Həyatın rənglər dünyası çini qablarda

 

Çini-keramika... Adından da məlum olduğu kimi çini (farfor) qabların vətəni Çindir.

Çini (farfor) qar kimi rəngdə olurbir az işıqlıdır. Saxsı məmulatla müqayisədə isə onlar istiliyə davamlı və örtükləri dözümlüdür. Kənarlarından asta zərbə zamanı dəqiq davamiyyətli səslər verir. Məhz farforun hazırlanması tarixi miladın VII əsrinə təsadüf edir.

Bəs Azərbaycanda "Çini-keramika" adlanan sənət növüvaxtdan istehsal olunmağa başlayıb?

Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə əsrlər boyu saxsı qablar istehsalının əsas mərkəzlərindən biri olub. Burada ətraf ərazilərdən əldə edilən əla növ gil şəhərdə fəaliyyət göstərən iki böyük dulusçuluq emalatxanasında emal edilərək yüksək keyfıyyətli saxsı və farfor məhsullarına çevrilib. Ötən əsrin ortalarından başlayaraq farfor istehsalı geniş vüsət alaraq 1970-ci illərdə Gəncə Çini Qablar zavodu olaraq fəaliyyətə başlayıb və burada çini-keramika məhsulları, əsasən qablar istehsal olunub. Bax bu gün Şərqdə ilk dəfə olaraq ulu Şeyx Nizami yurdu olan Gəncədə bu sənət növünün ilk istehsalı, bu sahədə fəaliyyət göstərən və yaradıcısı olan bir rəssam haqqında söhbət açmaq niyyətindəyəm.

Qalib İsgəndər oğlu Bağırov 9 may 1945-ci ildə Gəncədə ziyalı ailəsində anadan olub. O, Gəncə şəhər 1 saylı tam orta məktəbi bitirdikdən sonra 1960-1964-cü illərdə Əzim Əzimzadə adına Bakı Rəssamlıq məktəbində, 1966-1971-ci illərdə isə Stroqanov adına Moskva Ali Bədii-Sənaye məktəbində təhsil alıb və rəssam-konstruktor (dizayn) ixtisasına yiyələnib. Daha sonra 1979-cu ildə məzunu olduğu Stroqanov adına Moskva Ali Bədii-Sənaye məktəbinin aspiranturasını bitirib, namizədlik dissertasiyasını müdafiə edərək, Sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.

 

O, əmək fəaliyyətinə Gəncə Çini Qablar zavodunda başlayıb, 1971-2001-ci illlərdə təyinatla bu müəssisənin baş rəssamı vəzifəsində çalışıb. Məhz "Azərbaycan çinisi"nin yaradılmasındakı xüsusi xidmətlərinə görə 1988-ci ildə Azərbaycan Respublikasının Əməkdar rəssamı fəxri adına layiq görülüb. Qalib Bağırov fəaliyyət göstərdiyi müddət ərzində 500-dən artıq dekorativ tətbiqi sənət nümunələrinin müəllifi kimi elmi araşdırmalarının nəticəsində 38 elmi məqalə müəllifi olaraq tədris resuslarında bu sahənin inkişaf etdirilməsi üçün xidmətlər göstərib. Məhz Gəncədə Çini Qablar zavodunun fəaliyyət göstərməsi haqqında danışarkən Qalib Bağırov öz xatirələrində yazır: “Mən Moskvada təhsilimi başa vurduqdan sonra birbaşa Gəncə Çini Qablar zavoduna baş rəssam olaraq göndərildim. O zaman zavodun hələ işə düşməsinə baxmayaraq, burada çeşidlər müəyyən olunmadığından demək olar ki, kağızdan, sıfırdan başlamalı oldum. Bu ərəfədə zavodda Rusiyadan köməkçi kimi göndərilən gəlmə mütəxəssislər işin müəyyən bir hissəsinin başlanmasına köməklik göstərirdilər. Qısa bir zamanda burada çininin milli zəmində formalaşması yollarını, onun yaradıcılıq prosesini müəyyənləşdirdikdən sonra özümüzə xas olan çeşidlərin bədii əsaslarda formalaşması və texnoloji yollarını müəyyən edə bildik. Beləliklə də, heç bir il keçmədən biz öz nümunələrimizi Moskvada Bədii-texniki şürada təqdim edə bildik. İlkin nəticələr təsdiq etdi ki, zəngin mədəniyyətə və sənət mənbələrinə malik olan xalq olaraq, məhz çininin formalaşmasını tətbiq edə bilmişik”.

