Azərbaycan sərhədləri
yenidən çəkilir: Hansı xəritələr daha məqbuldur?
“Rusiya
Prezidenti Vladimir Putinin "Valday" forumunda
çıxışı zamanı
danışdığı xəritələr “Ermənistanın
inzibati-ərazi bölgüsü haqqında” qanunda təsvir
olunan sərhədlərlə 100 faiz olmasa da, 99 faiz
üst-üstə düşür”.
Ermənistanın
Baş naziri Nikol Paşinyan parlamentdə keçirilən
“hökumət saatı”nda belə deyib. Onun sözlərinə
görə, Vladimir Putinin danışdığı xəritələr
və müzakirələr zəruridir. Paşinyan vurğulayıb
ki, Rusiya Prezidentinin dedikləri heç də Ermənistanda
belə xəritələrin olmaması demək deyil. Lakin Ermənistanın
Baş naziri onu da bildirib ki, Rusiya Federasiyası ATƏT-in Minsk
qrupunun həmsədr ölkəsi və vasitəçi kimi
bu prosesdə iştirak edir və iştirak etməlidir.
Bu
müzakirələrdə hansı ilin xəritələrinin əsas
götürüləcəyi ilə bağlı
deputataların sualını cavablandıran Paşinyan qeyd
edib:
“Azərbaycanla
sərhədin demarkasiyası və delimitasiyası prosesində
Sovet dövrünün xəritələrindən istifadə
olunacaq. Hansı xəritələrin istrifadə olunmasına
gəlincə, onda biz artıq qeyd etmişik ki, hüquqi əsası
olan xəritələr əsas götürüləcək.
O, müxtəlif illərin xəritələrində ərazilərdə
müəyyən fərqlərin olduğunu və bunlardan
birinin məsələn, Sov.İKP MK-nın növbəti plenumunda
rayonlardan birinin rayon soveti tərəfindən otlaq sahələrini
qonşu respublikanın rayonuna verməsi nəticəsində
yarandığını deyib. “Araşdırmalarımız
göstərdi ki, bu cür proseslər daimi xarakter
daşıyırdı. Lakin bu dəyişikliklər
kiçik şəhər qərarları olduğundan in
heç bir hüquqi əsası yox idi. Onlar dövlətlərarası
səviyyə məntiqində qiymətləndirilməlidir. Yəni
biz bu və ya digər sovet xəritələrinin istifadəsi
haqqında danışarkən, o xəritələrin
hansı hüquqi əsasa malik olduğunu anlamaq
lazımdır”.
Xatırladaq
ki, Vladimir Putin Ermənistanla Azərbaycan arasında sərhəd
məsələsinin həllinin qarşılıqlı
kompromislər tələb etdiyini qeyd edib. “Orada elə şeylər
var ki, onlar da qarşılıqlı kompromislər tələb
edir: haradasa nəyisə uyğunlaşdırmaq, haradasa nəyisə
mübadilə etmək. Bunun yalnız hər iki tərəf
üçün faydalı olduğu aydın olduqda
tanınıb qəbul edilə bilər”,-Rusiya Prezidenti belə
deyib.
Nikol
Paşinyanın açıqlamasında diqqəti cəlb edən
bir neçə mühüm məqam var. O, ilk növbədə,
Putinin danışdığı xəritələrin Ermənistan
qanunvericiliyi ilə 99 faiz üst-üstə
düşdüyünü iddia edir. Bununla da Paşinyan
Rusiyanın təqdim etdiyi xəritələrin həqiqiliyini
şübhə altına alır. Valday klubunda
çıxışı zamanı Prezident Putin bildirib ki, sərhədlərin
müəyyənləşməsi prosesində əsas vasitəçi
tərəf kimi Rusiya çıxış etməlidir. O,
delimitasiya və demarkasiya işlərinin Rusiya Silahlı
Qüvvələrinin Baş Qərargahında saxlanan xəritələr
əsasında aparılmalı olduğunu bildirib. Ancaq
Paşinyan rayon sovetlərinin qərarı ilə rayonların
otlaq sahələrinin qonşu respublikaya verilməsi barədə
qərarın hüquqi əsasının
olmadığını bəyan edir.
