“Ölüm, məni
hədələmə ölümlə”
2025-ci ilin 19 avqust səhəri
üzücü xəbərə başladı. Azərbaycan ədəbiyyatının
canlı klassiklərindən biri, Türk dünyasının
tanınmış şairi, milyonların sevimlisi, 40 ildir
dostluq etdiyim, ustad şair Məmməd İsmayıl məhz
bu gün, 85 yaşında dünyasını dəyişdi. Belə
seçilmiş insanlar ölmürlər, vəfat etmirlər,
məhz dünyalarını dəyişirlər. Başqa bir
dünyanın sirrini öyrənmək üçün o biri
dünyaya yol alırlar. Hələ sovet dövründə
yazdığı şeirlərinin birində M.İsmayıl
belə deyirdi:
“Bu məğrur insandan sonuncu cümlə,
Çəkil yollarımdan ağrı-acılar.
Ölüm, məni hədələmə
ölümlə,
Ölərəm, sənin də sirrin açılar.
”
Məmməd İsmayıl müdriklik yaşında
ölümün sirrini açmaq üçün
dünyasını dəyişdi. Bir neçə il idi ki,
ağrı-acıları yollarından qovmaq istəyirdi. Ona
görə də ona əzab verən ağrı-acılara təslim
olmurdu. Mərdi-mərdanə, təmkinlə, səbrlə onu
o biri dünyaya yaxınlaşdıran ağrı-acılara
dözürdü. Xəstəxanada onu ziyarət edərkən
mənə dedi ki, “Elçin, mən mütləq bu xəstəlikdən
qurtulacağam, yenidən ayağa qalxacağam”. Onun bu inamına,
mən də inam qatıb, yalan danışmağı sevməsəm
də, məcburiyyət qarşısında bildirdim ki, əlbəttə,
Məmməd müəllim, siz yenidən ayağa
qalxacaqsınız və evinizdə sizdən, baş
redaktorumuz Asif Mərzili ilə bir yerdə gözəl
veriliş hazırlayacağıq. Mən yaxşı bilirdim
ki, o, bir də ayağa qalxmayacaq. Bu həqiqətə də
inanmaq istəmirdim, amma Allahın möcüzəsinə də
bel bağlayırdım ki, hər şey ola bilər. Amma o
möcüzə baş vermədi.
“Bona-dea” xəstəxanasında yatdığı
müddətdə iki dəfə onu ziyarət etdim. Həmişə
şahanə, mərdanə duruşu ilə diqqət mərkəzində
olan şairi yataqda, ağrılar içində
qıvrılsa da, bu əzabları dilə gətirməyib
dözən, özü də sanki balacalaşmış vəziyyətdə
görmək, mənə nə qədər ağır idi. Mən
orada olduğum üç saatdan çox müddətdə
tibb personalının ona qulluq etmək üçün
çağırmasını qoymadım. Hər beş-on dəqiqədən
bir onun “Elçin məni sağa çevir, Elçin məni
sola, çevir, mənim başımı bir az qaldır”
xahişlərinə böyük məmnuniyyətlə əməl
edirdim. Inanın ki, XX və XXI əsr Azərbaycan ədəbiyyatının
nəhənglərindən biri olan M.İsmayıla, sanki bir
oğul kimi qulluq etdiyim üçün özümü
dünyanın ən xoşbəxti sayırdım.
İkinci görüşümüzdə Kəlbəcərdən
olan publisist, şairə Cəmilə Çiçəklə
gəldim. Cəmilə xanım da şairə olan məhəbbətini
göstərmək istəyirdi. Bu səbəbdən də
xahiş etmişdi ki, növbəti ziyarətdə onu da
şairin yanına aparım. Onun bu arzusunu yerinə yetirdim. Məmməd
müəllim də Cəmilə xanımı
tanıyırdı və gəlişindən məmnun
olmuşdu.Şairlə dost olduğumuz 40 ilin səhifələrini aram-aram vərəqlədik.
Ağlı, yaddaşı tam yerində idi. Sonrakı günlərdə
tarixin yaddaşına köçürdüyüm həmin
söhbətlərin videosuna baxan qızı İntizar
xanım mənə belə dedi: “Ay Elçin müəllim, sən
atamı necə danışdırmısansa, onun xəstə
olduğuna inana bilmədim. Çünki səninlə onun
bütün danışıqları sağlam illərdə
olduğu kimi idi. Onun yaddaşı ara-sıra itirdi. Amma səninlə
olan söhbətlərində həm məntiqli idi, həm də
keçmişi çox gözəl xatırlayırdı”.
