İnsan sağlamlığına qənim
kəsilən dönərxanalar
Hər dəfə itilədikləri bıçaqla
müştəri üçün əti kəsən dönərçinin,
əslində, ömrümüzdən kəsdiyini bilirdinizmi?
Bakıda hər gün minlərlə insanın tələbatını
ödəyən dönər sektoru, son illər elə bir vəziyyətə
düşüb ki, artıq məsələ təkcə dad və
xidmət keyfiyyəti ilə ölçülmür. Söhbət
etdiyimiz bu asan qida ucuz, sürətli və əlçatan yemək,
bir çox hallarda isə, görünməyən, amma
birbaşa insan sağlamlığına təsir edən təhlükələrin
mənbəyinə çevrilib. Bəli, düz başa
düşdünüz. İndi söz açacağım
problem, əslində, hamımızın, bütün
xalqın, xüsusilə də gənclərin hər gün
qarşılaşdığı ən böyük təhlükələrdən
biridir və bəlkə də elə birincisidir.
Çünki bu qida demək olar ki, 100 minlərlə gənclərin
ayaqüstü və tezbazar əsas yeməyidir. Mən
özüm də tələbəlik illərində dönəri
demək olar ki, hər gün yeyirdim. Valideynlərim “a bala, o
dönəri yemə, xeyirli deyil” deyəndə isə,
onların narahatlığını çox da ciddiyə
almırdım, hətta qəribə
qarşılayırdım. Amma indi bu halları öz gözlərimlə
görüb, qulaqlarımla eşitdikcə anlayıram ki, o
vaxt valideynlərim tamamilə haqlı idilər. İndi isə
gəlin, dönərin bizi necə və nədən “zəhərlədiyini”,
bu təhlükənin haradan qaynaqlandığını ətraflı
şəkildə araşdıraq…
Dönər biznesində görünməyən təhlükə:
metal qırıntıları, köhnə ətlər və
nəzarətsiz, əyin- başı kirli, paslı
işçilər…
Bakının demək olar ki, bütün dönərxanalarında
eyni mənzərədir: hər müştəri
yaxınlaşanda usta bıçağı götürüb
yiyə ilə itiləyir, ardından isə onu silmədən
dönəri kəsməyə davam edir. İlk baxışda
adi iş prosesi kimi görünən bu hərəkət, əslində,
ciddi sağlamlıq təhlükəsi yaradır.
Çünki bıçağın itilənməsi
zamanı metal tozu yaranır və bu hissəciklər toz
halında birbaşa ətin üzərinə
düşür, ordan da çörəyin arasına qoyularaq
müştəriyə verilir.
Mənim şəxsi müşahidələrim
göstərir ki, insan sağlamlığına çox ciddi
təhlükə olan və əksəriyyətin əhəmiyyət
vermədiyi bu hal demək olar ki, bütün obyektlərdə
mövcuddur. Lakin görünür, Qida Təhlükəsizliyi
Agentliyi (AQTA) ya bunu görmür, ya görmək istəmir, ya
da proses hansısa şəkildə qurumun nəzarətindən
kənarda qalır. Dönərçiyə “niyə əti
bıçağı itilədikdən sonra, silib təmizləmədən
kəsirsiniz?” deyə sual verdikdə isə, çox vaxt
adamın üzünə qəribə reaksiyalarla baxırlar
ki, izah tələb etdiyinə də peşman olursan. Lakin
reallıq ondan ibarətdir ki, həmin metal
qırıntılarının insan orqanizminə düşməsi
bağırsaq pozuntularından başlayaraq uzunmüddətli
xroniki xəstəliklərə də səbəb olandır.
Özü də məsələ burasındadır ki, bu
problem təkcə ucuz dönərxanalara aid deyil, baha qiymətə
xidmət göstərən məkanlarda da eyni mənzərə
müşahidə olunur. Deməli, məsələ sistemlidir
və qiymətlə bağlı deyil.
Bir həftə açıq havada qalan ət kimlərin
boşqabına gedir?
Tənqid olunmalı məsələ təkcə
bıçaqla bağlı deyil. Daha ciddi təhlükə ətin
mənşəyi və dövriyyəsi ilə
bağlıdır. Bir müddət əvvəl toyuq əti
aldığım mağazada satıcı ilə aramızda təsadüfi
başlayan söhbət isə, bu sahədə vəziyyətin
nə qədər qorxulu ola biləcəyini açıq
şəkildə göstərdi. Satıcı əvvəlcə
mənə müəyyən məhsulların “təzə” və
“yaxşı” olduğunu deyərək onları götürməyimi
tövsiyə etdi. Mən isə maraq üçün
soruşdum: “Bəs köhnə ətləri nə edirsiniz?”
