Gəncə Dövlət Dram Teatrı: Dövlət statusunun 100 ili  

 

Tarixi məmbələrə nəzər salarkən 1895-ci ildən Gəncədə kiçik teatr truppası mövcud idi. Burada dövrünün mütəfəkkür və içtimai xadimləri olan M. F. Axundzadə və N. B. Vəzirovun pyesləri iləGəncənin bir sıra maarifpərvər insanlarının xüsusi təşkilatçılığı və həvəskarların iştirakını özuündə cəmləməklə XIX əsrin sonlarında 21 oktyabr 1895-ci ildə ilk dəfə olaraq tamaşalar hazırlanıb. 1906-  ildə yaradılan “Gəncə müsəlman məclisi”nin bu sahədə xidmətləri xüsusi olaraq daha önəmlidir. Ə. B. Haqverdiyevin 1910-cu  ildə yerli həvəskarlardan ibarət təşkil etdiyi teatrda “Ağa Məhəmməd şah Qacar”, “Dağılan tifaq” (Ə. B. Haqverdiyev), “Əl-Mənsur” (N. Heyne), “Nadanlıq” (N. Nərimanov), “Vətən” (N. Kamal) və başqa bu kimi əsərləri yeni həvəskar truppanın əsas repertuarı kimi böyük maraqla qarşılanıb. Həmçinin qeyd etmək lazımdır ki, 1915-ci ildə ilk dəfə olaraq Gəncədə “Qız məktəb”i tələbələrinin ilk dram truppası da yaradılıb. Müxtəlif  illərdə “Qız məktəb”i tələbələrinin ilk dram truppasına rejissor Əsəd Şıxzamanov rəhbərlik edib. Burada M. C. Əmirovun “Seyfülmüllük” operası ilk dəfə 1916-cı ildə tamaşaya qoyulub. Bu illərdə həmçinin həmkarlar klubu nəzdində dram dərnəyi fəaliyyət göstərib. Bu dərnək istedadlı aktyor truppası ilə yanaşı, rəngaəng repertuarı olan, lakin dövlət statusu almayan bir teatr hesab edilirdi. Həmkarlar klubu nəzdində dram dərnəyi kimi fəaliyyət göstərən bu truppada görkəmli rejissor Ədil İsgəndərov, tanınan sənətkarlardan Barat Şəkinskaya, rejissor və aktyor Mir İbrahim Həmzəyev və başqaları fəaliyyət göstəriblər.

 

Gəncə Dövlət Dram Teatrının 2020-ci ilin may ayının 18-dəDövlət statusu almasının 100 illi tamam olur. Belə ki, 1920-ci il may ayının 18-də Azərbaycan Xalq Maarif Komissarları Soveti tərəfindən rəsmi olaraq əmr verilib. Bu vaxta kimi ayrı-ayrı truppalarda fəaliyyət göstərən aktyorlar vahid kollektiv şəklində müəyyən bir təşkilatda birləşiblər. Sovet hakimiyyətinin ilk illərində teatra rəhbərlik işi Azərbaycan Xalq Maarif Komissarlığı nəzdində İncəsənət şöbəsinə tapşırılıb. Bu şöbəyə qocaman ədib Ə. B. Haqverdiyev başçılıq edib. Sonradan bu teatr 1921-ci ildən 1925-ci ilədək Bakı Azad Tənqid və Təbliğ Teatrı, 1925-ci ildən 1927-ci ilədək Bakı Türk İşçi və Kəndli Teatrı, 1927-ci ildən 1932-ci ilədək isə Bakı Türk İşçi Teatrı olaraq adlandırılıb. 1932-ci ilin dekabr ayının 28-də isə teatr yaradıcı kollektivi ilə birlikdə Gəncəyə köçürülüb və bu günə kimi də fəaliyyətini uğurla davam etdirir.