Yeri gəlmişkən, deyim ki, şairin Gülzar,
Könül, Sevinc və İntizar adlı dörd qızı
var. Qızların üçü öz ailələri ilə
birlikdə xarici ölkələrdə yaşayırlar. Ona
görə də əsas güc Məmməd İsmayılla
bir yerdə olan İntizar xanımın çiyinlərinə
düşürdü. Düzdür, qızları xaricdə
yaşasalar da, həm maddi dəstək göstərirdilər,
həm də ara-sıra gəlib-gedirdilər. Amma şairin
bütün əzab-əziyyətlərini İntizar xanım
çəkməli olurdu. Mən dəfələrlə
deyirdim ki, “İntizar xanım, sən atana yox, milyonların
sevimli şairinə, xalqımızın əvəzsiz bir sərvətinə
qulluq edirsən. Sənin yerin indidən cənnətlikdir”. Bir
dəfə də olsun İntizar xanımın dilindən “yoruldum”
kəlməsini eşitmədim. Ataya yorulmadan, gecə və
gündüz belə bir qulluq edən, o taylı, bu taylı Azərbaycanın
vahid simvolu olmuş Söhrab Tahirin oğlu Tahir bəyi, bir də
İntizar xanımı gördüm. Belə övladların
yeri əlbəttə ki, Allah yanında çox əzizdir…
Məmməd İsmayılla 1985-ci ildən,
“İşıq” nəşriyyatının direktoru işlədiyi
dövrdən dostluq edirik. O vaxtlar Bakıxanov qəsəbəsində
yerləşən keçmiş 74 nömrəli peşə
məktəbində işlədiyim zaman Azərbaycanın
üzdə olan şair, yazıçıları və alimləri
ilə çox maraqlı görüşlər
keçirirdik. Bəxtiyar Vahabzadə, Məmməd Araz,
Söhrab Tahir, Nəriman Həsənzadə, Cabir Novruz, Nəbi
Xəzri, Davud Nəsib, Nüsrət Kəsəmənli, Mirzə
İbrahimov, Cəmşid Əmirov, Akademik Şəfayət
Mehdiyev, “Bakı” və “Baku” axşam qəzetlərinin baş
redaktoru Nəsir İmanquliyev və sair tanınmış sənət
və elm adamları bu peşə məktəbindəki 2500 nəfərlik
kollektivin qonaqları olublar. Belə qonaqlardan biri də mənim
təşəbbüsümlə və təşkilatçılığımla
görüşü keçirilən Məmməd
İsmayıl idi. O vaxtdan başlayan dostluğumuz son ana qədər
davam edirdi. Məmməd İsmayılın itkisi ilə mən
sanki arxa-dayağımı, məsləhətləşdiyim və
güvəndiyim bir insanı itirdim.
1992-93-cü illərdə Azərbaycan Televiziya və
Radio yayım şirkətinin sədri işlədi. 1992-ci ilin
dekabrın 22-si idi. Məmməd İsmayılın işindən
narazı qalan AMİP-in o vaxtkı sədri Etibar Məmmədov
şirkətin qabağında “Məmməd İsmayıla
istefa”, “Məmməd İsmayıla ölüm”
şüarı ilə piket təşkil eləmişdi. Həmin
dövrdə mən könüllü getdiyim Qarabağ
döyüşündən yerdəyişmə ilə əlaqədar
bir həftəlik istirahət verildiyinə görə
Bakıdaydım. Dekabrın 22-si mənim ad güünüm
olduğundan həmin tarix də yaxşı yadımdadır.
E.Məmmədovun həmin piketini görəndən sonra qərara
gəldim ki, həm dostum Məmməd İsmayılın
yanında olduğumu göstərim, həm də bu işdən
əl çəkib, öz şairliyi ilə məşğul
olmasını tövsiyə edim. Hərbi paltardaydım.
Düşünürdüm ki, məni tanımaz. Amma məni
çox yüksək səviyyədə qəbul etdi. Mənə
15 dəqiqə vaxt ayırdığını bildirdi. Təbii
ki, o, 15 dəqiqə vaxt təxminən 50 dəqiqəyə qədər
uzandı. Söhbətimizin detallarına varmadan demək istəyirəm
ki, həm işdən çıxartdıqları adamlara
görə, həm də fəaliyyətində heç bir
nöqsan yox idi. Bütün bunlara baxmayaraq, tövsiyə
etdim ki, bura sizin yeriniz deyil. Siz Azərbaycanda
sayılıb-seçilən və özünü sübut
edən 5-10 şairdən birisiniz. Məmurluq Sizə
yaraşmır. Soruşdu ki, nə təklif edirsən? Suala
özünün şeri ilə cavab verdim:
“Bu mən, hər şeyi atıb gedərəm,
Uduzub gedərəm, udub gedərəm.
