Ömrünü
bir çamadana sığdıran “Mixaylo”: Sevir,
ayrılır, evini bağışlayır və yenidən
sevirdi…
"Cümhuriyət"in “Azərbaycanlı olmayan azərbaycanlılar”
rubrikasının budəfəki qonağı həm doğma,
həm yad, amma içimizdən, bizlərdən biridir.
Həm türkdür, həm qafqazlı, həm də
azərbaycanlı- “Mixaylo”, yəni Nodar
Şaşıqoğludur. Səhnəyə türk
döyüşçüsü kimi çıxıb,
teatrı, evi və qadınları bir çamadana
sığdırıb tərk edən Nodar
Şaşıqoğlu- azərbaycanlı olmayan azərbaycanlı,
Acarstanda doğulan, Bakının səhnəsində
yaşayan bu aktyor haqqında danışacağıq.
Elə bir ailədə doğuldu ki...
Nodar Şaşıqoğlu 1927-ci il martın 13-də
Batumidə, acar əsilli bir ailədə dünyaya gəlib.
Babası Acarıstanda tanınmış zadəganlardan biri
olub. Atası İzzət Şaşıqoğlu, çar
zabiti olub, rus-türk müharibəsində iştirak edib və
birinci və ikinci dərəcəli "Georgi" ordeni ilə
təltif olunub. O, Rusiya vətəndaş müharibəsi
dövründə nə “qırmızıların”, nə də
“ağların” tərəfində durmuşdu. Elə bu da
Stalin repressiyası dövründə onu repressiyadan qoruyan əsas
səbəblərdən biri olub. Nodarın ailəsi əslində
çoxmillətli idi.
Nodarın ata nənəsi azərbaycanlı, ata
babası acar olub. Nənələrindən biri rus, digəri
isə gürcü-türk qarışığı idi. Beləcə,
müxtəlif qanlar, dillər, mədəniyyətlər bu
ailədə bir araya gəlib. Elə Nodar da bu
qarışıq zənginliyin içində
böyüyüb. Onun əmisi məşhur aktyor, görkəmli
aktrisa Mərziyyə Davudovanın ikinci həyat yoldaşı
Ülvi Rəcəb 1937-ci ildə cəmi 38 yaşında
repressiyaya məruz qalıb. Nodar ailədə tək övlad
olub. Amma atası onu ərköyün böyütməyib.
Buna baxmayaraq, Nodar nadinc uşaqlıq keçirib. Elə bir
gün olmayıb ki, məktəbdən, ya da haradansa onun
haqqında şikayət gəlməsin. Deyilənə görə,
beş dəfə məktəbdən qovulub. Amma bu, onun
oxumağına mane olmayıb. O, Gürcüstanda məktəblər
üzrə rus dili keçirilən olimpiadada birinci yeri tutur.
Gürcüstanda rus dilində qiraət üzrə
onunla müqayisə oluna biləcək ikinci bir gənc yox idi.
Şeir deyəndə sanki səhnə onun nəfəsi ilə
nəfəs alırdı. Elə buna görə də
oxuduğu məktəb onu ümumittifaq bədii qiraət
müsabiqəsinə namizəd göstərir. Həm müəllimi,
həm özü əmin idi ki, birinci yeri alacaq. 17 yaşı
tamam olanda atası Nodarı Moskvaya göndərir: “Get, oxu. Yetər
ki, seçdiyin sənəti mükəmməl biləsən”.
Nodar Moskvaya yollanır. Qəbul olmama qorxusu ilə həm Teatr
İnstitutuna, həm də üç teatr studiyasına sənəd
verir və hamısına qəbul olur. Seçim çətin
idi. Atasına zəng vurur. Ailə birlikdə qərara gəlir-
Teatr İnstitutu.