 

Gəncə Dövlət Dram Teatrının şərəfli tarixinə qısaca olaraq nəzər salarkən burada ömürlərini sənətə fəda edən respublikanın əməkdar incəsənət xadimləri olan, rejissorlar Yusif Bağırovu, Həsən Ağayevi, Bəhram Əfəndiyevi, Hüseyn Sultanovu,  rejissor Nəsir Sadıqzadəni, Yusif Yıldızı, xalq artistləri İsmayıl Talıblını, Mehdi Məmmədovu, Barat Şəkinskayanı, Ələkbər Seyfini, Məmmədrza Şeyxzamanovu, Ələddin Abbasovu, Məhəmməd Burcəliyevi, Sədayə Mustafayevanı, Əşrəf Yusifzadəni, Rəmziyyə Veysəlovanı, Zülfüqar Baratzadəni, əməkdar artistlər Əhməd Salahlını, Reyhan Tağıyevanı, Sadıq Həsənzadəni, Səməd Tağızadəni, Əli Rzayevi, Ağa Məmmədovu, Rza Nadirovu, Məmməd Cəfərovu, Kərim Sultanovu, Ətayə Əliyevanı, Yusif Qazıyevi, Qurban Abbasovu, Simuzər Namazovanı, Vaqif Məmmədovu və digərlərinin böyük sənət fədailəri olaraq səhnə fəaliyyətlərini xatırlamamaq mümkün deyil. Məhz bu sənət fədailəri Gəncə Dövlət Dram Teatrının səhnəsində maraqlı və bitgin obrazlar qaleriyası yaradaraq teatrsevərlərin hər zaman diqqət mərkəzində olmağı bacarıblar.

 

1. Abrahamsın eyni adlı romanı əsasında K. Myufkenin “İldırımlı yollarla”, S. Axundovun “Dağlarda”, S. Vurğunun “Fərhad və Şirin”, N. B. Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük”, İ. Əfəndiyevin “Atayevlər ailəsi”, “Unuda bilmirəm”, “Mənim günahım”, M. Təhmasibin “Çiçəkli dağ”, Ş. Qurbanovun “Sənsiz”, Ş. Rustavelinin “Pələng dərisi geyinmiş pəhləvan” poeması əsasında M. Nəsirovun “Tariyel”, Ə. B. Haqverdiyevin “Bəxtsiz cavan”, C. Cabbarlının “Almaz”, “Oqtay Eloğlu”, “1905-ci ildə” və “Solğun çiçəklər”, A. Məmmədovun “Ulduzlar görüşəndə”, “Həmyerlilər”, “Bəraət”, A. Ostrovskinin “Quduz pullar”, U. Şekspirin “Otello”, “III-Ricard”, Y. Əzimzadənin “Unutmayın”, “Aprel səhəri” və “Anacan”, Q. Musayevin “Buhenvald harayı” və “Odlu illər”, S. Rəhmanın “Küləklər”, “Əliqulu evlənir”, M. Lermontovun “İki qardaş”, R. Radzinskinin “Sokratla söhbətlər”, İ. Qasımov və H. Seyidbəylinin “Uzaq sahillərdə”, M. Kərimin “Odu atma, Prometey!”, Ə. Hacızadənin “İtkin gəlin”, M. İbrahimbəyovun “Cavan qadına yaraşan kişi”, O. Kamalın “72-ci kamera”, “Yad qızı”, D. Valeyevin “Vicdan məhkəməsi”, A. Dudarevin “Astana”, K. Topalovun “Məhəbbət və xəyanət”, V. Kotenkonun “Dəmir pərdə”, N. Hikmətin “Kəllə”, Ə. Səmədovun “Ölüm hökmü”, Ə. Məmmədxanlının “Şərqin səhəri”, İ. Qasımovun “Dairəni genişləndirin”, M. Şatrovun “İnqilabi etüd”, Elcinin “Ölüm hökmü”, “Qatil”, Xəzangülün “Məhəbbətin qənimi”, “Xərabət gözəli”, N. V. Qoqolun “Evlənmə”, F. Əlyarbəylinin “Xan qızı”, “Qonşular”, N. Məmmədlinin “Cavad xan”, “Unutmaq istəyirəm”, İ. Şıxlının “Dəli Kür” romanı əsasında M. Muradxanlının səhnələşdirdiyi “Dəli Kür”, C. Məmmədquluzadənin “Ölülər”, “Dəli yığıncağı”, S. Dərvişin “Fosforlu Cevriyyə”, Ş. Mehdiyevin “Sabir”, T. Cücenoğlunun “Gözəlçələr”, “Matruşka” və başqa maraqlı səhnə həyatı bəxş olunan quruluşları Gəncə  Dövlət Dram Teatrının repertuarının əsasını təşkil edir.