Əlimi üzümə tutub gedərəm,
Sən kimi seçirsən, sən kimi, xalqım?”
Sonra da əlavə etdim ki, xalq bu vəzifəyə
kimi seçər, özü bilər. Bunu da deyəndən
sonra özümlə gətirdiyim son iki kitabını stolun
üstünə qoyub, dedim: “Məmməd müəllim, bu
kitablara aftoqraf yazın ki, şair olduğunuzu unutmayasınız”.
M.İsmayılın cavabı belə oldu: “Elçin, məni
təsirləndirmə, şairliyimi unutmamışam. Şeirlər
yenə də yazıram”. Bunu deyəndən sonra ətrafını
bir az axtardı və dedi ki, təzə şeirlərimi hara
qoymuşam, tapa bilmirəm, başqa vaxt onları sənə
oxuyaram. Beləcə söhbətimizi bitirib, xudahafizləşdim.
Sonralar Məmməd İsmayıl verdiyi müsahibələrində
mənim onun yanına gəlməyim barədə bir neçə
dəfə belə demişdi: “Vəzifədə işləyəndə
dostlarım arasında yeganə adam Elçin idi ki, gəlib demədi mənə də
vəzifə ver, yeyək, dağıdaq. Gəlib dedi ki, burada
işləmə, istefa ver və gedib şairliyinlə məşğul
ol”.
Amma indi bizə yalnız xoş xatirələr
qalır. İnanmaq olmur ki, şeirlərini sevə-sevə
oxuduğumuz, şeirləri ilə
böyüdüyümüz, vətənpərvərlik
şeirləri ilə bizi vətənə bağlayan Məmməd
İsmayıl daha aramızda yoxdur. Belə nəhənglərdən
yaxından tanıyıb, bildiyim və yüksək dəyər
verdiyim iki dostum qalmışdı: Nəriman Həsənzadə
və Məmməd İsmayıl. İndi canlı klassiklərimizdən
və mənim belə dostlarımdan yalnız N.Həsənzadə
qalıb.Allah onu bizə çox görməsin və Nəriman
müəllimi 100 yaşında da salamlamaq istəyirik. Xəstəxanada
Məmməd İsmayılı ziyarət edib qayıdandan
sonra, Nəriman müəllimə zəng etdim. M.
İsmayılın xəstələnməyini eşidib,
çox təsirləndi və xahiş etdi ki, ayağı
ağrıdığından gəzə bilmir, bu səbəbdən
də növbəti ziyarətimdə Məmməd müəllimin
yanından zəng edib,
onları danışdırım. Belə də etdim.
Növbəti ziyarətimdə Nəriman müəllimə zəng
etdim və telefonu mikrofona keçirib, iki dahi şairin bu tarixi
danışıqlarına Cəmilə xanımla bir yerdə
şahidlik etdik. Ara-sıra müdaxilə edib, ayaq
ağrımağı ilə bağlı mərhum şairimiz
Söhrab Tahirin mənə daışdığı bir əhvalatı
da söylədim. Bu gülməli əhvalat S.Tahirlə rəhmətlik Nəbi Xəzri arasında olub və
onu elə bu telefon danəşəğında hər ikisinə
danışdım. Hər iki şair xeyli güldülər.
O söhbət bir az uzun olar deyə, bura yazmıram, amma mənim
Facebook səhifəmdə həmin danışığın
tam videosu yerləşdirilib. İstənilən adam onunla
tanış ola bilər.
Hamımızın bildiyi kimi Məmməd
İsmayıl ömrünün son 25 ilini Türkiyənin
Çanaqqala Universitetində müəllim kimi işlədi.
Türkiyəyə getməyini şeirlərinin birində
şair belə qeyd etmişdi:
“Deyərsiz dərd sürdü, ömür sürmədi,
Axırda mənzilə yetdi deyərsiz.
O, bu zəmanədən söz götürmədi,
Başını götürüb getdi deyərsiz”.
Türkiyəyə
başını götürüb getməklə bizi həsrətdə
qoymuşdu. Amma indi özünü götürüb, o biri
dünyaya getməklə, bizləri yandırıb, yaxdı. Təqaüdə
çıxıb, Vətənə qayıdandan sonra isə,
ağrıları, əzabları ilə yaşamalı oldu.
Amansız xəstəlik şairə toparlanmağa imkan vermədi.
Özünə də demişdim, Məmməd müəllim,
“hələ yaşamağa dəyər bir az da”.
