Sülhə doğru
addım Zəngəzurdan keçir
Azərbaycan və Ermənistan arasında nəqliyyat-kommunikasiya
əlaqələrinin açıla bilər.
Bununla bağlı Ermənistan hökumətinin son
günlər verdiyi bəyanatlar tərəflərin artıq
razılaşmaya yaxın olduğunu göstərir. Dörd
ildir Zəngəzur dəhlizinin açılmasına icazə
verməyən Ermənistanın mövqeyini dəyişməsi
Bakı və İrəvan arasında sülhün əldə
edilməsi istiqamətində ciddi irəliləyiş
yaratmış olar. Lakin söhbətin hansı marşrutlardan
getdiyi danışıqlar predmeti kimi məxfi
saxlanılır.
Azərbaycan ilk növbədə, Şərqi Zəngəzurla
Naxçıvan MR arasında hərəkəti təmin edəcək
dəmir və avtomobil yolunun açılmasını tələb
edir. Ermənistan isə Zəngəzur dəhlizninin
açılmasından yayınmaq üçün alternativ
variant kimi “Sülh kəsişməsi” layihəsini təklif
edir. Ona görə də tərəflərin hansı variant
üzərində razılığa gəldiyi barədə
sual yaranır.
Ermənistan hakimiyyəti Azərbaycanla aparılan
qarşılıqlı yazışmalar əsasında ortaq
mövqeyə gəlindiyini iddia edir. Ancaq Baş nazir Nikol
Paşinyanın Ermənistan parlamentində
çıxışından aydın olur ki, bu barədə
razılaşmanın əldə olunmasına oktyabrın 25-də
Azərbaycan Prezidenti ilə Kazan şəhərində
keçirdiyi görüş müsbət təsir göstərib.
“İrəvan Bakıya nəqliyyat
marşrutlarının işləməsi ilə bağlı
təkliflər göndərib”,- deyə Ermənistanın
Baş naziri Nikol Paşinyan parlamentdə bildirib. O deyib ki, Ermənistan
və Azərbaycan regional kommunikasiyaların
açılması ilə bağlı
qarşılıqlı məqbul qərara yaxındırlar:
“Görünür ki, regional kommunikasiyaların
açılması məsələsində tamamilə
qarşılıqlı məqbul ola biləcək həll yolu
tapa bilərik. İrəvan bu yaxınlarda Bakının
sülh müqaviləsi layihəsi ilə bağlı son təkliflər
paketinə cavab verib. Söhbət hələ
razılaşdırılmamış qalan iki bənd üzrə
təkliflərdən gedir”.
“Biz bu təklifi Azərbaycana yazılı şəkildə
çatdırdıq”, - deyən Nikol Paşinyan onun məzmununu
açıqlamayıb. Ermənistanın xarici işlər
naziri Ararat Mirzoyan Paşinyanın haqqında
danışdığı təkliflərin detallarını
gizlətməyib.
Onun sözlərinə görə, Ermənistan və
Azərbaycan dəmir yolu xəttinin blokdan açılması
və istismarı ilə bağlı intensiv
danışıqlar aparır. Lakin XİN rəhbəri bu
danışıqlarda hansı rəsmilərin iştirak
etdiyini deməyib. Ermənistan mediasının
yazdığına görə, hər iki ölkənin
baş nazirlərinin müavinləri səviyyəsində də
nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası
müzakirə obyektidir.
Belə ki, Azərbaycan və Ermənistan arasında sərhədlərin
delimitasiyası və demarkasiyasına dair komissiyaların rəhbərlərinin
keçirdiyi sonuncu görüşdə Şahin Mustafayev və
Mher Qriqoryan nəqliyyatın blokdan açılması məsələsini
müzakirə ediblər. Hətta Ararat Mirzoyan bu məsələnin
Azərbaycan və Ermənistan baş nazirlərin müavinlərinin
rəhbərliyi ilə müzakirə ediləcəyini istisna
etməyib.
