Vətən boyda Murad eşqi
Fevralın 7-də Masallı rayon Mərkəzi
Kitabxanasında Vətən müharibəsi şəhidi Murad
Nefesovun 24-cü doğum günü münasibətilə tədbir
keçirilib.
Tədbir başlamazdan öncə Azərbaycanın ərazi
bütövlüyünün bərpası uğrunda
canlarını fəda edən şəhidlərin xatirəsi
bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan
kitabxananın əməkdaşı Gülər Piriyeva gənc
nəsil üçün əsl vətənpərvərlik
nümunəsi olan Murad Nefesovun timsalında Vətən
uğrunda canından keçən şəhidlərin xatirəsinin
xalqımız tərəfindən uca tutulduğunu bildirib.
Sonra kitabxananın digər əməkdaşı Rasif
Dadaşov məruzəsində şəhid Murad Nefesovun şərəfli
həyatı və döyüş yolu haqqında məlumat
verib, döyüşlərdə göstərdiyi şücaətindən
söz açıb. O, çıxışında
vurğulayıb ki, Azərbaycan Ordusunun əsgəri olan Murad
Nefesov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı
Qüvvələri tərəfindən Ermənistan
işğalı altında olan ərazilərin azad edilməsi
üçün başlanan İkinci Qarabağ müharibəsində
iştirak etmişdir. Cəbrayılın, Füzulinin,
Qubadlının, Zəngilanın, Xocavəndin və
Şuşanın azadlığı uğrunda gedən
döyüşlərdə vuruşmuşdur. Murad Nefesov 7
noyabr 2020-ci ildə Şuşa istiqamətində gedən
döyüşlərdə döyüş
tapşırığının yerinə yetirilməsi
zamanı şəhidlik zirvəsinə yüksəlmişdir.
Qeyd olunub ki, Murad Nefesov Azərbaycan Respublikası
Prezidentinin Sərəncamına əsasən
ölümündən sonra "Vətən uğrunda",
"Şuşanın azad olunmasına görə"
medalı və 3-cü dərəcəli "Vətənə
xidmətə görə" ordeni ilə təltif edilib.
Cümhuriyət.- 2025.- 14-21 fevral(№55).- S.13.