Uşağı böyüdən qızıl standart

 

Körpə üçün ana südündən başqa digər xeyirli ikinci bir qida yoxdur. Amma bəzi analar müxtəlif səbəblərdən öz körpələrinə süni qida yedirirlər. Ümumiyyətlə, doğum evlərində belə, analara süni qidalar məsləhət görülür. Süni qidalar ana südünü əvəz edə bilməmələrilə yanaşı, tərkiblərində zərərli maddələrin olması ilə körpələrin həyatını riskə atır.Universiteti Tədris Terapevtik Klinikasının uşaq kardio - revmatologiya şöbəsinin baş laborantı, pediatr Aytən Şıxəliyeva ilə həmsöhbət olub.

 

- Ana südü ilə süni qidaların fərqi nədən ibarətdir? Onların tərkibində nə olur?

 

- Bizim həzm orqanlarımızla uşaqların həzm orqanları fərqlidir. Tutaq ki, bizim mədəmizdə PH turşdur, ağız suyu tərkibimiz, mədə-bağırsaq sistemimiz fərqlidir. Bunların hamısı qidaları həzm etməyə yönəlib. Bizim mədəmiz turşdur, zülallar parçalanır, karbohidratlar ağızda parçalanır, öd turşusu xaric olur, bağırsaqlarda yağlar parçalanır. Lakin uşaq orqanizmi, xüsusi ilə yeni doğulmuş uşaq orqanizmində bu sadaladıqlarımızdan heç biri yoxdur. Ona görə də ana südünün tərkibi elədir ki, onun fermentlərə ehtiyacı yoxdur, hətta fermentlər onun tərkibində var. Məsələn, yağları parçalayan lipaza fermenti var ki, bu ana südünün tərkibində var. Zülallar uşaq orqanizminə parçalanmamış, bütöv halda zəncir kimi sovrulur. Belə təsəvvür edək, bir zülal molekulasını muncuq boyunbağıya oxşatsaq, o parçalanır amin turşulara. Yəni normalda o muncuq kimi tək-tək sovrulur, lakin uşaq orqanizmində o bütün "boyunbağı" şəklində sovrulur. Onların orqanizmində onu parçalayacaq fermentlər yoxdur. Ona görə də ana südünün tərkibində qlobin daha çoxdur deyə, o bütöv halda sovrula bilir. Çünki həm "boyunbağının" uzunluğu qısadı, həm də "muncuğun" ölçüsü kiçikdir. İnək südündə isə artıq zülalın tərkibi fərqlidir. Onun tərkibi kazeinindir və o, daha ağır həzm olunan zülaldır. Həm də ana südünün tərkibi uşağın tələbatına uyğun dəyişə bilər. Uşağın yaşı artdıqca, daha çox nəyə tələbatı varsa, ana südünün tərkibi də ona uyğun dəyişmiş olur.

 

Ana südünün tərkibində valiqasaxaridlər var. Valiqasaxaridlər xüsusilə mədə-bağırsaq infeksiyalarında xüsusi rol oynayır. Bu valiqasaxaridlər mədə-bağırsaqda immun sistemi oyadır. Onlar həm antibakterial təsirə malikdirlər, təbii antibiotikdirlər, həm də təbii fidabakteriyaların artmasına kömək edirlər. Buna görə də ana südü ilə böyüyən uşaqlarda bağırsaq infeksiyalarına, diareyalara az rast gəlinir. Ana südü ilə böyüməyin mühim cəhətlərindən biri də odur ki, ana ilə uşaq arasında psixoloji yaxınlaşma olur. Ana daha rahat olur, uşaq ilə ana arasında bağ daha güclü olur. Ana südü ilə qidalanan uşaqların həyata tutumu, inamı daha çox olur. Bu, artıq sübut olunmuş faktdır.