Bu suala aldığım cavab məni həm təəccübləndirdi,
həm də ciddi şəkildə narahat etdi.
Satıcının sözlərinə görə, günlərlə
soyuducuda qalan, hətta bir həftə açıq havada
saxlanıldığı üçün kəskin iy verən
yüzlərlə kiloqram toyuq əti mövcud olub. Bu yerdə
ətin utilizasiya edildiyini düşündüm, lakin
satıcının dedikləri bunun əksini göstərirdi.
Normalda hər kəs belə ətin yalnız məhv ediləcəyini
güman edərdi. Amma onun dedikləri daha dəhşətli
idi. Sən demə, həmin köhnə və iylənmiş ətlər
firmalar tərəfindən toplanaraq sonda sirkəyə
salınıb dönərxanalara göndərilirmiş.
Əgər bu iddia doğrudursa, vəziyyət
düşündüyümüzdən də təhlükəlidir.
Bu, artıq təkcə səhlənkarlıq deyil – insan həyatı
ilə açıq-aşkar oynamaq deməkdir. Çünki
dönər gün ərzində ən çox tələbələr,
uşaqlar, iş arasında tez hazır olan və ucuz yemək
axtaran vətəndaşlar tərəfindən istifadə
olunan qidadır. Bu isə onu göstərir ki, risk qrupuna cəmiyyətin
demək olar ki, bütün təbəqələri daxildir.
Yarımbişmiş ət, naşı işçilər
və saxta “bişmə effekti”
Problemlər bununla da bitmir. Bir çox dönərxanada
bişirmə prosesi də ciddi suallar doğurur. Bəzən ət
yalnız üst qatından yanıb qaralır, içi isə
çiy qalır. Hisə verilmə effekti ilə
“bişmiş” görüntüsü yaradılır və həmin
ət müştəriyə təqdim olunur.
Daha narahatedici məqam isə, odur ki, bu məkanlarda
çalışan işçilərin əksəriyyəti
heç bir peşəkar təlimdən keçməyib,
gigiyena sertifikatı və kulinariya biliyinə malik deyil. Onlara
nəzarət edən mexanizmlər isə, görünür,
ya çox zəifdir, ya da ümumiyyətlə, mövcud deyil.
***
Xalqa sərf etməyən, hətta ziyan gətirən
bəzi qərarları, inkişaf etmiş ölkələri
nümunə göstərərək, tətbiq edirik, amma
onların həqiqətən faydalı təcrübələrinə
gəldikdə isə, həmin nümunələrdən inadla
yan keçirik. Məsələn, inkişaf etmiş ölkələrin
çoxunda dönər xüsusi istehsal müəssisələrində
hazırlanır, tam bişirilir və dönərxanalara
hazır şəkildə göndərilir. Bu model həm
gigiyena, həm də nəzarət baxımından daha şəffafdır.
Bizdə isə dönər şişinin mənşəyi
çox vaxt qaranlıq qalır, prosesin hansı mərhələlərdən
keçdiyi belə bilinmir. Bir vətəndaş olaraq, bu
cür təhlükəsiz və nəzarətli sistemin
ölkəmizdə də tətbiq olunması vacibdir.
Eyyub Hüseynov: “Dönərxanalar tədrici zəhərlənmə
mənbəyidir”
“Mənşəyi bilinməyən ət, saxta sənədlər
və nəzarətsizlik” – ekspert xəbərdarlıq edir
Bu barədə Azad İstehlakçılar Birliyinin
(AİB) sədri Eyyub Hüseynovla əlaqə saxladıq.
Dönərxanalarla bağlı verdiyimiz sualımızla, sanki
Eyyub müəllimin ən yaralı yerinə toxunduq. Ona
görə də E.Hüseynov yana-yana bunları dedi: “Nazirliklərdə İctimai Şuralar yaranan zaman ilk
olaraq mən Qida Təhlükəsizliyi Agentliyinin (AQTA)
İctimai Şurasına seçildim. 2 il ərzində
AQTA-nın əməkdaşları ilə, eləcə də
İctimai Şurada təmsil olunan və AQTA-dan asılı
olaraq onlardan sertifikat alan biznes qurumları ilə mübarizədə
oldum. Dəfələrlə bu məsələni, dönərxanalar
probleminin saflaşdırılması üçün təkliflər
verdim, məsələ qaldırdım və faktlar təqdim
etdim, lakin təəssüf ki, onların heç biri dəstəklənmədi.
