Ölümsüzlüyə qovuşan Cavad
Azərbaycanın, eləcə də dünyanın hərb tarixinə qızıl hərflərlə yazılan İkinci Qarabağ müharibəsində Vətən torpaqların azadlığı uğrunda son damla qanına qədər döyüşərək şəhidlik zirvəsinə ucalan minlərlə qeyrətli oğuldan biri də Cavad Babayevdir.
Bu günlərdə adında bütöv bir xalqın qəhrəmanlıq simvolunu yaşadan bu Vətən sevdalısının şəhadətə qovuşduğu 3-cü illiyi münasibətilə uyduğu müqəddəs torpaq ziyarət olunub, məzarına təzə güllərdən çələng hörülüb.
Söhbət zamanı qəhrəman şəhidin şərəfli həyat yolundan, odlu-alovlu səngərlərdə göstərdiyi şücaətdən də danışılıb. Bildirilib ki, Cavad Babayev ömrünün 20-ci ilində Vətən uğrunda canını şüurlu surətdə fəda etməklə özündən sonra gələn nəsillər üçün qəhrəmanlıq salnaməsi olaraq əbədi yaddaşlara həkk olundu. Cavadı doğma Azərbaycan naminə ölüm qorxutmadı, yolunda şəhid olmaqla ona sonsuz məhəbbətini bir daha sübut etdi.
Cavad Gül verdi oğlu Babayev 08 yanvar 2000-ci ildə Masallı rayonunun Qızılağac kəndində anadan olub. 2005-2016-ci illərdə Qızılağac kənd 2 saylı tam orta məktəbində təhsil alıb. 2017-2018-ci illərdə Gədəbəy rayonunda «N» saylı hərbi hissədə Vətənin keşiyində durmaqla, onu göz-bəbəyi kimi qoruyub. Həqiqi hərbi xidmətini uğurla başa vurduqdan sonra tikinti sahəsində çalışıb.
Hələ uşaqlıqdan ürəyində mənfur düşmənlərə qarşı kin, nifrət bəsləyən Cavad 27 sentyabr 2020-ci il tarixdə başlanan müharibənin ilk günündə döyüşən cəbhəyə yollanıb. Vətəni hər şeydən üstün tutan igid həyata keçirilən hər hücum zamanı düşmənə ciddi itkilər verib . Qubadlı uğrunda gedən qızğın savaşda isə qəhrəmancasına əbədiyyət adlı ulduzlar dünyasına qovuşub. Doğma kənd qəbiristanlığında müqəddəs sandığı torpağın sinəsinə baş qoyub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən Cavad Babayev ölümündən sonra "Vətən uğrunda", “Cəsur döyüşçü”, Cəbrayılın, Qubadlının azadlığına görə medalları ilə təltif edilib.
Bəli, torpaq, uğrunda ölən varsa Vətəndir. Cavad kimi qeyrətli oğulların qanı bahasına əzəli, əbədi yurd yerimiz Qarabağda indi torpaq canlanır, Vətən yaşayır...
Zəfər
ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Cümhuriyyət.-
2023.- 17-23 noyabr, ¹43- S.11.