“18 yaşlı idmançı şəhid Qardaşım oğluna adımı qoyun, mənim yaşamadığım anları o yaşasın”

 

Dahi şairimiz Bəxtiyar Vahabzadə demişkən, Vətən borclu deyil, biz borcluyuq Vətənə.

 

Bu deyimlə yola çıxaraq, minlərlə ər oğullar borclarını yerinə yetirmək üçün torpaq uğrunda döyüşə yollandı. Əbəs yerə, İkinci Qarabağ savaşı tarixə həm də Vətən müharibəsi adı ilə düşmədi. 44 günlük müharibə nəticəsində cənnət-məkan Qarabağ öz doğma canına birləşdi. Amma bu can uğrunda həm də neçə canlar qurban getdi. Borcunu yerinə yetirmək adına canını Vətənə qurban edən qəhrəmanlarımızdan biri də Şəhid Şıxızadə Tural Ətraf oğludur. Tural Şıxızadə 2002-ci il may ayının 30-da İsmayıllı rayonu, Diyallı kəndində anadan olub.

 

2008-ci ildə Aqil Məmmədov adına Diyallı kənd orta məktəbində təhsil almağa başlayıb. 9-cu sinifi bitirdikdən sonra İsmayıllı rayon Peşə məktəbində təhsilini davam etdirib. 2019-cu ildə orta məktəbi bitirib. 2018-ci ildə qol güləşi üzrə yarışlara qatılıb. Uğurlu çıxışları nəticəsində 6 medal, 11 diplom qazanıb.

 

Bu idman növü üzrə həmçinin, respublika birincliyinə layiq görülüb. 2020-ci ilin iyulun 11-də həqiqi hərbi xidmətə yollanıb. Goranboy rayonunda xidmət edən qəhrəmanımız Vətən Müharibəsi başladığı gündən etibarən döyüşə yollanıb. Ailəsi ondan ən son sentyabrın 30-da məlumat ala bilib. 71 günlük axtarışdan sonra 18 yaşlı Turalın Şəhid olması ilə bağlı xəbər ailəsinə çatdırılıb. Sentyabrın 30-da Ağdərə istiqamətində gedən döyüşlər zamanı Şəhidliyə yüksələn Tural dekabrın 11-də İsmayıllı rayon Diyallı kənd qəbrstanlığında torpağa tapşırılıb. O, Prezident İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda medalı" ilə təltif edilib.

 

Şəhidimizin anası Könül xanım Cebhe.info-nun əməkdaşı ilə söhbətində Turalla bağlı ətraflı danışıb.

 

 

 

"Dedi, mənim arzum şəhid olmaqdır, şəhid olmaq istəyirəm"

 

Könül xanım Turalın hər zaman Şəhid olmaq arzusu barədə danışıb:

 

"Həmişə deyirdim ki, mənim ən zəif yerim övladlarımdır. Onda irsi xəstəlik var idi, mal əti yeyə bilmirdi. Həmçinin, qəzaya düşmüşdü, dizinə su gəlmişdi. Biz istəyirdik ki, o, hərbi xidmətə çağırılanda Səfərbərlk və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə deyək ki, bəs belə xəstəlikləri var. Bunu bildi, dünyanı dağıtdı ki, mən hərbi xidmətə gedəcəyəm. Səfərbərlk və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə bizim getməyimizə də imkan vermədi. Sonradan öyrəndim ki, o, həkimə özünü yoxlatmamış sağlam yazdırıb. Getməmişdən 3 gün öncə də bunun səbəbini soruşdum. Dedi, mənim arzum Şəhid olmaqdır. Şəhid olmaq istəyirəm. Dedim, elə demə, sən necə mənə qıyıb elə söz deyirsən? Dedi, ana, Şəhidlik hər adama qismət olmur, mən bu arzuma çatsam, sən bil ki, mən dünyanın ən xoşbəxti olaram. Şəhid olsam, başını dik tut, ağlama. Onun bu arzusuna görə də dəfn olunanda özüm bayrağını aldım, özüb öpüb "Vətən sağ olsun", dedim. Atası Turalın dəfninə getmədi, bu vaxta qədər qəbrini ziyarətə də getməyib. Deyir, mən onun ölümünü qəbul edə bilmirəm. Həm də ondan küsmüşəm, mən söz vermişdi ki, gələcəyəm, gəlmədi. Deyirəm, onun alnına bu yazılmışdı. O sevinirdi ki, Milli Orduya düşüb, çünki Milli Ordu müharibə vaxtı qabaqda olur".

