Səhnədə
yaşanan ömür
Xalq artisti Ella
Yaqubova-75
Teatr hər zaman öz ətrafındakı istedadlı qüvvələrin işıq şöləsində sənət fədailərini bəxş edib. Onlar gecələrini gündüzlərinə qataraq ən çətin anlarında belə bu məbədi tərk etməyib, ömür yollarını bu məkanda tapıblar. Gəncə Dövlət Dram Teatrının xoşbəxt taleli yetirmələri sırasında respublikanın Əməkdar artisti Ella Yaqubovanın öz yolu, dəst-xətti var. Aktrisa sənətin ilk məziyyətlərini Gəncə teatrının müqtədir sənətkarlarından öyrənərək 53 illik səhnə ömründə yaşada bilib. Bu 53 illik sənət tarixçəsi həyatının mənasına çevrilib.
Ella İsmayıl qızı Yaqubova 1946-cı il dekabrın 30-da Gəncə şəhərində hərbiçi ailəsində anadan olub. İbtidai təhsilini burada alıb. Sonra ailələri Bakıya köçüb və orta təhsilini 44 saylı orta məktəbdə davam etdirib. Məktəbdə oxuyarkən dram dərnəyinin, rəqs ansamblının üzvü olub. Həmçinin Azərbaycan Televiziyasında uşaq və gənclər üçün “Pioner şeypuru”, “Tonqal” verilişlərində çıxış edib. Ailə üzvləri onun teatra, incəsənətə olan marağını bilirdilər. Ancaq atası aktrisa olaraq səhnədə fəaliyyət göstərməsinin əleyhinə idi. Buna görə də ailənin təkidi ilə Ella orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutuna qəbul olunub. Ancaq ailə üzvlərindən gizlin 1963-cü ildə Bakı Mədəni-Maarif Texnikumuna daxil olub və 1966-cı ildə texnikumu bitirib.
Bu
illər ərzində Ella Yaqubova
xalq teatrlarında Məmmədkamal
Kazımov, Lütfü Məmmədbəyov,
Hüseynağa Sadıqov, Süleyman
Ələsgərov, Fazil Bayramov
kimi sənətkarlardan sənətin sirlərini
öyrənib. Tələbəlik illərinin təcrübəsi
onu Gənc Tamaşaçılar
Teatrına gətirib. Professional səhnədə
aktrisa kimi özünü “Anacan” və
“Qikor” tamaşalarında
yardımçı heyətdə sınayıb. Sonra xalq teatrlarına baxış festivalında Gəncə
Dövlət Dram Teatrının rejissoru, Əməkdar incəsənət xadimi Həsən Ağayev
onun səhnə istedadını görüb və teatra təyinatının
verilməsinə köməklik göstərib. Beləliklə, 1966-cı il aprelin 10-dan Ella Yaqubova Gəncə Dövlət Dram Teatrına
gəlib.
Aktrisa o illəri xatırlayarkən
deyir: “Hər zaman bu sənəti,
bu məbədi əsas həyat kredosu kimi qəbul
etmişəm. Xüsusilə Gəncə Dövlət
Dram Teatrına işləməyə
gələndə gördüm
ki, doğrudan da, teatr düşündüyüm
kimi adi sənət deyil. Çətin, ağır zəhmət
tələb edən sənət məbədidir.
Biz səhnədə canımızı, bütün
varlığımızı qoyuruq və onunla yaşayırıq.
Xoşbəxtəm ki, bu gün bu sənətə
görə məni sevən çoxsaylı tamaşaçım var. Bütün
qazandığım uğurlarıma
görə müəllimlərimə
və sənət dostlarıma, eləcə də tamaşaçılarıma
minnətdaram”.
Maraqlı bir faktı qeyd edim ki,
aktrisa Gəncə teatrına ilk gəlişi
günü rejissor, Xalq artisti Məhəmməd
Bürcəliyevin quruluşunda
Cəlil Məmmədquluzadənin
“Ölülər” pyesinin
tamaşasında Nazlı
obrazını teatrın
baş rejissoru Nəsir Sadıqzadənin
təklifi ilə ekspromt olaraq oynayıb. İlk səhnə debütü uğurlu olub və aktrisa bu teatrın səhnəsində Ələddin
Abbasov, Məhəmməd
Bürcəliyev, Sədayə
Mustafayeva, Rəmziyyə
Veysəlova, Solmaz Orlinskaya, Firuzə Bədirbəyli, Səməd
Tağızadə, Kərim
Sultanov, Ağa Məmmədov, Zülfüqar
Baratzadə, Reyhan Tağıyeva kimi sənət ustaları ilə çiyin-çiyinə
çalışıb və
onların sənət
məktəbindən bəhrələnib.
