Ədalətsizlikdən narazı aktyor
Adi məzarlıqda dəfn olunan Kamal Xudaverdiyev
Onun
ölüm və doğum günləri bu aylara aprel və
maya təsadüf edir...
3 may Kamal
Xudaverdiyevin doğum tarixidir
“Ey
ömür qatarım,
belə
tələsmə,
Birdə
bu dünyaya
gəlməyəcəyəm...”
Nədənsə aktyorun dilindən eşitdiyim bu misralar
onun haqqında yazmaq fikrinə düşəndən beynimdə
fırlanır.
Tale insanın xarakterindən asılıdır. Birinci əksər
halda ikincini, yəni xarakteri müəyyən edir. Xüsusən əgər şəxsiyyətlisən,
yarınmağı bacarmırsansa, həyat sənə çətin
olacaq, çox çətin. Xarakterinə
əks xarakterli insanlar səni hər addımda əzməyə,
sındırmağa çalışacqlar, sənin şəxsiyyətin
isə onların mənəvi əzilməsi olacaq.
Hamı biləcək ki, sən sınmadın, əyilmədin,
yenilmədin, yıxılmadın, bu dünyaya dimdik gəlib,
elə də getdin. Qiymətləndirməyi bacaranlar tərəfindən
seviləcəksən, sən dünyadan köçəndə
simalarda bir təəssüf ifadəsi yaranacaq. İllər ötəcək,
hərdən yada düşəcəksən, səni insanlara
misal çəkəcəklər, “rəhmətlik
yaxşı şəxsiyyət idi” deyəcəklər.
O birisinin isə adı çəkiləndə sifətlər
əyiləcək, hər kəsin daxilindən dilinə gətirmək
istəmədiyi bir söyüş keçəcək.
Ailənin böyük övladı Kamal olub, amma bu Kamal
yox, o, tez dünyasını dəyişib, sonra bu dünyaya gəlib
və adını Kamal qoyublar. Bir qardaşı daha
vardı.
İnqilabdan əvvəl babasının - Hacı Məmmədhəsənin
neft mədənləri olub. Kamal Xudaverdiyevin
yaşadığı bina əslində bütünlüklə onun
ata-baba mülkü imiş. Sovet hakimiyyəti
qurulandan sonra hər şey əllərindən
çıxıb. Dövlət o binada aktyorun atasına 13 kvadrat metrlik mənzil verib.
Kamal
Xudaverdiyev 3 may 1938-ci ildə Bakıda doğulub. Bir il sonra
atası dünyasını dəyişib, üç il sonra müharibə
başlayıb. Yeddinci sinfə qədər
gündüz oxuyub. Səhər saat
beşdə yuxudan oyanıb dəri sexinə
qaçırmış. Orda dəri təmizləyir,
saat səkkizdə məktəbə gedərmiş. Sonradan orta təhsilini 6 saylı fəhlə-gənclər
məktəbində başa vurub.
“Beş ili birtəhər yola verdik, anam işə
gedirdi. Mənim üçün 300 qram çörək
qoyardı ki, yeyib məktəbə gedərəm. Anam gedən kimi o çörəyi yeyir, bir də
axşama qədər ac qalırdım”.
“Fəxri
adlı çilingər”
Bu
sözü ona dostu , həmkarı Eldəniz
Zeynalov deyərmiş. Müharibədən sonra
Qazaxstana xam torpaqlara işləməyə gedir. Burdan ora
basanoşkalarda getmişdi, buna görə də ora
düşən kimi ayaqlarını don vurur. Zillətlə işləyib ayaqları
üçün məlhəm alır və özü
müalicə edir.
Qayıdandan
sonra 10 il çilingər işləyir. Bütün bu illər ərzində ən çox
sevdiyi iki məşğuliyyət varmış, biri hər
gün Xəzər sahilinə gedib içinin bütün dərdlərini
ona açıb demək, biri də hər həftəsonu
teatra getmək. Bileti də həftənin əvvəlindən
alırmış.
Yenilikçi ruhlu 60-cıların nümayəndəsi
bu münvalla İncəsənət İnstitutunun aktyorluq
fakültəsinə qəbul olunur. Daha doğrusu birinci il
rus dili imtahanından keçmir. İkinci il
bir də ondan imtahan götürən Adil İsgəndərov
soruşur ki, axı sən ötən il qəbul olunmalı idin,
mən səni xatırlayıram. Kamal Xudaverdiyev
rus dilindən kəsildiyini deyir.
