Beşiyində “Qanlı yanvar”

hekayəsini duyan şəhid

 

Yolunda çox canlar qurban oldu, Vətən. Çox ömürlərin yazıldığı son səhifə oldun. Çox gəncin son sevgisi sən oldun. Qürrələn, Vətən. Hər torpağa bu qədər can qurban getmir. Hər torpaq müqəddəs Vətənə dönmür. Sən müqəddəssən. Çünki İsmət kimi oğulların qanı ilə paklanmısan.

Hacıyev İsmət Şölət oğlu Quba şəhərinin Vətən müharibəsində şəhid verdiyi oğullardan biridir. O, 1993-cü ilin 20 Yanvar günündə dünyaya göz açıb. Doğulduğu gün Azərbaycan xalqının başına gətirilən ən böyük faciə olan "Qanlı yanvar" faciəsinin üçüncü ildönümünə təsadüf etmişdi. Yaş üstə yaş gəldikcə İsmət o günün fərqinə varmış və irəliləyən illərdə o faciəni daha dərindən dərk etmişdi. Şəhidliyə çatan yolun başlanğıcı "20 yanvar" faciəsindən başlamış, sonu Vətən müharibəsində bitmişdi. I sinfə 2000-ci ildə Quba şəhər Tələt Mikayılov adına 5 N - li tam orta məktəbdə qədəm qoyan İsmət 2008-ci ilə qədər həmin məktəbdə təhsil almışdı. Artıq o illər ərzində bir hərbçi olmaq qərarına gəlmişdi. 2008-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olmuş, 2011-ci ildə liseyi bitirmişdi. Liseydə təhsil aldığı müddətdə təlim-tərbiyəsi, nizam-intizamı ilə seçilmişdi. İsmət Hacıyev daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş və kəşfiyyat ixtisası üzrə təhsilini davam etdirmişdi. 2015-ci il AAHM - ni bitirdikdən sonra 6 aylıq kurs keçdikdən sonra N saylı hərbi hissədə leytenant kimi tağım komandiri vəzifəsində xidmət etmişdi. 2016-cı ildən 2019-cu ilə qədər N saylı hərbi hissədə kəşfiyyat bölüyünün müşahidə tağımının komandiri vəzifəsinə təyin edilmişdi.

İsmət Hacıyev Azərbaycan hərb tarixində qızıl hərflərlə yazılan Aprel döyüşlərində də böyük şücaətlər göstərən qəhrəmanlardan biri olmuşdu. Göstərdiyi uğurlu əməliyyatlar sayəsində 2019-cu ildə  baş leytenant kəşfiyyat bölük komandiri vəzifəsinə təyin edilmişdi. Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində 45 günlük kurs keçdikdən sonra  kəşfiyyat bölük komandiri kursunu uğurla bitirmiş N saylı hərbi hissədə xidmət etmişdi. Ömrünü vətən naminə yaşayan İsmətin bu qədər vətəninə, torpağına bağlı olması səbəbsiz deyildi. O, bir vətən qəhrəmanının ocağında dünyaya göz açmışdı. Atası Hacıyev Şölət İsa oğlu l Qarabağ müharibəsinin qəhrəman qazilərindəndi. Onun şərəfli yolunu oğlu davam etdirirdi. Bir zamanlar atasının sağlamlığı qurban olan torpaqlara 2020- ci ildə İsmət canını qurban etdi. Tərtər, Ağdərə istiqamətində qəhrəmancasına vuruşub, Suqovuşanın azadlığı uğrunda şəhid oldu. Müharibədə 1 gün iştirak etsədə ən çətin döyüşlərdə qalibiyyət qazanmağın sevincini yaşamış və yaşatmışdı. Sentyabrın 28-də bir qəhrəman kimi çiyinlər üstə öz evinə dönmüşdü. O an 3 illik sevgi dolu ömür yolunun tamamlandığını görən Leyli xanımın 3 illik xoşbəxt sevgisi xəyallarında canlandı.

Bu ailənin təməli 2017-ci ilin 22 iyulunda qoyulmuşdu. Ailə qurduqdan sonra Leyli xanım da İsmətlə birlikdə gecəsinin sükutu atəş səsləri ilə pozulan Tərtər rayonunda yaşamağa başlamışdı. Ailənin sevinci isə körpə Mələk idi. Mələk İsmətin nəfəsi idi. İsmət işi ilə əlaqədar ailəsi ilə çox zaman keçirə bilməsə də fürsət düşdüyündə ailəsi ilə ötən hər anını gözəl və özəl keçirirmiş. Son dəfə 26 sentyabr axşamı gəlişində isə bir neçə dəqiqəyə yalnız əbədi vidasını sığdıra bildi. Leylisini, Mələyini son dəfə bağrına basan İsmət sevdiklərini Allaha əmanət edib getdi. 27 sentyabrda döyüşlər gedən zaman xanımına zəng edib hər şeyin yaxşı olduğunu deyən İsmətin səhərisi gün Leylisinə şəhid xəbəri çatdı. Yarını gözəl xatırlayan Leyli sevdiyinin son gedişində onun ardınca göz yaşlarını çilədi. Daha bir ananın tellərinə şəhid dərdi bəyaz qar kimi ələndi. Gülnarə ananın ürəyi oğul adlı dərdə məskən oldu.

Sentyabrın 28-də baş - leytenant Hacıyev İsmət Şölət oğlu Quba şəhər Şəhidlər xiyabanında dəfn olundu.

Vətən müharibəsində qanı ilə tarix yazan qəhrəmanlardan biri olan İsmət Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən şəhadətindən sonra "Vətən uğrunda "medalı, "İgidliyə görə" medalı və "Laçının azad olunmasına görə" medalı ilə təltif olunmuşdur. Həmçinin Quba şəhərinin icra başçısı tərəfindən Qubada küçələrin birinə İsmət Haciyevin adi verilib, "Nur üzlü Şəhidim" medalı ilə təltif edilmişdir.

 

ŞƏHİD İSMƏT

 

Sənin bu həyata göz açdığın gün,

Sanki sabahının xəbərçisiydi.

20 yanvar günü duyduğun fəryad,

Qəlbində döyünən qisas hissiydi.

 

Sən əbəs seçmədin hərb peşəsini,

Ruhunla bağlıydın ana vətənə.

Vətənin işğalda qalan hər günü,

Xəncər saplanırdı sanki qəlbinə.

 

Yetişdi intiqam alınacaq gün,

Atıldın döyüşə o anda İsmət.

Ən uca ad olan şəhidlik adı,

Oldu qəhrəmanım, sənə də qismət.

 

Səndən miras qaldı körpə qızına,

Azad vətən, torpaq, bir də şəkillər.

Bilirsən o dilsiz şəkillərinlə,

Mələyin bölüşür ah, nələr-nələr...

 

Nə atan barışmır bu yoxluq ilə,

Nə də göz yaşını qurutmur anan.

Elə bil dünyada dayaqsız qalıb,

Sənə qardaş deyib dayağı sanan.

 

Daha sevdiyinin gözündən itib,

Həyatın al-əlvan gözəl rəngləri.

Surətin asılıb xəyallarından,

Bir - bir vərəqləyir sənli günləri.

 

MANYA SƏXAVƏTQIZI

 

Hürriyyət.- 2021.- 20-21 aprel.- S.12.