“Bayrağa
bükəndə ayaqlarını qucaqlayıb elə
ağladım ki...””
Döyüş
yoldaşını xilas edərkən şəhidliyə
ucalan Vüsal Şahmarlı
"Vətəndaş olmasa, boş şeydir Vətən!
Beş günlük, on günlük güney qarıdır Vətən
məfhumunun özəyindəki Vətənin vüqarlı
oğullarıdır!"
Belə deyib türk dünyasının əbədiyaşar
şairi Xəlil Rza Ulutürk. Bəli, Vətən məfhumunun
özəyində igid, vüqarlı oğullar durur. O
oğullar ki, Vətən onu çağıranda,
torpağına sarılıb qanını da, canını da
uğruna fəda etməyə hazır vəziyyətdə
dayanır. Elə oğullardan biri də
İkinci Qarabağ Müharibəsinə sevinə-sevinə
yollanan Şəhidimiz Şahmarlı Vüsal Mərdan
oğludur.
Vüsal Şahmarlı 11 oktyabr 1996-cı ildə
İmişlinin Sarıxanlı kəndində dünyaya
göz açıb. Orta təhsilini Rusiyanın Tümen şəhərində
almağa başlayan Vüsal 5-ci sinifdə oxuyarkən vətənə
dönüb və Bakıdakı 138 nömrəli orta məktəbdə
təhsilini başa vurub. Yeniyetməlik dönəmində
4 il həvəskar olaraq cüdo ilə məşğul
olub.
Şəhidimiz 2014-cü ildə orta təhsilini bitirərək
Gədəbəydə, N saylı hərbi hissədə xidmətə
yollanıb və 2016-cı ilin Aprel döyüşlərində
iştirak edib.
Xidmətini başa vurduqdan sonra müxtəlif
işlərdə çalışıb, xüsusilə biznes
sahəsində çalışıb.
Vüsal oktyabrın 5-də İkinci Qarabağ
müharibəsinə ehtiyatda olan topatıcı əsgər
olaraq yollanıb. O, 18 oktyabr 2020-ci ildə yaralı yoldaşını
döyüş bölgəsindən çıxarmaq istəyərkən
düşmənin snayper gülləsinə tuş gəlib və
Füzuli istiqamətində gedən döyüşlər
zamanı şəhid olub.
Ölümündən sonra Azərbaycan
Respublikasının Prezidenti, Ali Baş Komandan İlham
Əliyevin Sərəncamına əsasən, "Vətən
uğrunda medalı" ilə təltif edilib. Şəhidimizin
anası Sevər xanım Cebhe.info-nun əməkdaşı ilə
söhbətində qəhrəmanımızın
döyüş və həyat yolundan söz açıb.
"Xocalıdan
danışanda əsəbiləşirdi, dözə
bilmirdi"
"Son görüşümüz sentyabrın 21-də
oldu. Səhər oyandım ki, bacısı ilə
Vüsala yemək hazırlayım, işə gedəcəkdilər.
Ev telefonuna zəng gəldi ki, bəs Şahmarov
Vüsala çağırış gəlib, zəhmət
olmasa, qapını açın, imza çəkin.
İmzanı çəkib kağızı Vüsala gətirdik,
görəndə ki xidmətə
çağırılıb, vallah elə sevindi ki... Sevinə-sevinə
bütün yoldaşlarına bu xəbəri verdi.
Çıxanda dedi ki, ana, burada iki yoldur- O tərəfə
getsəm də yaxşıdır, qayıtsam da
yaxşıdır, mənim üçün fərqi yoxdur.
Dedim, ana qurban, dəli-dəli danışma. Çağırılmamışdan
2 gün öncə də "Qurani-Kərim"i mülahizə
edirdik. Vüsal deyirdi ki, ana,
doğrudanmı, şəhidlər yaşayır? Deyirdim, yaşayır, onlar gül qoxurlar. Son
görüşümüzdə mənə şəhidlik barədə
danışdıqlarımı xatırlatdı ki, sən bəs
belə deyirdin... O gedəndə kilidləndim, heç bir dua
etmədim. O, liftə minib gedəndən sonra yadıma
düşdü ki, axı mən heç bir dua etməmişəm.
