Kəlağayı -
İpək kimi tarix
İncəlik və zəriflik nümunəsi olan kəlağayı,
qədim zamanlardan günümüzədək
xanımlarımızın sevimli aksesuarıdır. Bu zərif
baş örtüyü müasir dövrdə də öz
aktuallığını qoruyub saxlayır. Qədim zamanlar gəncliyə
addım atan hər bir xanıma, elçilikdə ailə həyatı
quracaq xanıma kalağayı hədiyyə edərdilər.
Kalağayı Azərbaycan adətlərinə xüsusi rəng
qatan dəyərdir. Qızlar sevdikləri oğlanın
elçi göndərməsinə razılığı ona kəlağayısını
verməklə bildirərdilər. Kəlağayını
oğlana bağışlayan qız eşqinə
ömürlük sadiq qalacağına and içərmiş.
Ənənəyə görə, yeni qurulan ailədə
uşaq dünyaya gələn zaman onu, anasının gəlin
gedərkən başına örtdüyü
qırmızı kəlağayıya bükərmişlər.
Gənc qızların, orta və yaşlı qadınların
örtdüyü kəlağayılar bir-birindən fərqlənirdi.
Adətən, toy zamanı gəlinin başına
qırmızı kəlağayı örtər, yasda hər
kəs qara kəlağayıya bürünərdi. Gənc
qadınlar və qızlar kəlağayını “örpək”,
yaşlı qadınlar isə “çalma” və ya “dingə”
üsulu ilə bağlayardılar. Bu adət indi də davam
edir. Qısacası kalağayı Azərbaycan
xanımının qarderobunda daim xüsusi yerdə olub və
olmağa da davam edir.
Araşdırdıqca görürsən ki, kəlağayı
sosial fərqləri də aradan qaldırıb, varlı
qadınların kəlağayısı yoxsul qadınların
kəlağayısından çox seçilməyib.
İndi isə gəlin kalağayının tarixinə
nəzər salaq.
Kəlağayı – Azərbaycanda qadınlara məxsus,
ipək sapdan toxunmuş dördkünc formalı baş
örtüyüdür. Ölkəmizin qərb zonasında
buna “çarqat” da deyilir. Bu örtük gözəllik, ismət,
ləyaqət, ehtiram, sədaqət rəmzi olmaqla
yanaşı, özündə Odlar Yurdu Azərbaycanın qədim
tarixini, mədəniyyətini, adət-ənənələrini
yaşadır.
Kəlağayı istehsalı Azərbaycanda qədimdən
məlumdur. Təbriz, Gəncə, Şamaxı, Şəki,
Naxçıvan şəhərlərində yüksək
keyfiyyətli kəlağayılar hazırlanırdı. Bu
baş örtüyünün bir çox bölgələrdə
istehsal olunmasına baxmayaraq, kəlağayı paytaxt
Bakıdan 165 km. şimal qərbdə yerləşən
İsmayıllı rayonun Basqal qəsəbəsində və
elə həmin səmtdə, lakin 320 km. məsafədə
olan Şəki şəhərində daha geniş
yayılmışdır.
Kəlağayının daha çox məhz bu
bölgələrdə toxunmasının və yüksək
keyfiyyətinin səbəbi, heç şübhəsiz Şəki
ipəyidir. Kəlağayının hazırlandığı
bu unikal parçanın yaranması özü böyük
prosesdir, tarixi isə çox qədimdir.
Azərbaycanda ipəkçilik qədim zamandan təşəkkül
tapıb böyük inkişaf yolu keçmişdir. Tədqiqatlar
göstərir ki, Şəkidə ipəkçiliyin tarixi hələ
miladdan əvvəlki dövrlərə təsadüf edir.