Evlənməyə də vaxt tapır, amma erməni
qayınana…
Moskva... Rus qızları... Yaraşıqlı,
yarıtürk, yarıqafqazlı oğlan... Dərs? Dərs
sonra... İndi bir az seyr, bir az romantika. Nəticədə 12 fəndən
2 alan Nodar ali məktəbdən çıxarılır. Amma
bu son deyildi. Növbəti il Şukşin adına Teatr Məktəbinə
qəbul olur. Oxuya-oxuya Vaxtanqov Teatrında işləməyə
başlayır. Düşünür: Bu dəfə
alınacaq. Təyinatla Kiçik Teatrda işləməliydi.
Amma o, Taqankanı seçir və bir il keçməmiş
oradan bezir.
Çünki o, çərçivəyə
salınacaq biri deyildi. İlk rolu "Mosfilm"də
Albaniyanın banisi İsgəndər bəy haqqında filmdə
Sultan Mehmet olur. Sonra Paracanovun “Andrieş” filmində baş
rolda oynayır. Ardınca Odessa kinostudiyası... Bu arada Nodar
evlənməyə də vaxt tapır. Qadın
heyranlarından, milliyyətcə erməni olan bir qızla evlənir.
Lakin erməni qayınana münasibətlərin sonunu gətirir.
Sevdiyi qadından ayrılan Nodar evi ona verir və bir
çamadanla evdən çıxır. Bu, onun ilk və son
ayrılığı olmur: ümumilikdə Nodar dörd dəfə
evlənir. Hər dəfə də evi xanıma verir,
özü bir çamadanla çıxır.
“Sən türksən?”
Məşhur rejissor Sergey Yutkeviç onu Sultan Mehmet
roluna dəvət edəndə soruşur: “Bu rolu oynaya bilərsən?”
Nodar deyir:
“Mənim əcdadlarım türkdür”.
Ancaq filmdə oynadığı üçün
teatrın qapıları onun üzünə bağlanır. O
dövrün qaydası beləydi ki, film aktyoru teatr aktyoru ola
bilməzdi. Amma zaman dəyişir və Nodar yenidən
Taqankaya dəvət alır. Çünki Nodar
Şaşıqoğlunun yolu qapanan qapılarla yox, içindən
gələn səslə müəyyən olunurdu.
Mixaylo obrazının ikinci həyatı
1958-ci ildə kinorejissor Rəşid Atamalıbəyov
Moskvada, Taqanka teatrının tamaşalarına baxmağa
gedir. Səhnədəki gənc aktyor Nodar
Şaşıqoğlu, onun diqqətini dərhal çəkir.
Tamaşadan sonra görüşürlər. Rejissor birbaşa
deyir: “Sən Mehdi Hüseynzadə rolu üçün
tapıntısan”. Bu, sadəcə bir təklif deyildi. Sovet
İttifaqı Qəhrəmanı, azərbaycanlı kəşfiyyatçı
Mehdi Hüseynzadənin baş rolu... Təklifin özü belə
tamaşanın dramatizmi qədər həyəcanlı idi.
Filmin ikinci rejissoru da elə Rəşid Atamalıbəyov
olacaqdı. Nodar üçün bu, həm böyük
şans, həm də qərar anı idi.
Razılaşsaydı, Moskvadakı həyatını
geridə qoymalı idi. Amma Bakı onu çoxdan çəkirdi.
Qohumları burada yaşayırdı. Ən əsası, əmisi
Ülvi Rəcəbin həyat yoldaşı, teatr səhnəsinin
əfsanəsi Mərziyyə Davudova sağ idi. Onunla
tanışlıq, və ondan öyrəniləcək
çox şey vardı... Anası da tez-tez Bakıya gəlirdi.
Bu şəhər onun içində çoxdan
yaşamağa başlamışdı və Nodar qərar
verir: Moskva ilə vidalaşır. Mehdi Hüseynzadə roluna
çox namizəd vardı. Tanınmış aktyor
Möhsün Sənani də sınaq çəkilişlərində
iştirak etmişdi.
