Təbrizdə
ana dilində ilk məktəb açan ilk MÜƏLLİM
Vətəni sevmək
imandandır. Millət üçün çalışmaq isə
müqəddəs bir vəzifədir. Əgər bu fədakarlıq
elm yolundadırsa, sadə dillə desək, o şəxsin axirətdə
yeri cənnətdir. Çünki, dinimiz İslama görə,
öyrənmək və öyrətmək ibadətlərin ən
gözəlidir. Həzrəti Məhəmməd Salavatullah belə
buyurmuşdu: ”Elm öyrənmək hər bir müsəlmana
vacibdir. Eşidin! Allah elmə məhəbbət bəsləyənləri
sevər”.
Əgər elm ziyadırsa, elmi öyrədən təbii
ki, ziyalıdır. Bu gün belə insanlardan biri olan Mirzə
Həsən Rüşdiyyə haqqında danışmaq istəyirik.
Mirzə Həsən 1851-ci ildə Təbriz şəhərində,
dövrün alimlərindən olan Molla Mehdinin ailəsində
dünyaya gəlib. İlk təhsilini doğma şəhəri
Təbrizdə alıb. Təhsilini davam etdirmək
üçün o Nəcəf şəhərinə getməli
və buradan mükəmməl bir ruhani olaraq qayıtmalı
idi. Çünki, bu dövrdə təhsil ocaqları ancaq
mollaxana və mədrəsələrlə məhdudlaşırdı.
İranda da digər müsəlman məmləkətlərindəki
kimi əsasən din xadimlərinin hazırlanmasına fikir
verilirdi. Mövcud təhsil sistemi ölkənin kadr
hazırlığı sahəsindəki təlabatı ilə
ayaqlaşa bilmirdi. İstanbulda iki təbrizli naşir - Mirzə
Nəcəfəlixan və Ağa Məhəmməd Tahir tərəfindən
nəşr olunan “Əxtər” (farsca “ulduz” deməkdir) qəzetində
yazılmış bir məqalədə deyilirdi ki, “Avropada hər
min nəfərdən on nəfəri savadsız, İranda isə
hər min nəfərdən on nəfəri savadlıdır.
Bu nöqsan əlifbanın çətinliyi və tədris
üsulundakı qüsurdan irəli gəlir... İranda da
Avropasayağı məktəblər olmalıdır”.
Məhz bu fikir, gənc
Mirzə Həsənin gələcək məqsəd və məramını
müəyyənləşdirən əsas amil oldu.
Atasının razılığı ilə Türkiyəyə
səfər etdi. İstanbul,
Beyrut və digər şəhərlərin təhsil
sistemi ilə maraqlandı. Burada fəaliyyət göstərən
məktəblərin adı onun diqqətini cəlb etdi və
özünə təxəllüs götürdü –
Rüşdiyyə. Beyrutdakı Darülmüəllimində
(Pedaqoji Universitetində) təhsil aldığı zaman
üsuli-cədid (ərəbcə “yeni tərz” deməkdir) məktəblərinin
təsisini və idarə edilməsini öyrəndi.
Mirzə Həsən Rüşdiyyə ilk pedaqoji fəaliyyətini
Şimali Azərbaycanın şəhərlərindən biri
olan İrəvanda başlamağa qərara aldı. 1883–cü
ildə burada yaşayan qardaşı Mirzə Əli ilə
birgə özünün ilk üsuli-cədid məktəbini
açdı. Bu məktəb Şimali Azərbaycanda heç
də ilk təhsil ocağı deyildi. Görkəmli mütəfəkkir
Mirzə Fətəli Axundovun milli təhsil uğrunda
apardığı gərgin mübarizənin nəticəsi
olaraq, Şamaxı (1870) və Şəkidə (1877) yeni tipli
milli məktəblər açılmışdı. Rusiyada elmi pedaqogika və xalq məktəblərinin
banisi olan Konstantin Uşinskinin layihəsi əsasında
1876–cı ildə Qori Müəllimlər Seminariyası təsis
edilmişdi. Üç il sonra isə (1879) Seminariyanın
türk (rusların təbirincə “tatar”) bölməsi
açılmışdı. Bölmənin təsisində
görkəmli ədib M.F.Axundovun da böyük rolu
olduğunu qeyd etmək lazımdir.