Eyni
zamanda, o, Putinin barəsində danışdığı xəritələrin
Ermənistan qanunvericiliyi ilə tam üst-üstə
düşmədiyini dilə gətirməklə SSRİ
dövründə tərtib edilmiş xəritələrin
hüquqazidd olduğunu göstərməyə
çalışır. Çox güman ki, Paşinyan ilk
növbədə, SSRİ dövründə rayon sovetlərinin
və SOV.İKP Plenumunun qərarı ilə Azərbaycan
SSR-nin Ermənistana verilmiş örüş sahələrinin
demarkasiya prosesində geri istənilməsindən ehtiyatlanır.
Ona görə də xəritələrin “hüquqi əsası
yoxdur” deməklə bu prosesdə Ermənistanın
maraqlarının nəzərə alınmasının
vacibliyinə işarə edir. Lakin hökumət
başçısı sərhədlərin müəyyənləşməsi
zamanı Rusiyanın Ermənistana təzyiq göstərə
biləcəyini nəzərə alır. Bu səbəbdən
də Rusiyanın prosesdə ATƏT-in Minsk Qrupunun həmsədri
kimi iştirakının vacibliyini vurğulamaqla Moskvanı
neytral mövqe tutmağa çağırır.
Paşinyanın
Minsk Qrupundan söz açması həm də ABŞ-ı və
Fransanı sərhədlərin demarkasiyasına cəlb etmək
cəhdi kimi də başa düşülə bilər.
Bakı
Dövlət Universitetinin Erməni Araşdırmaları Mərkəzinin
böyük elmi işçisi İsmayıl Tanrıverdi
“Cümhuriyət” qəzetinə bildirib ki, ermənilər
Sovet dövründə otlaq sahələrindən istifadə
etmək adı altında Azərbaycanın xeyli ərazisini ələ
keçiriblər.
Sonra
da bunu qanuniləşdirmək üçün saxta xəritələr
tərtib ediblər. Ona görə də sərhədlərin
delimitasiyası və demarkasiyası zamanı Ermənistanın
həmin xəritələri masaya çıxaracağı
istisna edilmir:
“Ermənilər
Sovet dövründə Zəngəzur zonasından ata malı
kimi istifadə edərək mal-qaranı otarmaq adı ilə məskunlaşıblar.
Sonra orada yaşayış obyeklərini tikiblər. O zaman
Mikoyan hakimiyyətdə olduğuna görə onlara heç
kim mane olmurdu. Ermənilər də yalandan özlərini dost
kimi qələmə verib torpaqlarımızı zəbt ediblər.
İkinci Qarabağ müharibəsinin ən uğurlu nəticələrindən
biri Ermənistan ərazisinə qatılmış
torpaqların geri qaytarılması məsələsinin
qaldırmaq oldu. Bu, həm də Cənab Prezidentin nailiyyətidir.
Ermənilərin ağlına gəlmirdi ki, Azərbaycan rəhbərliyi
Qarabağ müharibəsindən sonra belə bir məsələni
qaldıra bilər. Bundan başqa, ermənilər 1960-cı
illərdə Qazax rayonuna məxsus bir sıra torpaq sahələrini
kənd təsərrüfatı məqsədilə istifadə
etmək adı altında mənimsədilər. 1990-1992-ci illərdə
də Qazax rayonunun yeddi kəndini işğal etdilər.
Mənim
doğma yurdum olan Ağbaba zonasında 1970-ci illərdə ermənilər
Amasiya rayonundan gəlib pulunu ödəyib heyvandarlıq məqsədilə
yem, ot alırdılar. 1969-1970-ci illərdə Mikoyanın
göstərişi ilə bizim əkin sahələrinin bir
hissəsini ermənilərə verdilər. Ona görə də
azərbaycanlılarla ermənilər arasında bir neçə
dəfə toqquşma baş vermişdi. Sonradan da həmin
torpaqlar onlara qaldı. Onlar şirin dillə
torpaqlarımıza nüfuz etdilər. İstər Zəngəzurda,
istər Naxçıvan tərəfdə, yaxud Qazaxda xeyli
torpaqlarımızı ilhaq etdilər. Hər dəfə də
saxta xəritələr tərtib edirlər. Bir neçə
gün bundan əvvəl Putinin təklif etdiyi bir xəritə
var. Həmin topoqrafik xəritə Rusiya Silahlı Qüvvələrinin
Baş Qərargahında saxlanılır. Ermənilər də
qorxur ki, Putin həmin xəritə əsasında delimitasiya və
demarkasiya məsələsini özü həll etsin.