 

Təsadüfi deyil ki, Azərbaycan teatrında ilk dəfə olaraq məhz Gəncə Dövlət Dram Teatrının səhnəsində Qədim Yunan dramaturgiyasına müraciət edilib. Əməkdar İncəsənət xadimi Yusif  Bağırovun quruluşunda Evripidin “Medeya” və Sofoklun “Antiqona” faciələri ilk dəfə olaraq məhz bu teatrın səhnəsində uğurla tamaşaya hazırlanıb. İlk tamaşanın tarixi Evripidin “Medeya” faciəsi ilə12 dekabr 1969-cu ilə təsadüf edir. Bir neçə il sonra isə 1976-cı il dekabr ayının 11-də Sofoklun “Antiqona” faciəsinə müraciət edilib.

 

Böyük Türk dramaturqu Nazim Hikmət 1951-ci ildən SSRİ-də yaşayıb və onun əsərlərinin bütün Sovet İttifaqında təbliği dövlət səviyyəsində müvafiq təşkilatlara, həmçinin teatrlara tövsiyyə olunub. 20 mart 1953-cü ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Ə. Babayevin çevirməsində Ə. İsgəndərovun quruluşunda “Türkiyədə” əsərinin premyerası ictimaiyyətə təqdim edilib. Daha sonra 1956-cı ildə “Qəribə adam” və 1960-cı ildə isə “Şöhrət və ya unudulan adam” pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində səhnəyə qoyulub. 1957-ci ildə isə Respublikanın Xalq artisti Məhəmməd Burcəliyevin təklifi ilə Gəncə Dövlət Dram Teatrının səhnəsində Nazim Hikmətin 3 pərdəli, 14 şəkildən ibarət olan “Kəllə” faciəsi hazırlanıb. Tamaşanın ictimai baxışı 14 may 1957-ci ilə təsadüf edir. 1957-ci ildə məhz “Kəllə” faciəsinin tamaşasına baxmaq üçün böyük Nazim Hikmət Gəncəyə gəlib və çox böyük təəsüratlarla tamaşaya baxaraq yüksək fikir söyləyərək kollektivdən ayrılıb.

 

Şamxalovun 4 pərdəli, 7 şəkildən ibarət olan “Qaynana” komediyası Azərbaycan teatr ictimaiyyəti tərəfindən çox zəif bir pyes kimi səciyyələndirilərək səhnəyə qoyulmasının mümkünsüzlüyü bildirilib. İlk dəfə olaraq bu pyesə məhz 26 iyun 1957-ci ildə Gəncə Dövlət Dram Teatrında rejissor, Əməkdar İncəsənət xadimi Həsən Ağayevin müraciət etməsi ilə Azərbaycan teatrında cəsarətli addımın atılması pyesin uğurlu səhnə həyatı yaşamasının qarantına çevrilib. Azərbaycan səhnəsinin ilk Qaynanası-Cənnət arvad obrazını isə Gürcüstan Respublikasının Əməkdar artisti Reyhan Tağıyeva ifa edib. Həsən Ağayevin bu komediyaya müraciətindən sonra M. Şamxalovun 4 pərdəli, 7 şəkildən ibarət olan “Qaynana” komediyası Azərbaycan teatrlarında səhnəyə qoyulmağa başlayıb və bu pyesin motivləri əsasında ssenari müəllifləri Ə. İbrahimov və M. Maleyeva olan, quruluşçu rejissoru H. Seyidzadə, quruluşçu operatoru F. Əsgərov, quruluşçu rəssamı N. Zeynalov və bəstəkarı T. Quliyev olan “Qaynana” bədii filmi 1978-ci ildə ekranlara çıxıb.

 