Heç şübhə yoxdur ki, Şimali Azərbaycanın,
eləcədə bütün Qafqazın milli
burjuaziyasının təşəkkülündə Qori
Müəllimlər Seminariyasının xüsusi xidmətləri
olub. Məzunlarının adını sadalamaqla bunu sübut
edə bilərik: Üzeyir Hacıbəyov, Müslüm
Maqomayev, Cəlil Məmmədquluzadə, Rəşidbəy
Əfəndiyev, Nəriman Nərimanov, Fürudinbəy
Köçərli, Sultan Məcid Qənizadə və
başqaları. Hər biri Azərbaycanın və həm də
Qafqazın ictimai-siyasi həyatında, o cümlədən
elm, mədəniyyət, maarif və mətbuat sahəsində
xidmətləri danılmaz dahilərdir.
XIX əsrin ikinci yarısında Qafqazda milli maarif sahəsində
başlanmış intibah Cənubi Azərbaycan
ziyalılarının da nəzər - diqqətini cəlb
etmişdi. İsmayıl Kazımzadə və Mirzə
Kazım Əsgərzadənin İrəvanda açdıqları
yeni üsul ana dili məktəbləri bu prosesdə
iştirakın sübutu idi. Mirzə Həsən
Rüşdiyyənin də müəllimlik fəaliyyətinə
məhz İrəvan şəhərində başlaması
heç də təsadüfi deyildi.
Gənc müəllimin pedaqoji fəaliyyətində
atdığı ilk addım uğurlu alınmışdı. İran şahı Nəsirəddin
Qacar İrəvan şəhərinə səfər edərkən
bu təhsil ocağını da ziyarət etmişdi. Məktəbin
fəaliyyəti çar hökümətinin də diqqətindən
kənarda qalmamışdı. Dövlət idarələrinə
savadlı yerli məmurlar hazırlamaq istəyən çar
dövləti M.H.Rüşdiyyənin fəaliyyətindən
məmnun idi. Təsadüfi deyildi ki, M.H.Rüşdiyyə
dövlət tərəfindən
mükafatlandırılmış və hətta ona maddi
yardımda göstərilmişdi. Uğurlu pedaqoji fəaliyyətə
baxmayaraq, Mirzə Həsən Rüşdiyyə İrəvanda
çox qalmadı. 1888-ci ildə zəngin təcrübə
toplayan gənc müəllim doğma Təbrizə
qayıtdı.
XIX əsrin ikinci yarısında İranda formalaşan
milli burjuaziya dövlətdən təhsil sistemində ciddi
islahatlar tələb edirdi. Bunlar yeni üsul məktəblərinin
artırılması, ibtidai təhsil ilə əlaqədar əlifbada
dəyişikliklər edilməsi və təlim-tərbiyə
metodlarının muasirləşdirilməsi idi. Məhz bu tələblərin
həyata keçirilməsi üçün savadlı və
təcrübəli müəllimlərdə lazım idi. Mirzə
Həsən Rüşdiyyə bu tələblərə cavab
verə biləcək müəllimlərdən idi.
Təcrübəli pedaqoq İrana qayıdan kimi, ilk
işi doğma Təbrizdə “Dəbistani–Rüşdiyyə”
və “Mədrəseyi-Rüşdiyyə” adlı məktəblərini
açmaq oldu. Mirzə Həsən
Rüşdiyyə məktəblərini məktəbxana
formasında saxlasada, tədris işini fars dilindəki asan
kitablardan sövti (səs) üsulu ilə aparırdı.
Mirzə Həsən Rüşdiyyənin
gördüyü işlərdə müvəffəqiyyət
qazanması köhnə fikirli məktəbdarları
və mürtəce ruhaniləri
qıcıqlandırırdı. İşində nə qədər
ehtiyatlı olsada, cəhalət yenə öz işini
görürdü. Tədris işini sövti üsulu ilə
aparmasını bəhanə gətirərək, onun məktəblərini
qarət edirdilər. Bu fitnəkar qəsdlər zamanı məktəblilərdən ölən və yaralananlarda olurdu.