Milli keramika sənətindən söz açanda onun təşəkkülündə xüsusi xidmətləri olanların sırasında məhz əməkdar rəssam Qalib Bağırovu xatırlamamaq mümkün deyil. Keramikaçı-rəssamın milli bədii keramika ənənələri ilə tanınmasını, onu yaradıcı bir formada inkişaf etdirməsini məhz rəssamın hazırladığı çini vazalarda görmək mümkündür. Onun dahi Nizamiyə və “Xəmsə”nin qəhrəmanlarına həsr etdiyi vazalar orijinal formasına, xüsusilə səthi bəzəyən təsvirlərin şux rənglərinə görə hər zaman diqqəti cəlb etdiyini qeyd etmək lazımdır. Əməkdar rəssam Qalib Bağırovun yaradıcılığında milli xüsusi cəhətlər üstünlük təşkil etməklə, onun rəssamlıq manerasında cərəyanların təsirində itmək hissi belə, yoxdur. Rəssam hansı mövzuya müraciət edibsə, mütləq oradan xəlqi məzmun çıxarmaqla bəşərilik ifadəçisi olaraq təqdim edilməyi bacarıb. Bu baxımdan Qalib Bağırovun yaradıcılığı hər zaman öz müasirliyini qoruya bilib. Qalib Bağırov müəllifi olduğu əsərlərdə həm də impressionizm, sürrealizm kimi cərəyanlardan bəhrələnən rəssam olaraq realizm janrında da əsərlər yarada bilib. O, məhz bu səbəbdən cərəyan müxtəlifliyinin rəngarəngliyinin mövzu baxımından əldə olunması qənaətində olub. Bu haqda söhbət düşərkən Qalib Bağırov xatirələrində yazır: “Elə mövzu var ki, onu məhz sürrealizm, eləsi də var ki, məhz realizmdə çəkməlisən. Elə ki, obrazlı desək, əsər çəkəcəyin məkan, ab-hava bəlli olur, o zaman nostalji hisslərini ixtiyarsız ipə-sapa düzürsən. İnsan xəyallanır, xəyal onu çəkib aparır, bir də görürsən, təəssüratların müəyyən bir əsər biçimində qarşında dayanıb”.

Qeyd etmək lazımdır ki, Qalib Bağırov həmçinin 1996-cı ildə Şərqdə ilk dəfə olaraq, məhz Gəncə şəhərində Dekorativ Tətbiqi Sənət Mərkəzini (Çini qablar miniatür muzeyini) yaratmağa müvəffəq olub. Mərkəz dekorativ tətbiqi sənətin davam etdirilməsi üçün ictimai əsaslarla kadr hazırlığını həyata keçirməklə diqqət mərkəzində olub.

Bu gün xüsusi olaraq qeyd etmək lazımdır ki, məhz Qalib Bağırov yaradıcılığında dahi Nizami Gəncəviyə və onun “Xəmsə”nin qəhrəmanlarına həsr etdiyi əsərlər müasir orijinal formasına görə maraqla qarşılanan sənət nümunələri hesab edilir. Bu barədə rəssam öz xatirələrində qeyd edir: “Kolleksiyamızın demək olar ki, əksəriyyəti Nizaminin “Xəmsə”si və ümumiyyətlə miniatür sənətinin prinsipləri üzərində qurulub. Məhz bu baxımdan bu istiqamətdə görülən işlərin hər biri münyatür sənətinin prinsiplərini özündə göstərən çini nümunələrində klassik təsvir prinsipini özündə saxlamaqla formanın davamı olaraq bir vəhdət təşkil etməklə özünü təsdiqləmiş olur. Belə götürsək, hər bir yaradılan çini üzərində olan əsərlər forma etibarı ilə təsviri, kompozisiya üslubu yeni bir sənət nümunəsi olaraq keyfiyyət yarada bilib. Burada həm də yaradılan əsər miqyas baxımından təbii baxılaraq maraqla izlənilir”.