Aktrisa Gəncə teatrının
səhnəsində müxtəlif
əsərlərdə iştirak
etməklə, maraqlı
obrazlar qalereyası yaradıb. “Komsomol poeması”nda Gülbahar, “Ezop”da Melita, “Son məktub”da Xatirə, “Mənim günahım”da Ayqız aktrisanın uğurlu səhnə taleyi bəxş etdiyi obrazların bir qismidir. O, Gəncə teatrında Həsən Ağayev, Nəsir Sadıqzadə, Yusif Bağırov, Məhəmməd Bürcəliyev,
Vaqif Şərifov kimi istedadlı rejissorlarla çalışaraq
onların sənət
məktəbində yetişib.
Bu gün də
aktrisa həmin sənətkarları böyük
ehtiramla xatırlayır.
1968-ci il. Bu tarix
əlamətdar hadisə
ilə yaddaşlarda yaşayır. Həmin
il Lənkəran,
Şəki, Ağdam və Mingəçevirdə
dövlət dram teatrlarının
yenidən yaradılması
ilə bağlı qərar verildi. Mingəçevir Mədəniyyət sarayının nəzdində
fəaliyyət göstərən
Xalq teatrı truppasının bazasında
Mingəçevir Dövlət
Dram Teatrı yaradıldı.
Bununla yanaşı, teatrı inkişaf etdirmək məqsədilə bir sıra fəaliyyətdə
olan dövlət teatrlarından aktyor və aktrisalar işləmək üçün
buraya göndərildi.
1968-ci ilin oktyabrında
Ella Yaqubova da Gəncə teatrından Mingəçevir teatrına
təyinat aldı.
Mingəçevir
Dövlət Dram Teatrı
1969-cu il martın 28-də - Beynəlxalq
teatr günü münasibətilə öz
pərdələrini Cəfər
Cabbarlının “Almaz”
pyesinin ilk tamaşası
ilə açdı. Ella Yaqubova Mingəçevir
tamaşaçıları qarşısında debütü
olan Almaz obrazını böyük
müvəffəqiyyətlə təqdim edə bildi. Əməkdar artist bu teatrda
keçən 49 illik səhnə fəaliyyəti
dövründə 325 əsərdə
bir-birindən maraqlı
rollar oynayıb.
“Solğun çiçəklər”də Sara, “Aydın”ında Gültəkin,
“Yaşar”da Tanya, “Hacı
Qara”da Sona, “Eşq və intiqam”da Həcər xanım, “Bayramın birinci günü”ndə Fəxrundə, “Vətən
dərdi”ndə Sara bəyim,
“Nənəmin kələyi”ndə
Nənə, “İki yetimin taleyi”ndə Ana, “Duel”də Naza, “Qətl günü”ndə
Turan, “Müfəttiş”də
Mariya Antonovna, “Məhv olmuş gündəliklər”də Anjel,
“Lənkəran xanının
vəziri”ndə Pəri
xanım və başqa surətlər aktrisanın məharətlə
yaratdığı obrazlar
qalereyasına aiddir. İstər epizodik, istərsə də əsas rollarda təbiiliyi, səmimiliyi, emosionallığı
ilə hər zaman fərqlənməyi və tamaşaçını
düşündürməyi bacaran bir aktrisa
kimi sevilib. Aktrisa bu teatrın səhnəsində İldırım
Cabbar, Zülfüqar Abbasov kimi rejissorların
sənət məziyyətlərindən
bəhrələnib. Bu gün də rejissor yaradıcılığından
söhbət düşəndə
aktrisa Xalq artisti Zülfüqar Abbasovun rejissor traktovkasından bəhrələndiyini
xüsusi qeyd edir: “Yaradıcılıq
yolumda rejissor Zülfüqar Abbasovun böyük əməyi olub. Mən ondan obraza yanaşma, rolun daxili aləmini açma, obrazda təklif olunan vəziyyətlərin ideyalarından
uzaqlaşmamaq prinsiplərini
öyrənə bildim”.
2017-ci ildə mən Ella Yaqubovanın Mingəçevir
teatrının səhnəsində
iki obrazını böyük maraqla izlədim. Sənətşünaslıq
üzrə fəlsəfə
doktoru Xəzər Gəncəlinin quruluşunda
M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran”
pyesinin tamaşasında
Pəri xanım və Əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluşunda gənc yazıçı-dramaturq Pərvinin
“Nənələr ərə
gedir” pyesinin tamaşasında Məsi arvad obrazlarını qeyd etmək istəyirəm.