Şəki uzun illər Azərbaycanda, eləcə də
Qafqazda ipəkçiliyin mərkəzi olmuşdur. XIX əsrdə
dünyada ən böyük ipəksarıma fabriki məhz
Şəkidə fəaliyyət göstərirdi. Şəki
ipəyi nəinki Azərbaycanda, həmçinin Şərq
ölkələrində, Avropada, Rusiyada da tanınır və
yüksək qiymətləndirilirdi. Hətta II Nikolayın
çarlığı dövründə rus imperiyasında tədavülə
buraxılan beşyüzlük əsginazlara əzilməməsi,
qırışmaması üçün məhz Şəki
ipəyi qatılırdı. 1862-ci ildə Londonda keçirilən
beynəlxalq sərgidə Şəki ipəyi medala layiq
görülmüşdü. Fransanın Lion şəhərinin
Sent-Etyen şirkəti Şəki ipəyinin daimi
alıcılarından idi. Təsadüfi deyil ki, XIX əsrin əvvəllərində
Şəkini ipəkçilikdə qazandığı
uğurlarına görə “Qafqazın Lionu”
adlandırırdılar.
Elə bu səbəbdən
kəlağayı istehsalı ilə məşğul olan
yerli əhali ipəyi adətən Şəkidə
hazırlayıb, kəlağayını isə Basqalda
yaradırdılar. Beləcə iki bölgə arasında
müəyyən qədər məsafə olsa da, onların
yollarını, elə məhz kəlağayı
bağlayırdı.
Müxtəlif illərdə ölkəmizdə səfərdə
olmuş A.Oleari, A.Cenkinson, E.Çələbi, A. Düma,
F.Kotov kimi səyahətçi və diplomatlar öz qeydlərində
kəlağayıdan ağız dolusu
danışmışdılar. 1870-ci ildə Basqal kəlağayısı
Londonda keçirilən sənət sərgisində
gümüş medala layiq görülmüşdür.
Azərbaycanda kəlağayıçılığın
dəqiq tarixi məlum deyil. Bu barədə fikirlər müxtəlifdir.
Akademik Ə.Əlizadə “Hüdud-əl-aləm” əsərinə
istinadən X əsrdə toxuculuğun əsas mərkəzlərindən
olan Bərzənd şəhərində baş
örtüyü istehsal olunduğunu qeyd edir. Ancaq hansı
baş örtüyündən
danışıldığı bilinmir. “Əcaib-əd-dünya”
adlı XIII əsrə aid anonim mənbədə Təbrizin sənət
məhsulları içərisində güləbətinlə
tikilmiş xüsusi baş örtüyünün adı
çəkilir. Sənətşünaslıq doktoru
S.Sadıxova XVI əsrin 70-ci illərinə aid miniatür sənəti
nümunələrində sadə (aşağı) zümrədən
(təbəqə) yünün Şamaxıda
mövcudluğundan bəhs edir. Məşhur türk səyyahı
Evliya Çələbinin Naxçıvan kişilərinin qələmkar
parçadan köynək geydikləri haqqında məlumatı,
hələ XVII əsrə qədər Azərbaycanın
toxuculuq mərkəzlərində basmanaxış üsulu ilə
bəzək texnikasının özünün yüksək
inkişaf mərhələsində olduğunu sübut edir.
Şəkidə də əl dəzgahı ilə kəlağayı
toxunmasının 500 ilə yaxın tarixi olub. Bu tarix qonşu
Xanabad və ümumən Ərəş mahalı
toxuculuğu ənənələri ilə eyni yaşda, eyni
xarakterdədir. Əgər Xanabad ipək parça
toxuculuğunun ən bariz nümunələri olan qanovuz,
darayı, alafa ilə şöhrətlənibsə, Şəki
özünün müxtəlif ölçülərdə
olan ağ, qara, soğanı, innabı və s. kəlağayıları
ilə öyünüb. Kəlağayı istehsalı Azərbaycanda
basmanaxış sənətinin bir sahəsini təşkil
edib. Bu sənət sahəsi XIX-XX əsrin əvvəllərində
daha çox Şəki, Gəncə, Şuşa və
Şirvanın Basqal və Mücü kəndlərində
geniş yayılıb. Təkcə Basqalda XX əsrin əvəlində
1500 dəzgaha malik 900 kustar şərbafxana (toxuma
emalatxanası) vardı ki, burada il ərzində 1 milyon 800 min ədəd
kəlağayı istehsal olunub.
Bir kalağayının hazırlanmasında bir
çox insanın imzası olur. Kalağayının rənglənməsi,
naxış vurulması və s.
Toxucu (tərrax) (kəlağayı toxuyan),
boyaqçı (kəlağayını boyayan), qəlibçi
(qəlibin köməkliyi ilə kəlağayıya müxtəlif
naxışlar vuran), kəlağayıçı (ornamentalist
sənətkar). Bu proseslərdən ən qəlizi
boyaqçının işi hesab edilir.