Dönərxanalar bir çox insanların tədrici zəhərlənmə
mənbəyidir və təsadüfi deyil ki, Azərbaycanda dərman
biznesi sürətlə inkişaf edir. “Biz nə yeyiriksə,
ondanıq” şüarı həmişə aktualdır. Bir məqamı
da qeyd etmək istəyirəm ki, ölkədə apteklərin
sayı, digər gəzib-dolaşdığım xarici ölkələrdəki
apteklərin sayından, təxminən 20 dəfə
çoxdur. Klinikalarda isə, həkimlərin qəbuluna gəlib
növbədə duran insanların əlindən iynə atsan
yerə düşməz. Bu isə o deməkdir ki, yediyimiz
qidalarda, o cümlədən dönərxanalarda ciddi problemlər
mövcuddur.
Çox təəssüf ki, dönərxanalarla
bağlı ciddi nəzarət tədbirləri həyata
keçirilmir və əsas diqqət yalnız dönər
üçün ətlərin
üzərinə yönəlir. Bəli, quş dönərləri
tez çirklənən maldır və ümumiyyətlə, ət
zəhərlənmiş vəziyyətə gəldikdə pis
qoxu verir. Ona isə nə it, nə də pişik yaxın
durmur. Amma əsas zəhərləyici faktor orada istifadə
olunan mayonezlər, ketçuplar və bu kimi digər
souslardır. Bir də bugündən sabaha saxlanılan dönərlərdir.
O dönər soyuducuda belə saxlanılsa, artıq çirklənmiş
hesab olunur. Dönərxanalar mənşəyi məlum olmayan ətlərin
əsas realizə mənbəyidir. Təsadüfi deyil ki,
murdar olmuş və ya qeyri-ənənəvi heyvan ətlərinin
mövcudluğu dəfələrlə müvafiq qurumlar tərəfindən
ifşa olunub. Bu sahədə ən uğurlu işi 4 il əvvəl
Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil
Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi
gördü. Onlar yalnız cərimə etməklə kifayətlənmədilər,
həm də bütün hüquqi addımları atdılar,
həbslər həyata keçirdilər. Lakin bununla belə,
problemin kökü yenə kəsilmədi.
Düşünürəm ki, adını çəkdiyim
qurum bu məsələləri daim diqqətdə saxlamalı
və ciddi mübarizə aparmalıdır. Bu ətlərin əksəriyyəti
dönərxanalarda realizə olunur. Bölgədə dönərləri
hazırlayıb şişə taxıb, 40 dərəcədə
şok dondurmadan keçirib, xüsusi avtomobillərlə
dönərxanalara çatdıran iki müəssisə
mövcuddur. Amma görək dönərxanaların neçə
faizi həmin müəssisələrdən dönər
alır? Çox təəssüf ki, bu heç bir faiz də
təşkil eləmir. Dönərxana sahibləri özləri
ətləri bəzi işbazlardan alırlar, gətirirlər
və bir kağız da asırlar, amma heç kim sübut edə
bilməz ki, bişən ət həmin kağıza aiddir,
yoxsa yox? Yəni, belə bir anormal vəziyyət insanların
kütləvi və tədrici zəhərlənməsinə
gətirib çıxarır. Qida Təhlükəsizliyi
Agentliyinin bu sahədə apardığı işlər zəruri
olsa da, kifayət deyil. Çünki elə bir sənəd
hazırlanmayıb ki, insanlar ona baxanda bilsinlər: “Bax, dönər
üçün bişən bu
ət Qida Təhlükəsizliyi Agentliyinin nəzarətindədir.”
Üstəlik, AQTA qidanın təhlükəsizliyinə nəzarət
edir, keyfiyyətinə yox. Bu səbəbdən də
onların əsasnaməsində dəyişiklik olunmalı,
keyfiyyət nəzarəti də önə çəkilməlidir.
Agentliyin operativ yoxlama imkanları olmalıdır və çox təəssüf ki, bu
imkan da onlarda yoxdur. Ona görə də insanlar tədrici zəhərlənmənin
qurbanına çevrilirlər.”
