70 yaşın zirvəsində….

 

 Xalq artısti Alim Məmmədovun doğum günüdür

 

 

 

İnsan yaşa dolduqca müdrikləşir. Həyat yolu onu zamanın cığırında enişli-yoxuşlu imtahanlarında daha da möhkəmləndirir. Amalı-idrakı uğrunda daha mətin edir. Bu gün haqqında söhbət açmaq istədiyim sənətkarımızda ömrünün müdrik çağında, enişli-yoxuşlu həyatının daha uca zirvəsində ömür dəftərini vərəqləyir.

 

Hər zaman sevdiyim aktyor və ya rejissor haqqında yazmaq istədikdə çox düşünməli oluram. Çünki oxucuya həyat və səhnə qəhrəmanını tanıtmaq heç də asan deyil. Yenə də düşünürəm. Gözələrim önündə bir aktyorun səhnə yolu canlanır. Hər zaman uğurları və obrazları ilə yaxından tanış olduğum səhnə fədaisinin artıq 70 yaşı tamam olur. Elə bil ki, bütün olanlar dünən idi. Ancaq onu səhnədə və həyatda tanıdığım zaman kəsiyindən 33 il keçir. Bu zaman mən də Gəncə Dövlət Dram Teatrında müqavilə əsasında aktyor olaraq çalışmağa başalmışdım. Teatrın səhnəsində 1986-cı ildə quruluşçu rejissoru Arif Ağayev olan Tatar dramaturqu Şərif Xusainovun “Ana vüqarı” psixoloji dramı üzərində məşqlərə başlanıldı. Rol bölgüsündə məni də unutmadılar. Kənan obrazını mən oynamalı oldum. Bu pyesdə bir çox sənətkarlar rol almışdı. İslam obrazında isə …

 

Alim Tahir oğlu Məmmədov 25 sentyabr 1950-ci ildə Gəncədə anadan olub.

 

O, 1957-ci ildə 21 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olaraq 1965-ci ildə həmin məktəbin səkkizinci sinfini, 1968-ci ildə isə 18 ¹-li fəhlə və gənclər məktəbinin onbirinci sinfini bitirib. 1967-ci ildən taleyini Gəncə Dövlət Dram Teatrına bağlayaraq yardımçı heyət aktyoru olaraq fəaliyyətə başlayıb. 1969-ci ildə hərbi xidmətə çağırılan Alim Məmmədov 1972-ci ildə hərbi xidməti başa vuraraq yenidən doğma teatrına qayıdıb. Bir müddət burada aktyor olaraq çalışdıqdan sonra 1972-ci ildə M. A. Əliyev adına  Azərbaycan Dövlət İncəsənət İnstitutunun  “Mədəni-maarif” fakültəsinin qiyabi şöbəsinə daxil olaraq 1977-ci ildə yüksək dərəcəli maarif işçisi ixtisasına yiyələnib. 1977-ci ildən isə davamlı olaraq Gəncə Dövlət Dram Teatrında aktyor olaraq fəaliyyət göstərir. 1981-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 1992-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. Aktyor müxtəlif illərdə Mədəniyyət Nazirliyi tərəfindən fəxri fərmanlar və pul mükafatlarına eləcə də 1994-cü ildə teatr səhnəsində ilin ən yaxşı ifaçısı üçün Nəsibə Zeynalova adına mükafat komissiyasının qərarı ilə “Cavad xan” tarixi dramındakı Cavad xan obrazının ifasına görə “İlin ən yaxşı aktyoru” mükafatı və Fəxri diplomu ilə təltif olunub.

 

Xalq artisti Alim Məmmədov yaradıcılığı dövründə səhnədə əsasən dramatik-psixoloji və romantik ruhlu tamaşalarda daha şövqlə oynayaraq, lirik-psixoloji janrlı tamaşalarda özünün emosional ifadə vasitələrinin təbiiliyi, cazibədarlığı ilə hər zaman seçilməyi bacarıb. O, hər zaman obrazlarında lirzm, həm də qəltanlı dramatizmli səs tempri ilə pyeslərin janrına və obrazların xarakterinə uyğun tərzdə yaradıcılıq xüsusiyyətlərini zənginləşdirən bir aktyor olaraq tamaşaçı sevgisini qazana bilib. Onun milli klassik dramaturqlarımızın müxtəlif janrlı əsərlərində oynadığı obrazlarından hesab edilən M. F. Axundzadənin “Hacı Qara”da Heydər bəy, N. B. Vəzirovun “Müsibəti Fəxrəddin”də Fəxrəddin, H. Cavidin “Maral”da Nadir bəy, C. Cabbarlının “Aydın”da Aydın, “Almas”da İbad, “Oktay El oğlu”da Oktay, S. Vurğunun  “Vaqif”də  Eldar, “Fərhad və Şirin”də  Fərhad, S. Rəhmanın “Nişanlı qız”da  Aslan kimi obrazları hər zaman aktyor oyun tərzi, əlvanlığı və rəngarəngliyi ilə seçilib.