Vüsal mənim ən yaxın dostum idi. Onun gedişindən sonra sanki atalı-analı olsam
da, yetim qalmışam. O, mənim "Quran" dostum,
namaz dostum idi. Getməmişdən bir neçə
gün öncə Xocalı haqqında
danışırdıq. Deyirdim, Vüsal, o vaxt necə
zalımlar, yezid olubsa, bu günün yezidləri ermənilərdir,
tarix təkrarlanır. Xocalıdan
danışanda əsəbiləşirdi, dözə bilmirdi.
İçində düşmənə
qarşı bir qisas, bir nifrət hissi vardı.
Ümumiyyətlə, haqsızlığa dözən adam deyildi".
"Atası
ilə danışandan 30-49 dəqiqə sonra şəhid
olub..."
Sevər
xanım Vüsalın son zəngini belə xatırlayır:
"O,
döyüşə yollandıqdan sonra biz hər gün
danışırdıq. Şəhid olandan sonra bildik ki, ən
yaxın dostu olan Cabir əmisinə deyib ki, mən şəhid
olsam, fəxr elə, qürur duy ki, sənin belə
qardaşın oğlu var. Ölümündən sonra
atası danışdı ki, Vüsal deyib ki, ata, üstümə
nə haqqın, əziyyətin varsa, halal elə. Şəhid olmamışdan iki gün öncə də
oktyabrın 16-da mənimlə danışdı. Dedim, Vüsal dualarım sizinlədir. Hamınız mənim canımsınız. Həmişə
də deyirdim, Vüsal, bilirəm, orada namaz qıla bilmirsən,
amma namazın sözlərini hər an təkrarla.
Allaha yaxın ol, ona sığın ki, sizi
qorusun. Oktyabrın 18-i səhər 10-a 25 dəqiqə
qalmış atasına zəng elədi. Mən
də kənardan eşidirdim, hiss elədim ki, səsi titrəyir,
udqunur, nəfəs alır, özünü möhkəmlədir.
Dedi, ata Füzulini almışıq, Füzuli azaddır.
Atası dedi, anan yanımdadır, danış.
Dedi, ata,
vaxt yoxdur, burada şəbəkə də tutmur. Döyüş yoldaşlarının deməyi ilə
atası ilə danışandan 30-49 dəqiqə sonra şəhid
olub. Bizə bu xəbər axşam 6-ya
qalmış çatdı. Yalanı sevmədiyi
üçün mənə döyüşdəki vəziyyəti
də danışmırdı. Atasına
da, mənə də deyirdi, hər şey yaxşıdır.
Bacısından çox narahat idi, eləcə
deyirdi ki, bacımdan muğayat olun. Amma döyüşdən
sonra Cabir əmisi dedi ki, Vüsal hər gün mənə hər
şeyi danışırdı. Bizə hər
şeyin yaxşı olduğunu desə də, əmisinə
tam təfərrüatı ilə olanları
danışırmış".
"Ana
balasının üstünə torpaq tökür, bu nə
deməkdir, təsəvvür edin"
Şəhid
anası Vüsalı son mənzilə yola salmasını belə
xatırlayır:
"Vüsalın tabutunu özüm çiynimdə
apardım ki, mən onun çiynində gedə bilmədim,
qoy, o, mənim çiynimdə getsin. Çünki bizim
yolumuzda şəhid olub. Vüsal
özünü mənə borclu elədi. Bu nəfəsi alırıqsa, biz ölənədək
Vüsallarımıza borcluyuq. Onların
hamısına canım qurban. Hər
gün onlara səcdə edirəm. Mənə
ürək-dirək verən budur ki, Vüsallarımız
Xocalıda öldürülən, əziyyət verilən məsum
körpələrimizin, qadınlarımızın
qisasını aldılar. Mən Vüsal dəfn
edilmədən öncə xahiş elədim ki,
üzünü açsınlar, üzünə də
baxdım, elə bil ki, sənə baxıb gülür.
Dişində breket vardı, onu görəndə dedim, hə,
Vüsaldır. Onda bildim ki, sondur. Torpağını da özüm üzünə
tökdüm. Ana balasının
üstünə torpaq tökür, bu nə deməkdir, təsəvvür
edin. Tökdüm və dedim ki, Fatimeyi-Zəhra ana, sənə tapşırıram balamı. Mən yanına gələnə kimi Fatimeyi-Zəhra
ana sənə analıq eləsin. Əlimdən
gələn bu idi".