Amma o, xaraktercə daha komedik idi. Mehdi isə içində
bir az dramatizm, bir az da poeziya daşıyan bir obrazdı- həm
sərt, həm də həssas. Tofiq Tağızadənin
rejissoru olduğu “Uzaq sahillərdə” filmi Sovet
İttifaqında kəşfiyyatçı haqqında çəkilən
ikinci film idi. Birinci film 1947 -ci ildə Pavel Kodoçnikovun
oynadığı "Kəşfiyyatçının qəhrəmanlığı"
filmi idi. Filmdə o kəşfiyyatçı Aleksey Fedotov
rolunu oynayır. Amma "Uzaq sahillərdə" filmi ekranlara
çıxdığı gündən onu geridə qoyur. Film
Daşkənd festivalında birinci yer qazanır.
Mixaylo möcüzəsi...
Filmin nümayişindən sonra insanlar Nodar
Şaşıqoğlunu Mehdi Hüseynzadənin özü
kimi qəbul edir, onu əllərində aparırlar. Hətta
üzərindəki kostyumu xatirə üçün
parça-parça kəsib aparırlar. Bəzən aktyorun
özü belə deyirdi: "Məni yırtıq paltarda
qoydular”. Bu roldan sonra o, tam səkkiz il Bakıda yaşayır.
Rejissor Məhərrəm Haşımov dəfələrlə
onu Rus Dram Teatrına dəvət etsə də, o, hər dəfə
imtina edir, çünki çoxlu filmlərə çəkilirdi.
50-ci illərin sonları, 60-cıların əvvəllərində
Nodar Şaşıqoğlu “Azərbaycan film”in ən parlaq
ulduzu idi. Eyni vaxtda iki-üç filmə çəkilirdi. Həm
populyar idi, həm də yaxşı pul qazanırdı.
Bakı onu qəbul etmişdi. Hətta ona ev də vermişdilər.
Bu şəhərdə iki Mixaylo vardı, biri
döyüşdə həlak olan Mehdi, biri isə onu
canlandıran Nodar. Bütün Azərbaycan ona belə
baxırdı. İnsanlar onu küçədə
"Mixaylo!" deyib bağırlarına basırdılar.
O, bu sevgidən usanmırdı, əksinə,
xoşuna gəlirdi və küçədə rahat gəzirdi.
Çünki bu obraz artıq onun bir parçası idi. Bir
müsahibəsində belə deyirdi: “Hamı
düşünürdü ki, biz eyni xarakterik xüsusiyyətlərə
malikik. Amma mən Mehdi ola bilməzdim. Sadəcə
özümü – müharibədə olmayan bir insanı onun həyatının
içində canlandırmağa çalışdım. Biz
obrazı üç hissəyə bölmüşdük:
Mixaylo – kəşfiyyatçı, Mixaylo – faşist
obrazında və Mixaylo – rəssam.
Bütün bunlar bir yerdə faciəvi və qəhrəman
simanı yaratdı”. "Uzaq sahillərdə" filminin
premyerası “Nizami” kinoteatrında keçirildi. “Vətən”
kinoteatrında film nümayiş olunanda bilet almaq istəyənlərin
növbəsi “Azneft”dən başlayırdı. O film artıq
sadəcə film deyildi, kult idi. Daşkənd festivalında isə
başqa bir səhnə yaşanmışdı. Film bitəndən
sonra insanlar aktyorun üstünə tökülmüş, onu
maşında gizlətmişdilər. Amma kütlə
maşını da qaldırıb aparmışdı... Bu
gün də Azərbaycan kinosunda qəhrəman obrazı deyiləndə,
ilk ağla gələn “Uzaq sahillərdə” filmi və Nodar
Şaşıqoğlunun Mixaylosudur. İşıq-kölgə
oyunları, peşəkar kadrlar, yaddaqalan dialoqlar, emosional
baxışlar, əyri-üyrü simasında gizlənmiş
daxili sarsıntı...