 

Ana südünün üstün cəhəti odur ki, uşağın nə zaman qidalanacağı saatı təyin etmirik. İstənilən vaxt, gecə, gündüz uşağa vermək olar. Ana südü ilə artıq qidalanma mümkün deyil. Süni qidalarda bilirik ki, uşağın hər ayına uyğun 30, 60, 90 milli verilməlidir. Çox versək, paraterafiya olacaq, az versək, uşaq inkişafdan qalacaq. Ana südü hazır qidadır, ana hər zaman üzərində gəzdirir. Lakin süni qidanı ana hər zaman özü ilə gəzdirməlidir. Qidanı, termosla isti suyunu, digər bir qabda soyuq suyunu götürməlidir. Ana südü verməyin qaydası odur ki, mütləq uşaq doğulan kimi döşə qoyulmalıdır. Baxmayaraq ki, ananın südü yoxdur, amma uşaq ananın qarnının üstünə qoyulur və instiktiv olaraq uşaq iməkləyir ananın qarnının üstündən və südü əmir. Bu özü uşaq doğulan kimi süd vəzinin qıcıqlanmasını və südün əmələ gəlməsini stiumulizasiya edir.

 

-Bəzi analar deyir ki, körpələrə ana südü vermək istəyirlər, lakin stressdən süd olmur, bu mümkündürmü?

 

- Müəyyən təsirlər var ki, o zaman ananın südü olmur. Həmin faktorlardan birincisi, uşağın döşə gec qoyulmasıdır. Məsələn, doğuş ağır keçə bilər və uşaq döşə gec qoyula bilər. Bəzən də doğulan kimi uşağa təcili yardım lazım olur, bəzən ananın vəziyyəti ağır olur. Tam normal doğuş keçərsə, bu zaman uşaq dərhal döşə qoyulmalıdır. Doğuşdan ilk 2 saat ərzində mütləq uşaq döşə qoyulmalıdır. Uşağın bir neçə gün sonra döşə qoyulması həm də südün əmələ gəlməsini ləngidir. Ananın iş rejimi, pəhrizdə olması südün azalmasına təsir göstərə bilər.

 

Ana südü olmayanda başlayırıq süni qidalar verməyə. Süni qidalar da müəyyən məbləğə başa gəlir. İmkanı olmayan analar inək südündən istifadə edirlər. 1 yaşa qədər inək südü vermək qətiyyən məsləhət deyil. Çünki çox mühüm allergiyaları da ola bilər. Süni qidaların 3 forması var: süd tərkibli, soya tərkibli və xüsusi qarışıqlı olan. Süd tərkibli qidaların tərkibi ana südünə yaxınlaşdırılır, lakin ana südü qızıl standartdır. Heç bir əvəzedicisi yoxdur. Sadəcə ana südü yoxdursa, süni qida verməkdən başqa çarəmiz yoxdur. İnək südünə allergiyası olanlara soya tərkibli qidalardan istifadə edilir. Xüsusi qarışıqlar dediyimiz növlər isə artıq yarımçıq doğulmuş uşaqlar üçün istifadə edilir. Bir də uşaqlar gecə durub ağlayırlar deyə, gecə qidaları uşaqlara ancaq gecələr verilir.

 

-Ana südü körpələrə hansı müddətə qədər verilməlidir?

 

-İlk 6 ay uşaq ana südü almalıdır, 2 yaşına qədər isə ana südü almağı məsləhətdir. İlk 6 ay ərzində uşağa heç bir əlavə qidaya, suya ehtiyac yoxdur. Ana südünün tərkibi uşağın tələbatına uyğun olaraq dəyişir. Süd vəzinin 2 porsiyası olur. Buna ön süd və arxa süd deyilir. Süd vəzinin ön hissəsində olan porsiyada su daha çoxdur və bu uşağın su tələbatını ödəyir. Arxa süddə isə yağlar çoxdur. Bu da uşağın kalori və yağ tələbatını ödəyir. Ona görə də biz valideynə tapşırırıq ki, mütləq bir döş tam boşaldılsın ki, uşaq həm ön, həm də arxa südü alsın. Ana əvvəlcə bir döşü verir, rahat olsun deyə dərhal digər döşə keçirirsə, bu, düzgün qidalanma deyil. Uşaq arxa süddən də almalıdır ki, yağları da götürə bilsin. Ana südünün əmələ gəlməsini ağır doğuşlar, keysəriyyə əməliyyatı da azalda bilir. Təbii doğuş zamanı oksitosin hormonu xaric olunur və o süd vəzində damarların axacaqlarını yığır. Lakin keysəriyyə zamanı doğuş sancısı olmur, oksitosin olmadığına görə ana südünün əmələ gəlməsi ləngiyir. Ananın psixoloji durumu da südün azalmasına səbəb ola bilir.