Xatırladaq ki, noyabrın əvvəlində rəsmi
İrəvan “Sülh kəsişməsi” layihəsinə
uyğun yolların açılması layihəsini nəzərdə
tutan təkliflər paketini Bakıya göndərdiyini
bildirmişdi.
Məlum oldu ki, sülh sazişinin mətni ilə
bağlı 11-ci təkliflər paketi də məhz nəqliyyat-kommunikasiya
əlaqələrinin açılmasını nəzərdə
tutub. Baş nazir Paşinyanın, Ermənistanın Dövlət
Gəlirləri Komitəsinin sədri Rüstəm
Badasyanın və xarici işlər nazirinin müavini Paruyr
Hovannisyanın ardıcıl açıqlamalarından sonra rəsmi
İrəvanın Bakıya “Sülh kəsişməsi” layihəsini
dəstəkləməyi, Azərbaycanla Ermənistan
arasında, o cümlədən Naxçıvan MR-na və əks
istiqamətdə daşınan yüklərə görə
sadələşdirilmiş qaydada gömrük
rüsumlarının tutulmasını təklif etdiyi
aydınlaşdı.
Həmçinin Paşinyan hökuməti Ermənistan
ərazisindən keçən nəqliyyat-kommunikasiya
marşrutlarının təhlükəsizliyinin rəsmi
İrəvan tərəfindən təmin olunmasını istəyir.
Azərbaycan daha çox 2020-ci il 10 noyabr üçtərəfli
Bəyanatının 9-cu bəndinə uyğun olaraq, Zəngəzur
dəhlizinin açılmasında maraqlıdır.
Çünki Zəngəzur dəhlizi Azərbaycanın qərb
hissəsi ilə Naxçıvan MR arasında Birinci
Qarabağ müharibəsi zamanı kəsilmiş quru əlaqəsinin
bərpa olunmasına dair öhdəlikdən ibarətdir.
“Sülh kəsişməsi” isə Ermənistanın
region dövlətləri ilə, o cümlədən Azərbaycan,
Türkiyə, İran və Gürcüstan vasitəsilə
üçüncü ölkələrlə nəqliyyat-kommunikasiya
əlaqələrinin qurulmasını, yəni dünya
bazarlarına çıxışı nəzərdə
tutur. Lakin Zəngəzurdan keçən dəmir yolu və
avtomobil yolları açılmasa, digər istiqamətlərdə
bu şəbəkənin reallaşmasından danışmaq
mümkün deyil.
Belə olan halda Azərbaycanın qərb hissəsi ilə
Naxçıvan MR arasında əlaqəni təmin etmək
mümkün olmayacaq. Son vaxtlar Türkiyə-Ermənistan-Azərbaycan
müstəvisində qapalı danışıqların
intensivləşdiyini nəzərə alsaq, nəqliyyat-kommunikasiya
əlaqələrinin qurulması istiqamətində
razılaşmanın məhz Ankaranın vasitəçiliyi
ilə əldə olunduğu ehtimalı artır. Ermənistan
XİN rəhbərinin Türkiyə ilə nəqliyyat əlaqələrinin
qurulması üçün Qars-Gümrü dəmir yolunda
qiymətləndirmə işlərinin
aparıldığını deməsi prosesdə Ankaranın
iştirak etdiyinə dair ehtimalları təsdiqləyir.
Ararat Mirzoyanın açıqlaması Azərbaycanın
ilk növbədə, Naxçıvan MR ilə dəmir yolunun
açılması tələbini irəli
sürdüyünü, Ermənistanın da bununla
razılaşdığını deməyə əsas verir.
Çünki Zəngəzurdan keçən dəmir və
avtomobil yolları açılmasa, digər istiqamətlərdə
bu şəbəkənin reallaşması mümkün
olmayacaq. Ermənistan imtina edəcəyi təqdirdə,
Türkiyə də nəqliyyat əlaqələrinin yenidən
qurulmasına dəstək verməyəcək.