Çünki lazım olan rəngi qaynar suda olan
kalağayıya vermək incə duyum və zövq tələb
edir.
Bu o qədər də asan iş deyil.
Kəlağayının rənglənməsində adətən
sumaq, zirinc, narınc, cır alma, zəfəran, qarağat və
s. bitkilərindən istifadə edilir.
Kəlağayıya daha da zəriflik qatan
naxışları dəmir və taxta qəliblər vasitəsilə
vururlar.
Kəlağayının yeləni (haşiyəsi), bəzən
də xonçası (ortası) basmanaxış üsulu ilə
həndəsi və ya nəbati naxışlarla bəzədilir.
Kəlağayıya vurulan naxışlar özündə
böyük məna ehtiva edir.
Kəlağayıda olan hər bir naxışın
öz mənası var. Ən çox sevilən və
üstünlük verilən naxış isə butadır
Bu naxış «balalı buta», «küsülü buta»,
«qovuşan buta», «qönçə buta» və s. bir çox
növə ayrılır. Onu da qeyd etmək lazımdır ki,
tədqiqatçılar butanın atəşpərəstlik
dövrünə məxsus bəzək forması olduğunu
ehtimal edirlər. Kəlağayıları onlara vurulan
naxışlara diqqət edərək hansı bölgəyə
aid olduğunu anlamaq olar.
Məsələn Şəki və Basqal kəlağayıları
içərisində “Şah buta”, “Saya buta” və “Xırda
buta” çeşniləri ilə digərlərindən
seçilir.
“Heyratı”, “Soğanı”, “İstiotu”, “Albuxarı”,
“Abi”, “Yeləni” adlı əlvan kəlağayılar isə
vaxtı ilə Yaxın Şərq və Qafqaz xalqları
arasında böyük şöhrət qazanmışdı.
Kəlağayı bu gün də Azərbaycanda geyim
elementi kimi istifadə olunur və çadradan fərqli olaraq
onun dinlə heç bir əlaqəsi yoxdur.
Adına şeirlər, qəzəllər yazılan,
Azərbaycan xanımının nəcibliyinə naxış
kimi yaraşan kalağayı bizim heç vaxt itirməyəcəyimiz
bir dəyərdir.
Qeyd edək ki, UNESCO-nun Qeyri-Maddi Mədəni İrs
üzrə Hökumətlərarası Komitəsinin
2014-cü il noyabrın 26-da keçirilən iclasında Azərbaycan
kəlağayı sənəti “Kəlağayı simvolizmi və
ənənəvi sənəti” adı ilə qurumun Qeyri-Maddi
Mədəni İrs üzrə Reprezentativ siyahısına
daxil edilib.
Qeyd: Hal-hazırda Basqalda “İnkişaf” Elmi Təşkilatın
təşəbbüsü ilə “Kəlağayı” Mərkəzi
fəaliyyət göstərir. Burada bütün kəlağayı
ənənələri tamamilə bərpa olunmuşdur. Həmçinin
Basqalda unikal interaktiv “Kəlağayı” muzeyi
yaradılmışdır. Bura gələn ziyarətçilər
nəinki kəlağayının tarixi və ənənələri
ilə tanış olurlar, eləcə də sənətin
yaranma prosesini canlı görüb, hətta məhsulun
hazırlanmasında da iştirak edə bilərlər.
Kəlağayı yalnız Basqalda yerləşən
muzeydə deyil, eyni zamanda Moskvada Dövlət Şərq
Xalqlarının İncəsənət Muzeyində, Bakıda
Milli Tarix Muzeyində, Azərbaycan İncəsənət
Muzeyində xalqımızın məişətində və
həyatında oynadığı böyük rol kimi təqdim
olunur. Əminliklə deyə bilərik ki, kəlağayı
daim Azərbaycan xalqının ayrılmaz hissəsi kimi
yaşayacaq. Çünki kəlağayı ənənəsini
yalnız bu sənətlə məşğul olanlar deyil,
bütünlükdə xalq yaşadır.
Günel Nəsibova
Cümhuriyət .- 2024.- 26 oktyabr-1 noyabr(¹41).-S.14.