Hətta Rüşdiyyə özü belə bir neçə
dəfə ağır yaralanmışdı.
Mənəvi, maddi və fiziki zərbələr alan
mübariz müəllim müvəqqəti də olsa, Təbrizi
tərk etməli oldu. O, Xorasana, Misirə və Qafqaza səyahət
etdi. 1893–cü ildə yenidən Təbrizə qayıdan Mirzə
Həsən Rüşdiyyə əsasən ana dilinin tədrisinin
yer aldığı
“Rüşdiyyəye - Müzəffəriyyə“ məktəbini
təsis etdi.
Məktəbin tədrisinin doğma türk (Azərbaycan)
dilində təşkil olunması Güney Azərbaycan üçün
mühüm tarixi bir hadisə idi. Çünki bu təhsil
ocağı Səfəvilər dövründən sonra ana
dilində açılan ilk milli məktəb idi. Bəlkə
elə buna görədə bu təhsil ocağına
“Rüşdiyyəye-Milli“ məktəbi deyilirdi.
“Rüşdiyyəye-Müzəffəriyyə“ məktəbində
tarix, coğrafiya, fizika, riyaziyyat, təbiətşünaslıq
və digər elmlərlə yanaşı fars, ərəb,
fransız və rus dillərinin tədrisi də əsas yer
tuturdu. Dərslər sövti üsulu əsasında
aparılırdı. Dövrün bir çox
ziyalıları, o cümlədən Məhəmmədəli
Tərbiyət, Əhməd Müdərris, Hüseyn Kamal Təbibzadə
və başqaları bu məktəbin müəllimləri
olmuşlar. Məktəbdə 200-dən çox şagird təhsil
alırdı. Əksəriyyəti yoxsul uşaqları olan bu
şagirdlər pulsuz təhsil alırdılar.
1894–ñü ildə Mirzə Həsən Rüşdiyyə
özünün ilk “Vətən
dili” adlı əsərini yazdı. “Rüşdiyyəye-Müzəffəriyyə”də
tədris olunan ana dili dərsləri məhz bu kitab üzrə
aparılırdı. Təbrizdə çap olunan “Vətən
dili” öz dövrünün ən mükəmməl dərsliyi
idi. Sadə və aydın dil ilə yazılan dərslik onu
qavramaqda məktəblilər üçün heç bir
çətinlik yaratmır və sövti üsulu ilə ərəb
əlifbasının öyrənilməsini xeyli
asanlaşdırırdı. Altı ay ərzində
yazıb-oxumağı öyrədən bu dərslik
bütün İran Azərbaycanında
yayılmışdı.
Mirzə Həsən Rüşdiyyə “Vətən
dili” kitabından başqa türk (Azərbaycan) və fars dillərində
bir çox əsərlərin müəllifidir. “Bədayət-üt-təlim”,
“Kefayət-üt-təlim”, “Nehayət-üt-təlim”, “Təkmelət-üs-sərf”,
“Ana dili”, “Əlifbaye-Rüşdiyyə”, “Üsule əqaid və
ya ittihade bəşər” və s. əsərləri
bütün İranda oxunur və bir çox məktəblərdə
dərs vəsaiti kimi istifadə olunurdu.
1896–cı ildə Nəsirəddin şahın oğlu
43 yaşlı Müzəffərəddin taxta
çıxdı. Azərbaycan vilayətinin hakimi (valisi)
olmuş Müzəffərəddin xan, özündən sonra
hakimlik etmiş Mirzə Əlixan Əminüddövləni sədr-əzəm
(baş nazir) təyin etdi. Əminüddövlə Azərbaycan
hakimi olduğu zaman Rüşdiyyənin maarif sahəsində
gördüyü işləri təqdir və müdafiə
edirdi. Onun Tehrana çağrılması Təbrizdəki
mürtəcelərin Rüşdiyyəyə qarşı olan
fitnəkar hücumlarının yenidən alovlanmasına səbəb
oldu. Bu sıxıntılı günlərdə
Rüşdiyyə yenə də Əminüddövlə tərəfindən
müdafiə edildi. Sədr-əzəm onu Müzəffərəddin
şahın əmri ilə Tehranda üsuli-cədid məktəbi
açmağa dəvət etdi. Bu dəvət ilə
M.H.Rüşdiyyə apardığı maarifçilik
mücadiləsinin yeni mərhələsinə qədəm
qoydu. O, Tehrandakı pedaqoji fəaliyyətinə
başladığı zaman Mirzə Nəsrulla Məlikülmütəkəllimin,
Yəhya Dövlətabadi və Şeyx Mehdi Kaşani kimi
maarifçi ziyalılarla əməkdaşlıq edirdi.