 

 

 

Sözsüz ki, səhnədə hər hansı bir obrazı yaratmaq, onu istədiyin şəkildə tamaşaçıya çatdırmaq aktyordan böyük bacarıq və istedad tələb edir. Yaratdığı obraz tamaşaçı tərəfindən sevilib böyük alqışlarla qarşılanırsa demək aktyor məqsədinə nail olub. Bəzən aktyorun yaratdığı bir obraz belə bir teatrın ümumi inkişaf yolu ilə qırılmaz surətdə bağlı olur. Bir aktyorun teatr məktəbinə çevrilir. Bu baxımdan Gəncə Dövlət Dram Teatrının səhnəsində ilk ictimai baxışı 4 noyabr 1982-ci ilə təsadüf edən Mustay Kərimin “Odu atma, Prometey!” (Tərcümə edən Eyvaz Borçalı, quruluşçu rejissoru, əməkdar incəsənət xadimi Yusif Bağırov, rəssamı Dmitri Tavadze) iki hissəli, altı şəkildən ibarət olan faciəsində aktyorun məharətlə yaratdığı Prometey surəti maraqla qarşılanan və çox uğurlu səhnə həllini tapan obrazlarından biri hesab edilir. Onun ifasında Prometey tipik, real və orjinaldır. Aktyor səhnədə maraqlı oyun tərzi ilə obrazın psixoloji aləmi və məqsədini tam olaraq təqdim etməyə müvəffəq ola bilirdi. Aktyor ifası ilə faciə janrının psixoloji ünsürlərini həssaslıqla duyur, onu ifadəli vasitələrlə təqdim edə bilirdi. Aktyorun obrazlarının mahiyyət etibarı ilə müxtəlif çalarlarından söhbət düşərkən xalq artisti, rejissor Mehdi Məmmədovun 15 yanvar 1977-ci ildə “Ədəbiyyat və İncəsənət” qəzetində dərc edilərək qələmə aldığı “İkinci görüş” adlı məqaləsində oxuyuruq: “Sofoklun “Antiqona” faciəsində digər gənc iştirakçı Alim Məmmədovun yaratdığı Hemon obrazı əslində Antiqonanın münaqişəsini və mübarizəsini davam etdirir. O, Kreontun hakimi – mütləq, tiranlıq iddiasını səhnədə öz oyunu ilə cəsarətlə ifşa edir”.

 

Alim Məmmədov çağdaş Azərbaycan yazıçılarının dram əsərlərində də maraqlı səhnə surətlərinin yaradılmasına müvəffəq olub. Belə ki, S. Rüstəmin “Qaçaq Nəbi”də Qaçaq Nəbi, Z. Xəlilin “Şairin yuxusu”da Nizami, M. İbrahimovun “Həyat”da Abbas, A. Məmmədovun “Ulduzlar görüşəndə”də Sahib Kamal və Hakim Şah Abbas, S. Qədirzadənin “Gözəllik ondur”da Elşən, İ. Məlikzadənin “Yaxın adam”da Bəhmən, İ. Şıxlının “Odlu çarpazlar”da Kapitan Aslan, İ. Əfəndiyevin “Üçatılan”da Ərşad, N. Həsənzadənin “Atabəylər”də Toğrul bəy, N. Məmmədlinin “Cavad xan”da Cavad xan, “Unutmaq istəyirəm”də Nicat, Ə. Hacızadənin “İtkin gəlin”də Elməddin kimi obrazları deyilənlərin bariz nümunəsi olaraq maraqlı surətlər qaleriyasına daxildir.

 

