Xankəndi sakini 35 il əvvəl şəhərdə törədilən dəhşətdən nələr danışdı

 

44 günlük Vətən müharibəsi, o cümlədən bir günlük antiterror əməliyyatı nəticəsində Azərbaycan Qarabağı işğaldan azad etdi, ərazilərimizi erməni işğalçıları və separatçılardan təmizləndi.

Ölkəmiz beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünü və sərhədlərini bərpa etdi.

Ordumuzun qələbəsi tariximizin şanlı tarixi səhifəsi olaraq qalacaq və xalqımızın yaddaşından heç vaxt silinməyəcək. Qarabağda doğulub, böyüyən hər bir azərbaycanlı bir gün öz doğma torpaqlarına qayıtmaq arzusu ilə yaşayır. Təkcə qarabağlılar deyil, bütün Azərbaycan xalqı ordumuzun qələbəsini sevinclə qarşıladılar.

Hər bir qarabağlı bu gün qürur hissi ilə yaşayır. Onlardan biri də Xankəndidə doğulan, orada boya- başa çatan Zahid Əlişovdur.

“Cümhuriyət” Zahid Əlişovla həmsöhbət olub.

“Cebhe.info” müsahibəni təqdim edir.

-Zahid müəllim, hər bir azərbaycanlı Qarabağa getmək arzusu ilə yaşayır. Çox şükür ki, Xankəndi, Xocalı və Xocavənd də azaddır. Xankəndi sakini kimi hansı hissləri keçirirsiniz?

-Qürur hissləri keçirirəm. Ordumuzun qələbəsi tarixdə hər zaman mühüm hadisə kimi qalacaq. Son otuz il ərzində torpaqlarımız işğal altında qalıb. Cənab Prezidentimiz İlham Əliyev mümkün görünməyən hadisəni mümkün etdi. Dövlət rəhbərimiz xalqımızın bütün övladlarını bir yumruq altında birləşdirib torpaqlarımızı erməni işğalından azad etdi. Torpaqlarımız qəhrəman övladlarımızın qanı hesabına öz sahibinə qayıtdı. Xankəndi də bura daxildir.

Həqiqətən, qürur və sevinc hissləri keçirirəm. Allah Prezidentimizin canını sağ eləsin, şəhidlərimizə rəhmət eləsin və qazilərimizi qorusun. Şükürlər olsun ki, xoş günlərimizi yaşayırıq.

-Xankəndidə son günlərinizi necə xatırlayırsınız?

-Xankəndinin mənzərəsi həqiqətən çox gözəl idi. Azərbaycanda, hətta SSRİ-də belə bir gözəl və hər bir şəraitlə təmin olunan şəhər yox idi. Xankəndidə hər cür ərzaq və geyim təminatı vardı.

Şəhərimiz işıq, su və qaz, o cümlədən digər kommunal təminatlarla təmin olunmuşdu. Xankəndiyə göstərilən diqqət Azərbaycan SSRİ-nin digər şəhərlərinə göstərilmirdi. Mənim doğma Xankəndim elə bir məkanda yerləşir ki, onun tayı-bərabəri yoxdur. Xankəndi meşələr və bulaqlar ilə əhatə olunub. Sovet dövründə orada o qədər mer-meyvə var idi ki, yığıb-qurtarmaq olmurdu.

- 1988-ci ilin fevralında Xankəndidə ermənilərin kütləvi nümayişləri başladı. Həmin dövrdə ermənilər azərbaycanlılara qarşı nifrətini və düşmənçiliyini açıq şəkildə nümayiş etdirirdilər. Ermənilərin “MİATSUM” hərəkatı getdikcə geniş vüsət alırdı. Həmin hadisələri necə xatırlayırsınız?

-Həmin dövrdə mən SSRİ ordusunun raketləri üçün xüsusi qurğular istehsal edən zavodda ermənilərlə birgə işləyirdim. Bir gün avtobus ilə işə gedərkən bir yığın erməni avtobusdakı azərbaycanlıları daşa basdılar. Həmin ermənilərə “saqqallı ermənilər” deyirdilər. Onlar “Daşnaksütyun” və “Krunq”un üzvləri idilər. Erməni daşnakları ilk növbədə yerli ermənilərə təzyiqlər etməyə başladılar. Onları təhqir edir, satqın adlandırırdılar.