"Yuxuda
elə bərk qucaqlamışdı ki, oyananda hiss elədim
ki, qabırğalarımı əzib"
Sevər
xanım şəhidimizin hər cümə günü
yuxusuna gəlməsindən danışır:
"Keçən cümə günü Ali-İmran surəsini
oxudum. Sübh namazı vaxtı yuxuda gördüm ki,
Vüsal gəlib məni qucaqlayır, ağlayır. Yuxuda elə bərk qucaqlamışdı ki, oyananda
hiss elədim ki, qabırğalarımı əzib. Amma görürəm ki, mən ağlamıram, onu
qucağıma alıb ayağını yerdən üzürəm.
Artıq üçüncü cümə idi
ki, Vüsal mənim yuxuma bu şəkildə gəlirdi, məni
qucaqlayıb ağlayırdı. Ayılandan
sonra şəklinə baxdım, öz-özümə fikirləşdim
ki, Vüsal, sən niyə belə ağlayırsan, sənin
ki yerin gözəldir. Bilmirəm,
hansısa qüvvə mənə elə bil deyirdi ki, sən
dünən İmam Hüseynə, Fatimeyi-Zəhraya və
Şəhidlərə Ali-İmran surəsini oxuyub, onların
ruhuna hədiyyə etdiyin üçün Vüsalı şərəfləndirmisən.
Vüsalı orada o qədər yüksəyə
qaldırmısan ki, Vüsal buna görə səni belə
qucaqlayıb ağlayıb. O cavabı alandan sonra mənim
gözümdən yaş çıxmadı. Dedim, Vüsal, sənin
ruhuna və şəhidlərimizin ruhuna sən şəhid
olanadək salavat çəkib, dua oxuyacağam".
"Vüsalın
"kaska"sı düşdü gözünün
üstünə və yerə yıxıldı..."
Vüsalın
döyüş yoldaşlarından biri onun şəhidliyə
yüksəlmə anını belə xatırlayır:
"O mənə
döyüş yoldaşımdan əlavə, bir doğmam
olub. Oktyabr ayının 18-i Füzuli istiqamətində
idik. Döyüş
yoldaşlarımızla birgə səngərdə bir yerdə
əyləşmişdik, komandirin əmrini gözləyirik.
Yemək yedik, birdən əmr gəldi ki, irəli.
Silahı dolu vəziyyətə gətirib irəli
getdik. İrəliləyən kimi
qarşı tərəfdən üstümüzə güllə
atmağa başladılar. Komanda gəldi ki,
döyüşə! Hamı döyüş vəziyyətini
aldı. Döyüş
yoldaşlarımdan digərini ayağından vurdular. Manevr var, Vüsal o manevri edərək həmin
döyüş yoldaşımızın yanına getmək
istədi. Bir də gördüm ki,
Vüsalın "kaska"sı düşdü
gözünün üstünə və yerə
yıxıldı. Ona snayper
tuşlanmışdı və ondan da yan keçə bilmədi.
Döyüşdə belə bir şey var ki, 4
saniyə içində hədəfi qaçırtmalısan.
Ona “yat” deyə qışqırsaq da, yata bilmədi".
"Bayrağa
bükəndə ayaqlarından tutub, onu qucaqlayıb elə
ağladım ki..."
Döyüş
yoldaşı Vüsalın necə ürəkli biri
olmasından da bəhs edib:
"Döyüşdür, elə bir zaman olur ki, aclıq da olur. Bu adam ona baxmırdı, nəyisə olanda bölürdü, sənə də payından verirdi. Ümumiyyətlə, orada kimsə ölümdən danışanda da deyirsən, sakit, dur. Vüsal da ölümü fikirləşmirdi, ancaq hamımız kimi irəli getməyi düşünürdü. Mən heç vaxt hönkürtü ilə ağlamamışdım. Murad adlı uşaq onu bayrağa bükəndə ayaqlarından tutub, onu qucaqlayıb elə ağladım ki... 7 yaşından bu vaxta qədər ağlamamışdım heç vaxt. Orada olmayan bunu hiss edə bilməz".
Naibə
Cümhuriyət.- 2021.- 16 fevral.-
S.11.