 

Amerika Pediatriya Assosasiyasının təklifinə görə, ilk 6 ay uşağa yalnız ana südü verilməlidir. 6 aydan sonra digər qidalara öyrəşdirmək məqsədi ilə əlavə qidalara keçirik. 6 aydan sonra uşağa yalnız ana südü vermək də düzgün deyil. Elə valideynlər var ki, tənbəlliyindən uşağa ana südü verir, daha sonra biz uşağı qidaya öyrədə bilmirik. 6 aydan sonra uşağı sıyıqlara, pürələrə öyrəşdirmək lazımdır. 6 ay ərzində biz uşağa ancaq vitamin D, vitamin kompleksləri, dəmir preparatları verə bilərik.

 

-Süd artırıcı vasitələrin zərərləri nələrdir?

 

-Ana südü çatışmayanda, süd artırmaq üçün istifadə olunan maddələr qalaktakok adlanır. Bunları da 3 qrupa bölə bilərik. Birinci qrupa müəyyən otlar daxildir. Bəzi bitki tərkibli süd artırıcı çaylar var. Razyana, cirəni analar dəmləyib içirlər. Bunların müsbət təsirləri var. Lakin mənfi təsirləri də var ki, allergiya verə bilər. Həkimlə məsləhətləşib normada istifadə etmək olar. Yulaf, darı, arpa, düyü, zəncəfil, noxud, göyərti ana südünü artıran qidalardır. Üçüncü qrupa aid isə ana südünü artıran dərman maddələri daxildir. Bu kimyəvi tərkibli dərmanlar ana südünün miqdarını artırırlar. Bu dərmanlar sinir mənşəli dərmanlardır. Əslində, süd artırmaq bunların yan təsirləridir. Lakin bəzən dərmanların yan təsirlərindən də müalicə məqsədi ilə istifadə olunur. Hansı hallarda onlardan istifadə məsləhətlidir? Bütün variantları istifadə etdik, lakin ana südü artmadısa, o zaman olar.

 

Məsələn, düzgün rejim qurduq, çoxlu maye, gün ərzində 2-3 litr su içdik, süd məhsulları, qatıq ən azından 2 stəkan qəbul edildi. Yarımçıq doğuş zamanı, yaxud da ananın 2-3 uşağı var və digərinə süd çatmayacaqsa, bu halda süd artırıcı vasitələrdən istifadə olunur. Bitki tərkibli ana südü artırıcılar asılılıq yaratmır, lakin dərmanlardan istifadə zamanı ehtiyatlı olmaq lazımdır.

 

-Süni qidalar asılılıq yaradırmı?

 

-Süni qidalar asılılıq yaratmır. Lakin belə bir şey var ki, uşaq ana südünü almaq üçün hərəkət etməli, enerji sərf etməlidir. Südü dartıb süd vəzindən çıxarmaq uşaq üçün əziyyətdir. Xüsusilə çəkisi, enerjisi az olan uşaqlar üçün əziyyətdir. Və ananın ilk doğuşdan olan övladı zamanı süd vəzlərinin axacaqları bağlı olur. Bu axacaqlar sırf uşağın gücü hesabına açılır. Süni qidaları verərkən isə əmziklərdən istifadə edirik və onların deşiyi var deyə, uşaq onu rahat əmir. Bu rahatlığa görə öyrəşmə yarada bilir. Biz hətta ana südünü də sağıb əmzikdən versək, uşaq onu da rahat götürəcək. Bu süni qidadan asılı deyil.

 

Semra Ələkbərli

 

Cümhuriyət.-2021.-22-24 iyun.-S.13