Əməkdar rəssam Qalib Bağırov Gəncə Çini Qablar zavodu ilə paralel 1980-2019-cu illər ərzində Azərbaycan Texnologiya Universitetində baş müəllim kimi çalışaraq “İstehlak mallarının texnologiyası” kafedrasının dossenti və “Dizayn” kafedrasının rəhbəri olaraq fəaliyyət göstərib. O, 30 ildən artıq bir müddət ərzində bədii layihələndirmə, dekorativ tətbiqi sənət və dizaynın əsasları fənlərini tədris edib. Həmçinin 2015-2019-cu illərdə Azərbaycan Aqrar UniversitetininDizayn” kafedrasında müəllim kimi də çalışıb və Universitetin tədris proqramlarının tətbiqi ilə məşğul olaraq bu tədris ocağının elmi fəaliyyətində xüsusi xidmətlər göstərə bilib. Onun pedaqoji fəaliyyəti haqqında danışarkən hər iki təhsil ocağının rəhbərliyi və müəllim heyəti Qalib Bağırov haqqında deyir: Qalib Bağırov sənaye rəssamının yeni tipi olan konstruktor-sənətkar (dizayner) kimi öz vəzifəsinin öhdəsindən bacarıqla gəlməklə yeni gənc kadr potensialının hazırlanmasında misilsiz xidmətləri olan pedaqoq olaraq böyük töhfələr verə bilib”.

Qalib Bağırov Gəncənin mədəni, ictimai həyatında da daha yaxından iştirak edərək 1987-ci ildən həyatının sonunadək Azərbaycan Rəssamlar İttifaqının Gəncə şöbəsinə rəhbərlik edib. Əməkdar rəssam Qalib Bağırov bir çox Beynəlxalq sərgilərin laureatı olaraq əsərləri 1985-ci ildə gümüş, 1987-ci ildə qızıl medallarabir sıra fəxri fərmanlara layiq görülüb. O, Beynəlxalq səviyyəli tədbirlərdə ölkəmizi təmsil edərək 1976-cı ildə Hindistanda, 1992-ci ildə İran İslam Respublikasında keçirilən sərgilərdə, elmi konfranslarda həmçinin 2004-cü ildə ABŞ-da təcrübə mübadilələrində qrup rəhbəri olaraq iştirak edərək Azərbaycan çinisini nümayiş etdirib.

Əməkdar rəssam Qalib Bağırov Azərbaycanın milli sərvəti olan münyatür sənətini farfor üzərində əks etdirərək ona yeni nəfəs verib. Qalib Bağırov üçün həyat prinsipi yaradıcılıqdan kənar həyatın olmadığı anlamında idi. Məhz bu baxımdan onun yaradıcılıq aspektləri daha genişdaha rəngarəng idi. Qalib Bağırov bütün yaradıcılığı boyu yeni forma, üslub eləcə də kompozisiya axtarışlarında olmaqla rənglər dünyasının çini qablar üzərində müxtəlif forma və üslublarına görə həyat kompozisiyasında daha uğurlu təzahürünü təsdiqləyə bilib. Məhz bu eksperimentlər rəssamın istədiyi koloriti almaq və eləcə də onun ifadə gücünün rəngarəngliyinə nail olmaq məqsədini ehtiva edir.

Qalib Bağırov 2019-cu il may ayının 31-də Gəncədə vəfat edib. Bu gün təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, Respublikanın Əməkdar rəssamı Qalib Bağırovun xatirəsinin əbədiləşdirilməsi istiqamətində heç bir addım atılmır. Bu gün Gəncədə nə adına bir küçə, nə də ki, yaşayıb-yaratdığı ünvanında xatirə-baralyef lövhəsi belə yoxdur. Görəsən böyük bir sənət məktəbi keçən və sözün əsl mənasında özünün möhtəşəm sənət məktəbini yarada bilən bu kimi sənət fədailərinin unudulmasının və ya unudulmağa məhkum olunmasının əsas səbəbi nədir?

 

Bəlkə də, elə biz özümüzük!

 

 

Anar Burcəliyev

Teatrşünas-tənqidçi

 

Cumhuriyət.- 2022.- 25-28 fevral.- S.14.