Ən böyük sual: AQTA hara baxır?
Cəmiyyətin ümid bağladığı qurum,
Qida Təhlükəsizliyi Agentliyi, görəsən, bu mənzərədən
xəbərsizdirmi, yoxsa, sadəcə, görməzdən gəlir?
Metal qırıntılarından tutmuş
yarımbişmiş dönərə, mənşəyi bilinməyən
ətlərdən sertifikatsız işçilərə qədər
problemlərin bu qədər çox olduğu sektorda nəzarətin
zəifliyi haqlı olaraq ictimai narazılıq yaradır. Hər
il qeydə alınan onlarla qida zəhərlənməsi hadisəsi
də bu mənzərə qarşısında heç də
təsadüfi görünmür. AQTA ya dönərxanalara
ciddi nəzarət etməlidir, ya da televiziyalarda, sosial şəbəkələrdə
bu sahədə maarifləndirici video-roliklər
hazırlayıb yaymalıdır ki, əhali
sağlamlıqlarının necə bir təhlükədə olduğunu
bilsin, anlasın.
İctimaiyyətdə yayılan iddialara görə, bəzi
obyektlərdə aparılan yoxlamalar formal xarakter
daşıyır və prosesin şəffaflığı
ciddi suallar doğurur. Əgər nəzarət mexanizmi real
işləsəydi, bu qədər sadə gigiyena
pozuntuları aidiyyəti qurumların gözləri
qarşısında illərlə davam edə bilməzdi.
Üstəlik, sektorda rüşvət və “göz yummalar”
barədə iddiaları da gözardı eləmək olmaz. Məhz
buna görə də, bəzi dönərxanaların toxunulmaz
olduğu, yoxlamaların isə müvəqqəti xarakter
daşıdığı təsəvvürü yaranır.
Əhali arasında isə belə bir iddia səslənir ki,
AQTA-nın yoxlamaları bu işdə maraqlı olan məmurlara
aid olan dönərxanalardan yan keçir.
Nəticə olaraq, mənşəyi naməlum ətlərdən
hazırlanan, yarı bişmiş, yarı çiy şəkildə
təqdim edilən və elementar gigiyena qaydalarına əməl
olunmayan dönər sektoru, cəmiyyət üçün
birbaşa real təhlükə mənbəyinə
çevrilib. Ev şəraitində ətin yüksək
temperaturda bişirilməsi mikrobların böyük hissəsini
məhv edir, lakin dönərxanalarda bu prosesə nəzarət
çox vaxt formal xarakter daşıyır və real təhlükəni
aradan qaldırmır.
***
Sonda daha vacib bir məqamı da qeyd etmək istəyirəm.
Dönərxanaların demək olar hamısında əti
qazla bişirirlər. Mütəxəssislərin bildirdiyinə
görə, hətta sağlam ətin belə qazla təmasda
olması zəhərlənmə riskini artırır.
Çünki qazda olan zəhərli maddə birbaşa ətin
tərkibinə keçir. Məgər səlahiyyətli qurum
rəsmiləri bu sadə həqiqəti bilmirlər? Bütün bu mənzərə
yalnız bir həqiqəti üzə çıxarır:
sektorda təcili olaraq şəffaflıq,
standartlaşdırma və effektiv nəzarət mexanizmləri
tətbiq edilməlidir. Əks halda, hər gün minlərlə
insanın istehlak etdiyi bu qida növü uzun müddət
sağlamlıq üçün ciddi təhdid olaraq qalacaq.
Sistemli islahatlara ehtiyac
var…
Bu gün dönər yalnız qida deyil, kütləvi
istehlak olunan, geniş sosial təsirə malik bir məhsuldur.
Onun təhlükəsizliyi isə sistemli yanaşma tələb
edir. Bu sahədə:
istehsal prosesi şəffaf olmalı,
ətin mənşəyi izlənməli,
bıçaq və avadanlıq standartları müəyyən
edilməli,
ustaların sertifikatlaşdırılması qanuniləşdirilməli,
dönərxanalar real və müntəzəm şəkildə
yoxlanılmalıdır.
Əks halda, hər gün minlərlə insan fərqinə
varmadan təhlükənin bir addımlığında olacaq…
Elşad FƏRMANOĞLU
Cümhuriyət .- 2025.- 5-12 dekabr (¹44).- S.14.