“Sərgüzəşti-vəziri-xani-Lənkəran”
pyesinin tamaşasında
aktrisanın səhnədə
olan hər bir mizanı rejissor traktovkası ilə eynilik təşkil etməklə
obrazın daha da maraqla qarşılanmasına
səbəb olurdu.
Həmçinin xüsusi bir
ləhcə ilə səhnədə danışıq
tərzi Pəri xanım obrazının uğurlu səhnə taleyindən xəbər verirdi. Qorxaq, iş bacarmaz,
həm də yaltaq vəzir kimi tanınan Mirzə Həbib kimilərin əməllərinin
ifşa edilməsi
Ella Yaqubovanın Pəri
xanım obrazında maraqla qarşılanırdı.
“Nənələr
ərə gedir” pyesinin tamaşasında aktrisanın yaratdığı
Məsi arvad 75 yaşında, qulağı
ağır eşidən,
çox az danışan, amma hərdən keçmiş
eşq macəralarını
yada salıb qırıq-kəsik nələrsə
deyən bir qarı kimi göstərilsə də,
aktrisanın səhnədə
etdiyi improvizələr
obrazın tam şəkildə
açılmasına böyük
təkan verirdi. Bununla da aktrisa
obrazın arzularının
reallaşmasını gözləyən
bir fərd kimi göstərilməsinə
müvəffəq ola bilirdi. Onun səhnə plastikasına
heyranlıqla baxmamaq mümkün deyil. Səhnədəki rəqsi bir
daha onun obraz üzərində neçə həvəslə
işləməsindən xəbər
verir.
Ella Yaqubova Mingəçevir Dövlət Dram Teatrında gənc nəslin yetişməsində əvəzsiz xidmətlər göstərir. Hələ iyirmi il bundan əvvəl şəxsi təşəbbüsü ilə aktyor studiyasını yaradıb və istedadlı gənclərin teatra cəlb edilməsini təmin edib. Mədəniyyət və Turizm Nazirliyinin göstərişi ilə 2012-ci ildən dövlət dram teatrlarında “Ümid” teatr studiyası fəaliyyətə başlayıb. Əməkdar artist Ella Yaqubovaya Mingəçevir teatrında bu studiyaya rəhbərlik etmək tapşırılıb. O, region teatrlarında hiss olunan ixtisaslı kadr potensialı probleminin qismən də olsa aradan qaldırılmasında səy və bacarığını əsirgəmir.
Aktrisa Mingəçevir şəhərinin ictimai həyatında da fəal iştirak edir. Onun tədbirlərdə hazırladığı kompozisiyalar böyük maraqla qarşılanır. Aktrisanın yaradıcılığında vətənpərvərlik mövzusu xüsusi yer tutur. Xalqımızın qan yaddaşından bəhs edən “20 Yanvar”, “Vətən, Torpaq, Şəhid”, “Xocalı” və başqa kompozisiyaları bunun bariz nümunəsidir.
Ella Yaqubova həmçinin “Xoca” filmində Ana obrazında çəkilib, övlad yanğılı ananın iztirablarını məharətlə ifa edə bilib.
Aktrisa Hüseyn Cavidin “Ana” pyesindəki Səlma ana obrazına görə Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi “Qızıl Dərviş” mükafatına layiq görülüb. 1988-ci ildə “Əmək veteranı”, 2013-cü ildə isə “Tərəqqi” medalları ilə təltif olunub. Bundan başqa, 2008-ci ildə Prezident mükafatına, 2009-cu ildə Respublikanın Əməkdar artisti fəxri adına layiq görülüb.
Həyatda elə bir insan tapılmaz ki, çətinliklərlə, müqavimətlə, süni yaradılmış böhranlı vəziyyətlərlə qarşılaşmasın. Ella Yaqubovanın da həyatı, yaşayışı, fəaliyyəti ilə yaxından tanış olanda bu çətinliklərin, bu süni sədlərin ondan da yan ötmədiyinin şahidi oluruq. Lakin o, qarşısına diyirlənən daşları görəndə heç vaxt sarsılmayıb, inadla bunları dəf etməyə özündə qüvvət tapıb, hər zaman özünü bir sənətkar kimi təsdiq edib.
Deyirlər, hər bir kəsin alın yazısı olur. Qismətin, taleyin ona bəxş etdiyi bir alın yazısı. İnsan bu həyatı yaşadıqca, elə bu alın yazısını axıra qədər yaşamaq lazım olduğunu anlayır. Şərəflə, ləyaqətlə. Ella Yaqubova da bu alın yazısında olan həyatını şərəf və ləyaqətlə, qürurla yaşayıb. Amalı və idrakı uğrunda mübarizə yolutək.
Anar Bürcəliyev
Teatrşünas
Cümhuriyət.-
2022.- 7-10 yanvar.- S.14.