Unudulmaz hünər sahibi

 

44 günlük İkinci Qarabağ müharibəsində xalqımıza öz qanı bahasına qələbə sevincini yaşadan qeyrətli Vətən oğullardan bir şəhid İmaməli  İbrahimovdur. Dağlar diyarı Lerikin Hovil kəndində şəhidin 3-cü ildönümü  münasibətilə  anım mərasimi keçirilib.

Rayon İcra Hakimiyyəti başçısı Əkbər Abbasov, YAP Lerik Rayon Təşkilatının sədri Malik Mirzəyev, hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, Ərazi Partiya Təşkilatının fəalları ,kənd sakinləri şəhidin ailə üzvləri  qəhrəmanın  məzarı önünə gül çiçək dəstələri düzərək, əziz xatirəsini ehtiramla anıblar.

İmaməli Elman oğlu İbrahimov 17 yanvar 1995-ci ildə Lerik rayonu, Hovil kəndində anadan olub. O, müharibə zamanı tuşlayıcı - operator kimi hərbi xidmətini yerinə yetirib. Cəbrayıl, Qubadlı  rayonları istiqamətlərində əməliyyatlarda böyük şücaət göstərib.  Vətən sevdalısı  son vuruşunda  Laçın rayonu istiqamətində gedən döyüşlərdə düşmən diversiya qrupunu məhv edərkən qəhrəmancasına    şəhidlik zirvəsinə ucalıb.

Prezident İlham Əliyevin müvafiq sərəncamları əsasında  İmaməli  İbrahimov "Vətənə xidmətə görə" ordeni, Cəbrayılın, Qubadlının, Laçının azadlığı  uğrunda medalları ilə təltif edilib.

Adını Azərbaycanın yeni, şanlı tarixinə yazan İmam İbrahimovun  şərəfinə  doğma Hovil kəndində bulaq kompleksi inşa olunub. Bura indi hər bir kənd sakini üçün müqəddəs  and yerinə dönüb.

 

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

Cümhuriyət.- 2023.- 17-23 noyabr, ¹43.- S.11.