Bütün bunlar onu bir
anda xalqın qəhrəmanına çevirdi, bir filmlə,
bir baxışla.. N. Şaşıqoğlu sonralar "Onun
böyük ürəyi", "Əsil dost", "Matteo
Falkone", "Bizim küçə", "Leyli və Məcnun",
"Telefonçu qız" kimi filmlərdə də
oynadı. Amma hər kəsin yaddaşında bir obrazla
qaldı: Mixaylo.
Və nəhayət, o məşhur sual: Bəs
Anjelika? Film boyunca onun tərəf müqabili olan gözəl
aktrisa Aqniya Yelikoyeva ilə nə baş verib? Cavabını
aktyor özü verir:
“Aqniya maraqlı qız idi. Amma özümə qəti
qadağa qoymuşdum ki, tərəf müqabilimlə heç
vaxt şəxsi münasibət yaşamayacağam. Qanunum bu
idi. Deyə bilmərəm ki, müqəddəs idim. Sadəcə
bu məsələdə özümü saxladım. Hər
gün bir təzə qızla görüşürdüm,
amma heç biri Anjelika deyildi. Səhnədə partnyor, həyatda
məsafə”.
Namus üstündə
Bakını tərk edir
O vaxtlar, yəni 1960-cı illərin ortalarında
Bakıda Rubinçik adlı tanınmış bir fotoqraf
olur. Dövlət tədbirlərini, respublika rəhbərinin
bütün səfərlərini o çəkərdi. Nodar
Şaşıqoğlu ilə də tanış idilər, evlərinə
gedib-gəldikləri olurdu. Rubinçikin çox gözəl
xanımı olur. Nodarla bu xanım ilk görüşdən
bir-birilərinə aşiq olurlar. Nodar əvvəlcə bu
münasibətin ötəri olacağını
düşünür, amma elə olmur. Sevgi alovlanır, hisslərinə
qalib gələ bilmirlər. Bu, Nodar Şaşıqoğlunun
"Leyli və Məcnun" filmində Məcnun rolunu
oynadığı dövr idi. Həyatda yaşadığı
bu sevgi filmdə gözlərinə yansıyır.
Füzulinin misraları onun qəlbindəki ümidsiz və vəhşi
sevgiyə can verir. Sonralar da bu rolu ən sevdiyi obraz
adlandırır:
“Filmdə dəli insanın surətini
yaratmamışam, məhəbbətin filosofunu
oynamışam”.
Filmdə qovuşa bilməsə də, həyatda
sevgisinə çatır. Həmin xanımla evlənirlər.
Qadının soyadı Şepeleva idi. Atası
tanınmış idman məşqçisi olub. Bu evlilik
Bakıda çox səs-küy doğurur. Mentalitet, adət-ənənə
və bəzilərinin şəxsi qərəzi hərəkətləri...
Beləliklə, Nodar Şaşıqoğlunun Azərbaycanda
yolları birdəfəlik bağlanır. Rejissorlara onu çəkmək
qadağan edilir. 70-80-ci illərdə belə məsələlərə
sərt nəzarət var idi.
Məsələn, “Dədə Qorqud” filmində
baş rolu oynamalı idi. Amma siyahıda onun adının
üstündən qalın xətt çəkirlər. Hətta
Tofiq Tağızadəyə də bu məsələylə
bağlı irad tutulur. “Leyli və Məcnun” filminin
Sankt-Peterburqdakı səsləndirilməsi zamanı Nodar
Şaşıqoğlu Aleksandrinsk Teatrına dəvət
alır. Bu teatr Rusiya səhnəsinin ən möhtəşəm
məkanlarından biridir. Elə ilk tamaşasında Don Juan
rolunda çıxış edir. O, belə xatırlayır:
“Həyatda həmişə Don Juan olmuşam. Amma mənim
kimi kişilərin heç birinə arzu etmirəm ki, bir
gün dönüb Məcnun olsunlar. Bu fəlakətdir. Mən
məcnunluğuma görə Bakı həyatımı, kino
yaradıcılığımı qurban verdim”.