Əlbəttə, yerli ermənilər arasında da daşnak ideologiyasına bağlı olanlar var idi. Daşnaklara satılan həmin ermənilər axşamlar zavodlarda təbliğat ilə məşğul olur və gizli şəkildə silah düzəldirdilər. Halbuki, yerli azərbaycanlıların əlindən quş tüfənglərini belə zorla alırdılar. Erməni daşnakları yerli erməniləri azərbaycanlılara qarşı zorakı hərəkətlər etməyə məcbur edirdilər.

-Həmin zaman erməni qonşularınızdan sizə və ailənizə hücumlar olub?

-Yerli ermənilər azərbaycanlılara deyirdilər ki, biz sizi artıq qoruya bilmərik, sizi qoruduğumuz halda erməni daşnakları evlərimizə hücum edib yandıracaqlar və uşaqlarımızı öldürəcəklər. Erməni daşnaklarının təzyiqləri və hücumları nəticəsində yerli ermənilər də bizimlə düşmən oldu. Sumqayıt hadisələrindən sonra vəziyyət daha da pisləşməyə başladı.

Şəhərdə azərbaycanlıların yaşadığı yataqxanalara hücumlar təşkil edilirdi. Daha sonra erməni millətçiləri kütləvi şəkildə azərbaycanlıların həyət evlərinə hücum etdilər, evlərini taladılar və yandırdılar. Çox təəssüf ki, ovaxtkı rəhbərlik bu hadisələrə biganə yanaşırdı. Nəticə etibarı ilə azərbaycanlı sakinlər öz doğma şəhərini tərk etmək məcburiyyətində qaldılar.

-Yerli ermənilər arasında düşmənçilik təbliğatı aparan həmin ermənilər haradan gəlmişdilər?

-Həmin ermənilər Ermənistan və xarici ölkələrdən Qarabağa gəlmişdilər. Onlar Xankəndidə erməni və Azərbaycan xalqları arasında düşmənçiliyin bünövrəsinin əsasını qoydular. Onlar gizli şəkildə zavodlarda, fabriklərdə və digər istehsal müəssisələrində silah istehsal edirdilər. Yerli azərbaycanlılar dəfələrlə bu məsələ barədə təhlükəsizlik orqanlarına müraciət etmişdi. Amma heç bir ciddi tədbir görülmədi.

-Erməni qonşularınız da nümayişlərdə iştirak edirdilər?

-Bəli, iştirak edirdilər. Xankəndi şəhərinin meydanında kütləvi nümayişlər keçirilirdi. Zavodlarda, fabriklərdə və istehsal müəssisələrində işləyən bütün ermənilər həmin nümayişlərə məcburi şəkildə qatılırdı. Həmin nümayişlərdə iştirak etməkdən imtina edən ermənilər döyülürdü və təhqir edilirdi. Bütün bunların hamısına şahidi olmuşam.

-Son otuz il ərzində Xankəndinə qayıtmaqla bağlı nə düşünürdünüz?

-Əmin idim ki, bir gün torpaqlarımız işğaldan azad olunacaq. Əmin idim ki, dövlətimiz etibarlı əllərdədir. Allah Prezidentimizə can sağlığı versin. Dövlət rəhbərimiz xalqımızı bir yumruq altında birləşdirib ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Biz öz torpağımız və haqqımız uğrunda mübarizə aparmışıq.

-Xankəndinə qayıtdığınız təqdirdə harada yaşamaq istərdiniz?

-Dövlətimiz nə buyurarsa, mən onunla razı olacağam. Köhnə evimdə də, yeni evimdə də yaşamağa hazıram. Mənim üçün heç bir fərqi yoxdur. Əsas odur ki, doğulub böyüdüyüm torpağa qayıdacam.

-Yenidən erməni qonşularınızın olmasını istərdiniz?

-Şəxsən ermənilərin bizlərə yaşatdığı bəlalardan sonra erməni qonşuların olmasını istəmirəm. İstəmərəm ki, mənim ətrafımda böyüyünü tanımayan və mədəniyyətsiz bir toplum olsun. Amma qərarı dövlətimiz verəcək

Mən fəxr edirəm ki, Azərbaycanın İlham Əliyev kimi rəhbəri var. Dünyada ən qiymətli dəyər torpağını və ailəsini qorumaqdır. Prezidentimiz bunu bacardı.

 

Yunis Abdullayev

 

Cümhuriyət.- 2023.- 29 dekabr (¹70).- S.11.