Biz
buna razıyıq. Paşinyan da razıdır. Amma ermənilər
son günlər küçələrə tökülüb
Paşinyana qarşı etiraz aksiyaları təşkil edib. Mənə
elə gəlir ki, Putin öz sözünün üstündə
dayanacaq və həmin xəritə əsasında ərazilər
müəyyənləşəcək. Ermənistanda
yaşlı, ahıl adamları telekanallara
çıxarırlar. Onlar da uydurma xəritələr
tapıb çıxarırlar və yalandan deyirlər ki, bu ərazilər
onlara məxsusdur. Yəni Ermənistanı Paşinyana
qarşı qaldırmaq üçün belə əsassız
iddialar ortaya qoyurlar. Çox güman ki, sərhədlərin
müəyyənləşməsi Putinin təqdim etdiyi xəritə
əsasında həyata keçiriləcək”.
Ekspert
bildirib ki, Paşinyanın xəritələrin hüquqiliyini
şübhə altına alması, bəzi şərtlər
irəli sürməsi erməni ictimaiyyəti qarşısında
özünü siyasi cəhətdən
sığortalamağa xidmət edir. Amma onun Rusiyanın təklifindən
imtina edə biləcəyi inandırıcı
görünmür: “Ola bilsin ki, orada yalvarıb-yaxarsın ki,
bəzi yerlər qalsın, orada erməni əhalisi
çoxdur. Belə təkliflər etməsi
mümkündür. Amma Rusiya Baş Qərargahında
saxlanılan xəritə əsasında sərhədlərin
delimitasiyası və demarkasiyası məsələsi həll
olunacaq. Ermənilər bunu ikinci kapitulyasiya aktı kimi qəbul
edirlər və hiss edirlər ki, onlara növbəti zərbə
dəyəcək. Çalışırlar ki, Paşinyan
çox güzəştə getməsin”.
Azərbaycan
Milli Elmlər Akademiyasının Akademik Həsən Əliyev
adına Coğrafiya institunun Landşaftşünaslıq və
Landşaft Planlaşdırılması şöbəsinin
müdiri Mirnuh İsmayılov hesab edir ki, sərhədlərin
təyin edilməsində xeyli əvvəlki illərin xəritələrindən
istifadə mübahisələr yaradacaq. Ona görə də
SSRİ dövründə tərtib edilmiş və
mümkün qədər yaxın tarixə aid xəritələr
əsas götürülməlidir:
“Bu məsələdə
reallıqdan çıxış etmək lazımdır. Yəni
müstəqil Azərbaycan Respublikası hansı ərazilər
daxilində formalaşıb. Mən də bilirəm ki, Zəngilan,
Qubadlı, Cəbrayıl rayonlarının işğala qədər
Ermənistan ərazisində böyük yay otlaq sahələri
olub. Laçınlıların da Ermənistan ərazisində
yaylaqları olub. Məlum olduğu kimi, Azərbaycanda
yaylaq-qışlaq təsərrüfat sistemindən istifadə
olunurdu. Yay aylarında örüş sahələri
quruduğna görə, onlar Zəngəzur ərazisinə
üz tuturdular. Zəngəzurda da böyük yaylaq sahələri
var idi. Bəzi otlaq sahələri Naxçıvanla sərhəddə
yerləşən, bir yamacı Ermənistana baxan Zəngəzur
dağının ətəklərinə qədər gedib
çıxırdı. Yəni Zəngəzur, Qarabağ
tarixi coğrafi ərazilərinə sadə məsələ
kimi yanaşmaq lazım deyil. İllər ərzində bu
bölgənin yerli əhalisi olan Azərbaycan xalqının təbiətlə
təması nəticəsində tarixən bütöv
antropogen sistem formalaşıb. Sonradan Zəngəzurun bir hissəsinin
Ermənistana verilməsi nəticəsində bu sistem pozuldu.
Sovet hökuməti dövründə kolxozlar və sovxozlar
Ermənistan ərazisindən yaylaq kimi istifadə edirdilər.
Yəni xalqımız həmin torpaqlardan min illərlıə
istifadə edib. Bu da azərbaycanlıların
psixologiyasında dərin izlər buraxıb”.