Rəssamlıq Akademiyasında ötən ilin dekabr
ayında rəsamlıq kolleci tələbələrinin
şairlə görüşü keçirildi. Məmməd
müəllim haqqında tələbələrə burada
geniş məlumat verdim. Sonra vətənpərvərlik və
sevgi haqqında 10-a qədər şeirlərini əzbərdən
söylədim. Sanki bundan sonra tələbələr kiminlə
görüşdüklərini dərk etdilər. Elə ona
görə də bir tələbə oğlan öz
çıxışında belə dedi: “Məmməd
İsmayıl kimi dahi şairlə bir dövrdə
yaşadığım üçün çox xoşbəxtəm”.
Görüş başa çatandan sonra ayaqlarında
yaranmış problemlə bağlı məhkum olduğu əlil
arabasında yanımdan keçərkən belə dedi:
“Görürsən də, Elçin əlil arabasında gəzməyə
məcburm”. Təsəlli vermək üçün belə
dedim: “Məmməd müəllim, bu araba ilə sizin
üçün yeni həyat başlayır”.
Gülümsündü və sağollaşdıq. Amma
çox təəssüf ki, bu yeni həyat şair
üçün çox çəkmədi…
Amma o da təəssüf doğurur ki, Türk
dünyasının belə nəhəng
şairinə heç bir ad verilmədi. Hətta İkinci Fəxri
Xiyabanda belə dəfn olunması məsləhət bilinməyib.
Şair eləcə doğulub, boya-başa
çatdığı Tovuzun Əsrik kəndində,
anasının yanında, canından artıq sevdiyi Vətən
torpağına qovuşub. M.İsmayıl “Vətən”
şeirində belə deyirdi:
“Bilməzdim bir
yağlı tikəsən, Vətən,
Azala-azala gəlirsən dada.
Quzu dərisinə bənzər xəritən,
Quruya-quruya qalıb ortada”.
Bu şeir işğal dövründə
yazılmışdı. Həmin şeirin sonuncu bəndində
belə deyilir:
“Üstündə mələklər ocaq qalayan,
Ah, sən də bir ulu yurd ola bilsən.
Doğudan Batıya ruhu ulayan,
Quzu dərisində qurd ola bilsən”.
Nə xoşbəxtəm ki, bu şeiri tam şəkildə
M.İsmayılın otən ilin oktyabrında Muğam Mərkəzində
keçirilən 85 illik yubileyində, özünün
iştirakı ilə söyləmişəm. Bəli,
şairin “Vətən” şeirindəki arzusu 2020-ci ildə
olan 44 günlük İkinci Qarabağ Müharibəsində
həyata keçdi. Bu döyüşlərdə
xalqımızın mərd, igid, qəhrəman
oğulları boz qurda döndülər və erməniləri
əlbəyaxa döyüşlə parça-parça etdilər.
Bu nər oğulların boz qurd kimi ulartısına,
hayqırtısına, nərəsinə düşmənlər
tab gətirə bilmədi və 30 illik işğalda olan
torpaqlarımız beləcə azad olundu. Qarabağa aid “Tale”
şerinin sonunda Allaha üz tutub, şair belə deyib:
“İşdir, ömrümüzün günaı
varsa,
Ya bizi yox elə, ya bizə gün ver.”
Allah, o günahı qurban yuyarsa,
Qurbanın mən olum, mənə ölüm ver”.
Məmməd İsmayıl canından belə
keçməyə hazır olduğu Qarabağ
torpağının azad olunmasını görməsi
Allahın ona lütfü idi. Heyf Məmməd
İsmayıldan! Avqustun 20-də Ana torpağa, anasının
yanında torpağa tapşırıldı. Mərmum şair
Musa Yaqubun bir bənd belə şeri var:
“Bəlkə də
borcundan çıxmadım, Vətən,
Ömür bahar deyil bir də qayıtsın.
Ölsəm də, qoynunda qoy ölüm ki, mən,
Çürüyüm, bir ovuc torpağın
artsın”.
Bəli, Məmməd
İsmayıl Vətən torpağına qovuşaraq, onu bir
az da artırdı. Onun heç bir adı, titulu,
mükafatı olmasa da, milyonların sevgisini qazanması ən
böyük tituldur, mükafatdır. Xalq şairi deyildi,
xalqın şairi idi. Ona görə də bu xalq, bu dövlət
durduqca Məmməd İsmayıl adı həmişə
yaşayacaq. Sən öz dahiliyinlə, dəyərinlə, dəyişməz
əqidənlə, vicdanınla, çoxlarına örnək
olacaq qeyrətinlə bu xalqın qəlbində əbədi
bir taxt qurmusan! Həmişə də elə o zirvədə
qalacaqsan. Allah sənə qəni-qəni rəhmət eləsin,
Məmməd İsmayıl!
Elçin Məmmədli
Cümhuriyət .- 2025.- 22-29 avqust (¹30).- S.14.