Çünki Arazdəyən-Arpaçay-İrəvan
dəmir yolu xətti vasitəsilə Türkiyəyə
çıxış əldə etmək üçün
Horadiz-Mehri-Arazdəyən-Ordubad marşrutu
açılmalıdır. Ankaranın dəstəyini geri
çəkməsi “Sülh kəsişməsi” layihəsinin
iflası deməkdir. Ona görə də Ermənistan ilk
növbədə, Horadiz-Mehri-Arazdəyən-Ordubad dəmir
yolunun açılmasına razılıq verməlidir. Bu yolun
bərpası üçün 200 milyon dollar tələb
olunur.
İkinci mübahisəli məqam Azərbaycan qərb
hissəsi Naxçıvan MR arasında daşınan mallara
sadələşdirilmiş gömrük
rüsumlarının tətbiqi ilə bağlıdır. Azərbaycan
1920-ci ildə Zəngəzur vilayətinin qanunsuz olaraq Ermənistana
verilməsindən sonra ikiyə bölünmüş ərazisinin
digər hissəsi ilə yükdaşımalara görə
Ermənistana hər hansı rüsum ödəməməlidir.
Bu qayda yalnız üçüncü dövlətin
mallarına aid edilə bilər.
Üçüncü vacib və ən mübahisəli
məsələ sözügedən marşrut üzrə hərəkət
edəcək nəqliyyat vasitələrinin və vətəndaşların
təhlükəsizliyinin təmini ilə bağlıdır.
10 noyabr Bəyanatına əsasən, Zəngəzur dəhlizinin
təhlükəsizliyini Rusiya FTX-nin sərhəd
qoşunları təmin etməlidir. Görünür, Ermənistan
tərəfi Rusiyanı prosesdən kənarlaşdırmaq və
təşəbbüsü ələ almaq üçün Azərbaycana
kompromis variant təklif edib. Yəni, Ermənistan “Sülh kəsişməsi”
layihəsi çərçivəsində Naxçıvanla
Azərbaycanın qərb hissəsi arasında bütün
növ nəqliyyat-kommunikasiya əlaqələrini
açır. Əvəzində isə Azərbaycan bu
marşrutun dəhliz deyil, yol adlanmasına razılıq verir.
Mirzoyanın açıqlaması birinci mərhələdə
dəmir yolunun açılacağını deməyə əsas
verir. Eyni zamanda, təxmin etmək olar ki, Paşinyan hökuməti
Azərbaycana yolların təhlükəsizliyini Ermənistanın
qorumasını təklif edib. Lakin iki ölkə arasında nəqliyyat-kommunikasiya
əlaqələrinin açılmasına dair yeganə sənəd
10 noyabr Bəyanatıdır. Həmin sənəddə
“Sülh kəsişməsi” barədə hər hansı
razılaşma yoxdur. Üstəlik, Ermənistan Dəmir
Yollarının konsessiya idarəçiliyi Rusiyaya məxsusdur.
Ona görə də bu məsələyə
Rusiyanın etiraz edəcəyi şübhə doğurmur.
Əgər Bakı və İrəvan nəqliyyat-kommunikasiya əlaqələrinin
bərpasına dair razılığa gəlsələr, o
halda yeni müqavilə də imzalaya bilərlər. Bu
anlaşma Azərbaycan və Ermənistan arasında imzalanacaq
çərçivə sülh sazişində də öz əksini
tapa bilər. Bütün bunlara baxmayaraq, Ermənistanın Azərbaycan
və Türkiyə ilə əsas problemi həll etmədən
nəqliyyat-kommunikasiya əlaqələrinin
açılmasına dair istənilən
razılaşmanın münasibətlərin
normallaşmasına səbəb olacağı
inandırıcı görünmür. Söhbət Ermənistan
konstitusiyasında Azərbaycana və Türkiyəyə
qarşı ərazi iddialarının ləğvinin
vacibliyindən gedir. Əks təqdirdə, bütün
razılaşmalar və müqavilələr kosmetik xarakter
daşıyacaq.
Müşfiq Abdulla
Cümhuriyyət.- 2024.- 15-22 noyabr(¹44).-S.9.