Gəncə Dövlət Dram Teatrının səhnəsində 30 mart 1974-cü ildə ilk ictimai baxışının keçirilməsi ilə diqqəti çəkən M. F. Axundzadənin “Aldanmış kəvakib” əsərinin motivləri əsasında yazıcı-dramaturq Altay Məmmədovun “Ulduzlar görüşəndə” pyesi maraqlı səhnə həllini tapan, müasirliyi, orjinal güclü dramatik səciyyəsi və uğurlu rejissor traktofkası ilə maraq doğuran quruluşlardan biri olaraq bu gün də xatırlanır. Mövzusu tarixdən götürülsə də əsərin qayəsində tamaşaçıları maraqlandıran hadisələrin dolğunluğu, iki bir-birinə zidd qüvvələrin üz-üzə dayanması, xüsusilə Şah Abbas rəzaləti, despotizmi, fəlakəti, Yusif Sərrac isə ədaləti, yüksək ideaları təmsil edir. Bu quruluşda xalq artisti Alim Məmmədov yaratdığı Sahib Kamal və Hakim Şah Abbas obrazlarındakı yüksək ifa tərzi ilə hadisələrin gedişində hər iki obrazın xarakterini açmaqla saray və onun törətdiyi fitnə-fəsadları, xalqa, tərəqqiyə zidd  mahiyyətin bütün çalarları ilə aşkara çıxarılmasına müvəffəq olur. Aktyorun yaradıcılığında həmçinin Sofoklun “Antiqona”da Hermon, U. Şekspirin “III – Riçard”da Georq, “Ottello”da Kassio, M. Lermontovun “İki qardaş”da Yuri, A. Ostrovskinin “Daha bir qurban”da Mikael, M. Qorkinin “Qoca”da İvan Vasilyeviç, A. Salınskinin “Təbilçi qız”da Kruqlik, V. Şukşinin “Diribaş adamlar”da Qaraşın, A. Baranqanın “İctimai rəy”də Turkulets, N. Hikmətin “Domoklun qılıncı”da Aptekçi oğlu, D. Valeyevin “Vicdan məhkəməsi”də Ravil kimi tərcümə əsərlərinin tamaşalarında oynadığı səhnə personajları da maraqla baxılan uğurlu surətləri silsiləsinə daxildir.

 

Xalq artisti Alim Məmmədov həmçinin 1979-cu ilin payızından “Slavyan gözəlinin hekayəti” tamaşası ilə həyata qədəm qoyan “Zərrabi” Nizami Poeziya Teatrının səhnəsində böyük şairin obrazını ustalıqla, maraqla yaratmağa müvəffəq olub. Burada Nizami “Xəmsə”si motivləri əsasında hazırlanan tamaşalar tematik cəhətdən rəngarəng olmaqla yanaşı həmçinin müasirliyi ilə də hər zaman diqqəti cəlb edib. “Zərrabi” Nizami Poeziya Teatrında tamaşaya qoyulan səhnə əsərlərində yeknəsəklik duyulmur, konkretliyi, yığcamlığı, qısa və dolğun məzmunu, vahid süjet xətti, aydın məqsədi və ideyası ilə biri digərindən fərqlənirdi. Rejissor fərdiyyətinin hər tamaşada qabarıq şəkildə özünü biruzə verməsi göstərilən əsərlərin müvəffəqiyyətini şərtləndirən əsas amillərdən hesab edilirdi. Bu baxımdan teatrın səhnəsində “Gül və Zəhər”, “Şairin gənclik illəri”, “Xeyir və Şər”, “Hikmət axşamı”, “Şair və Hökmdar”, “İsgəndər və Nüşabə”, “Zəhmət dastanı”, “Yeddi Gözəl” və digər tamaşalarda Nizami Gəncəvi surəti aktyorun uğurla yarada bildiyi obrazı hesab edilir.

 

Alim Məmmədov həmçinin “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi “Bir cənub şəhərində” filmində Sabir, “Göz qabağında şeytan” filmində Məmmədov, “O dünyadan salam” (“Ölülər”) filmində Heydər ağa, “Qara volqa” filmində Mayor Bürcəli, “Uluxanlı məktəbi 125” sənədli filmində Aparıcı, “Qisas almadan ölmə!” filmində Mahmud, “11 B sinfi” filmində müəllim, “Kainatın açarı” filmində Akademik kimi maraqlı ekran surətlərinə çəkilib.

 

Sənətkar ömrü yaşanan illərlə deyil, görülən əməllərlə ölçülür. Sənətkar var ki, ömrünü “yüksək titullar qazanmağa” sərf edir, qısa bir zamanda sənətin zirvələrini fəth edir. Sənətkar da var ki, qəlbini piltə-piltə əridir, öz insani və vətəndaşlıq borcunu təmkinlə, hay-küysüz yerinə yetirir, məqsədi, amalı uğrunda daima hərəkətdə, inkişafda olur. Elə səhnə ustası da var ki, onun sənət yolu bir teatrın yaradıcılıq yoludur, səhnəyə gətirdiyi hər bir yenilik bir teatrın yeniliyidir. Yaratdığı hər bir obraz hətta epizodik olsa belə, tamaşaçının yaddaşına əbədi həkk olunur, öz xalqının milli sərvətinə, milli teatr tarixinin bir səhifəsinə çevrilir. Mənəvi güc, idrak aydınlığı ilə həyatın həqiqət səviyyəsinə enir.

 

Anar  Burcəliyev,

 

Teatrşünas

 

Cümuriyət.- 2020.- 26-28 sentyabr.- S.14.