 

"Yarışda erməni ilə düşəm, yarışı bəhanə edib onun qolun sındıraram"

 

 

 

Şəhid anası oğlunun ermənilərə qarşı hər zaman içində bir hirs olduğundan söz açıb:

 

"Ümumiyyətlə, Turalın iki arzusu var idi: İdmançı olmaq və Şəhid olmaq. Qol güləşi üzrə 6 medalı, 11 diplomu var. Xaricə turnirə çağırılmışdı. Həmişə deyirdi ki, kaş yarışda erməni ilə düşəm, yarışı bəhanə edib onun qolun sındıraram, torpağımın heyfin alaram. Elə oldu ki, yarışda istədiyi kimi erməni ilə düşdü, amma pandemiyaya görə gediş alınmadı. Şəhid olmaq arzusuna da onu ancaq düşmənimiz çatdırardı. Onlar da çatdırdı. Erməni elə bilir ki, mənim balamı snayperlə vurmaqla ona və mənə pislik edib, yox. Qoy eşitsinlər, onlar elədiyi pisliklə əslində yaxşılıq edib. Mənim balamı Allahın yanına çatdırıb. O ən uca mərtəbəyə çatıb. Bir gözüm ağlayır, bir gözüm gülür. Ağlayır ona görə ki, hələ cavan idi, 2 ay yatımın əsgəri idi, gülür ona görə ki, Tural arzusuna çatdı. Erməni sevinməsin ki, bizə pislik edib, Turalı arzusuna çatdırıb".

 

"Deyib, gedirəm Ağdamı almağa..."

 

Könül xanım qeyd edir ki, Tural ön cəbhədə xidmət etmək üçün can atırmış:

 

"Olduqca vətənpərvər idi. Hərbi xidmətə çağırılanda sevinə-sevinə gəldi. Evdə qol açıb oynayırdı. Hamıya da deyirdi ki, Milli Orduya düşmüşəm, 3 aydan sonra bölünündə də Ağdama, Tərtərə düşəcəyəm. Qonşularımız deyib ki, atan xəstədir, getmə. Deyib nə? Gedirəm Ağdamı almağa. Bu uşağa baxıb məəttəl qalırdım. Deyirdim ki, bütün övladlarımızda bu istək olsa, torpaqlarımız azad olunar. Allaha şükür ki, övladlarımız qaçmadı, Şəhid oldular, uca məqama yüksəldilər. Sağ-salamat qayıdanlarımız da deyir ki, yenə müharibə olsa, gedərik. Biri var adi ölüm, bir də var hörmətlə həyatdan köçəsən. Hamımız bu günü yaşayacağıq, amma mənim övladım 18 il yaşayıb hörmətlə getdi. 71 gün biz onu tək axtarmadıq, tanıyıb-tanımadığımız hər kəs onu axtardı. Allah onu bizə əmanət kimi vermişdi. Elə də aldı".

 

"Rəqəmlər göstərir ki, Tural həqiqətən də, möcüzəvi bir uşaq idi"

 

Turalın anası onun həyatındakı oxşar rəqəmləri göstərərk, bunun bir işarə olduğunu deyib:

 

"Mənim evdə ayaqlarımın altından öpürdü ki, Cənnət ayaqlarının altındadır. Artıq mən onun qəbrini ziyarətə gedəndə üzündən yox ayaqlarının altından öpürəm ki, Cənnət indi sənin ayaqlarının altındadır. Vəsiyyət etmişəm ki, məni Turalımın yanında dəfn edin, yer də götürmüşəm. Çünki mən onun yoxluğuna dözə bilmirəm. Sevinə-sevinə də o günü gözləyirəm. Ölümdən qorxmuram ki, mənim balam oradadır, gedim ona qovuşum. Ümumiyyətlə, Turalın həyatında çox möcüzələr olub. Mayın 30-da anadan oldu Turalın həyatında çox möcüzələr oldu. Mayın 30-da anadan oldu, sentyabrın 30-da da Şəhid oldu. İyulun 11-də hərbi xidmətə yollandı, dekabrın 11-də dəfn olundu, 2002-ci ildə anadan oldu, 2020-ci ildə həyatdan köçdü. Bu rəqəmlər göstərir ki, Tural həqiqətən də, möcüzəvi bir uşaq idi".