Adil İsgəndərovun kursunda təhsil alır. Onun sevimli tələbələrindən
olur. Qüdrətli sənətkarlar Mehdi Məmmədovdan
və Rza Təhmasibdən də ixtisas təhsili alır.
1965-ci ildə
ali təhsilini başa vuran Kamal Xudaverdiyev
Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun
təklifi ilə oktyabr ayının 1-də truppaya ştata
götürülüb.
“Orlean
qızı”nda Raul (Fridrix Şiller), “Yalan”da Fərmanı
(Sabit Rəhman), “Günahsız müqəssirlər”də
Murov.(Aleksandr Ostrovski), “Söz yarası”nda Lətif (Qeybulla Rəsulov), “Antoni və
Kleopatra”da Demetr (Vilyam Şekspir), “Kəndçi
qızı”nda Aslan (Mirzə İbrahimov), “Hamlet”də Laert
(Vilyam Şekspir), “Məhv olmuş gündəliklər”də
Ədalət. (İlyas Əfəndiyev), “Ümid”də Tahirov
(Maqsud İbrahimbəyov),
“Yollara iz düşür”də Loğman (Bəxtiyar
Vahabzadə), “Kölgələrin oyunu”nda Sezar (Yuri Edlis),
“Qızıl teşt” Hüseynov (Seyran Səxavət), “Kral
Lir”də Kral Lir (Vilyam Şekspir), “Ah, Paris... Paris!..”də Süpürgəçi (Elçin),
“Şah Edip”də Şah Edip.(Sofokl), “Sokratı anma gecəsi”ndə
Çingizxa (Çingiz Aytmatov və Muxtar Şahanov), “Ulduz,
yaxud Ədirnə fəthi”ndə İzzət paşa (Cəfər
Cabbarlı), “Cəzasız günah”da Salman Tahirov (Bəxtiyar
Vahabzadə), “Dar ağacı”nda Aqşin (Bəxtiyar Vahabzadə),
“Kəllə”də Dolbanezo (Nazim Hikmət”.
Bunlar dram teatrında onun yaratdığı obrazların
yalnız bir hissəsidir.
Şöhrətin
yox, sənətin əsiri
Deyirdi, bu
sənətə gələndə gərək qazanc məqsədi
güdməyəsən:
“Dolanışığın olsa evlən, olmasa ona da cəsarət
etmə, çünki fikri ailənin
dolanışığının yanında qalan adamdan aktyor
olmayacaq”.
Elçinin “Ah, Paris, Paris” tamaşasında
yaratdığı süpürgəçi obrazı
tamaşanın əvvəlindən sonuna qədər səhnədə
olan, yalnız danışmayan, mimikalarla yadda qalan bir obraz idi. Həmin rolu
rejissor kimə tapşırmaq üzərində çox
düşünüb. Sonda teatrın
direktoru “bunu çox böyük aktyor oynamalıdır, ver
Kamal Xudaverdiyevə” deyib.
İlk çəkildiyi film isə “İstintaq davam edir”
filmi idi. Əlisəttar Atakişiyev baş rola - Çingizov
obrazına çəkilmək üçün xaricdən
aktyor dəvət etmək istəyirmiş Adil İsgəndərov
kinostudiyanın direktoru kimi bu fikrin əlehinə
çıxıb və təkidlə həmin rola Kamal
Xudaverdiyevi təklif edib.
Ondan sonra da aktyor çox filmlərdə - «Azərbaycanfilm»
kinostudiyasında «Sonuncu müsahibə» (Həsənov),
«Dağlarda döyüş» (Rüstəmov), «Nəsimi»
(Yusif), «Abşeron» (Əli), «Üzü küləyə»
(Kombinat müdiri), «Adanı özünlə apara bilməzsən»
(Ata), «Otel də bir otaq» (Alim), «Dədə Qorqud» (Ata) -
xaraktercə fərqli obrazlara çəkilib.
Tamaşaçıların yaddaşında isə daha
çox Azərbaycan Dövlət Televiziyasında
hazırlanan tamaşalarda oynadığı obrazlarla qalıb.