1898–ci ildə təşkil edilən Maarif Əncüməni
və Ali Maarif Şurası yaradıcılarından biri olan
M.H.Rüşdiyyənin tədris metodu artıq
özünü doğrultmuşdu. İranda açılan
bütün üsuli-cədid məktəbləri bu metodla
işləməyə üstünlük verirdilər.
Ancaq Təbrizdən fərqli
olmayaraq, mürtəce qüvvələr Tehranda da öz
işini görürdü. 1898-ci ilin iyul ayında yeni
maarifçi hərakatın hamisi olan Əminüddövlə
sədr-əzəm vəzifəsindən kənarlaşdırıldı.
Bu hadisə M.H.Rüşdiyyə və digər maarifpərvər
ziyalıların vəziyyətini pisləşdirdi. Əgər
əvvəllər fitnəkar qüvvələr mürtəce
ruhanilərdən ibarət idisə, indi onlara saray məmurları
da qoşulmuşdu. Bu təhlükəli vəziyyətdən
qurtulmaq üçün M.H.Rüşdiyyə 1900–cü ildə
Hicaz, Şam və Qafqaza səfərə çıxdı.
1902–ci ildə Tehrana qayıdan Mirzə Həsən
Rüşdiyyə müəllimlik fəaliyyəti ilə
yanaşı, naşirliklə də məşğul
olmağa başladı. Tehranda nəşr etdirdiyi “Tehran” və “Məktəb” adlı
qəzetlərində həm elmi-metodiki tövsiyələrlə,
həm də inqilabi məqalələrlə
çıxış edirdi. Çünki, o XX əsrin əvvəllərində
İranda cərəyan edən inqilabi hərakatın fəallarından
idi. Məhz bu fəaliyyəti onun həbs olunub Xorasana
sürgün edilməsi ilə nəticələnir.
Sürgündən azad olduqdan sonra Tehrana
qayıdıb yenidən elmi-pedaqoji fəaliyyətini davam
etdirib. Qafqazın və İranın bir çox şəhərlərində
üsuli-cədid məktəbləri
açmış-dır.
1933–cü ildə təqaüdə çıxan Mirzə
Həsən Rüşdiyyə Qum şəhərinə
köçərək, ömrünün sonunadək burada
yaşayıb. Qocaman müəllim təqaüdə
çıxmasına baxmayaraq, maarif sahəsində yeniliklər
üzərində çalışmaqdan yorulmurdu. Doxsan
üç illik keşməkeşli həyatın
altmış ildən çoxunu vətəninin və millətinin
maarif sahəsində tərəqqisi uğrunda sərf
etmiş Mirzə Həsən Rüşdiyyə 1944–cü ilin
dekabrında dünyaya gözlərini əbədi yumdu.
Qocaman müəllim Mirzə Həsən
Rüşdiyyənin elmi-pedaqoji fəaliyyətini, həyat və
yaradıcılığını tədqiq edərkən,
heç şübhəsiz dahi rus pedaqoqu K.D.Uşinskinin bu
sözləri yada düşür:
“Əgər biz həkimlərə öz
sağlamlığımızı etibar ediriksə, müəllimlərə
uşağımızın əxlaqını, ruhunu,
bütün bunlarla bərabər, öz Vətənimizin gələcəyini
etibar edirik. Şəxsiyyətin inkişafına və müəyyənləşməsinə
yalnız şəxsiyyət təsir göstərə bilər.
Xarakteri yalnız xarakter yarada bilər”.
Cümhuriyət .- 2025.- 21-28 fevral(¹56).- S.14.