Mirnuh
İsmayılov hesab edir ki, Azərbaycan rayonlarının
sonradan otlaq sahələrindən məhrum edilməsi
faktları araşdırılmalı, arxiv sənədlərinə
baxılmalıdır:
“1974-cü
ilə qədər Zəngilan rayonunun bəzi kolxoz və
sovxozlarının heyvan sürüləri Zəngəzur
dağının Yağlıdərə, Vişlan
düzü kimi yaylarında heyvan otarılırdı. 1970-ci
illərdə onlar həmin ərazilərdən istifadədən
məhrum edildilər. İndi arxivləri axtarmaq
lazımdır. Bunu kim edib? Özbaşınamı qərar
çıxarıblar? SSRİ Ali Sovetinin, Nazirlər Kabinetinin
bu barədə qərarları varmı? Təbii ki, müəyyən
tarixi əsas olmasa, bu problemi həll etmək mümkün
deyil. Amma sərhədlərin delimitasiyası və
demarkasiyası zamanı tarixə mənbələrə meyillərin
güclənməsi bu prosesə böyük maneə yarada bilər.
Hazırda həm Rusiya, həm Azərbaycan, eyni zamanda Ermənistanın
əlində müəyyən topoqrafik xəritələr
var. 1970-1980-ci illərdə tərtib olunmuş bu xəritələr
1:100 000, 1:25 000, 1:50 000 miqyasda xəritələr var.
Hazırda orta məktəbdə oxuyan uşaqlar Azərbaycanın
sərhədlərini həmin xəritələr əsasında
öyrənirlər.
Bu sərhədlərimizi
bərpa edə bilsək, böyük şeydir. Lakin Azərbaycanın
Ermənistan ərazisində olan və işğal edilmiş
anklavlar var. Onlar Ermənistana verilə bilməz. Biz onları
xəritələrdə də göstəririk. Kütləvi
istifadədə olmayan məxfi topoqrafik xəritələrdə
də Sədərək rayonunun Kərki kəndi, Qazax rayonunun
yeddi kəndi işğal olunmuş ərazilər kimi göstərilib.
Azərbaycan SSRİ Kartoqrafiya və Geodeziya İdarəsində
qeyd olunmadan xəritə tərtib etməyib. Xəritəni
Moskvada istehsal edirdilər. Həmin xəritələr
hüquqi əsasa malikdir. Biz indi də xəritələri o
qaydalara uyğun istehsal edirik. Topoqrafik xəritələrdə
Azərbaycanın sərhədləri göstərilib.
Topoqrafik xəritələr 1948-ci ilə qədər çəkilib
və yekunlaşıb. Ondan sonrakı illərdə xəritələr
yalnız ərazilərdə aparılan dəyişikliklərlə
bağlı yenilənib. Bu dəyişikliklər əsasən
kəndlərin böyüməsi, yolların çəkilməsi
ilə bağlı idi. Yəni bundan istifadə edib sərhədləri
təyin etmək mümkündür.
Paşinyan
fikirlərini daha çox kütlə üçün deyir.
Bu sərhədlər müəyyənləşəndə,
üçüncü tərəf iştirak etməlidir. Tarixə
getdikcə xeyli mübahisəli məqamlar ortaya
çıxacaq. 1970-1980-ci illərdə Tovuz-Qazax istiqamətində
xeyli torpaq sahələri, meşə sahələri Ermənistana
verilib. Onlar qanunsuz verildiyinə görə geri qaytarmaq
lazımdır. Topoqrafik xəritələrə əsaslansaq,
bunu etmək mümkündür. Prezidentimiz də dəfələrlə
deyib ki, Azərbaycanın heç bir ölkənin
torpağında gözü yoxdur. Sadəcə ermənilərin
ərazi iddiası ilə çıxış etməsi
delimitasiya və demarkasiyanın aparılmasına çətinlik
yaradır”.
M.İsmayılov
bildirdi ki, Rusiyanın vasitəçiliyi ilə sərhədlərin
müəyyənləşməsi prosesinə AMEA Coğrafiya
institunun mütəxəssisləri kömək etməyə
hazırdır: “Mən hesab edirəm ki, 1970-ci illərin xəritələri
əsas götürülməlidir. 1990-cı illərdən
sonra Ermənistan bəzi topoqrafik xəritələr istehsal
edib ki, biz onu qəbul edə bilmərik. Azərbaycanın və
Ermənistanın müstəqillik dövrünə qədər
olan xəritələri əsas götürülsə, daha
yaxşı olar”.
Müşfiq
Abdulla
Cümhuriyət.- 2021.- 29 oktyabr.-
S.9.