 

 

 

"Sən demə, müharibəyə yollanıbmış"

 

Könül xanım Şəhidimizlə sonuncu zənglərindən söz açır:

 

"Sentyabrın 19-da zəng elədi ki, ana səhərə görüş verirlər, gələrsiniz. Özümdən ixtiyarsız dedim ki, Tural, sabah yox, gələn həftə gələrik də. Dayandı, dedi, niyə, ana? Dedim, çatdıra bilməyəcəyik. Sentyabrın 27-si müharibə başladığını bilmədən yola düşdük. Bizi postdan geri qaytardılar. Amma aldığımız heç nə ona onsuz da qismət olmadı. Aldıqlarımı sonra səbət düzəldib qəbrinin üstünə apardım. Sentyabrın 30-da son dəfə zəng elədi, ancaq gülə-gülə söhbət elədi. Hal-əhvalımız soruşdu, özünüzdən muğayat olun, dedi. Mənə də tapşırdı ki, özündən muğayat ol. Dedim, mənə nə olacaq? Əsas sən özündən muğayat ol. Dedi, hər şey yaxşıdır. Sən demə, müharibəyə yollanıbmış. Döyüşdən qayıdıb bizə zəng edibmiş. Bununla bağlı bizə heç nə demədi. Bizi narahat etməmək üçün heç nə deməyib. Ailəyə çox bağlı idi. İndi fikirləşirəm, mən niyə başa düşməmişəm ki, bu uşaq gedəndir?"

 

"Mən indi də onun saçını qucaqlayıb, ürəyimin üstünə qoyub, yatıb- dururam"

 

Anası deyir ki, Tural tez-tez onun yuxusuna gəlir:

 

"Əsgərliyə getməmişdən öncə saçını kəsdirdi, o saçı atmağa əlim gəlmədi. O saçlardan balaca bir döşəkçə düzəltdim, hər dəfə gedib onu iyləyib, bağrıma basırdım. Onun yorğanı ilə yatıb-dururdum ki, balamın qoxusu gəlir. Mən indi də onun saçını qucaqlayıb, ürəyimin üstünə qoyub, yatıb- dururam. Ondan qalan yadigar bu oldu. Yuxuma gəlir, balaca uşaq kimi gülür. O, heç vaxt qoymurdu ki, mən ağlayım. Tural hələ tapılmamış fikirləşirdim ki, o, ölsə, mən nə edərəm? Havalanaram. Amma mən özüm qabağa düşdüm, sakitcə torpağın tökdüm. Özümə təəccüblənirəm ki, o mən idim? Necə oldu ki, sakit qaldım? Yadıma salırdım ki, o mənə demişdi, Şəhid olsam, başını dik tut, ağlama. Onun arzusuna görə başımı dik tutdum. Mən indi də ağlamaq istəyən kimi, sakitləşirəm. Bilirəm ki, Turalın ruhu yanımdadır. O məni ağlamağa qoymurdu deyə, ruhu da məni sakitləşdirir. Qəbrinin üstündə çox ağlaya bilmirəm. Hiss edirəm ki, yanımdadır, qoymur ağlamağa. Bir həftə qəbrinin üstünə getmədim, yuxuma gəldi. Gördüm çağırır ki, ana, gəlmirsən? Dedim, get evə, gəlirəm. Qayıtdı ki, ana, qurban olum, tez gəl. Ayıldım yuxudan. Dedim, qəbrinin üstünə bir həftədir getmirəm deyə çağırır".

 

"Ölümündən öncə vəsiyyət edib ki, qardaşımın oğluna mənim adımı qoyun"

 

 

 

 

 

Könül xanım bildirir ki, Tural Şəhid olmadan öncə adının qardaşı oğluna qoyulmasını vəsiyyət edib:

 

"Onun ölüm xəbərini eşitməmişdən qabaq mənə bir video gəldi. Videoda ona oxşar komada biri var idi. Axtarışa çıxdıq, tapa bilmədik. Ayın 11-i xəbər gəldi ki, Tural Şəhid olub. Amma o qədər oxşayırdılar ki. İndi hamıya yalvarıram ki, o uşağı mənim üçün tapın. Biri var oxşar, biri də var, elə özüdür. O uşağı bircə dəfə görəm, onu öpüb qoxlayam. Turalımın iyini ondan alam. Əkizlər bu qədər oxşamaz. Ölümündən öncə vəsiyyət edib ki, qardaşımın oğluna mənim adımı qoyun, mənim yaşamadığım anları o yaşasın. Dəftərçəsində yazıb".

 

 

 

 

 

 

 

 

 

Naibə Məmmədova

 

Cümhuriyət.- 2021.- 30 yanvar-1 fevral .- S.12.