İlyas
Əfəndiyevin «Atayevlər ailəsində»
(İldırım), Ənvər Məmmədxanlının
«Şərqin səhəri» (Cavanşir bəy),Mehdi
Hüseynin «Alov» (Qaşqay), Əlibala Hacızadənin
«Yadigar» (Müəllim), Nazim Hikmətin «Bayramın son
günü» (Firuz) və «Şöhrət və ya unudulan
adam» (Doktor).
Doktor onun ən çox sevilən obrazı idi.
Bir vaxtlar şöhrətdən
başı gicəllənən insanın sonradan necə
unudulduğunu Kamal Xudaverdiyev elə məharətlə
yaradırdı ki, tamaşanı görənlər indi də
onu yaddaşlarında saxlayıblar. Televiziyada son rolu Elçin Mehrəliyevin «Yurd
yeri» film-tamaşasında Mahal
kişi oldu. Aktyor ev-eşiyindən, doğma yurd yerindən
didərgin düşmüş milyonların ümumiləşdirilmiş
obrazı Mahal kişi ilə o dərdin nə
olduğunu anlamayanlara da anlatdı.
Bu o dövr idi ki, teatr tənəzzülə doğru
surətlə gedirdi. Ömür boyu şöhrətin yox, sənətinin
əsiri olan aktyor bu vəziyyətlə barışa bilmirdi.
Oğlu
Hüseyn Xudaverdiyev: “Atam sənəti çox yüksək
tuturdu. Çox da şəxsiyyətli insan idi,
çətinliklərlə yaşamışıq, amma
heç vaxt heç kimdən özü, ailəsi
üçün nə isə xahiş etməyib. Yalnız teatrın düşdüyü vəziyyət
onu çox incidirdi. Təsəvvür edin
ki, Moskvada xəstəxanada yatanda teatr üçün
çox darıxırdı. Əməliyyat
olunacağını biləndə isə həkimə
sualı bir bu oldu ki, mən səhnəyə çıxa biləcəm?
Həkim söylədi hə, dedi, onda nə edirsiz edin.
Əməliyyatdan sonra səsini itirdi. Dedi ki, görürsən həkim
məni aldatdı. Ağ ciyərində olan
problemə görə ciyərin bir hissəsini kəsib
götürdülər. Ondan əvvəl
isə ürək fəaliyyətini artırmaq
üçün ürəyini əməliyyat etmişdilər.
Xəstəxanada diaqnozunu özü bildi, amma qətiyyən
sınmadı. Onu sarsıdan yalnız
teatra gedə bilməməsi idi. Sonra bir az
düzələndə gedirdi. Altı ay sonra
müayinə olundu. Bu müayinədə ciyərində
yenidən yaranan işartıları həkimlər tikiş yerləri kimi qəbul
ediblər.
Sonra da
Moskva həkimi “artıq gecdir” dedi.
Dəfn
günü ömür boyu onu izləyən ədalətsizliyi bir daha hiss etdim.
Ailə onun üçün sənətdən sonra idi. Demirəm bizi
sevmirdi, amma ailəni də gec qurmuşdu ki, sənətdə
özünü təsdiq etsin sonra. Anamı
sevmişdi, ona görə evlənmişdi. Xalamın əri atamın dostu olub. Onların toyunda atam anamı görüb, tez bir
zamanda da evləniblər. Atamın 37
yaşı varmış.
25 ildən artıq mənzil növbəsində olub. Bir-iki dəfə
öz növbəsinin tamam evsiz olan aktyorlara güzəştə
getmişdi. Evi
ona xəstələnəndən sonra verdilər. Ədalətsizlikdən narazı idi, teatrın vəziyyətindən
nigaran getdi. Ona təqaüd kəsilmişdi, ev də verdilər, diqqətdən kənarda
qalmadı. Teatrın düşdüyü
ümumi durum onu incidirdi”.
Xalq artisti 70 yaşının tamam olmasına 10 gün qalmış 2008-ci 23 apreldə dünyasını dəyişdi.
Adi məzarlıqda dəfn olundu.
Bu gün ondan qalan iki oğul övladı, özünün hələ sağlığında adını verdiyi nəvəsi Kamal Xudaverdiyev, bir də şəxsiyyətinə hədsiz sevgidir.
Beləcə xarakteri taleyini müəyyən
etdi. O tale ki, bu gün də onun ruhunu, xatirəsini izləyir.
Cümhuriyət.- 2021.- 4-6 may.- S.14.