxsiyyətləri haqqında çox az məlumat var
idi və araşdırılmırdı. Çünki dediyim
kimi, sovet vaxtı onların üzərinə bir az
damğa vurulmuşdu və o damğandan indiki bəzi alimlər
yararlanırdılar. Hər hansı bir məlumatı dəqiqləşdirmək
üçün gərək araşdırasan. Həm də
maliyyə vəsaiti olmalıdır ki, gedib Türkiyədə
araşdırma edəsən. Düşünürəm ki,
bunlar da olmadığına görə məlumatlar köhnə
qalmışdı.
-Araşdırmalarınız
zamanı hansısa bir tədqiqatçıdan,
araşdırma mərkəzindən kömək
almısızmı? Bu köməklər hansı səviyyədə
olub?
-Mən araşdırmaya
Nazim müəllimin materiallarından başladım, daha sonra
genişləndirdim. Bakı Dövlət Universiteti ilə əlaqələr
qurdum. Orada Afaq xanım mənə çox kömək etdi. Məni
Nurlan, Sevda, Nigar ilə tanış etdi və onlar bu proseslərdə
mənə kömək etməyə başladılar.
”Füyuzat” jurnalının redaksiyası, Akif
Aşırlı kömək etdi. Onların şəkillərini
“Şərq”də özünün balaca muzeyindən asdı.
Fərqli insanlar müxtəlif dövrlərdə kömək
etməyə çalışdılar. Lakin hər şey tam
olaraq deyildi. Hamı bacardığı qədər kömək
edirdi. Qurumlar kömək etməyib. Bu, elmi araşdırma
deyildi. Sadəcə mənim marağım vardı. Daha
çox informasiya əldə etmək istəyirdim. Həmişə
bu məsələ mənə qaranlıq qalırdı və
inanırdım ki, ortaya maraqlı bir şey çıxacaq. Məsələn,
Qənirə xanım Ünsizadələrə məxsus şəkilləri
Akif Aşırlının muzeyində görmüşdü.
Soruşmuşdu ki, bunlar hardan tapılıb? Onda da kifayət
qədər maraq doğurmuşdu. Düşünürəm
ki, bir çox belə məsələlərdə onun adı
çəkildiyinə görə Cümhuriyyət
dövründəki ictimai-siyasi xadimlərin məzarlarına
həm baş çəkib, həm də dəstək
göstərib. Bu, normal haldır ki, onun adı bu məsələdə
də çəkilir. Yaxşı olardı ki, o, gedib qəbri
də ziyarət etsin. Ən azı hamı bilsin ki, o qəbir
harada yerləşir. Ümumiyyətlə, bu insanlar cəmiyyət
üçün nəsə etməyə
çalışıb. Bu məsələdə əsas bizik,
əsas sizsiz. Yəni onları qəbul edən, unutmayan 2-3 nəfər
varsa, düşünürəm ki, onlar unudulmayacaq. Bu proses zəncirvari
davam edir. Əslində isə mən bu məsələdə
kömək gözləyirəm.
Semra Ələkbərli
Cümhuriyət
.- 2020 .- 21-23 noyabr -.S.12.