Bakı ilə uzun müddətlik vidalaşır. Sadəcə
teatrın qastrol səfərləri və ya həyat
yoldaşının işləri ilə bağlı bəzən
qayıdır. Bir dəfə Aleksidzenin quruluş verdiyi
“Antiqona” və “Ças pik” (“Günün gur vaxtı”)
tamaşalarıyla Bakıya gəlir. Biri klassik yunan faciəsi,
digəri isə müasir psixoloji dram idi, hər iki tamaşa
uğurla keçir. Amma bu dönüş müvəqqəti
olur. Peterburqda yaşayırdı və öz xasiyyətindən
özü də yorulmuşdu. Yenə həyat
yoldaşından ayrılır. Onun üçün ərini
və əvvəlki həyatını tərk edən
qadına evini bağışlayıb çıxır.
Bakıda olan mənzilini isə qadının atasına verir.
Bakıya sanki ölməyə gəlmişdi
Aleksandrinsk Teatrından üç dəfə
çıxarılır, sonra yenidən işə qəbul
olunur. Səbəb isə aydındır, fərdi
yaradıcılıq səfərlərinə
çıxır, “xaltura” ilə məşğul olurdu. Pul
qazanmalı idi, həm də tək qalırdı,
darıxırdı. Bakı onun üçün həmişə
dəyərli idi. Ömrünün sonunda yenidən Bakıya
qayıdır. Bura onu sevənlərin olduğu şəhər
idi. Azərbaycan teatrını da sevirdi. Bütün filmlərdə
səsi eşidilən Əli Zeynalovla, xasiyyətcə
yaxın olduğu Eldəniz Zeynalovla dostluq edirdi.
Hər ikisinin dəfnində iştirak etmək
üçün Bakıya gəlib. Barat Şəkinskaya ilə
görüşməkdən isə xüsusi zövq
alırdı. Bir dəfə hisslərini saxlaya bilməyib ona
olan sevgisini etiraf edir. Barat xanım gülümsəyib
deyir:“Eyni sözləri əmin Ülvi də demişdi”.
Sonuncu sevgisi Rusiyada özündən 25 yaş
kiçik bir xanım olur. Evlənirlər. Amma qadın
fürsət tapan kimi ona xəyanət edir. Nodar bu dəfə
də evi bağışlayıb ayrılır. Bakıya
qayıtdıqdan sonra Rus Dram Teatrında işləməyə
başlayır. Bir gün rejissor Aleksandr Şarovskinin kabinetinə
girib belə deyir:“Cənab rejissor, mənim üçün
“Kral Lir”i qoy. Bu rolu oynayıb teatrın və dünyanın
qapısını arxamca örtüb gedəcəyəm”.
Bu, həqiqətən də bu onun həyatında son
pərdə olur. Bakıya sanki ölməyə gəlmişdi.
Heydər Əliyevin ona bağışladığı mənzildə
uzun müddət xəstə yatır. 2013-cü ilin 12 aprelində
86 yaşında həyata gözlərini yumur. Onun dörd
evlilikdən iki oğlu var . İkisinin də adı
Nodardır. Hər ikisi o, analarını tərk etdikdən
sonra dünyaya gəldiyindən, anaları onlara onun
adını veriblər. O, həyatı boyu səhnədə
yaşadı, səssiz və tək səhnədən getdi.
Ardında Mixaylo kimi cəsur, Məcnun kimi sevən,
Kral Lir kimi yorğun bir adam buraxaraq...
Səbinə Uğur
Cümhuriyət .- 2025.- 6-13 iyun(¹20).-S.10.