Bu gün Gəncə Dövlət Dram Teatrında bir nəfər Respublikanın əməkdar mədəniyyət işçisi, dörd nəfər Xalq artisti, səkkiz nəfər Əməkdar artist, iki nəfər isə Prezident mükafatçısı olaraqfəaliyyət göstərir. Teatrın səhnəsində 2002-ci ildə səhnəyə qoyulan İ. Əfəndiyevin “Mahnı dağlarda qaldı” tamaşası Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi “Qızıl Dərviş” mükafatının “Qran Pri” nominasiyasına layiq görülüb. 2007-ci ildə teatrın baş rejissoru İradə Gözəlovanın tamaşaya hazırladığı İ. Əfəndiyevin “Qəribə oğlan” pyesi “Gənc rejissorların Teatr Festivalı”nda, 2010-cu ildə isə yaradıcı kollektiv Elçinin “Ölüm hökmü” tamaşası ilə “Respublika Teatr Festivalı”nda uğurla cıxışlar edib. 2011-ci ildə Türkiyə Cümhuriyyətinin Giresun şəhərində keçirilən “Uluslararası XVII Aksu Tiyatro Festivalı”nda T. Cücenoğlunun “Gözəlçələr” pyesinin tamaşası ilə, 2011-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının keçirdiyi “2+1” Eksperimental Tamaşalar Festivalında K. Abdullanın “Sərgərdan” pyesinin tamaşası ilə, 2012-ci ildə “Tuganlıq 2012” Türkdilli Dövlətlərin Beynəlxalq Teatr Festivalında, 2013-cü ildə Türkiyə Cümhuriyyətinin Konya şəhərində “Bin ses bir nefes” Uluslararası Teatr Festivalında uğurla çıxışları olub. 2013-cü ildə teatr növbəti uğura imza ataraq Ukraynada keçirilən “Klassika bu gün” Beynəlxalq Teatr Festivalında rejissor İradə Gözəlovanın quruluşunda N. V. Qoqolun “Evlənmə” pyesinin tamaşası festivalın “Ən yaxşı kişi rolu” nominasiyası ilə Podkolyosin rolunun ifaçısı Respublikanın Əməkdar artisti İlham Hüseynov təltif edilib. 2014-2015-ci illərdəTürkiyənin Giresun şəhərində xalq artisti V. Şərifovun quruluşunda Elçinin “Qatil” və mərhum əməkdar artist F. Qasımovun quruluşunda Xəzangülün “Məhəbbətin qənimi” pyeslərinin tamaşaları ilə Uluslararası Teatr Festivallarının iştirakçısı olub. 2017-ci ildə Türkiyə Cümhuriyyətinin Merzifon Bələdiyyəsi tərəfindən təşkil olunan “3 Uluslararası Tiyatro Festivalı”nda Ə. Əmirlinin “20 ildən sonra” pyesinin tamaşası əməkdar artist Novruz Cəfərovun quruluşunda maraqla qarşılanıb və yaradıcı kollektiv xüsusi mükafata layiq görülüb.

 

2015-ci ildə “20.Uluslararası Ankara Tiyatro Festivalı”na dəvət olunan teatrın gənc rejissoru E. Əhmədov “Azərbaycan Teatr Poetikası” adlı iki günlük seminar-məşğələ ilə çıxışlar edib. Həmçinin 2015-ci ildə rejissor İ. Gözəlovanın quruluşunda C. Məmmədquluzadənin “Dəli yığıncağı” pyesinin tamaşası Bakı qastrolunda teatr ictimaiyyəti tərəfindən maraqla qarşılanaraq ilin yekununa görə ən uğurlu səhnə əsəri kimi qəbul olunub.

 

2018-ci ilin may ayında yaradıcı kollektivin qardaş TürkiyəCümhuriyyətinin Giresun şəhər Bələdiyyəsinin təşkil etdiyi Uluslararası Beynəlxalq Teatr Festivalında rejissor E. Əhmədovun quruluşunda T. Cücenoğlunun “Matruşka” pyesinin tamaşası ilə iştirakı olub. 12-19 may 2018-ci ildə “Sərhədsiz teatr” III-Şəki Beynəlxalq Teatr Festivalı Milli Proqramı çərçivəsindərejissor İ. Gözəlovanın quruluşunda C. Məmmədquluzadənin “Dəli yığıncağı” komediyası ilə kollektiv iştirak edib. Eləñə də 05-15 iyul 2018-ci ildə Gürcüstan Respublikasının Özürgeti Dövlət Dram Teatrının təşkilatçılığı və dəvəti ilə Beynəlxalq Teatr Festivalında rejissor İ. Gözəlovanın quruluşunda N. Dumbadzenin “Hellados” pyesinin tamaşası göstərilib.

 

100 illik dövlət statuslu teatrın tarixinə nəzər salarkən bir daha görürük ki, o bu gün də öz maraqlı və zəngin repertuarı ilə hər zaman tamaşaçılarının görüşündədir. Hər il olduğu kimi məhz bu ildə də teatr avropa, klassik eləcə də yerli dramaturqların əsərlərinə yeni səhnə həyatı bəxş etməyi planlaşdırır.

 

AnarBurcəliyev

Teatrşünas

 

 Cümhuriyət.- 2021.- 21-24 may.- S.14.